Gözətçi qadın - Narıngül - hekayə

Xalq yazıçısı Anara ithaf edirəm

Ayağının altında atılıb-düşən alabəzək, kənarları dilik-dilik yarpaqları seyr edə-edə, tələsmədən irəliləyirdi. Yerə baxa-baxa yol getmək uşaqlıqdan adətiydi. Yerə baxa-baxa getmək bir az da dincəlmək, özündən, başqalarından aralanmaq deməkdi. Kiminsə yaxasından qırılıb yerə düşmüş iri, qara düyməni də, atılıb qalmış paslı sancağı da artıq neçə gündür eyni yerdə görürdü. Hələ uşaqlıqdan bir adəti də vardı. Özüylə danışmağı sevərdi. Özüylə danışarkən ikinci adam olurdu. Dəftərçəsinin kənarına belə bir cümlə də yazmışdı: "Hər bir İnsan öz keçmişi üçün ikinci adamdır". O da ötüb-keçənləri bir-bir ürəyindən keçirər, həm də hadisələri dağınıq halda deyil, nizamla, bəzəkli-düzəkli şəkildə gözlərinin qarşısında canlandırar, sonra vaxt tapan kimi qələmə alardı.

Bağın o biri başında, ağacların arasından üstü qırmızı örtüklü, çox illər bundan əvvəl tikilmiş bina görünürdü. Hərdən düşünürdü ki, bu bina onun alın yazısıdır, taleyinin üzüdür. Taleyinsə insanın qarşısına çıxması onsuz da təəccüblü deyil.

Hər səhər onu bu binanın qapısı ağzında kasıb görkəmli, amma ağ, zərif üzündə dopdolu bir nəciblik hiss olunan gözətçi qadın qarşılayırdı. Ortayaşlı, arıqbədənli, xoşsifət qadındı. Bu qadın qapının ağzında oturub həm gəlib-gedənə nəzarət edir, həm də bir qədər naşılıqla, taxtadan hazırlanmış, cəmi iki kitab şkafından ibarət balaca köşkdə kitab satmaqla məşğuldu. İşə gələn gündən bu qadını burda görmüşdü. Yəqin ki, bu qadın lap çoxdan bəlkə də, hələ bu bina inşa olunmazdan, dünya yaranmazdan əvvəl burdaydı. Kim bilir... Elə insanlar var onları nə vaxt tanıdığını ağlına gətirəməzsən ki... eləcə tanıyarsan, vəssalam. Hər gün ayağının altındakı çat-çat olmuş asfalt örtüyü, ağacların arasından süzülən işığı görməyə adət etdiyi kimi, bu qadını da qapının ağzında görməyə adət etmişdi. Qadın onu görən kimi ayağa qalxır, hörmətlə salamlaşırdı. O da ehtiramla salamını alırdı. Sonra qadın ürəyində onunla hal-əhval tuturdu. O da ürəyində cavab verirdi. Bilirdi ki, qadın həmişə ona dua edir. Doğrudur, onu əllərini göyə açıb dua edərkən görməmişdi. Amma inanırdı ki, qadın hər gün onunçün dua edir. Qadının qarşısından keçib yuxarı, ikinci mərtəbədəki iş otağına qalxardı. Qadın onun arxasınca boylanaraq "yaxşı yol, oğul, işin uğurlu olsun!" söyləyirdi. O da ürəyində qadına təşəkkür edirdi.

Bir adəti vardı ki, işçilərini incitməz, bacardıqca heç kimin xətrinə dəyməzdi. Köməkçisi deyirdi ki, işçilərinə qarşı çox rəhmlisən, təşkilat rəhbəri belə olmamalıdır. Bir qədər sərt olmaq lazımdır! İstehzayla gülərdi. Nədənsə, ürəyinin dərinliyində insanlara yazığı gəlirdi. İnsanlar haqqında düşünərkən özünü də onlardan ayırmazdı. Nə olur-olsun, adam incitmək onluq deyildi. "Bəlkə də, bu qədər lazım deyil, belə aşırı heç lazım deyil, bəlkə də acizlikdir", - deyə özünü danlayırdı. Yəqin ki, doğru qərarlar çıxarmaq üçün polad kimi bərk omaq lazımdı. Elədikləri hərəkətin alt qatına enməyən bütöv, metal səth kimi möhkəm adamlar da vardı. Sərt adamlara baxıb bəzən ürəyində onlara qibtə edərdi. Hərdən belə adamları qapıya da bənzədirdi. Qapı kimi adam. Yalnız özüyçün açılan, özüyçün bağlanan adam. Bənzətməsinə bəzən özü də gülərdi. Adlı-sanlı, tanınmış ailədə doğulub böyümüşdü. Hesabla gərək ki, ərköyün olaydı. Amma tamamilə əksinəydi. Doğrudur, atasından gəlmə qüruru yerindəydi. Heç vaxt söz götürməzdi. İlahidən gəlmə bir hazırcavablığı da vardı. Vəzifəsi də balaca vəzifə deyildi. Hiss edirdi ki, kənardan çox zəhmli görünür. Bəzən ona bir sözü demək üçün yaxınlaşan, dili tutularaq kəkələyən adamlar da vardı. Bu iş yerində təkcə köməkçisi ona istədiyi kimi ərk edə bilirdi. Gözünü açandan köməkçisi onunla bərabər idi. Həm uzaq qohum, həm də qonşu olduqlarından uşaqlıqdan bir yerdə böyümüşdülər. İş elə gətirmişdi ki, ali məktəbdə də birlikdə oxumuşdular. Həyətdə də, elə məktəbdə də köməkçisi hamıdan diribaş idi. Həll edə bilmədiyi heç nə yoxdu. Dərs oxumaqla arası olmasa da, bütün müşkül məsələləri yerindəcə həll edərdi. İnsafən, həmişə onun qayğısına qalardı. Bura, bu məsul işə təyin edilərkən köməkçisi onunla birlikdə gəlmişdi. Əslində, o, heç vəzifə filan sevən də deyildi. Ondan olsa, elə sakitcə yazı-pozusuyla məşğul olar, azad ruhuyla baş-başa qalardı. Köməkçisi həmişə zarafatla deyirdi ki, ay Allah, sən niyə iştahı birinə, yeməyi isə başqasına verirsən axı?..

Bu səhər yenə də qapıdan içəri girən kimi qadınla salamlaşdı. Bu dəfə qadının yanında nimdaş geyimli bir kişi dayanmşdı. Əlində içi köhnə əşyalarla dolu sellofan torba vardı. Tör-töküntülü görkəmindən bir qədər də küçədə dolaşan bomjları xatırladırdı. Qadının həmişə sakit görünən sifətində bir təlaş dolaşırdı. Hiss olunurdu ki, "bomj"la əməlli-başlı mübahisə edib. Elə indi də onun qarşısını kəsməyə çalışırdı. Axı buranın sakitliyini, səliqə-sahmanını ona tapşırmışdılar. Amma bomj görkəmli kişi inadla irəli keçmək istəyirdi.

- Bağışlayın, bu adam sizi görmək istəyir. Nə qədər elədim saxlaya bilmədim, -qadın əməlli-başlı həyəcanlanmışdı, üzündə günahkar bir ifadə vardı - bilmirəm nə istəyir.

Kişi irəli yeridi və birbaşa mətləbə keçdi:

- Pul istəyirəm, başqa nə istəyəcəm ki...

Kişinin üzünə baxdı. Tüklü üzündə həyat nişanəsi görünmürdü. Təkcə gözlərinin dərinliyində zəif bir işartı vardı.

Əlini cibinə atdı. Cibindən çıxartdığı iri pulu onun ovcuna basdı.

Bomj görkəmli kişi, deyəsən, gözlərinə inanmadı. İri açılmış gözlərini ona zillədi. Görünür, əksini gözləyirdi. İlk dəfəydi ki, ona heç bir təmənnasız belə böyük pul verirdilər. Başqa vaxt bir-iki qəpik-quruş alana kimi adamlara ilan dili çıxardır, yalvarıb-yaxarırdı. Qadın ərklə ona təpindi:

- De pulunu aldın, çıx get!

Kişi səndələdi:

- Gedirəm, amma yenə gələcəm!

Artıq hər ay, demək olar ki, eyni vaxtda kişi bura gəlir, halalca maaşını alırmış kimi eyni məbləğdə pulunu alıb gedirdi. O qədər gəlib-getmişdi ki, deyəsən, qadınla da dostlaşmışdı. Bəzən ara günlərdə də bura gəlir, gözdən yayınaraq qadının kiçik və isti köşkünün bir küncündə əyləşib qızınırdı. Qadın da ona isti çay süzür, qayğısına qalırdı. O da ordan keçərkən özünü görməməzliyə vurur, səssizcə pillələri qalxırdı. Qadın ürəyində kişinin hekayəsini ona danışmışdı. "Bu kişi əvvəllər hörmətli adam olub. Sonra bir günün içərisində, qəza nəticəsində bütün ailəsini itirib. Birdən-birə dörd əzizini dəfn edib geri dönüb. Az qalıb dəli ola. Amma dəli olmayıb, içkiyə qurşanıb. Var-dövlətini, əlində olan hər şeyini itirib. Bu, çoxdan olub, indi heç nəyi xatırlamır. İndi kasıb bir daxmada tək-tənha yaşayır. Bəzən dilənərək, bəzənsə kiminsə sədəqəsi hesabına özünü saxlayır, acından ölmür". Qadın bunları ürəyində danışmışdı, sonra da ürəyində ona təşəkkür eləmişdi: "Allah sənin ürəyinə görə versin!". O da ürəyində qadına " Bir şey deyil, çox sağ ol!" söyləmişdi və düşünmüşdü ki, bu kişi də nə vaxtsa onun hekayə qəhrəmanına çevriləcək. Bütün bunlar içəridə baş verirdi. Amma bəlli günlərdə kişi içəridə deyil, çöldə, düz qapının ağzında, ciddi görkəmdə onu qarşılayır, pulunu alıb çıxıb gedirdi.

Bu küləkli gündə yadına düşdü ki, bu gün kişinin pul alacağı gündür. Ona verəcəyi pulu ayırıb ovcunda gizlətdi. Qapıdan keçərkən kişini orda görmədi.

Qadından onu soruşdu.

- Daha gələ bilməyəcək. Ayaqları tutulub. Evinin içində sürünə-sürünə gəzir. Küçəyə çıxa bilmir. Yeməyini də qonşular verir. Evini tanıyıram. Bizim tərəflərdə qalır.

Ovcunda tutduğu pulu bir qədər tərəddüdlə qadına verdi:

- Bəlkə çatdırasınız...

Qadın kövrəldi, ürəyində minnətdarlıq elədi.

Beləcə, daha hər ay kişinin pulunu qadına verirdi.

Bir dəfə kişiyə pul verərkən ürəyindən keçdi ki, bəlkə qadına da kömək eləsin. Onsuz da məvacibi elə də yüksək deyil. Yəqin ki, bunun özünün də ehtiyacı var, havalar soyuqdur əyin-başı da elə qalın deyil. Əlindəki əlavə pulu qadının ovcuna qoydu.

- Bunu da özün xərcləyərsən.

Qadın qəti şəkildə etiraz etdi. - Yox, məvacibim bəsdir! - qətiyyən olmaz!  Pillələri qalxa-qalxa düşündü: Qəribə adamdır, kasıb olsa da, çox qürurludur. İndi belə adamlar azdır...

Beləcə, günlər sürətlə gəlib keçirdi. Hər şey öz rəngində, öz ahəngində ötüşürdü. Dünya da istədiyi şəkildə fırlanırdı. İstedadına, bacarığına görə ona daha böyük vəzifələr təklif edirdilər. Bəlkə də, bu çox yaxşıydı. Amma o, imtina edirdi. Heç nədə gözü yoxdu. Sakit həyat istəyirdi. Həm də bu idarə ona çox doğmaydı və ürəyində bir sadiqlik hissi vardı. Onsuz da öyrəşdiyi heç nəyi ata bilmirdi.

Bir gün qapıdan içəri girən kimi bir boşluq hiss etdi. Qapıçı qadın yerində yox idi. İlk dəfəydi ki, onu qarşılayan yoxdu. Ertəsi günsə işçilərdən biri gəlib kədərli səslə xəbər verdi ki, qadın vəfat edib. Sən demə, ürəyi xəstə imiş. İlk dəfə qapıdan çıxarkən ürək ağrısıyla çıxdı. İndi onu hər səhər qapının ağzındakı boşluq qarşılayır, boşluq da yola salırdı.

Qadını düşünərkən, eyni zamanda, bomju da düşünürdü. Bu qadın ona kömək edirdi. Yəqin, indi o kişi də qadının yolunu gözləyir.

Bir neçə gün keçmiş, daha doğrusu, kişiyə pul veməli olduğu gün, ona bir kağız gətirdilər.

- Qapıçı qadın sizə kağız yazıb. Ölməmişdən əvvəl tapşırıb ki, bunu məhz bu gün sizə çatdırsınlar.

Onu maraq bürüdü, - görəsən, qadın nə yazmış olar?

Kağızda əyri-üyrü xətlə bir ev ünvanı qeyd olunmuşdu. Başa düşdü ki, bu, bomj görkəmli kişinin ünvanıdır. Ünvanın aşağısında isə belə bir cümlə yazılmışdı:

"Özündən muğayat ol, onsuz da bu dünya fanidir!".

Uzun-uzadı gözlərini vərəqə zillədi. Qadının xəttini ilk dəfəydi görürdü. Fikir verdi ki, hərfləri bir-birinə söykəməyib. Ona elə gəldi ki, hərflər indicə bir-birinin üstünə aşacaq və sözlər yıxılacaq.

Sürücünü çağırıb ünvan yazılmış kağızı və pulu ona verdi.

Sonra yenidən qadının xəttini xatırladı. Hardansa oxumuşdu ki, söz səsin şəkil formasıdır.

Qadının səsi qırıq-qırıq idi, qırılıb tökülmüş təsbeh dənələri kimi... Qırılıb yerə tökülmüş səs...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!