Zəhra... - Elşad BARAT - hekayə

Arvadıyla uzun-uzadı mübahisənin əvvəlində mülayimcəsinə demişdi ki, bu xarabada ya mənim dediyim olacaq, ya da Zəhranı heç oxumağa qoymayacam. Sonradan səsini ucaltdıqca ucaltmış, Nazlı gəlinin ağzını da açmağa qoymamışdı. Amma Nazlı gəlin də az aşın duzu deyildi, yemədi, içmədi, səhərəcən deyindi, qoymadı Mehtini göz qırpa.

Həmin günü Mehti sevincək oyanmış, Nazlı gəlini təzə aldığı BMV-yə qoyub həkimə aparmışdı. Ginekoloq xanım isə "üç aylıq hamilədir" - deyib ailənin sevincini birəbeş artırmış, çox güman ki, "qızdır" demişdi. Evə gələnə qədər Mehtiylə Nazlı gəlin gələcəkdə doğulacaq uşağın adını da qoydular: Zəhra.

O gündən sonra Mehtinin evində hər gün qalmaqal düşür, hər dəfə də Nazlı gəlinin əsəbləri ərşə çıxırdı. Hamilə qadın mübahisədə ərindən geri qalanda tez qarnını tutub ufuldayırdı. Bununla da ata olmağa hazırlaşan Mehti təslim olurdu. Səhəri günü yenə də söz-söhbətlərin ardı-arası kəsilmirdi.

Nazlı gəlin günü axşama qədər evdə ərinin qarasına danışır, söyür, ürəyi soyumurdu deyə, bütün qonşulara şikayətlənirdi ki, istəmirəm Zəhra müəllim olsun, axı müəllimlərin maaşı nədi, dolanışığı nədi ki, mən balamı göz görəsi oda atım? Bu kişi ağlını qaçırıb, elə bil kordu, müəllimlərin necə yaşadığını görmür. Odur ey, Zərnişanın qızı da oxudu da müəllimliyi, elçi gələn də yoxdu, evdə qarıyıb.

Nazlı gəlinin tək arzusu vardı, Zəhra həkim olsun, düşünürdü ki, kəndin həkimi kimi hər qapıya gedəndə cibinə pul basacaqlar, adam kimi dolanacaq. Bu sözləri hər gün kiməsə deyirdi Nazlı gəlin, az qalırdı uşağı elə həkim kimi doğsun.

Nəhayət, Zəhra dünyaya göz açdı, ata-anasının mübahisələrinin tən ortasında doğuldu. Atası müəllimlərə aid olan bütün oyuncaqları öncədən almışdı ona; qələm, dəftər, pozan, karandaş, çanta, lövhə, tabaşir və s. Nazlı gəlin də acığa düşüb qardaşına zəng eləmişdi ki, həkimlərə aid olan bütün oyuncaqları alıb göndərsin. Dayısı da eləməyib tənbəllik Zəhraya təcili maşından tutmuş, təzyiqölçən aparata qədər hər şey alıb göndərmişdi.

Hələ əli oyuncaq tutmayan Zəhra öz beşiyində oyuncaq əlindən tərpənə bilmirdi. Atası qələm-dəftərləri az qalırdı onun gözünə soxsun, anası isə termometrləri qələmlə, ressept kağızlarını dəftərlə əvəzləyirdi. Bundan sonra da evdə həmişəki söz-söhbətlər başlayırdı. Mehti ilə Nazlı gəlin əlbəyaxa döyüşə çıxmağa qədər dalaşırdılar.

Zəhranın yüngülcə təbəssümü bəs edirdi ki, ata-anası mübahisələri dayandırıb xoşbəxt olsunlar. Uşaq ağlayanda heç bilmirdilər nə etsinlər. Zəhra onların əllərinin içində böyüyürdü.

Nə Mehtinin, nə də Nazlı gəlinin ağlına gəlmirdi ki, bəlkə Zəhra başqa peşəni seçər, bəlkə başqa bir sənətin qulpundan yapışar. Sanki bütün övladların söz haqqı valideynlərindir, sanki heç bir övlad öz marağında olan peşəyə yiyələnə bilməz.

Zəhranın ad günü idi, 2 yaşı tamam olacaqdı. Amma olmadı. Sərhədə yaxın yaşayırdılar deyə, hardansa bir erməni gülləsi gəlib onun ipək kimi saçlarının arasında qıpqırmızı yuva bağladı. Körpə qız anasının qucağında çırpındıqca çırpınırdı. O, valideynləri üçün nə müəllim ola bildi, nə də həkim, amma şəhid oldu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!