Saçlarından asılan qız... - Meyxoş ABDULLAH - hekayə

- Sənə nə olub, qızım, bir oyan, niyə ağlayırsan?! - deyə ana, hələ də yuxuda olan, qızının çiyinlərindən tutub ehmalca silkələdi.

Qız hövlnak yuxudan ayılaraq bərəlmiş gözlərini başının üstə dayanan anasının üzünə dikdi və bir müddət beləcə gözlərini onun üzündən çəkmədi.

- Qızım, nə olub sənə, yuxu görürdün?! - deyə anası soruşdu.

Qız qollarını geniş açaraq anasının boynuna doladı və onun köksünə sığınaraq hönkürdü.

Ana dözmədi:

- Mənim balam, axı, nə olub sənə, bir sakitləş görüm? Yuxumu görürdün, ağıllım? - deyə anası onun həyəcandan böyüyərək hədəqəsindən çıxmaq dərəcəsinə çatan gözlərinin içinə baxaraq, sanki yalvarırdı.

Qız içini çəkərək:

- Hə, anacan, qorxulu bir yuxu görürdüm, çox qorxdum.

Anası onu sakitləşdirməyə çalışdı:

- Mənim gözəl balam, yuxudur da, bu ki, gerçək olan bir iş deyil. - De görüm, yuxuda nə görürdün?!

Qız azacıq sakitləşən kimi oldu və dərindən köks ötürərək dedi:

- Anacan, yuxuda gələcəyimi görürdüm.

- Gələcəyinimi? - deyə ana təəccübləndi. - Necə idi gələcəyin?

- Ana, yuxuda görürdüm ki, mən böyümüşəm, gözəl bir qız olmuşam. O qədər gözəl olmuşam ki, hamı mənə həsəd aparır. Məni o qədər sevənlər var ki, lap dərdimdən dəli-divanədirlər. Amma məni sevən oğlanların arasında biri var idi, mənim ondan yaman xoşum gəlirdi. O oğlan mənə o qədər oxşayırdı ki, elə bil, bir almaydıq yarı bölünmüşdük. O mənim saçlarıma güllərdən çələng hörüb qoyurdu. Mənə o qədər gözəl sözlər deyirdi ki, anacan, az qalırdı ağlım başımdan çıxsın. Əllərimdən tuturdu, üz-gözümü oxşayırdı. Onun nəfəsi boyun-boğazıma yayıldıqca, ayaqlarım yerdən üzülürdü, özümü göyün yeddinci qatında hiss edirdim, elə bil. Onun baxışları altında şam kimi əriyirdim, dilim, ağzım quruyurdu, bircə kəlmə söz tapıb danışa bilmirdim onunla. O anda mən çox xoşbəxt idim, anacan. O məni dəlicəsinə sevirdi. Mənə deyirdi ki, sən mənə oxşayırsan... Onunla evləndik... Toyumuz oldu...

Ana gülümsəyərək:

- Qızım, burada qorxmalı nə var ki?.. Sən hələ balacasan, on iki yaşın var. Böyüyərsən, böyük qız olarsan, o sənə oxşar qismətin qarşına çıxar, nişanlanarsan, toyun olar. Buna görə qorxub, ağlamağa dəyərmi, ay səfeh?! - deyə anası Xatirənin saçlarını oxşadı.

- Ana, mən buna görə qorxmadım, bilirsən sonra nələr baş verdi? - deyə qız ağlamsındı.

Ana qızının bu şıltaqlığına gülümsəyərək:

- Hə, de görüm nə baş verdi, nə oldu sonra?

- Ana, həmin oğlanla toyumuzdan bir müddət keçəndən sonra, birdən-birə göy üzü elə qaraldı, elə təlatüm oldu ki, elə bil, bu dünya bir anın içindəcə dağılıb məhv olacaqdı. Mənim gəlinlik otağımdakı ağ pərdələr, ağüzlü yorğan-döşəyim bir anın içindəcə qapqara rəngə boyandı. Stolun üstündəki gəlinlik güzgüm çilik-çilik olub ətrafa səpələndi. Hələ bunlar bir yana, mənə oxşayan o sevdiyim oğlan, həyat yoldaşım bilirsən nə hala düşdü? Sir-sifəti qaraldı, dili-ağzı qurudu, bir kəlmə söz deməyə incarı olmadı. O ancaq gözləriylə danışırdı mənimlə... Anacan, bilirsən onun gözləri nə deyirdi mənə... O, ölmək istəmirdi, elə bil onu zorla öldürürdülər. Gözlərimin onundə onun bütün bədəni su kimi buxarlanıb yox olurdu... Buxarlandıqca, bircə baxışları gözlərimə hopub əbədi qalmaq istəyirdi... O öldü. Onunla ölmək istədim. İstədim ki, mən də ölüm, ruhum çəkəcəyi bu ağrı və zülmlərdən birdəfəlik qurtarsın. Axı, mən tək yaşaya bilməyəcəkdim. Mən tək yaşamaqdan qorxurdum...

- Qızım, bu bir yuxudur, hər görülən yuxu çin olmur, mənim balam. Sən hələ uşaqsan, böyüyəcəksən. Sənin taleyin gözəl olacaq, özün kimi. Sən xoşbəxt olacaqsan.

- Ana, mən yuxumda div görmüşəm.

Ana diksinən kimi oldu.

- Ay bala, ağzını xeyirliyə aç, nə div, nə əjdaha? Yəqin, atan gecələr sənin üçün oxuduğu nağıllardan qalıb yadında o divlər. Adamın nə vaxtsa eşitdiyi əhvalatlar sonradan onun yuxusuna girir. Səndə də eynən elə olub. - Hələ, o kişiyə neçə dəfə demişəm ki, bir tikə qız uşağına belə qorxulu nağıllar oxuma. Uşaqdır, yuxusuna girər, qorxub elər. Bax, görürsən, indi mən deyən oldu, - deyə Xatirənin anası ərinin qarasınca deyindi.

- Ay ana, bu o divlərdən deyildi e, mən gördüyüm ağ div idi, ağ! - deyə qız anasını inandırmağa çalışdı.

- Ay qızım, nə ağ div, nə qara div? Bunlar hamısı nağıllarda olur. Bir də ki, a başına dönüm, camaatın qızları yuxusunda ağ atlı oğlan görür, mənimki isə yuxusunda div görür, özü də ağından. Başımıza xeyir olsun, - deyə arvad gileyləndi.

- Ay ana, bir dəqiqə qulaq as, mənə. Mən gözümlə gördüyümə inanım, yoxsa sənin sözlərinə. - Vallah, bu yuxu deyildi, mən gerçək həyatımı görürdüm yuxumda. Elə bil, mənə deyirdilər ki, sən böyüyəndən sonra qarşına ağ div çıxacaq, sən ona ərə gedəcəksən. - Nə olar, axıra qədər mənə qulaq as, ondan sonra sözünü deyərsən.

- Yaxşı, qızım, qulaq asıram, de görüm nə görürdün yuxunda? - deyə ana səbirsizləşdi.

- Hə, mənim o sevdiyim oğlan vardı ha, həyat yoldaşımı deyirəm, mənim gözlərim önündə əriyib-əriyib yox olandan sonra, mən bir müddət yalqız qaldım. Onun üçün çox darıxırdım. Həyat mənim üçün sönmüşdü. Heç özüm də bilmirdim ki, niyə yaşayıram. Çətin idi mənim üçün, ana, çox çətin. Arada başıma axmaq-axmaq fikirlər gəlirdi, özümü öldürmək istəyirdim. Bilirsən, bu vaxt nə baş verdi, ana?

Ana qızının danışdığı bu nağıllara qulaq asmaqdan yorulmuş kimi könülsüz olaraq dilləndi:

- De qızım, de, nə baş verdi? Yəqin ki, bir ağ div peyda oldu, hə?

- Hə, ana, bu vaxt bir ağ div peyda oldu və məni götürüb öz mağarasına apardı. Mən ondan qorxurdum. Qorxurdum ki, o məni mağarada saçlarımdan asacaqdır. Axı, divlər oğurladıqları gözəl qızları saçlarından asırlar.

Anası bu yerdə dözməyib dilləndi:

- Hə, sonra da hardansa bir igid peyda olub mağaraya girir. Görür ki, mağarada bir qız saçlarından asılıbdır. İgid həmin anda bir könüldən, min könülə qıza vurulur. Sonra da belindən qılıncını çəkib, qırx gün, qırx gecə divlə vuruşur və onu öldürür. Sonra...

- Ay ana, bəsdir də, - deyə Xatirə anasının ona lağ etdiyini görüb dilləndi. - Axı, sən deyən kimi olmadı. Qulaq as da, qurban olum...

- Danış, danış, qulaq asıram, - deyə anası dərindən ah çəkdi.

- Hə, o div məni mağarasına gətirib bir küncdə oturtdu. Sonra mağaranın o biri küncündə divara bərkidilmiş iri şamı yandırdı. Mağara işıqlandı. Şamın işığında mən qorxa-qorxa o ağ divə baxırdım. Onun sacları da, qaşları da hətta bədəninin tükləri də ağappaq idi. O div mənə yaxınlaşıb bir addımlığımda dayandı. Qorxumdan tir-tir əsirdim. Fikirləşirdim ki, bu dəqiqə məni parça-parça edib yeyəcəkdir.

O isə diqqətlə mənə baxırdı. Onun iki gözü var idi. Mən elə bilirdim divlərin bir gözü olur, o da alınlarının ortasında. Yəqin ki, bu div dünyanın sonuna qalan axırıncı divlərdən idi, yavaş-yavaş adamlaşırmış.

O, əllərini mənə uzadıb qollarımdan yapışdı və ayağa qaldırdı. Çox böyük idi, mən onun qurşağından gəlirdim. Arıq, ağ qıllı tüklərlə örtülmüş bədəni çox vahiməli görünürdü. Elə bil, bu div əcdadlarının skeleti idi.

Mən hələ də qorxumdan əsim-əsim əsirdim. Allaha yalvarırdım ki, bu bədheybət div məni yeməsin. O isə mənim gözlərimin içinə baxırdı. Bir gözü qıyılmış vəziyyətdəydi. Ağ, uzun kirpikləri qaraqulaq oxu kimi biz-biz durmuşdu. Gözlərini qırpanda, sanki bu kirpiklərin bir-bir qopub bədənimə taxılacağını düşünürdüm. Ömrümdə belə bir varlıq görməmişdim. Yalvarmaq istəyirdim ona... O isə qıyılmış gözləriylə məni təpədən-dırnağa süzməkdə davam edirdi. Birdən o, nə fikirləşdisə qayış kimi dartınaraq qollarını havaya qaldırdı və geri çevrilib divara bərkidilmiş paslı bir mıxı dartıb yerindən çıxartdı. Mənə elə gəldi ki, o divardan çıxartdığı mıxı bu dəqiqə mənim başıma çaxacaqdır. Amma o, həmin paslı mıxı "Lamara...", "Lamara..." - deyə bağıraraq öz ürəyinin başına çaldı. Onun bu bağırtısı mağaranı silkələdi. Vahimə doğuran bu səs mağaranın divarlarında əks-səda verdi.

Mən onun bu müdhiş bağırtısından qorxsam da, anlamaq istəyirdim, axı bu "Lamara" kimdir? O niyə divardan çıxardığı mıxı sinəsinə çalanda "Lamara" - deyə bağırdı? İlk anda zənn etdim ki, Lamara bu ağ divin Allahıdır... O, Allahını çağırır...

Paslı mıx yarıya qədər onun sinəsinə taxıldığından, sinəsindən qan süzülərək ayaqlarının altına tökülürdü. O, inləyirdi. İnlədikcə gözlərindən damla-damla yaş süzülürdü. Deyəsən, o, adam kimi ağlayırdı.... Mənim ona yazığım gəldi...

Sonra o, mənim saçlarımdan yapışaraq, uzun şana barmaqlarıyla onları hördü. Mən qorxu içərisində onun hərəkətlərini izləyirdim. O isə mənə baxıb gülümsəyirdi... Sonra məni sinəsi bərabəri qaldırıb, saçlarımdan ürəyinə sancılmış mıxdan asaraq: - Mən səni yaralı qəlbimdən asıram, ey adam... Mənim bu param-parça olmuş qəlbimə bir sakitlik gətir!.. - dedi.

Ağ divin danışmağı məni diksindirdi. Bu insan kimi necə danışa bilərdi? - düşündüm.

Üzüm onun ağ, tüklü sinəsinə dirənmişdi. Yumyumşaq, amma buztək soyuq idi onun canı. Ürəyinin döyüntüsünü hiss edirdim. Bu döyüntüdən çox, şırhaşır axan çayın səsinə bənzəyirdi. Elə bil, ağ divin ürəyində çay axırdı...

Asılmış saçlar mənə əziyyət verməsin deyə, o, qollarını belimə dolamışdı. Onun bədənindən qıcqırmış üzüm şirəsinin iyi gəlirdi... Amma xoş və bihuşedici iy idi bu iy... Mən onun sinəsində xumarlanırdım... O isə ağlayırdı... Ağladıqca mən də kövrəlirdim... Axı, mənim də ürəyim onunku kimi yaralı idi... Əlimi uzadıb onun göz yaşlarını sildim... İmistiydi onun göz yaşları... Bədəni soyuq olsa da, içində, sanki od-alov qaynayırdı. Elə bil, onun sümükləri dəmirçi körüyündə qızardılmışdı, mavi rəngdə işıq saçırdı sümükləri...

- Mən onun ürəyindən asılı qalmışdım, ana... Mənim taleyim necə olacaq?! - deyə, Xatirə anasına sarılıb hönkürdü.

- Sənin taleyin, yuxun kimi olacaq qızım...

- Bəs, o ağ div... O hardan gələcək, qismətimə? 

- Sən böyü qızım, o ağ div özü gəlib səni tapacaqdır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!