Şeş qoşa - Kənan Hacı - Hekayə

Yuxusunda gördü ki, hansısa milyonçu ilə üzbəüz oturub nərd oynayır. Təxminən yüz il əvvəlki dövr idi. Sumağı rəngli qumaş pərdələrin saçaqları evin pəncərələrinə əzəmətli  görkəm verirdi. Başını qaldıranda milyonçu bəyin çiyni üzərindən Qız qalasının müəzzəm duruşunu görə bilirdi. Bu, təkcə nərd oyunu deyildi, köhnə dünya ilə yeni dünyanın savaşı idi. Oyunun taleyi bir şeş qoşadan asılı idi. Bu dəm zərlər əlində işıldamağa başladı, heyrət üz-gözünə dağıldı, zərlərin parıltısı bütün bədənini işıq selinə bürüdü. Gecənin zülmətində gözləri qamaşdı. Yuxuda tələyə düşmüşdü. Beyninin yuxu sektorunda qısaqapanma baş verdi və ayılıb yerindən dik atılmadı, yox, tələsməyin. Ayılandan sonra harda olduğunu xeyli müddət anışdıra bilmədi. Ağlına gələn ilk fikir bu oldu: dörd daş şeş xanasında qaldı...

Tək yaşayandan qarabasmaların əlində girinc-giriftar olmuşdu. İndi də yuxu ilə ayıqlığın arasında vurnuxurdu, sözlərin də əşyalar kimi birini qoyub birini götürürdü. Yuxu sözü balıncının altında qalıb yıpranmışdı, işıq sözü dəhlizdəki lampanın içində, ya da qapının kənarındakı düymənin altında dincəlirdi. Həqiqətlə yalan eyni rəngli kostyum kimi paltar dolabında gizlənmişdi. Sevgi sözü əriməyə başlayan dondurma kimi özünü soyuducuya atmağa tələsirdi. Sevdiyi qıza demişdi ki, mən hələlik sevgimi dondururam, çünki tək sevgi ilə qarın doymur. İkimizin yaşamağı üçün ev almalıyam. Yuxu maşını hələ də neft milyonçusunun üzü dənizə baxan malikanəsinin qarşısında dayanmışdı.

***

O, sevdiyi qadına ev seçmək üçün şəhəri gəzməyə çıxmışdı. Şərq üslubunda tikilmiş bir binanın quruluşu onu heyran etdiyindən uzun müddət dayanıb binanın seyrinə daldı. Dənizin sahilində yerləşən ev arxasını dağlara söykəmişdi. Xəyalən evin içini sadə, amma gözoxşayan mebellərlə doldurdu, otaqlardan birini kitabxanası üçün seçdi, birini yataq otağı üçün ayırdı, o birini qonaq otağı elədi, digər otağı gələcək övladı üçün uşaq oyuncaqları ilə bəzədi. Sevgilisi heç şübhəsiz ki, bu ərazini bəyənəcəkdi. Onun zövqünə bələd idi, aynabəndi gözəl mənzərəyə açılan evdə yaşamaq üçün ürəyi gedirdi. İçəri girib evin otaqlarını gəzməyə başladı, altı otağın hər birində sevgilisinin adının bir hərfini pıçıldadı. Qızın hərəkətlərinin lüğətini hazırlamağa başladı; uzun, incə əllərinin tərpənişini, saçlarını daramasını, yemək bişirməyini, nərd oynamasını, rəqs etməsini. Rəqs etmək onun bacardığı ən gözəl iş idi. Toyda, ad günlərində hamı heyranlıqla onun rəqs etməsinə baxırdı. Zal geniş idi, doyunca rəqs edə bilərdi, üstəlik, milli geyimləri də vardı. Zalın pəncərələri Şərq ornamentləriylə bəzənmişdi, butalı naxışlar oranı qədim əsrlərin şah saraylarına bənzədirdi. Yerə döşənmiş xalçaların haşiyəsi mürəkkəb formada idi, hər zolağın öz mənası vardı. Naxışların həndəsi formada bir-birinə məntiqi cəhətdən birləşməsindən yaranan ana haşiyə zolağı onlara xüsusi bir gözəllik qatırdı. İlk baxışda bu naxışlar budaqda oturub arxaya baxan quş rəsmlərini xatırladırdı. Onlar açıq-abı və qəhvəyi rəngdə idi, qanad hissələrində gül rəsmi toxunmuşdu ki, bu da güllə bülbülü, aşiqlə məşuqu simvolizə edirdi. Qırmızı fonlu başqa bir xalçanın üzərində üç səkkizbucaqlı element üzərində qərar tutan səkkizguşəli ulduz təsvir edilmişdi. Bu xalçalar zalın quruluşuna mükəmməllik qatırdı. Ətrafa mütəkkələr düzdürmüşdü, rəhil qoydurmuşdu. Gümüş şamdanlar göz oxşayırdı. Zalda qədim əsrlərin havası dolaşırdı. Burda oturub udu sinəsinə basaraq xanımına gözəl nəğmələr ifa edəcəkdi.

Bir də, onun sevgilisi yaxşı nərd oynamağı bacarırdı. Əmin idi ki, həmin milyonçu ilə oynasaydı, onu gözüyumulu udacaqdı. Fikri hələ də şeş qoşanın yanında qalmışdı, kaş yatıb yuxusunun davamında həmin şeş qoşanı ata biləydi. Həyəcan öz qiyafəsini dəyişərək sual işarəsi formasını alır. Bu zalım oğlu şeş qoşanı ata bildi, ya yox?

Mənasız bir həyəcan hissi boğazında düyünləndi. Həyəcan yuxudan sızırdı, yoxsa gerçəkdə onu boğazlamışdı, ayırd edə bilmirdi. Çarpayısında uzanarkən xəyalında evin divarlarını qadınının zövqünə uyğun dəyişdirirdi. Daş sürahi toxunarkən adamın əlini üşüdürdü, fikirləşdi ki, bu sürahinin içinə spiral yerləşdirmək lazımdır ki, o incə əllər daşa toxunanda soyuq qadını narahat etməsin. Pilləkənlərin tutacağı dəmirdən idi, onları da dəyişdirib qoz ağacından hazırlamaq lazım idi. Mətbəxin məhəccərinə dibçəklər düzdü, güllərin ətri adamı bihuş edirdi. Xanımı burda geniş aynabənddən görünən dənizi seyr edib, güllərin ətrini sinəsinə çəkə-çəkə zəfəranlı plov dəmləyəcəkdi, qəhvə içəcəkdi, nahar edəcəkdi.

Vanna otağı geniş idi, ustaya tapşırmışdı ki, burda süni yağış yağdırmaq üçün düymə quraşdırsın. Arvadı qulağına pıçıldamışdı ki, soruş gör qar da yağdıra bilər? Usta gülümsəyib belə demişdi: Xanımınızın parlaq fantaziyaları var, ondan yaxşı dizayner çıxar. Kişi: - "O, yazıçıdır, qısa ekstravaqant hekayələr yazır, təxəyyülü aşıb-daşır, bir hekayəsində təsvir etdiyi evi ona hədiyyə etmək istəyirəm" - dedi. - "Bilirsiniz, o, yağışın həzin melodiyası altında yuxulamağı xoşlayır". Sonra da çevrilib xanımına dedi ki, axı sənin hekayəndə evə qar yağdırmaq söhbəti yox idi? Xanımı beynindəki təbəssüm düyməsini basdı: "İndicə ağlıma gəldi".

Usta fikrə getdi və handan-hana dilləndi: "Yağış yağacaq, amma qarı söz vermirəm. Lap istəsəniz burda sizinçün sukeçirməyən çarpayı da quraşdıra bilərəm, yataq otağının tavanında Ay, ətrafında da ulduzları təşkil edə bilərəm. Amma qar çətin məsələdir". Xanımın dodaqları büzüldü.  "Onsuz da gecə pəncərədən Ayı, ulduzları görəcəyəm, səhər də Günəş bizi qıdıqlayıb yuxudan oyadacaq. Amma gör neçə ildir qar yağmır... Mən qar istəyirəm...".

Usta sinirləndi: "Siz, deyəsən, mənimlə məzələnirsiniz. Axı hamam otağında qarın yağması sizin nəyinizə gərəkdir? Onda gərək hamama palto, ayaqqabı ilə girəsiniz, yoxsa soyuqlayarsınız". Ustanı cinləndirmək istədi: "Bəs yağışda çətir lazım olmayacaq?". Usta lap özündən çıxdı: "Dedim axı, sukeçirməyən çarpayı quraşdıra bilərəm".

Adam xanımına tərs-tərs baxdı, yəni bu qar sövdasından əl çək. "Bu kişi yağış işinə baxır, qar ustası da taparam, gəlib sənin arzunu yerinə yetirər". Santexnik hamamın tavanında buludları quraşdırmağa başladı.

***

Bu illüziya onun tənhalığına ortaq idi. Zərləri axı niyə ata bilmədi? Təki "dü bir" ataydı, bilərdi ki, uduzub. Rəqibi, deyəsən, hələ də masa arxasında oturub zərlərin düşməsini gözləyirdi. Zərlər boşluqda işıldayırdı. Sonra bu oyunu tamamilə yaddaşından silməyə çalışdı, kitabxanaya keçib oxumaq üçün maraqlı bir kitab axtarmağa başladı.  Əlinə keçən hekayələr kitabını vərəqləməyə başladı, hansısa hekayənin ilk cümlələrini oxuyanda həyəcanlandı. Hekayə iki nəfərin şahmat oyunu ilə başlayırdı, amma oyun bir əsr idi ki, davam edirdi! Bu oyunun ilk şahidləri artıq dünyasını dəyişmişdi, arada bir neçə nəsil dəyişmişdi, di gəl, oyun bitmək bilmirdi ki, bilmirdi. Ürəyi sıxıldı, kitabı qaytarıb öz yerinə qoydu. Güzgünün qarşısına keçib bir xeyli özünə tamaşa elədi, sifətini sillələdi, gözlərini bərəltdi, dilini çıxardı. Fikirləşdi ki, deyəsən, dəli oluram. Hamama keçmək istəyəndə diksindi; orda usta işləyirdi.

***

Otaqların dekorasiyasını qonşuluqda yaşayan oğlana həvalə etmişdi. O, yaxşı dizayner idi və bəzən elə fantaziyalar quraşdırırdı ki, adamın heyrətdən gözləri kəlləsinə çıxırdı. Otaqları gəzərkən təklif etdi ki, hər qapının dəstəyi xanımınızın adının bir hərfindən düzəldilsin. Bu təklifə o qədər sevindi ki, az qaldı dizayneri bağrına bassın.

"Sən nadir tapıntısan! Yüz il qala, belə bir şey mənim ağlıma gəlməzdi".

Dizayner məmnunluqla gülümsədi. Ona sevgilisinin hərəkətlərinin lüğətini də təqdim etdi ki, dekorasiyada bu detalları nəzərə alsın. Oğlan bu kataloqa göz gəzdirib: - "sənin də təxəyyülün pis deyil, yazıçı ola bilərsən" - dedi. Adam "bir evdə bir yazıçı kifayət edir", - deyə cavab verdi.

Bütün bu həngamə küsüb getmiş qadınını həyatına qaytarmağın fövqəladə üsulları idi. Zəhlətökən sərbəstlikdən və üzücü tənhalıqdan cana doymuşdu. Xəyalən tapdığı ev, deyəsən, tədricən gerçəyə çevrilirdi. Düşünürdü ki, çöl qapının üstündə özünün və xanımının adlarının baş hərflərini nəşq etdirsin. Bu ümidlər hər səhər günün boz işığında dağılıb gedirdi, kirayə haqqının vaxtı çatmışdı, pul tapmaq lazım idi. Əks halda ev yiyəsi başının üstünü kəsdirib onu canından bezdirəcəkdi. Bu qorxu hissi onun reallıq hissini itirməsinə imkan vermirdi. Düşünürdü ki, kaş gerçək yuxu, yuxu isə real olaydı. Yuxu ilə gerçəkliyin yerini dəyişməsini arzulayırdı.  Amma siz tələsməyin, imkan verək, dizayner və santexnik işlərini görsünlər. Kim bilir, bəlkə elə bütün bu hadisələrin hamısı (tənhalıq və kirayə istisna olmaqla) gerçək imiş?! Adamın tənhalıqdan şikayət etməsi sizi çaşdırmasın, onun həyatında dəyişməz bir qadın var. Tezliklə ər-arvadın fantaziyaları reallaşacaq, hələ üstəlik aynabənddə qar da yağacaq. İnsan düşüncələrini gerçəyə çevirməyi bacaran məxluqdur.

***

Külək küçənin tozunu sovurub üz-gözünə çırpmışdı, saçlarının dibi qumla dolmuşdu, ağzına dolmuş torpaq dişlərinin arasında xırçıldayırdı. Külək dənizi qəzəbləndirmişdi, dəniz hirsindən gömgöy idi, ağ dişlərini qəzəblə küləyə qıcıdırdı. Evə çatan kimi paltarlarını soyunub özünü hamama atdı. Hamamda yağış yağırdı. Arvadı sukeçirməyən çarpayıda yuxuya getmişdi. Üzündə yaşından da qədim bir xoşbəxtlik vardı. 

***

Milyonçu hirslə nərdi çırpıb ayağa qalxdı. Yeni dünya qalib gəlmişdi. Qız qalasının başı üstündə Günəş bərq vururdu.

6-7 oktyabr, 2019-cu il

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!