Janrsız Janra aid olan Poeziya janrında şeirlər, mətnlər - İbrahim İBRAHİMLİ

Böyük şair Sergey Yeseninə ithaf edirəm

 

Sən şairliyin və şeirin kimsəyə məlum olmayan tərəfisən, sən şairliyin və şeirin bilinməyən, həmçinin nədən, kimdən ötrüsə müəyyənləşməmiş reallığısan, sən şairliyin və şeirin bütün yaşam və mövcudluq hallarında, yaxud vaxtlarında yalnız möcüzəvi tərəfisən, Yesenin.

Şairliyinlə yaşadın sənin şeirlərindən mənasız olan bu dünyanın bütün yaşam mümkünlüklərini, yaşam imkanlarını, fikrimcə, içdiyin müxtəlif içkilər də mənasız bir anlam deyildi, məncə, səni tamamilə mənasız olan adilikdən hifz eləməkdən ötrü idi, bu dünyanın adiliyi nə sənin şairliyini, nə də ki, şeirlərini adilik kimi qavramadı, sən yaşamında şairliyinlə, şeirlərinlə mümkün olmayanları mümkün etdin, Yesenin.

Ayrıca bir yaşam kimi içirdin müxtəlif içkiləri, yəqin, belə düşünürdün ki, şairliyini, şeirlərini bu dünyadan ötrü müəyyənləşdirmək yaşadığımız bu aləmin adiliyini yaşamaqdan ötrüdü, məncə, bu şeir məqamı o cür deyil, sən şairliyinlə, şeirlərinlə şəxsi varlığını, bu adi dünyada olanları deyil, bu dünyada olmayanları yaşayırdın, Yesenin.

Bilinməzliyi unutdurdu sənə şairliyin və şeirlərin, sənin bu dünyadakı şairliyin və şeirlərin yaşanmayan məkanların hərtərəfli ifadə üsulu kimidi, şairliyin və şeirlərin bütün mümkünlüklərlə bərabər, həmçinin bu yaşamı pərakəndə dünyanın ifadə edə bilmədiklərini ifadə edirdi, Yesenin.

Bu dünya ilə anlaşılmaz bir reallıq yaşayırdın, hər bir şeirin bu dünyanın mövcudluğunun rəngarəng yaşam üsulları idi, bu dünyada bəxtin, yaşadıqların səni hifz etməsə də, sənin şairliyin və şeirlərin bu dünyadakı bütün yaşam üsullarını mənalandırmağı da bacarırdı, sən bu dünyada şair kimi heç vaxt ölməməyin sirrini bilən yeganə şairsən, Yesenin.

***

Bu dünyada yaşadıqlarımın, istədiklərimin istədiyim nəticəsi olmayan vaxtları da olur, mən yaşamın belə mənasız, məni bu cəzbedici aləmdən ayıran nəticəsini şəxsi varlığımda bir gerçəklik kimi hiss edəndə, nədənsə, bu narahat varolmamdan imtina etməyi də qətiyyən bacarmıram.

Bu dünyanın içində bütün ölüm formalarının yaşanan və yaşanmayan tərəfləri olur, məncə, həmin tərəflərin inkaredilməz mənalı məzmunun da bir yaşam forması və ya bir yaşam üsuluyam, yəni fərdi ömrümdən kənardayam, yalnız ölümə aidliyimdəyəm, ölüm adiləşmir yaşadıqlarımda, yaxud hiss etdiklərimdə, mənim fikrimcə, bu dünyanın içində ölümlər bir eksponata çevrilsəydi yaxşı olardı (vaxt gələcək o da olacaq).

Bu dünyanın içində müxtəlif vaxtlarda nəticəsizliyin yaşamının üsullarında ciblərimi axtarsam da pul tapa bilmirəm, həm pulsuzam, həm də məkansızam, pulsuzluğumun əsas səbəbi də haçandı məkansız olmağımdı, əgər mən gördüyüm, istədiyim, hər bir vaxt reallıq kimi yaşadığım kitabları almağa cibimdə pulum olsaydı yaxşı olardı.

Bu dünyanın içində yaşamağın olmayanlarında olması qeyri-müəyyənliyin xüsusi bir cəhətidi, fikrimcə, bu cəhət yaşadığımız dünyanın əsas məntiqi olmasa da, dəqiqdi, yəni bu dəqiqlik istədiyim bir adamın, yəni rejissor Vaqif İbrahimoğlunun ömrünə aiddir, mən bu vacib aidlikdən kənarlaşıb Vaqif İbrahimoğlu ilə Torqovıy məkanına aid olan Sahil bağının yaxınlığında onunla yenə də tez-tez rastlaşsaydım yaxşı olardı.

Bu dünyanın içində yaşamağın bütün formalarını, yaxud da üsullarını bir-bir, asudə bir yaşam kimi yaşasaydım və bu mühüm yaşamın mümkünlüklərinin bütün tərəfləri mənim istədiyim və sairlərə aid olsaydı, o asudə yaşamı da ömrümdə görsəydim bu dünyanın içindəki bütün yaşam üsulları yaxşı olardı.

Bu dünyanın içində yaşamağın bütün üsulları və həmçinin müxtəlif formaları ilə əlaqədar olan cürbəcür bəlkələr mütləqcəsinə olmasaydı, bu dünyanın içinin yaşamları yalnız yaşamın yaxşı mənada, yaxud asudə bir üsulda fərqləndirsəydi, bu dünyada yaşadıqlarımız və həmçinin bu dünya mükəmməlcəsinə yaxşı olardı.

***

Dünən, yəni həftənin çərşənbə günü şəhərin Torqovıy meydanındakı bulvara tərəf gedən böyük küçənin sağ tərəfində olan geniş kitab mağazasına girdim, rəngarəng, məzmunu və mənası olduqca müxtəlif olan kitablara baxmaqdan ötrü, xarici yazıçıların, yəni Ceyms Coysun, İosif Brodskinin və başqalarının yaxşı kitabları vardı, amma cibimdə yetərincə pulum olmadığımdan hansısa bir kitabı ala bilmədim.

Amerika yazıçısı Con Steynbek vaxtilə maddilik və pul haqqında deyib ki, əslində, yaxşı və mükəmməl yazıçı və şair imkansız və çox vicdanlı olmalıdı, məncə, yaxşı deyimdi, bununla belə bu, yaxşı bir fikir ifadəsi olsa da heç də deyilən kimi deyil, yəni bu yaşamın digər tərəfi də var, məsələn, guya hansısa yazıçının və yaxud şairin yetərincə maddi imkanı və pulu olanda vicdanlı və yaxud Allahın yaşamı kimi ola bilmir, əlbəttə ki, olur. Məncə, bu, orijinal və adiliyə aidliyi olmayan yazıçı Con Steynbekin maddi imkan barəsində yanlış düşüncəsinin nəticəsidi.

Yaxşı yazıçının və şairin yetərincə, məsələn, istədiyi orijinal kitabı almağa, istədiyi  vaxt viski və yaxud likör alıb içməyə imkanı olmayanda istənilən anda ağlına intiharla əlaqədar olduqca qəribə və yaşanması mümkün olmayan fikirlər gəlir, yəni o bu dünyaya əsasən intihar prizmasından və mənasız yaşam baxımından münasibət sərgiləyir, intihar anlamı onun beynində bir kabus və ya bir anlamsızlıq kimi yaşanır. Mükəmməl yazıçının və şairin pulu olmayanda yalnız içkidən ötrü pul axtarır, o səbəbdən ki, tapdığı pulla içib həyatındakı digər mənfi və mənasız yaşamsızlığın çatışmazlığını unutsun. Əgər orijinal və olduqca fərqli yazıçının və ya şairin cibində yetərincə pulu və maddi imkanı olarsa, o, tam rahatlıqla yalnız yaraşıqlı qızlarla, yaraşıqlı xanımlarla görüşmək və yaxşı yazılar yazmaq barədə düşünər.

Orijinal yazıçının və ya şairin cibində istədiyi qədər və rahat, bu dünyadakı mənasızlığı mənalı etməkdən ötrü yazmağa stulu olanda varlığında olmayanları çox asanca tapmağı bacarır, onun ömründəki hər bir anlayış bu dünyanın ən vacib ifadəsi kimi görünür, həm də ağappaq kağızla asanca yaşam və ömür ünsiyyəti yarada bilir. Məncə, yaxşı yazıçının və şairin əsas məsələsi cibində kifayət qədər pulun və maddi imkanın olmasıdı, fikrimcə, pul və ya pul anlayışı bu dünyada ölümün insanı istənilən kimi, yaxud yaxşı anlamağını təmin edən yeganə vasitədir.

***

Zəngini gözləyirəm,

Zəng eləsənə.

Yaşadığın ömürdə,

Sükutu da dindirsənə.

 

Ömrümdə adidən adiyəm,

Heç nə ilə fərqlənmirəm.

Bu dünyanın heç bir yerində

Varlığımı görmürəm.

 

Mən səninlə mənəm

Yəni əsl mənəm.

Bu dünyada Allahın,

Ən yaxşı tərəfiyəm.

 

Axı bu mənəm -

Ömründə əsl sevginəm.

Haçandı zəngini gözləyirəm.

Əgər zəng eləsən,

Mən Allahı sən bilərəm.

***

Yazmadıqlarımı və yaza bilmədiklərimi yalnız sənə qarşı olan istəklərimdəki hisslərlə və hər bir yaşam imkanında fərqli duyğularla yazıram, yazanda ətrafımda və yaşadığımız bu dünyanın bənzərsizliyində olan mərhəm sevgi ilə bənzərsiz oluram. Yəni mən ayrı kimsədə deyil, səndə olan bənzərsizliklə bənzərsizəm. Həmişə belə olsana - bənzərsiz sevgi kimi. Sevgiyə bərabərim.

Ən adi bənzərsizliyin yaşamında yaşadığımız bu dünyanın və fərqli insan ömürlərini naməlumluqdan və ölümdən, ölüm anlayışından hifz etməsi mövcuddur, mərhəm sevgi ilə yaşadıqlarımızda yalnız ölümün deyil, fərqli ömürlərin bu dünyaya aid olan zamanının, vaxtlarının ölümsüzlüyüdü. Məncə, bu, yaşadığımız dünyadakı zamanla varlığımızın inkarı olmayan ölümsüzlüyüdü. Həmişə belə olsana - ölümsüzlük kimi. Ölümsüzlüyə bərabərim.

Bu dünyanın inkarsız yaşamı inkar vasitəsilə inkarsızdı, hər zaman sevgimiz bu dünyanın yaşamında istisnasızlığı yaşamaqdadı. Bu dünya yaşadığımız bilinməzliyin, naməlumluğun sən və mən tərəfidir, yəni artıq yaşadığımız bu dünyada nə sənin, nə mənim, nə bu dünyanın qətiyyən inkarı olmayacaq, yaxud da tapılmayacaq. Varlığına aid olan bu dünya yalnız səninlə məlumdu yaşamağa. Həmişə belə olsana - dünya kimi. Dünyaya bərabərim.

***

Dünyanın yaşamı mənə aiddir,

Bu yaşamdan kənara çıxmam.

Dünyanın yaşamı mənə aiddir,

Ömrümdə dərd tapamam.

 

Şeirlərim səndən gəlir,

Şairliyim sənin kimidir.

Bu dünyanın içində

Şairliyim möcüzədir.

Səndəki mən sənindir,

Sevgim məsumluq kimidir.

Bu sevgi məni dərdlərdən,

Mərhəm içində gizlədir.

 

Şeirim sükutu da dindirir,

Sevgili ömrüm bir dənədir.

Sevgili ömrümü yaşamaqdan ötrü

Hətta mən Allah deyil,

Allah mən olmaq istəyir.

***

Bəzən şəxsi varlığıma nifrət edirəm, həmçinin şəxsi taleyimə də, bu dünyanın içində bütövlükdə deyil, müəyyən qədər də anlaşılmıram, yəni deyilənə görə, yazdıqlarımla mücərrədəm, yəni ətrafım, ətrafımda olmayanlar məni və yazdıqlarımı yetərincə anlamırlar. Yəni mən beləyəm, demək olar ki, əksəriyyət yaşam vaxtlarında və həmin o vaxtın bütün mənalarında tamamilə mücərrədəm adamlardan ötrü, daha içlərində adi bir mənanı anlamırlar ki, fərqliyəm, yetərincə fərqliyəm onlardan, zərrə qədər də bənzəmirəm nə onların yaşamına, nə də ki ömür mənasına, məncə, bu dünyada Allahı ən son anına qədər anlamayan kimsə yazar o cür yazıları və mətnləri. Məncə, bu adamlar bilmirlər ki, bu dünyada olan bütün anlayışları yetərincə anlamaq olar (yetər ki, bunu bütün varlığınla istəyəsən), yəni yalnız Allahdan qeyri - yəni mən yazdıqlarımla insan kimi deyil, Allah kimi mücərrədəm.

***

Səninlə o yaz günü görüşən vaxtdan görürəm ki, məni ölümsüzlüyün kimi sevirsən, məni mənalı, mükəmməl bir yaşamın, ömür vaxtların kimi də sevirsən, məni dərdsizliyin kimi sevirsən, məni inkaredilməzliyi mümkün olmayan bir varlıq kimi sevirsən, məni və sair yaxşı anlayışlar kimi sevirsən.

Amma mən istərdim məni və bu dünyadakı ömrümü mən istədiyim, yaxud olduğum kimi də sevəsən, yəni mən istərdim məni şəxsi varlığına aid olan ölümün kimi də sevəsən, mən istərdim məni şəxsi varlığına aid olan dərdlərin kimi də sevəsən, mən istərdim məni şəxsi varlığına məxsus olan bu dünyadakı varlıqsızlığın kimi də sevəsən - Yalnız mən həmin unudulmaz vaxtlarda deyərdim ki, bu dünyada inkarı heç bir vasitəsilə mümkün olmayan əsl sevgi budur.

***

Bu dünyada yaşadığım ömürdə bənzərsiz şəxslərdən ən əsasıyam, sənin müəyyənliyini yəqinləşdirirəm yaşadığımız bu kainatlardan ötrü, sadəcə olaraq mən belə bir rəngarəng yaşamın içindəyəm və bu yaşamın içində Allahın yəqinliyi kimiyəm - yəni Allah indiyə kimi mənim varlığımı belə tanıyır bu inkarı yetərincə olan bu dünyada.

Bu dünyanın ölümündən və ya ölüm anlayışından tamamilə olmasa da, əsasən kənaram, yəni yaşadığımız bu vaxtın axarında bu dünyadakı rəngarəngliyini itirən şəxsi ölümüm ölüm deyil, ölümüm tamamilə ayrı bir anlama aiddir, ölümsüzəm, yəni mənim ölümüm Allahdan ötrü ölüm deyil, yaşanan zamanların bitməyən sonrasıdı.

Mən yaşadığımız vaxtın nəyin olduğu bilinməyən bu dünyada ölümsüzlüyün qayğısı ilə yaşayıram, bu mühüm yaşamın içində bu dünyanın hər bir yaşam üsulunda mütləq bir müəyyənliyəm, mütləq yəqinliyəm, yəni mən beləyəm istəklim, gəl yaxından tanış olaq istəklim, mən bunlarla İbrahim İbrahimliyəm, sadəcə olaraq belə - yaranışı yaradan İbrahim İbrahimli.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!