Sevgidən nifrətə - Cavidə MƏMMƏDOVA yazır

Birinci yazı...

 

Hüseyn Cavid "Müharibə və ədəbiyyat" məqaləsində ədəbiyyata ictimai-siyasi amillərin təsirini izah edərkən Birinci Dünya müharibəsinin törədə biləcəyi fəsadları belə xarakterizə etmişdi: "Fəqət bugünkü müharibənin gələcək ədəbiyyata icra edəcəyi təsir keçmiş ədəbiyyatın bugünkü müharibəyə verəcəyi təsirin qat-qat fövqündə olsa gərək...

Bəli, bugünkü müharibənin hazırlamaqda olduğu zərbə çox qorxunc, çox təhlükəlidir. Bu müdhiş inqilabdan heç bir qüvvə qurtulmayacaq. Bütün elmlər, fənlər umulmaz dərəcədə sarsılacaq, dəyişəcək. Şübhəsiz ki, ədəbiyyat da bu axıntıya qapılacaq"…

Ötən əsrin əvvəllərində Böyük Britaniya  ədəbiyyatının mühüm səhifələrindən birini Viktoriya dönəminin bitməsi zamanında meydana çıxan Corc poeziyası  təşkil edir. 1910-cu ildə Kral VII Edvardın vəfatından sonra taxta sahib olan oğlu V Corcun hakimiyyətə gəlişinin ilk illərində əsasları işlənib hazırlandığı üçün bu yeni poeziya mərhələsi belə adlandırılmışdır. Geriyə, yəni ənənəvi ədəbiyyata, onun kökünə qayıdış kimi ortaya çıxan bu poeziya mənsub olduğu zaman çevrəsini adında ifadə edir.  E.Marş  bu barədə yazırdı ki, ingilis şeiri yenidən bir qüvvət və gözəllik nümayiş etdirməkdədir və  bu əsərlər oxuculara bizim daha başqa bir "Corc mərhələsi"nin başlanğıcında olduğumuzu görməyə yardım edəcək.

Corc şeirinin məşhur nümayəndələrin Edmund Blanden, Rupert Bruk, Robert Qreyvz, Devid Herbert Lourens, Uolter de la Mar, Ziqfrid Sassun, Con Drinkuotərin və başqalarının şeirlərində romantika, sentimental ovqat, hedonizm əsas səciyyəvi cəhətlərdir. Bu şairlər ənənəvi ingilis şeirinin keyfiyyətlərini müasir poeziyaya gətirir, sənayeləşdirilmiş həyatdan, ümumilikdə şəhər mühitindən uzaqlaşmağa, qaçmağa cəhd nümayiş etdirirlər. Bu səbəbdən həmin poeziya bəzən tənqidə məruz qalır, şairlərə ənənəçilik, iskeypizm xüsusiyyətləri qüsur tutularaq onların yaradıcılığı və baxış mövqeyi tənqid edilir. Bu şairlər müasir ədəbiyyatın əsas götürdüyü yeni istiqamətləri, poeziyaya tətbiq edilən qaydaları qəbul etmir, Vordsvortun "real insan dilində yazmaq" prinsipini əsas götürürdülər.

Corc poeziyası eyni bir xətt üzrə inkişaf etməmişdir; burada iki istiqamət mövcuddur:

1. Corc şeirinin 1912-1915-ci illərdə işıq üzü görən əsərlərinin daşıdığı keyfiyyətlərə malik poeziya.

2.Yeni Corc poeziyası.

"Əsl Corc poeziyası" hesab olunan birinci istiqamət ingilis poeziyasında yeni üsyan, şeirdə poetik standartlara etiraz kimi dəyərləndirilir. Onların fikrincə, poeziya fərdiyyətçilikdən uzaq olmalı, milli kimlik fəzilətini, mənəvi dəyərləri ifadə və təbliğ etməli, zəngin poetizmə malik olmalıdır. Bu üç əsas keyfiyyət birinci istiqamətin aparıcı tələb və məqsədləri idi.

İkinci istiqamətin nümayəndələri isə, əksinə olaraq, daha çox subyektiv düşüncəyə geniş yer ayırır, adi danışıq dilindən istifadəyə üstünlük verirdilər.   Onların bu cəhdi poeziya dilinə bəsitlik gətirən qüsur kimi tənqid edilir.  Bu şairlər müasir İngiltərə cəmiyyətinin saxta dəyərlərini, xoşagəlməz mahiyyətini anlatmağa, bunu hər bir kəsin dərk edə biləcəyi tərzdə ifadə etməyə üstünlük verir, hətta şeirlərində mənəviyyatı son dərəcə qüsurlu insanlardan belə bəhs edirlər.  

1912-ci ildə  dərc olunan "Corc antologiyası 1911-12" adlı kitabdakı şeirlərin ruhuna ümid, dini inamdan doğan sevinc hissi və azadlıq duyğusu hakimdir. Corc poeziyasının özünəməxsus cəhətlərindən biri də geniş mənada, dini məzmunda sevgiyə inam hissi oyatmaq, incə hisslərin, eşqin gücü ilə həyatın romantik şəkildə qavranılmasına yardım etmək cəhdidir. Bununla şairlər insanı gündəlik qayğılardan qopararaq, cəmiyyətdəki qüsurlardan arındırmağa çalışır, içindəki iman, sevgi hissinə qapılıb daxilindəki gücü tapmağa, müasir dünyanın insan hisslərinə zidd "yeniliklər"inə qarşı dayanmağa ruh vermiş olurdular. Məsələn, Gibson yazır: "Dəhşət şəfqətlə əvəz olunanda",

"Seyr etdim ana nəğmə oxuyur rahatlamaq üçün

Köksünə sarılıb yatmış körpəni".

"Corc antologiyası"nda, "hər bir şeir romantikdir, qeyri-adi bir sevgiylə, təbiiliyin doğurduğu sevinci ilə dillənir, sanki şair dəniz sahilinə ilk dəfə gələn, xəzinə tapan uşaqdır. Deyvsin xoş sevinci, mr. De La Marın mövcud anları mükəmməl dəyərləndirməsi,  Brukun "gülüşdən-gülüşə yaşadığı"nda ehtişamı" və s. bu poeziyanın ruhunu təşkil edir.

Bu şairlər dekadentçilərə xas simvolizmdən, müasir dünyaya idealistcəsinə nifrətdən uzaq dayanırdılar. Onlar müasir dünyanın mürəkkəbliklərindən, insanın maddi və mənəvi həyatında doğurduğu ağır, çətin durumdan yazmır, daha çox romantik, sentimental duyğuların tərənnümünə yer ayırır, insana, onun hisslərinə hörmət oyadırdılar.

Brukun "Bir kanal keçidi" ("A Channel Passage") şeiri Corc poeziyasının aydın dilini, bədii ifadə xüsusiyyətlərini, poetik zənginliyini geniş ifadə edən şeirlərdən biridir:

Lənətə gəlmiş gəmi silkələndi və

enib-qalxaraq üzdü. Səssiz-səmirsiz və tez

Ürəyim qalxdı; Nəhəng dəniz

            gözümdə bulandı; Bilirdim ki,

Mən bir şeyin haqqında dərin düşünməliyəm;

                        yoxsa ürəyim bulanar;

Yalnız bir şeyi dərin düşünə bildim -  səni!

Sən, təkcə sən xəyalımda canlana bildin!

Və səninlə xatirələr gəlir,

                        kəskin əzab və iztirablar.

İndi seçimim var; ürəkağrısı,

                     yaxud işgəncə çəkmiş ciyər!

Bir dəniz - xəstə vücud,

                     yaxud bir sən - xəstə ruh.

Şair lirik qəhrəmanın dəniz xəstəliyi səbəbindən varlığında duyduğu acılarla ayrılığın onun ruhunda doğurduğu sevgi iztirablarını qarşılaşdırır; dəniz də nəhəng, sonsuz bir aləmdir. Gəmi nəhəng dalğalarda enib-qalxdıqca lirik qəhrəmanın varlığı sarsılır, aləm başına dolanır, ürəyi qalxır. Ayrılıq da nəhəng, sonsuz dəniz kimi canlanır, onun da üfüqlərində vüsalı, ümidi andıran bir xəyal, xırdaca bir təsəlli belə yoxdur.

Şairin şeirə verdiyi ad ikimənalıdır; "Channel" kəlməsi leksik baxımdan  "kanal" və s. anlamına gəlir. Bu söz məcazi mənada isə ruhani bir varlıqla və ya ölmüş bir insanın ruhuyla əlaqə yaradan "kanal" kimi izah olunur. "Passage"- keçid anlamıyla yanaşı, "ölüm", "vəfat" mənasını da ifadə edir. Brukun bu şeiri Corc poeziyasının poetik, üslub, forma keyfiyyətlərini, ideya-fəlsəfi məzmununu, bütün sənətkarlıq xüsusiyyətlərini mükəmməl şəkildə ehtiva etməkdədir.

Corc poeziyası sərbəst nəzmə maraq oyada bilən imajistlərin yaradıcılığı, həm də daha çox Birinci Dünya savaşının gündəmə gətirdiyi problemlər səbəbindən sənət dünyasında  tənəzzülə uğrayır. Bu məktəbin nümayəndələrinin bir qismi, o cümlədən, Sassun, Bruk və b. "müharibə şairləri" kimi şöhrət qazanırlar. Hardinin,  Kiplinqin,   Henlinin əsərlərində isə milli qürur və millət sevgisi təbliğ olunur. Poeziyada britaniyalıların özlərinə xas milli fəzilət hesab etdikləri Viktorian stoisizminə çağırış nidaları duyulur.

Qreyvz, Lourens kimi digər yazarlar Corc poeziyasının yazı tərzindən uzaqlaşaraq modernist yaradıcılıq cəbhəsinə keçir.

Bu şairlərin böyük bir qismi müasir dövrün tələblərinə cavab verən mövzulara müraciət etsələr də görüşləri etibarilə sona qədər mühafizəkar və ənənəçi olaraq qalırlar.

Burada bir haşiyə çıxmaq maraqlı olardı ki, Birinci Dünya savaşı həyatın bütün sahələrinə olduğu kimi, ədəbi-fəlsəfi düşüncəyə də təsirsiz qalmadı. Cavidin qeyd etdiyi kimi, "ədəbiyyat da bu axıntıya qapıldı" və başqa cür ola da bilməzdi.   Birinci Dünya savaşının insan hisslərinə və düşüncəsinə vurduğu zərbəni ədəbiyyatda dadaizmin formalaşması şəklində müşahidə edə bilərik. Dadaizm müharibənin insan ümidlərini sarsıdan vəhşət və dəhşətlərinin nəticəsi olaraq həyatın mənasına, insanın humanist mahiyyətinə şübhə, ədəbiyyatın, sənətin gözəlliyinə etiraz kimi meydana gəldi. Dadaistlərin bir çoxu digər ədəbi cərəyanların nümayəndələri kimi müharibə iştirakçıları idi və onların dadaizmlə ədəbiyyata gətirdikləri ideyalar, əslində, cəbhədə şahidi olduqları dəhşətlərin doğurduğu bədbinlik və ümidsizlikdən qaynaqlanırdı. Sənətdə gözəllik arayıb, humanizmi təqdir edən insanın həm də müharibələr törədərək qəddarlıq etməsi səbəbindən sənətin də, ədəbiyyatın da, əslində, bir dəyər və məna daşımadığını düşünən dadaistlər şeirdə daha çox məntiqsizlik, üslub və dildə bir nizamsızlıq və özünə qədərki yaradıcılıq qayda-qanunlarına "itaətsizlik" nümayiş etdirir. Sənətə, ədəbiyyata, eləcə də bütünlükdə tarixə qarşı nifrət, insan varlığına, onun əldə edəcəyi, yaxud yarada biləcəyi yaxşı nələrinsə mövcudluğuna inamsızlıq hissi, bir sözlə, dərin nihilizm dadaistlərin düşüncə və ruhunda məhz müharibənin doğurduğu ağır nəticələr idi. Bu səbədən də dadaizm "qəbul edilmiş qaydalara əsasən sənət cərəyanı" hesab edilmir. Fikrimcə, bu cərəyanı H.Riçter çox gözəl xarakterizə edir: "Müharibə millətlərin başı üzərində qopduğu kimi, dadaizm də sənət dünyasında qopan bir tufandır". Dadaistlər sənətə hörmət duymadıqlarından, onun müsbət təsirlərinə inanmadıqlarından özlərini də sənətkar adlandırmırdılar. 

İnsan hisslərinin, həyatın, sevginin gözəlliyini tərənnüm edən şairləri təcavüzkar qismində döyüşlərdə qan tökməyə məcbur edən Birinci Dünya savaşının doğurduğu dadaizm doğrudan da müharibənin insan ruhunda yaratdığı böhranın, cəmiyyətlərin mənəvi durumunda oyatdığı ovqatın və digər arzuolunmaz halların, Cavidin təbirincə desək, ədəbiyyatın da bu axıntıya qapıldığının... ən bariz nümunələrindən biridir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!