Məktəbli forması... - Eyvaz Zeynalov - hekayə

Müğənni Əlikram Bayramova

Qızım dükandan iki cüt uşaq ayaqqabısı almışdı. Soruşdum:

- Bunları kimə almısan?

- Bir cütünü oğluma, o birini də qonşumuz Fatmanın oğluna, - dedi. - Təsadüfən anası ilə söhbətini eşitdim. Altı yırtılmış ayaqqabısını ona göstərib şikayətlənirdi.

- Sən bunu uşağa necə vermək fikrindəsən?

- Bir azdan oğlumla oynamağa gələcək. Onda çağırıb geyindirəcəyəm ayağına. Yetimi sevindirmək savabdı.

- Dayan, qızım, belə olmaz! - dedim. - Uşağın qəlbini yaralayarsan. Qaş düzəltdiyin yerdə, vurub gözünü də tökərsən.

- Bəs necə eləyim?

- Sən uşağın anası ilə danış, başa sal. Ayaqqabını gizlincə ona ver. Qoy onu oğluna özü aldığını söyləsin.     

Qızım razılaşdı. Ayaqqabı məsələsi uşaq vaxtı başıma gələn bir hadisəni yadıma saldı.

***

İkinci sinifdə oxuyurdum. Dərsin ortasında məktəb direktoru əlində bir bağlama içəri girdi. Müəllimimizə:

- Bağışlayın, - dedi, - beş dəqiqə vaxtınızı almalı olacağam. 

- Buyurun, buyurun, - müəllimimiz dedi.

Direktor cibindən bir kağız çıxartdı. Ordan mənim adımı, familiyamı oxudu. Kağızı yenidən qatlayıb cibinə qoydu.

- Əli, eşitmədin? - müəllimimiz səsini qaldırdı. - Direktor səninlədi, qabağa çıx.

Qalxıb könülsüz addımlarla ona yaxınlaşdım. Direktor əlindəki bağlamadan bir məktəbli forması çıxartdı. Onu nümayişkəranə şəkildə bütün sinfə göstərdi.

- Əli, Sovet hökuməti yetim-yesirin hökumətidi, - dedi. - Bu paltarı sənə göndərib.

Onu büküb mənə verdi.

- Keç otur, Əli, - müəllim bunu deyəndə direktor artıq çıxıb getmişdi, mən isə hələ də lövhənin qabağındaydım.

Bükülünü göstərib:

- Bəs bunu neyniyim? - sadəlövhcəsinə soruşdum.

- O sənindi, oğlum, - müəllim dedi. - Gedəndə evinizə apararsan.

Özümü pis hiss edirdim. Həmişə beləydi. Yad adam mənə bir şey verəndə özümü pis hiss edirdim.

Atam iki yaşım olanda ölmüşdü. Ancaq hər dəfə soruşanda, anam onun uzağa getdiyini, tezliklə qayıdıb gələcəyini, həm də nəyim çatmırdısa, hamısını alıb gətirəcəyini söyləyirdi.

***

Arxamca qaçan sinif yoldaşım məktəb qapısında mənə çatdı. Əlindəki bağlamanı irəli uzadıb təngnəfəs dedi:

- Bunu unutmusan.

Mən onu qəsdən partanın altında qoymuşdum. Fərqinə varmadan:

- Qoy sənin olsun, - dedim.

- Olmaz, - dedi, - o sənindi.

- Atam mənə başqasını alıb gətirəcək, - anamsayağı dedim.

- Sənin atan yoxdu, ölüb, - sinif yoldaşım dedi.

- Anam deyir, o, uzaqdadı, - tez etiraz etdim.

- Anan səni aldadır. Ölənlər geri qayıtmır. Bu forma da ataları olmayanlar üçündü.

Paltarı qoltuğuma verib uzaqlaşdı. Arxasınca bağırmaq istədim, səsim qırıldı. Bircə anda onun doğru dediyini, anamın məni aldatdığını anladım. Görünür, bunu mənə başqa biri deməliydi.

***

Anamla həyətdə qarşılaşdım. Təndiri qalamışdı. Çörək bişirəcəkdi.

- Qoltuğundakı nədi, oğlum? - Bükülünü açıb baxdı. - Hardandı? - soruşdu.

- Direktorumuz verdi.

- Nə yaxşı, - üzü güldü. - Allah köməyi olsun. Sağ ol dedinmi?

- Mən onu geyinməyəcəyəm, - mızıldandım.

- Niyə, bala? Pisdi?

- İstəmirəm məni yetim çağırsınlar.

- Eh, ay bala, bəyəm istəməklədi?

Təəccübdən ağzım açıla qaldı. Bu nə danışır? Anama nə olmuşdu? Demək, o da daha məni aldatmağın mənasız olduğunu başa düşmüşdü.

Mən birdən paltarı anamın əlindən qapıb çırtaçırtla yanan təndirə atdım.

- Ə, sən neynədin? - Anam dəli kimi qışqırdı.

Özünü ora-bura vurdu. Məktəbli formasını göyə yüksələn alovun əlindən almağa çalışdı. Lakin daha gec idi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!