Hacı İsgəndər... - Kənan Hacı - Romandan parça

 

1918-ci ildə Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Azərbaycanın azadlığı uğrunda savaşanda Hacı İsgəndər özünümüdafiə batalyonu yaradaraq ermənilərə qarşı döyüşüb misilsiz fədakarlıqlar göstərib və Nuru Paşa tərəfindən "Xalq Qəhrəmanı" ordeni ilə təltif edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Hacı İsgəndər daim təqib altında olub. Onu ölümdən o dövrdə Azərbaycana rəhbərlik etmiş Ruhulla Axundov xilas edib. 1937-ci il repressiyası zamanı Ruhulla Axundovla birlikdə Hacı İsgəndər də həbs edilib, həbsdə olduğu müddətdə ona erməni müstəntiqlər tərəfindən amansız işgəncələr verilib. Ağır işgəncələrə dözməyən Hacı İsgəndər həbsxanada vəfat etsə də, onun meyitini ailəsinə verməyiblər. Hacı İsgəndər məzarı olmayan qəhrəmanlarımızdandır. "Hacı İsgəndər" romanı onun həyat və döyüş yolundan bəhs edir.

I fəsil

Günəşi, sanki ildırım doğradı. Dünyanı isidən Şəmsin paramparça olması ilə soyuq hava kütləsinin üstünə şığıdığını hiss elədi, əl-ayağı buza döndü. Var gücüylə hayqırdı, amma bu hayqırtı dibsiz bir boşluğa düşdü. Dünyanın üzərinə Günəşin qanı tökülmüşdü. Günəş özüylə birgə dünyanı da iki yerə bölmüşdü. Günəşsiz qalmış dünya bu qapqara qanda boğulurdu, şaxta onun hayqırtısını da havada dondurmuşdu. Ölüm Günəşin mənfi tərəfidir, ona görə onu gecəyə oxşadırlar. Ölümə və Günəşə çox baxmaq olmur, adamın gözü qamaşır.

Alnında tək gözü olan çeşməkli, dırnaqları yırtıcı quş caynağına bənzəyən əcaib bir məxluq vahiməli qəhqəhəsi ilə Günəşin qanı tökülən yerdən ona sarı addımlayırdı; bütün səslər havada donsa da, tək bircə onun qəhqəhəsi Yer üzünü lərzəyə gətirmişdi. Neştər kimi iti burnun altındakı üfunətli ağızdan qopan bu qəhqəhə aramsız güllələr kimi qarşısına keçəni - qoca-cavan, arvad-uşaq bilmədən biçib-tökürdü. Balıqlar dənizin suyuna qarışmış qandan eymənib özlərini quruya atırdılar. Dəniz sahilindəki vətəgələrin qarşısında veyil-veyil yırğalanan qayıqların içi balıq cəsədləriylə dolub daşırdı. Balıqlar kütləvi şəkildə intihar etmişdilər.

***

Əvvəl üzü oyandı, sonra qulaqları həyata döndü, gözlərindən əvvəl ağzı açıldı ki, içində sıxılıb qalmış qışqırtı axıb getsin. Amma dodaqlarının arasından isti bir səssizlik yayıldı. Gözlərini açanda ömür-gün yoldaşı Məsmə xanımı başının üstündə gördü.

"Ay kişi, bayaqdan çağırıram, oyanmaq bilmirsən. Qapıya yad adamlar gəlib, səni soruşurlar".

Hacı üstündən yorğanı çəkib ağır-ağır yerindən dikəldi, ayaqlarını yerə sallayıb bir müddət çarpayıda oturdu, əlini saqqalına çəkib nə baş verdiyini anlamağa çalışdı. Gözlərindən duman çəkildi, tədricən yatağın başındakı dolab, çarpayının başına söykədiyi çəlik, sürahi, stəkan, qəlyan gözünə aydın şəkildə göründü. Arvadının çöhrəsində heç vaxt görmədiyi təşviş məsələnin ciddiliyindən xəbər verirdi. Qadının qəlbinə nisgil çoxdan yol tapmışdı, insafsız dövran onu qorxutmuş, səksəkəli eləmişdi. Candonunu çiyninə atıb çəliyin köməyilə yerindən qalxdı:

"Səhərin gözü açılmamış kimdi məni axtaran?".

Məsmə xanımın səsi titrədi: "Nə bilim, vallah. Allah xeyrə calasın!".

Boğazını arıtlayıb: "uşaqları oyatma" - dedi.

Xeyli vaxt idi ki, səksəkəli yatırdı, tez-tez yuxusunu qarışdırırdı. Məsmə xanım ərinin fikirli gəzib-dolandığını hiss etmişdi, neçə dəfə xoş sözlə, qılıqla kişinin ürəyinə girmək istəsə də hər dəfə cəhdi uğursuzluqla nəticələnmişdi. Hacı bərk adam idi, sirr verən deyildi. Onun narahat tövrü arvadının da rahatlığını əlindən almışdı, nigaranlıq qadını üzüb əldən salmışdı. Hələ də bir az əvvəl gördüyü dəhşətli yuxunun təsiri altında idi. Mircavad ağa ilə axşamkı söhbətləri ovqatını büsbütün təlx eləmişdi. Bütün ölkə boyu müsavatçı, pantürkist ovuna çıxmışdılar. Kənddən də bir neçə adamı aparmışdılar. Hacının da dincliyi pozulmuşdu, narahatlıq oxun axıra qədər çəkilmiş yayı kimi gərilməkdəydi.

Mircavad ağa Hacı İsgəndərə simsar adam idi, axşamkı çay süfrəsində ona ehtiyatlı olmağı tövsiyə etmişdi. Bir neçə gün əvvəl qara maşınla kənddə kabus kimi dolaşan hökumət adamları Ağanın da evində axtarış aparmışdılar, axırda heç nə tapmayıb çıxıb getmişdilər. Mircavad ağa o taydan gələn ağır seyidlərdən idi, imanlı, Allaha ibadət edən adam idi. O taydan gələnlərə həmşəri (həmşəhərli) deyirdilər, Mircavad ağa da həmşəriydi. O, Məşrutə inqilabının qəhrəmanı Səttarxanın döyüşçülərindən olmuşdu. Məşrutə inqilabında fəal iştirak edib və tuthatut başlayanda at belində bu taya qaçıb, gəlib Buzovna kəndində qərarlaşıb. Həmin gün onun bütün silahdaşlarının artıq soyumuş cəsədi Təbrizdə dar ağacında yellənirdi. Ata-anası, qardaş-bacıları o tayda qalıb. Buzovnada kargüzarlıqla məşğul olan Muxtar kişinin qızı Bikə ilə evlənib, elə bu kənddə də yaşamağa başlayıb. Bu izdivacdan iki oğul, üç qız dünyaya gəlib. Murtuza, Müştəba, Möhtərəm, Ələviyyə, Xədicə. Övladlarından heç birinə atalarının vətənini görmək qismət olmadı...

Böyükdən-kiçiyə hamı bu bəstəboy, üzünurlu kişinin hörmətini saxlayırdı. Başına fəs qoyur, narın saqqal saxlayırdı. Çox vaxt nəleyn geyərdi, alnında səcdəyə getdiyi möhürün izi qalmışdı. Balalarını dərziliklə dolandırırdı. Onu çuğullamışdılar ki, evində "Quran" var, molladır. Allahsızlar şəriət adamlarına rəhm edir, bəzilərini sürgünə yollayır, bəzilərini isə güllələyirdilər. Kənd camaatı yığışıb Ağanı qorumuşdu, "o, molla deyil, seyid adamdır, dərziliklə dolanır" deyib onu aparmağa gələnlərin zənnini azdırmışdılar.

Ötən axşam Mircavad ağa ilə başmaqseyrinə çıxmışdılar. Tikintisi yarımçıq qalmış Cümə məscidinin yanından keçəndə Hacı İsgəndər ayaq saxlayıb dərindən ah çəkdi. Sanki keçmiş zamanın arxasınca düşmüşdülər və Cümə məscidi bu gündən daha çox, dünənə aid olmağı ilə bu iki dostu məkanca da ötənlərə aparıb çıxarmışdı. O vaxt daş karxanaları xüsusi adamlar tərəfindən idarə olunurdu. İstənilən imkanlı şəxs karxana aça bilərdi, bunun üçün şəhər idarəsindən icazə almaq kifayət idi. Daşlar karxanadan tikinti sahəsinə  arabalarla və dəvə belində daşınırdı. Daşın uzaq karxanalardan daşınması çətin idi və olduqca baha başa gəlirdi. Bakının ağ daşı başqa ölkələrdə də şöhrət tapmışdı. Deyilənə görə, Tiflisdə uca imarətlərin tikintisində əsasən Bakının ağ daşından istifadə edirmişlər.

Yağışlı günlərdə iş daha da çətinləşirdi, palçıq arabaların rahat yürüməsinə imkan vermirdi. İsti havalarda isə araba və fayton çarxları, at dırnaqları ilə əzilib xırdalanmış daşlardan qalxan toz adamların ağız-burnuna dolaraq nəfəs almağı çətinləşdirirdi. Bərk xəzrilərdə bu küçədən keçmək mümkün deyildi. Cümə məscidi belə çətin şəraitdə tikilirdi. Məscidin fasadında, iç divarlarında ərəbcə daş kitabələr həkk edilmişdi. XX əsrin başlanğıcında tikilməyə başlasa da, hansı səbəbdənsə tikinti yarımçıq qalmışdı. Ustalar məscidin günbəzini və minarəsini tikib başa çatdıra bilməmişdilər.

"Kəblə İmran yadındadı da. Zalım oğlu, elə bil Rüstəm Zal idi, sal daşları necə qaldırırdısa, daşın heç ruhu da incimirdi". - Hacının nisgilli səsi qatı duman kimi Ağanın içinə çökdü. "Bu məscid tikiləndə cavan oğlan idim, bütün günü buralarda ustalara, fəhlələrə kömək edirdim. Kəblə İmran yorulmaq nədi bilmirdi ki. Fəhlələrin kələyini kəsmişdi. Bədəni elə bil tuncdan tökülmüşdü. Bilirsən də, rəhmətlik həm də ilan ovsunçusu idi. İlanı əliylə tutardı. O vaxt kimin ki, həyətinə ilan girərdi, gəlib onu aparardılar ki, ilanı tapıb məhv eləsin".

Mircavad ağa da xəyal köhlənini Hacıyla birgə keçmişə doğru səyirtməkdəydi. Aralarındakı söhbət dəvə karvanı kimi ləngərli idi.

İmran kişi hələ Kərbəlayı olmazdan əvvəl kəndin tunc biləkli pəhləvanlarından idi. Deyirmiş ki, gecə yatmaq üçün deyil, bekarçılıqdan onu adamlar özlərindən uydurublar. Yatmaqla insan Allahın verdiyi ömrü qısaldır. Deyirlər, heç evdə-eşikdə də onu yorğan-döşəkdə görən olmayıb. İmran kişinin "aforizmlər"indən biri də bu idi: "Uzun ömür yaşamaq istəyirsinizsə, çoxlu soğan-sarımsaq yeyin". Uşaqlar onun bu sözünə gülüşürmüşlər. Ülgüclə dilini kəsib camaata göstərirmiş, dilindən bir damcı qan axmadığını görən adamların heyrətdən gözü böyüyürmüş. İmran kişinin belə sehrbazlıqlarını saymaqla qurtaran deyil. Oturanda da bir quzunu yeyib dururmuş. Böyüklər nadinc uşaqlarını İmran kişiylə qorxudurmuşlar. İmran kişinin adı çəkiləndə qadınlar yaşmaqlanarmış. Deyilənə görə, çox zəhmli baxışları varmış. Mircavad ağa onu belə xatırlayırdı.

"Necə yadımda deyil? Zalım oğlu xam at kimi idi, ram eləmək olmurdu. Mən ömrümdə o cür qüvvətli adam görməmişəm. Ovsunçuluğu əməlli-başlı möcüzə idi. Deyirlər, bir dəfə körpə uşağı ilanın əlindən qurtarıb".

"Hə, İsabalanın oğlu üçaylıq imiş, kişi xırmanda olub, arvad da həyət-bacada qurdalanırmış. Girib evə, uşağın yüyrüyündə qıvrılmış ilan görüb.  Vay-şivən qoparıb, qonşular tökülüşüb gəliblər. Kəbleyinin dalıycan uşaq yollayıblar. Kəbleyi gəlib görüb ki, ilan uşağın böyründə yatır, yaxınlaşanda oyanıb başını qaldırır. Bir xeyli ilanla baxışırlar, bu kişi dilinin altında nə dua oxuyursa, ilan yüyrükdən sürüşüb düşür. Uşağın anası özünü yeyib-tökürmüş ki, bəs ilan yenə qayıdacaq, gərək onu öldürəydin. Kəbleyi qayıdıb ki, o ilan bir də bu həyətə gəlməyəcək. İsabalanın oğlu indi maşallah, yekə kişidir. O vaxtdan o həyətdə ilan görən olmayıb. Allah o kişiyə rəhmət eləsin!".

Mircavad ağa Hacının danışdığı əhvalatın təsiri altındaydı, dərin fikrə getmişdi.

"Elə bu məscidin tikintisində onun böyük əməyi olub. Rəhmətini bu dünyada qazanıb gedib. Allah bu kafirlərə lənət eləsin! Allahın evini anbara döndərdilər".

"Ağa, sən özün Allah şahidisən, mən o vaxt bu məscidi tikdirib başa çatdırmaq istəyirdim. Ermənilər məni çuğulladı, bolşeviklər tökülüb gəldi üstümə. İmkan vermədilər bu işi başa çatdırım".

"Allah bəlalarını versin!"  - Ağa hiddətlə Allahsızları lənətlədi.

Hələ Allahsızlar dövran sürürdü, hakimiyyət müvəqqəti olaraq şeytanın əlinə keçmişdi. Cümə məscidinin minarələri Həzrət Abbasın qolları kimi qələm olmuşdu, ahı minarə kimi göyə ucalmışdı. O ah bir gün Allahın evini anbara çevirənləri tutacaqdı.

Tutatut başlayanda birinci elə Axund Kamiyabı həbs etmişdilər. O, Qum şəhərində dini təhsil almış savadlı ruhanilərdən idi. Söyləyirlər ki, Kamiyab azan verərkən, mərsiyə oxuyarkən onun qüvvətli, sağlam səsi Bakının bir neçə qıraq kəndinə yayılarmış. Onun yanıqlı səsi qəm, kədər selabına dönüb dinləyənlərin ürəyinə axarmış. "Zəminxarə", "Humayun" üstündə oxuduğu qəsidələr dünyanın faniliyindən, gərdişi-dövranın vəfasızlığından bəhs edir, dinləyicini sarsıdırmış.

Axund Kamiyab əlsiz-ayaqsızlara, kasıb-füqəraya əl tutar, ianələr edərmiş. Xasiyyətcə mülayim, ucaboy, enlikürək adam imiş, əyninə arxalıq çuxa geyər, başına araxçın qoyarmış. O, həm də el içində mahir xalq təbibi kimi tanınırmış. Yüzlərlə xəstə onun əlindən şəfa tapmışdı. O, insan bədəninə yoluxmuş müxtəlif mərəzləri çöl çiçəkləri ilə, təbii bitkilərlə zərərsizləşdirər, xəstəni sağaldarmış. Bir gün Ağa möhkəm azarlamışdı, evdəkilər fikirləşib ki, adicə soyuqdəymədir, keçib gedəcək, amma kişinin vəziyyəti günbəgün ağırlaşırdı, qızdırma onu tamam haldan salmışdı. Oğlu Murtuza gəlib atasını bu vəziyyətdə görüncə dedi ki, kişini sağaltsa Mirzə sağaldacaq. Mirzəni gedib evindən gətirdirlər, alicənab bir adam idi, danışanda heç kəsin üzünə baxmırdı. Uşaqlar evdə pıçıldaşırdı ki, "bu kişi həkimdən çox mollaya oxşayır. İraq olsun, qardaşım atamın üstünə molla gətirib-nədi?". Mirzə danışdıqca qızlar diqqətlə onu dinləyirdilər, gördülər ki, o, heç də molla deyənləri demir, cürbəcür bitkilərdən hazırlanan məlhəmlər haqda təmkinlə izahat verir, onların faydaları haqqında danışır. Mirzə dediklərini bir kağız parçasına yazıb Murtuzaya verdi və tapşırdı ki, dediklərimə mütləq əməl edin. İkicə günə kişi sapsağlam olub ayağa qalxacaq. Onun yazdığı bitkiləri əldə edib məlhəm hazırladılar, Ağa o dərmanları qəbul etməyə başladı. Ağa Mirzənin dediklərinə sidq-ürəkdən inanmışdı. Doğrudan da səhərisi günü Ağanın qızdırması düşdü, iştahası açıldı. İkinci gün isə artıq yerindən qalxıb oturmuşdu. Repressiyanın tüğyan elədiyi günlərin birində Mirzə qoltuğunda qalın parçaya bükülmüş beş-altı kitab gətirib Ağaya verir ki, sən etibarlı adamsan, bu kitablar qoy bir müddət səndə qalsın. Ağa o kitabları alıb evin çardağında gizlədir. Bu, Mirzənin Ağayla sonuncu görüşü olur. Bir neçə gündən sonra eşidirlər ki, Mirzəni həbs ediblər. Ağa isə həmin kitabları ömrünün sonuna qədər qoruyub saxlayır. Həmin kitablardan biri qara cilddə idi. Bu, Hüseyn Cavidin "İblis" əsəriydi.  

Mirzə Kamiyab günün birinci yarısında İçərişəhərin Məhəmmədyar məscidində, ikinci yarısında "Gileylər" məscidində rövzə edərmiş. Tez-tez Təzəpir məscidinə, Göy məscidə (Hacı Əjdər məscidi) dəvət olunarmış. Hələ bəxtiyar günlər idi, qara yellər əsməmişdi, azad düşüncə sahiblərinə sədəmə toxunmamışdı...

Qara yel 1929-cu ildə əsdi. Bu yel məscidləri, mədrəsələri burulğan kimi içində batırdı. Saysız-hesabsız din xadimləri bu burulğanda boğuldu. Əlli yaşlı Axund Kamiyab din xadimi kimi həbs edilib Sibirə sürgün olundu.

1934-cü ildə Sibirdən Bakıya qayıdan Axundu şəhərə buraxmırlar. Onu həbs edən zaman İçərişəhərdəki mülkünü və Buzovnadakı bağını əlindən almışdılar. Şəhərdə qalmağa yeri də yox idi. Onu Qubaya sürgün edirlər. Kamiyab Qubanın Nüvədi kəndində kolxoz bağında bağban işləməyə başlayır. Ömrünün iki ilini də doğma mühitdən kənarda keçirir.

Kamiyabı bu dəfə həmişəlik məhv etmək üçün 1936-cı ildə onun Bakıya gəlişinə imkan yaradırlar. Zavallı Axund şəhərin keçmiş Dağlıq küçəsində kasıb mənzil kirayələyir və... Heç o mənzildə könül rahatlığıyla yaşamağa belə macal tapmır.

Müdhiş 37-ci il özünü yetirir. Düşünən beyinlərin sür-sümüyü ilə qızdırılmış sobanın dudkeşindən ucalan fəryad tüstüsü ölkədə harın küləklər kimi qırmancını  sağa-sola çırpan hökm sahiblərinin iştahasını günbəgün artırır... "Troyka"nın tiyəsindən qan daman dəhrəsi şaq-şaq şaqqıldayır.

"Troyka"nın günahsız qurbanlarından biri də Axund Mirzə Kamiyab idi. Onu bir gecədə həbs etdilər. Cəmi on dəqiqəlik məhkəmə öz qəti və dəyişilməz hökmünü verir: Güllələnsin!

Ertəsi gün Axundu qətlə yetirirlər.

İndi də "Troyka"nın vahimə saçan qara maşını Hacı İsgəndərin qapısı ağzında dayanmışdı. Qara maşın ağzını açıb öz qurbanını həmişəlik udmağa tələsirdi. Hacı İsgəndər Axundun acı taleyini gözünün önündən keçirərək eyvana çıxıb əlüzyuyanda üzünə su çəkdi, başmaqlarını geyib pilləkənlərdən endi. Gələnlər hökumət adamları idi, səbirsizcəsinə həyətdə var-gəl edirdilər. Hacı əlüstü məsələni anladı. Nəhayət, növbə ona da çatmışdı. Gələnlərin əliboş qayıtmayacağını bilirdi. Heç tükü də tərpənmədi, təmkinini pozmadan çağırılmamış qonaqlara "xoş gəldin" elədi.

Gələnlərin üzü daş kimi idi, orda insana məxsus heç bir ifadə tapmaq mümkün deyildi.

"Göstəriş var, bizimlə getməlisiniz!".

Bu cümlə uzun illərin nigaranlığına son qoydu, içində bir yüngüllük hiss elədi. Məsmə xanım ilk dəfə ərinin üzündə qocalığın nişanələrini gördü; səliqəylə vurulmuş saqqalının qismən gizlətdiyi üzündə dərin qırışlar vardı. Amma bu qırışlar onun yenilməz gücünə, iradəsinə kölgə sala bilməmişdi. Cüssəli bədəni hələ də mübarizə əzmini itirməmişdi. Qarşısında dayanan əlisilahlı adamlara baxıb ürəyində özü-özüylə danışırdı:

"Qəlbin qəbuledilməz bir şeylə rastlaşıb, onu qəbul eləmək məcburiyyətində qaldığı vaxt gəlir. Bu, sınaqdı, dərk eləməyə çalışma. Baş verənləri təsəvvürünə belə gətirməyinin mümkün olmadığını qəbul et. Əzabı da qəbul et. Bu əbləhlərin önündə sınma, əyilmə. Xanımının yanında səni sındırmağa çalışırlar, dik dayan, qoy o səni aciz görkəmdə görməsin! Onun yaddaşında sona qədər qəhrəman kimi qal!".

Səsinə gümrahlıq ahəngi verib xanımına son sözünü dedi:

"Narahat olma, Məsmə. Uşaqlardan muğayat ol, onları sənə tapşırıram. Başıma bir iş gəlsə, mənə görə heç kimə yalvarma, heç kimin qabağında əyilmə!".

Məsmə xanım doluxsundu, qəhər boğazında düyünləndi, yaylığının ucunu ağzına sıxıb hıçqırığını boğdu. Həmişə şux və gümrah görünən qadın da elə bil birdən-birə qocalmışdı.

Hacı İsgəndər 1918-ci ildə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaqdan ötrü özünümüdafiə dəstələri yaradaraq ermənilərə qarşı döyüşmüşdü, Bakının xilasında mühüm rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa bu qorxubilməz qəhrəmanın şücaətinə, qoçaqlığına heyran qalmışdı. Hacı İsgəndərin adı gələndə ermənilərin dizləri əsirdi, bu ad dığalarda vahimə oyadırdı, gecəni rahat yata bilmirdilər. Hacı İsgəndər adlı kabus qılınc kimi başlarının üstündən asılmışdı. Sovet hökuməti bunları ona bağışlamayacaqdı. Erməniləri himayə edən bolşeviklər öz hakimiyyətini möhkəmləndirdikdən sonra bir-bir öz düşmənləri ilə haqq-hesab çəkirdilər.

Hardansa davakar qağayıların cır səsləri gəlir, arxa küçələrdən uşaq gülüşləri eşidilirdi. Damları günəş, pəncərələri dəniz qoxusu verən daş evlər gecənin sükutunu hələ üstlərindən atmamışdı. Hacı İsgəndərin xəyalı bir anlıq iyirmi il əvvələ - 1918-ci ilin yazına qayıtdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!