Bətnimdə gəzdirdiyim körpə və ya məhrəm sevgi... - Qalib ŞƏFAHƏT - hekayə

Elə bilirsiniz sayıqlayıram? Tapmacalar deyirəm? Yox! Əslinə qalsa, siz məni düzgün anlayacaqsınız, nə demək istədiyimi çox gözəl başa düşəcəksiniz, çünki mənim rahatlığımı əlimdən alan bu qarışıq duyğuları sözlə ifadə etmək bəlkə də mənim üçün müşkül məsələdir.

Onunla özümü çox xoşbəxt hiss edirəm desəm, yanılmaram. Qadının gücü özünü görüb tanıya bilməsindədir. Mən özümü tanıyanda həmişə onu qarşımda görürəm. Üşüyəndə hənirtisinə sığınıram, istilənəndə kölgəsinə çəkilirəm. Bax onda sevincimin həddi-hüdudu olmur.

Məncə, bütün analar belədir. Mən belə düşünürəm! Bəlkə yanılıram? Bircə onu bilirəm ki, anaların ən böyük arzusu, istəyi igid, ərən bir oğul böyüdüb boya-başa çatdırmaqdır.

Onda özüm hələ körpə idim. Dünyanı ağlım o qədər də yaxşı dərk eləmirdi. Qız uşağını elə o vaxtdan sevmirdim. Bir oğlan uşağı kuklam var idi. Heç kəsin ona əl vurmasına imkan verməzdim. Elə bilirdim kimsə körpəmə əl vursa incidəcək.

Həmişə bir gözüm öz körpəsinə qulluq göstərən anaların əlində olardı. Çalışırdım ki, onları yamsılayam. Uşaq olsam da, özümü əkə-bükə ana hesab edərdim. Hər gün onun nazıyla oynamaqdan həzz alardım. Öz aləmimdə; - altını təmizləyib bələyərdim, yedizdirib-içizdirərdim, sonra da layla deyib yatızdırardım.

İnsanlarda istəklər bir-birinə oxşasa da, tam fərqli olur. Sonralar bunu özümdə kəşf etdim. Gərək öz istəyinlə baş-başa qalıb onu yaşaya biləsən.

Düzdür, deyəcəksiniz ki, elə bütün analar belədir. Hansı ana öz körpəsinə ögeylik göstərə bilər? Onda mən də deyəcəm ki, - "hə, bu da düzdür, amma baxır kimin kimə olan istəyinə, münasibətinə...".

***

Yenə də eləyəm, öz körpəmlə oynamaqdan doymuram ki, doymuram. Eh, doymuram nədi, hətta böyük zövq alıram desəm, yanılmaram. Elə bir gün olmur ki, mən onu əzizləyib oxşamayım. Bəlkə də elə başa düşəcəksiz bu bir vərdişdir?! Yox! Bu, bir adi vərdiş deyil, bu, bir ananın öz körpəsinə olan məhəbbətindən, istəyindən irəli gəlir. O istəkdən, o arzudan bir an da olsa belə uzaq düşə bilmirəm.

Sığallayıram, əzizləyirəm və sonra da nənniyə qoyub yelləyirəm, bir də görürəm ki, özü üçün şirin yuxuya gedib mışıl-mışıl yatır. Sonra da başımı yastığa qoyub yatmaq istəyirəm. Yastıqdan da onun ətri, qoxusunu alıram. O ətri, o qoxunu çiyərimə çəkə-çəkə bir də görürəm ki, tam başqa bir dünyadayam. O biri dünyanı səyahət edib, sonra da arğın, yorğun daş kimi yerimə düşürəm. Sabah ayılıram ki, indi də tam başqa bir aləmdəyəm.

Elə olur saatlarla mışıl-mışıl yatır, mən də diqqətlə onun yatışına tamaşa etməkdən doymuram ki, doymuram. O anda nəfəs almaq da belə istəmirəm, qorxuram ki, uşaq diksinib qəflətən oyana bilər. Hər gün onunla oynamaq, onunla vaxtımı, vədəmi keçirmək bilirsən mənim üçün necə xoşdu?!

Bir şeyi də deyim ki, məni incitmir, məndən heç nə istəmir. Mənim ondan istəyim böyükdür, o da o istəyi heç vaxt məndən əsirgəmir.

***

Bir dəfə də beləcə öz aləmimdə idim (öz aləmimdəydim deyəndə elə günüm, güzarım belə keçmirmi?). Bu zırramadan törəmiş zırrama balası ona günüşüyünü çəkir, paxıllıq edir. Həmişə belə edib, elə bilirəm qəsdimə durub, elə ki, mən onunla əylənirəm, bir həngamə qoparır ki, gəl görəsən. Elə onu düz deyirdilər: "Uşaq uşağın günşüyünü çəkir". İnanmırdım. İndi öz gözlərimlə gördüm.

Heç onu da qınamıram, mən ona analıq istəyimi, məhəbbətimi verə bilməmişəm. Bəlkə də davranışımdan hiss edib, məni ona qısqanır? O məni körpəmə qısqandığı kimi, mən də analıq hissimi ondan əsirgəyirəm. Ona görə də ona doğmalıq göstərə bilmirəm. Axı, o istək, məhəbbət içimdən gəlmirsə, mən necə verə bilmirəm ona?! Mən də ki, istəksiz, ürəksiz heç yana, heç kimə bir addım da ata bilmərəm.

...Həə, onu deyirdim, qəflətən bir qışqırıq, bir bağırtı qopardı ki, gəl görəsən. Nəinki o məsum körpənin, az qala mənim zəhmim yarılacaqdı. Başına bir qapaz çırpdım, elə vurdum ki, elə bildim ürəyimdən tikan çıxdı...

Bir də onu deyim ki, məndə də qəribə bir xasiyyət yaranıb. Ona qarşı çox haqsızlıq edirəm. Kiməsə əsəbiləşəndə, açıqlananda hirsimi ondan çıxıram. Elə bilirəm hər şeyin bayiskarı odur. Elə bilirəm o olmasaydı bəlkə də belə şeylər başıma gəlməzdi. Sonra da düşünürəm, - "axı o mənim balamdı, niyə ona qarşı bu qədər haqsızlıq edirəm? Axı mən onun anasıyam!?".

Sonra da başqa xəyala düşürəm, onun da anası olduğumu qəbul etmək istəmirəm. Qəlbimdəki qısqanclıq mənə imkan vermir. Hər şeyi inkar etmək istəyirəm! Reallıqdan uzaq olmağa çalışıram! 

...Amma heç vaxt əlim gəlməz onu vurmağa... Vurmaq nədi, bir anda təbəssümü belə ondan əskik edə bilmərəm. Onu hamıdan qoruduğum kimi, ona da hamıdan çox arxalanıram. Açığını deyim, ona arxalandığım kimi indiyə qədər heç kəsə arxalanmıram. Mənim böyütdüyüm oğul heç bir oğula bənzəmir, - fikirləşirəm. Dar günümün yarağı onu sanıram. Həmişə o mənə dayaq olub. Ən çətin anımda belə əlimdən tutub qaldırıb. Elə ki, çətinliyə düşürəm, çətinlikdən çıxmaq üçün yollar axtarıram. Fikirdən ayılıram, görürəm, yolumun üstündə dayanıb üzümə gülümsəyir. Bax, onda bilirsən necə sevinirəm? Sevincimin həddi-hüdudu olmur. İnanmıram bundan artıq xoşbəxtliyə nail olam.

***

Bir dəfə də beləcə uşağımı oynadırdım, yenicə mürgüləyib yatmaq istəyirdi ki, yenə o zırrama balası bir hay-küy qopardı ki, gəl görəsən. Üstünə elə çəmkirdim. - "Ə, it balası, görmürsən uşaq yatır?" - dedim. - Gördüm ərim deyilən tərs-tərs üzümə baxır, -"Arvad, deyəsən, çox şeydən xəbərimiz yox! - dedi.

Əvvəlcə udqundum, bilmədim nə deyəm. Dillənmədim.

Ərim ölmüş bir az da məni məsxərəyə qoydu.

- Ay arvad, deyəsən, təzə uşaq doğmusan xəbərimiz yoxdu, - dedi.

- Bəs nə deyəydim, başqa cür qandırmaq olmur,  belə deyirəm ki, bəlkə qana - dedim.

Ərim də başını bulayıb, - "bəlkə başına hava gəlir"? - dedi.

Heç nə demədim, bircə onu fikirləşdim ki, "elə başa düşsən yaxşıdı!".

***

Onda mən öz istəyimin yoluna çıxmışdım. Xəyalların yel qanadlarında arzularıma tərəf yan alıb uçurdum...

Arada eşitdim ki, filankəsə veriblər məni... onda xəyallarımın tüğyan edən vaxtı idi, cilovunu dartıb birtəhər dözdüm. Nə edə bilərdim? Heç nə demədim.

Toyumuz oldu, başqa heç nə... Nə olası idi ki? Daha sonra da bu uşaq törəyib dünyaya gəldi. Uşağmız (hələ də qəbul edə bilmirəm, elə bilirəm kiminsə yerini zəbt edib) sevgidən yaranmamışdı, elə adi evlilikdən törəmişdi.

Mən isə bətnimdə öz oğlumu böyüdürəm. O günlər ən xoşbəxt gün kimi yaddaşıma həkk olub. Ürəyimin sevgi ilə aşıb-daşan vaxtında o, bətnimə düşmüşdü. Onda dodağımdakı gülüş gözlərimdəki sevinclə əkiz yaranmışdı. Qəlbim anlaşılmaz, bakirə hisslərlə döyünürdü. Çılğın bir eşqin, məstedici bir istəyin qarşısında aciz qalmışdım.

İndi bu istəyin tək mənə aidiyyəti olduğuna görə çalışıram elə öz körpəmi tək-tənha böyüdəm... Körpəmi hamıya qısqanıram, sanki hamıdan gizlətməyə çalışıram. O uşaq təkcə mənim uşağımdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!