Həyəcanlı an - XXI əsr hekayəsi - Abid Tahirli

 

Çəkisinə, boyuna, yaraşığına layiq olsa da, Dəmiri nədənsə nə doğulanda, nə də qırxı çıxanda "Ay maşallah" - deyib oxşayan olmadı. Bu söz ona ilk dəfə ikiaylığında deyildi. Yaxın qohumlarından biri Dəmirə sürpriz hədiyyə aldı: smartfon telefon. Atası bahalı hədiyyəyə görə qohuma dil-ağız etdi, sonra telefonu açdı, internetdən bir multfilm tapdı və telefonun ekranını körpəyə yaxınlaşdırdı. Bu zaman bəbə əl-ayağını tərpədib gözlərini ekrana zillədi. Deyəsən, oradakı hərəkətlər körpənin ürəyincə olmuşdu. O, əvvəlcə ağzını büzdü, sonra üzündə bir təbəssüm yarandı. Bundan sevincək olan ata qürurla  dilləndi: - "Ay maşallah!". Qohum da özündən razı halda gülümsədi: - "Deyəsən, uşağın xoşuna gəldi".

Smartfon telefondan sonra ailədə yeni dönəm başladı: Dəmir ağladı, tez telefonu ver. Dəmir yemək yemədi, telefonu aç. Dəmir iynə vurmağa qoymur, telefonla başını qarışdır. Dəmir dəcəllik edir, telefonu göstər. Dəmir yatmır, telefonu işə sal. Toyda, yasda, yolda Dəmiri ram etməyin ən rahat və sakit üsulu smartfon telefon oldu. Bu minvalla Dəmir böyüdü, bığ yeri tərlədi. Orta məktəbdə, ali məktəb auditoriyasında, avtobusda, metroda, süfrə arxasında, yol keçəndə, bir sözlə, yatanda, duranda - hər zaman telefon Dəmirdə, qulaqcıqlar da öz yerində. Dəmirin bu vəziyyəti yavaş-yavaş yaşlaşan valideynlərini qayğılandırmağa başlamışdı. "Ay bala, idmana get, dil kurslarına yazıl, vaxtında yat, vaxtında dur" - kimi öyüd-nəsihətlər adiləşmişdi.

Dəmir isə heç nə olmamış kimi öz işində idi. Hər gün yeni oyunlar, sosial şəbəkələrdə yazışmalar, smayliklər, komentlər, layklar... Bir gün atası növbəti dəfə Dəmirə "A bala, gecə keçir, işığı söndür, yat" - dedi. Dəmir: "Ata, beş dəqiqəyə qurtarıram, qoy bu oyunu bitirim, yataram" - deyib "Çılğın döyüşçülər" oyununu davam etdirdi. Bu oyun qurtarmışdı ki, Dəmirin whatsappına dostundan mesaj gəldi. O, "Dino strike" oyununa dəvət edirdi. Dəmir məmnuniyyətlə razılıq verdi. Bir saat sonra atası əsəbi halda "A bala, saat 3-dür, sən nə vaxt yatacaqsan, söndür onu" - dedi. Dəmir yenə "Ata, az qalıb, bu dəqiqə qurtarır, ən həyəcanlı yeridir" - deyib davam etdi. Daha yarım saat keçdi. Bu dəfə yataq otağından Dəmirin anası fəryad qopardı: "Dəmir, ay Dəmir, tez gəl, atan özünü pis hiss edir. Tez həkim çağır...".

21.08.2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!