"Ar" və "Cinayət" - İmir Məmmədli - Esse

 

Humanitar elmlər arasında ən yeni sahə olan kulturologiyada dünya xalqlarının mədəniyyətləri, o cümlədən ədəbiyyatları, əgər belə demək mümkünsə, "vicdan aspekt"indən də öyrənilir, yəni mənəvi-tipoloji baxımdan təhlil və tətbiq olunur. Həmin üsula görə, bəşəriyyət mədəniyyətini iki hissəyə bölürlər: "Ar mədəniyyəti" və "Cinayət mədəniyyəti".

"Ar mədəniyyəti"nə o ədəbi əsərlər aiddir ki, onların qəhrəmanları hər hansı bir qərara gələrkən öz vicdanlarının səsinə deyil, elin səsinə və ənənəyə çevrilmiş sosioloji davranış qaydalarına riayət edirlər. Onların bütün hərəkətlərinə, hər bir addımına artıq qəbul edilmiş adət-ənənələr və xalqın gözü nəzarət edir. Bu cür qəhrəmanlar el-ulus qarşısında "avtoritet" önündə daim daxili hesabat verirlər. Onların ən çox qorxduqları şey el qınağıdır. Hər hansı bir qərarı qəbul edərkən öz-özlərindən soruşurlar: Mən bunu belə etsəm, görəsən, el nə deyər? Xalq bunu alqışlayarmı? Yalnız cavab müsbət olanda, qərar qəbul edilir və hərəkətə gətirilir.

Bu cür mədəniyyətdə insanın özü, onun daxili vicdan səsi və şəxsi məsuliyyət hissi istisna olunur. Əxlaq meyarlarını qədimdən gələn adət və el tələbləri müəyyənləşdirir. Sözün kəsəsi, "ar mədəniyyət"ində insan vaxtilə qəbul olunmuş çərçivə içərisində dolanır, yəni ilk baxışda o elə bir vəziyyətdədir ki, zahirən hərəkət edir, amma yerləşdirildiyi çərçivə hüdudlarından kənara çıxa bilmir. El qarşısında onun üzü nə qədər ağdırsa, xalqın gözündə nə dərəcədə nümunəvidirsə, bir o qədər də qərar seçimində məhduddur.

Mənəvi-tipoloji aspektdən hələ öyrənilib təhlil olunmayan Azərbaycan ədəbiyyatında "ar mədəniyyəti"nin elementlərini xalqımızın məhəbbət dastanları içərisində öz layiqli yerini tutan "Əsli Kərəm"də, nə qədər qəribə olsa da, Kərəmin obrazında (yüzlərlə başqalarında da) tapmaq olar. Fikrimizi əsaslandırmaq üçün, gəlin, həmin dastandan səciyyəvi bir bəndi xatırlayaq:

Ərzurumun gədiyinə varanda,

Onda gördüm, burun-burun qar gəlir

Dedim, Kərəm, gəl qayıdaq bu yoldan,

Dedi, Xan oğluyam, eldən ar gəlir.

Gördünüz? Eşq əlindən dəli-divanə olmuş, bu səbəbdən ara-sıra alışıb-yanan Kərəm, - qayıtsam, Əslisiz ölərəm, odumu söndürə bilməzsiniz, yanıb kül olaram, - demir. Deyir, "Xan oğluyam, eldən ar gəlir". Yəni eldən ar olmasa, qayıdaram. Qayıtsam, el nə deyər? Deməzmi, bu boyda Xan oğlu bir qızın arxasınca düşdü, niyyətinə çatıb qızı ala bilmədi, bir bu qədər əzab-əziyyətdən sonra əliboş döndü.

Xalqın gözü, elin sözü insanı yandıran, onu çöllərə salan sevgidən də təsirlidir, güclüdür. Buna görə də qəhrəmanın verəcəyi "hökmə" qeyd-şərtsiz təsir edir. Əslinə qalsa, kişi eşqindən alışıb-yanır, elin buna nə dəxli? Amma sevgilisinin dalınca dərələrdən sel kimi, təpələrdən yel kimi keçib gedən Xan oğlu deyir, eldən ar gəlir. Sanki etdiyini təkcə cilovsuz məhəbbətinə görə deyil, həm də (daha çox) elin gümanını doğrultmaq üçün, tələbini təmin etmək üçün edir. Çalışır elə etsin ki, nəticə Xan adına layiq olsun, - "...Dedi, Xan oğluyam, eldən ar gəlir".

Demək, Kərəm müəyyən mənada ar mədəniyyətinin təmsilçisidir.

"Cinayət mədəniyyəti"ndə hər şey bunun əksinədir. Qəhrəman hamılıqla qəbul olunmuş davranış qaydalarına qarşı çıxır, onun hərəkətlərini daxili vicdan səsi müəyyənləşdirir. Son nəticədə ictimai adət və oturuşmuş davranış qaydalarının tərəfdarı olan kütləylə qəhrəman arasında ziddiyyət yaranır. El göz bəbəyi kimi qoruduğu yaşam etiketini pozduğuna görə onu öz içərisindən qovmağa, təcrid etməyə səy göstərir.

"Cinayət mədəniyyəti"ndəki "cinayət" toxunulmaz davranış çərçivəsinin pozulmasından ibarətdi. Bu halda əsas aparıcı qüvvə, hər şeyin mərkəzində duran amil şəxsiyyət və onun daxili iradəsidir. Belə insan kütlənin sərt şərtlərini nəzərə almadan öz daxili səsinin buyruğuna əməl edərək yeni davranış normaları tətbiq etməyə, öz əqidəsindən dönməməyə çalışır. Çox zaman özü buna qurban gedir, amma dediyindən dönmür.

Şanlı ədəbiyyatımızda "cinayət mədəniyyəti"nin nümayəndəsi kimi, yəqin ki, eldən ar edən Kərəmə qarşı Məcnun obrazını qoymaq olar. Məcnun elin fikrini, sözünü vecinə almır. O, eşq əlindən çöllərə düşüb, Leyli deyə ölür, amma əqidəsindən dönmür. Elin ağsaqqallarının dediyi ilə oturub-durmur, onun bütün davranışını, bütün hərəkətlərini könlündəki sevgi və öz qəlbinin səsi müəyyənləşdirir. Buna görə də el tərəfindən qınanır.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatı mədəni-mənəvi tipologiya nöqteyi-nəzərindən öyrənilməyib (bu, yəqin, kulturologiyanın bir elm kimi təzə meydana gəlməsindədir), belə düşünürəm ki, ədəbiyyatşünaslığımızın bu sahəsi xam torpaqdır və öz tədqiqatçılarını gözləyir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!