Torpağın döyüşü - Əli Həsənli yazır

Azər Abdullanın yaxınlaşan yubileyi üçün

 

Azər bəy başqa yazıçılardan, rəssamlardan yazıçılığında rəssamlığı, rəssamlığında yazıçılığı ilə seçilir. Bu qarşılıqlı bağlılıq, simsarcasına əməkdaşlıq həmişə onun dadına çatıb. Bir yazıçı kimi formalaşmağında hələ özündən xəbərsiz gizli rəssamlığının, bir rəssam kimi təkmilləşməsində yazıçılığının müstəsna əhəmiyyəti olub. Yazıçılığının rəssamlıqla, rəssamlığının yazıçılıqla birləşməsi, nəsrdə rəssamlıq, rəssamlıqda nəsr ünsürləri, təhkiyə, danışıq, ünsiyyət çalarları yaratmaqla həm nəsrini, həm rəssamlığını sırf nəsrdən, rəssamlıqdan seçilən edir, hər birində ustalıqla pərdə kimi formal, məzmun keçərliyi yaradan çoxüzlü bir müstəvinin fərqli şüalanmasını xatırladır. Onun nəsri dolğun, bütün çalarları, rəngarəngliyi, sanki dəqiq işıq effekti, gizlinləri üzə çıxaran, tuşlandığı hədəfi rentgen şüasıtək dəlib keçərək, gözlə görünməyən pərdələrin ən qaranlıq qatlarını qaldırıb, daxili, sirli nöqtələri, əlamətləri daha qabarıq göstərib gözlə görünən edən, zərif-incə mətləbləri, gözoxşayan qeyri-adi, heyranedici mənzərələri mahiyyətin içindən çıxarıb özəyinəcən, oxucunun, tamaşaçının ayrı-ayrı bucaqlardan daha təkmil, çoxtərəfli görməsinə, duyub dərk etməsinə nail olan, sanki gözəl  bir tablodu, diri, canlı rəsm əsəridi. Ya rəsmi, tablosu oxunaqlı, oxucunu-tamaşaçını özünə çəkib ovsunlayan sehrkar nəsr əsəridi, şirin, nəsr dilində dil açıb səninlə danışan mənzərələr, tablolar şəklində öz-özünü açıb bütün qayəsini-mahiyyətini, fərdi-əks xarakterləri, olub-olacaqları obrazlar silsiləsinin ləhcəsiylə sənə nəql edən maraqlı həmsöhbətdi, təhkiyəçidi. Nəsr rəssamlıqla, rəssamlıq nəsrlə əl-ələ verib beləcə birləşəndə, bir-birinə arxa-dayaq olanda istər nəsrin, istər rəssamlığın başqalarında olmayan özünəxas yeni, orijinal keyfiyyətləri, çalarları  yaranır.         

Elə mürəkkəb mövzular var, yazıçı onun öhdəsindən asanlıqla gəlsə də, bəzən ən adi yazıların əlində girinc qalır. Nə qədər qan-tər töküb əziyyət çəksə də, heç nə alınmır. Azər bəy belə çətinliklərdən çoxdan azaddır. Çünki bu məqamda onun dadına yaxın məsləkdaşı rəssamlıq çatır. Həmin mövzunun elə nəfis, səlis tablosunu yaradır, bu tablonu nəsr kimi öz dilində elə dindirib danışdırır, nəsr kimi oxucuya, tamaşaçıya çatdırır, nəticədə gözləmədiyi çox dəyərli rəsm-nəsr əsəri alınır. İtki,  mümkünsüzlük, qarşılıqlı, bərabərhüquqlu mübadilə nəticəsində qazancla, mümkünsüzlükləri mümkün etməklə sonuclanır. Çünki mövzunun dili, xarakteri, necə onun qəlbinə girmək, ünsiyyət qurmaq yolu, forması tapılır.

 Ya əksinə, elə hal, vəziyyət, mühit, mənzərə, xarakter açımı var, tabloya oturmur, tabloyla, rəsmlə, rəmzlə yox, dil açıb özü səninlə öz dilində danışmaq, ünsiyyət qurmaq, dərdləşib, ürəyini boşaltmaq, bir sirdaş, həmsöhbət kimi yüngülləşmək, simsarlaşmaq istəyir. Onda nəsr rəssamlığın işini öz öhdəsinə götürüb, doğma, ayrılmaz qardaşı kimi boyakarlığın yanında olur. Onun əsərini nəsr dilində danışdırır. Ya hər ikisi eyni zamanda işə girişib, görünənləri göstərməyə, səssizlikləri, sezilənləri lallıqdan çıxarıb səsləndirməyə, körpə uşaq kimi  şirin-şirin dil açıb danışdırmağa məcbur edir.

Azər bəy xoşbəxt yazıçılardandı. Öz nəsr əsərlərinə özü tablolar, illüstrasiyalar  çəkir. Ən dahi rəssam belə, yazıçının əsərini onun özü kimi görüb, duyub tanıya, həmdərd ola, təfəkküründə canlandıra bilməz. Bu baxımdan Azər bəyin bəxti gətirib, yazıçı Azər rəssam Azər olub, öz nəsrini tablo-tablo oxucuya çatdırır. Gözü önündə canlandırır. Oxucu bu mənzərəni, tablonu  gözüylə görür, seyr edir.

Nəsr indi də səninlə tablo dilində danışır. Oxucu, tamaşaçı tablonun səsini, rənglərin çılğınlığını, dəcəlcəsinə çığırışını, qızğın, ehtiraslı rəqsini, sayrışını aydınca eşidir, dərk edir. Deməli, həmin əsəri həm görmə, həm eşitmə üzvləri ilə daha təkmil bütün rəngi, çaları ilə birgə geniş bir əhatədə anlayır.

Bu baxımdan Azər bəyin nəsri elə bil rəsm, tablo, rəsmi, tablosu nəsrdi. Tablo səninlə həmsöhbət olub danışır, dərdləşirsə, səni simsar sanıb öz qəlbini açır, şirin səsi, ləhcəsi uzun müddət qulağından getmirsə, roman, povest, hekayəsi danışıqdan, nəql etməkdən çox, mənzərə, hal, ovqat, vəziyyət yaradıb, mənzərə-mənzərə göz önündə canlanır, uzun müddət göz önündən getmir. Onu söz, cümlə şəklində yox, rəsm, tablo, canlı mənzərə şəklində görürsən, qavrayırsan.  

Azər bəy rəssamlığa cəmi 5-6 il əvvəl başlayıb. Ancaq bu 5-6 ildə 50-60 illik dönməz, məhsuldar yaradıcılıq yolu keçən istedadlı rəssamlar qədər zəngin təcrübəyə yiyələnib, qısa vaxtda formalaşmış, püxtələşmiş, yetkin, özünəxas duyumu, açdığı cığır, görmə qabiliyyəti olan bir rəssam səviyyəsinə yüksəlib.

Onda bu həvəsi, fəhmi, gizli rəssamlıq qabiliyyətini özündən xəbərsiz hələ körpə ikən Azərə bildirməyə doğulduğu, gənckən tərk etdikləri doğma, qədim Qərbi Azərbaycan torpağı oyadıb (buna görə Azər bəy indi də yolunda canını verməyə hazır olduğu o yerlərə minnətdardı). Gözəlliyi, saf havası, qeyri-adi dağı-dərəsi, füruzəyi üzük qaşıtək nişanlı dağların daş barmağında min rənglə bərq vuran sərin bulaqlarıyla dağ səbri, dözümü, inadkarlığıyla qətrə-qətrə, misqal-misqal qəlbinə, ruhuna, canına damızdırıb. Elə bil o yerlər qarşıdakı amansız qətl-qiyamı, qırğın-qiyaməti, addımbaşı dəhşətli soyqırımla üzləşən faciəli köç axınını öz sakinlərindən qabaq bilirmiş. İllər boyu misqal-misqal, qətrə-qətrə insanlarının ruhuna, canına köçürmüş, hopdurmuş xain düşmən əlinə düşməsin, həmin didərgin insanlarının qəlbində, ruhunda bu qəsbkar ölkədən çıxarılıb əbədi öz sakinlərinin, bütöv Azərbaycanın qəlbində, ruhunda yaşasın. Qayçıyla kəsilib götürülmüş kimi, o ölkədən birdən-birə kəsilib, götürülüb, yoxa çıxan, Şərqi Azərbaycanla birləşib bütöv Azərbaycan olan o yerlər həmişəlik ermənilərə gözdağı olsun, sonradan sonraya olsa da, başa düşsünlər, indi oralarda qalan o qarayanıq, qısır, bərəkətsiz, cansız, ölü torpaq, o yerlər deyil. Ölü cəsəddi, quru qəfəsdi, ruhu, canı çoxdan uçub gedib sakinləriylə, çoxdan əbədiyyətə qovuşub. O ölü, qarayanıq torpaq ancaq onları özünə gömültmək, onlara gor yeri olmaq üçün orda qalıb, onlara ancaq gor yeri kimi yarayar. Bəlkə heç gor yeri kimi də yaramaz, atar üstündən, onları özünə qəbul etməz, özünə gömültməz. Çünki sudu, torpaqdı saf olduqlarından heç vaxt murdarlıq, ləkə, üfunət götürmür. 

İndi 30 ildən çox o yerlərə ayağı dəyməsə də, bu sızma yox olmaq yerinə qayıbdan daha da güclənib, qarşısıalınmaz bir sel-daşqın kimi qəfil üzə çıxaraq Azər bəyi həm qorxudub, həm sevindirib. O yerləri yüz kilometrlərlə uzaqdan bura - doğma Bakıya gətirə bildiyinə ürəyində bir qürrə duyub. İşğalçı şeytan ermənilərə keçməyə qoymayıb.

Azər bəy o yerləri illər boyu doğma anası kimi öz köksündə beləcə qoruyub saxlayıb. Soyuqda-sazaqda qəlbinin hərarətiylə isidib onu. Qanı qaralanda, heç nədən bədbinliyə, ümidsizliyə qapılandasa o yerlər onun qoluna qüvvət, gözünə nur, işıq verib. Bu işıqda, nurda Azər bəy bir şeyi bütün aydınlığı, arılığı ilə duyub, dərk edib. Baxıb görüb o yerlərin övladı tək o deyil axı. O yerlər əzəli-qədimdən halal-hümmət Azərbaycan torpağı olduğundan onun kimi yüz minlərlə-milyonlarla azərbaycanlınındı. O yerlərin qətrə-qətrə, misqal-misqal qəlbinə sızdırdığını o da dağ səbri, dözümü, inadkarlığıyla qətrə-qətrə, misqal-misqal kətana köçürüb. Qoy o yerlər təkcə onun yox, bütün Azərbaycan xalqının olsun. Qəlbindən düşürüb tablo-tablo, rəsm-rəsm doğma xalqının əmanətinə buraxıb, o yerin gücü, enerjisi, düşmənə qarşı amansız qəzəbi, nifrəti, döyüş əzmi bütöv Azərbaycan boyda olsun. Ermənilərin xırda, xain gözlərinə sığmayacaq qədər bütöv, böyük, hüdudsuz azad Azərbaycan boyda.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!