Bir kitab, bir dövr... - Orxan Aras yazır

 

Balkan təxribatı... 1912-ci il... Tarixçi İlhan Bardakçının deyimiylə "Osmanlı Balkanlara vəda edir...".

Ümidlər sönük, sabahlar qaranlıq və ordu pərişan...

Osmanlı Dövləti daha dünən bir əyaləti olan bolqarlara uduzmuşdur. Alman kökənli  bolqar kralı Ferdinand özünü Napoleon sanmaqdadır. İstanbula girəcəyini, Ayasofyaya xaç taxacağını iddia edir.

Edirnə məğlub. Düşmən ordusu Çatalcada... İstanbul xalqı qorxu içində. Bir tərəfdə düşmən, bir tərəfdə isə vəba epidemiyası.

Bütün bu vəziyyəti uzaqdan izləyən və ürəkləri yanan rus çarlığında yaşayan türklərdən bəziləri bu acılara izləyici qalammazdılar və İstanbula gedirlər. İstanbula gedənlər sadəcə kişilərmi? Xeyr! Şəfqət bacısı olaraq İstanbula gedən Peterburqdan Rukiyə Yunusova, Məryəm Yakupova, Daşkənddən Məryəm Pataşova, Rostovdan və neçələri İstanbula - Hilal-ı Ahmer, yəni Qızılaya yaralılara yardım etmək üçün getmişdilər.

1912-ci il noyabrın birində Orenburqdan birisi daha İstanbula doğru yola çıxar. Bu adam tatar ədəbiyyatının banisi Fatih Kərimidir.

O, Rusiya müsəlmanları üçün türkcə nəşr olunan "Vakit" qəzetinin sahibi Zakir Remiyevdən bir məktub alır. Zakir bəy məktubunda Fatih Kərimidən İstanbula gedərək vəziyyəti yaxından izləyib redaksiyaya bildirməsini rica edər.

Fatih Kərimi ilk məktubunda "Noyabrın birində axşama yaxın Orenburqdan çıxdım" deyə yazar. Yolda iki alman, bir rus və bir rumla yolçuluq edər. Rus vaqonda fasiləsiz kitab oxumaqda, almanlar içki içməkdə, iri və gombul rum isə türklərin əleyhinə danışmaqdadır. Hətta türklərin savaşda uduzduqlarını, pərişan olmalarını Tanrısından diləməkdədir.

Fatih Kərimi sonradan kitaba çevirdiyi məktublarını o qədər canlı və yüklü cümlələrlə qələmə almışdır ki, insan məktubları oxuduqca bir film izləyirmiş hissinə qapılmadan edəmmir.

Məktublarda insan, millət, coğrafiya, siyasət, din təsvirlərindən başqa, zamanın ruhu da vardır. Bunda əlbəttə ki, yazıçının dilə hakim olduğunun və yazı qabiliyyətinin böyük rolu vardır.

Fatih Kərimi müdhiş bir müşahidəçidir. "Zamanın şahidi" deyə biləcəyimiz bir baxış və hiss etmək həssaslığına sahibdir. O günün müharibə psixologiyasını, insanların əhval-ruhiyyəsini, İstanbulun 1912-ci ildəki fotoşəklini olduğu kimi günümüzə çatdırmağı bacarmışdır.

Məsələn, İstanbuldakı qəzetlər, boşboğaz aydınlar, dəliqanlı əsgərlər, kiçik hesablar arxasında olan siyasətçilər, bütün bunlardan bezar olan xalq, İstanbula qaçıb gələn idealist Rusiya müsəlmanları onun güclü qələmiylə canlanaraq günümüzə  daşınmışdır.

Yusuf Akçuranın yüzbaşı rütbəsiylə savaşa könüllü qatıldığını, bakılı milyoner Şəmsi Əsədullanın oğlu Əli bəyin savaş üçün İstanbula gəlişini onun qələmindən öyrənirik. Sadəcə öyrənməklə yetinmir, o adamların ogünkü hallarını da adətən görmüş oluruq:

"Bakılı milyonerlərdən Şəmsi Əsədulla əfəndinin kiçik oğlu Əli bəy də könüllü olaraq müharibəyə gəlmiş. Bu gün cəbhəyə getdi. Geyimini tamamən özü almışdı. Kollec təhsili görmüş, iyirmi beş yaşında igid və gözəl bir gəncdir. Rusiya müsəlmanlarından könüllü olaraq yüzə qədər adamın gəldiyi söylənilir".

Fatih Kərimi məktublarıyla bir dövrü deşifrə edir. İnsanların, sanki üzlərinə və ruhlarına kamera tutur. Hər sətrində həm ədəbiyyatçı olmanın həssaslığı, həm də qardaş olmanın sızısı açıqdan-açığa hiss edilir. Qələm kağızıyla oradan-oraya qaçır, gözləri nəmli, ürəyi pərişan bir savaşa və dövrün sona ərməsinə şahidlik edir. Adamlardan bəhs edərkən əsla duyğularına qapılmır. Bitərəf qalmağı uyğun görür. Ən üzgün halında belə, Rusiya müsəlmanlarına məktublarıyla bir ümid işığı göndərmək istəyir. Məsələn, 1912-ci il 21 dekabr tarixli məktubun başlığına baxın...

"Təbiətin gözəlliyi - Vəziyyətin pisliyi - Mühacirlər- Çarəsizlik".

Başlığın altındakı sətirləri parça-parça təqib edək.

"Hər gün günəş bütün İstanbulu nurlara qərq edir. Zəbərcət kimi saf  göy üzünə doğru uzanan gözəl, zərif minarələr...".

"Yüz əlli min mühacir İstanbulda. Soyuqda və yağmur altındadırlar. Uşaqlar həşərat kimi qırılırlar".

"Vətənini sevən bir türkün bu müşkülat altında çaşıb qalmaması mümkün deyildir".

Fatih Kərimi savaşın və məğlubiyyətin o qaranlıq günlərində bir müxbir həssasiyyəti ilə demək olar hər kəslə görüşür. Gah Ənvər bəyin (Ənvər Paşa) yanındadır, gah Xalidə Edib xanımın... Abdülhak Həmid bəy, Fatma Aliye xanım, filosof Rıza Tevfik, Sait Halim Paşa görüşdüyü adamlardan sadəcə bir neçəsidir. Amma ən ürəkyaxıcı sətirləri Əhməd Mithad əfəndinin cənazəsi vəsiləsilə yazmışdır. Türklərin Tolstoyu deyə tanıdığı Əhməd Mithad əfəndinin ölümünə göstərilən diqqətsizlik, vəfasızlıq onu olduqca hiddətləndirir. Xüsusilə,  İstanbul qəzetlərinin onun ölümünü bir neçə sətirlə keçməsinə çox əsəbiləşir.

"Yahu, bu insan Türkiyə üçün bizim Rusiyanın Tolstoyu, Murmusofu idi. Bunlar öldüklərində rus mətbuatı necə yazdı, Mithad əfəndi öldüyündə türk qəzetləri necə yazır deyə düşünərək çaşıb qalmışam".

Qardaşı Arif və Darülfünun tələbələrindən həmyerlisi Abdurrahman əfəndini də alaraq,  Bəykoza Mithad əfəndinin evinə gedər və böyük bir hüsran yaşarlar. Evdə Əhməd Mithad əfəndinin ailəsindən başqa kimsə yoxdur.

Cənazəyə də təəssüf ki, bir neçə yüz insan qatılır. Cənazədən dönərkən Rusiya türkləri bir araya gəlir və Türkiyə türklərini qınayarlar.

Fatih Kərimi 1870-ci ildə Samara əyalətinin Bögülmə ilçəsinə bağlı Minlibay kəndində  dünyaya gəlmişdir. Öncə babasından dini təhsil almış, sonra da rus məktəblərində oxumuşdur. Ali təhsilini İstanbulda Mülkiye məktəbində almışdır. Universitetdən sonra Yaltada müəllimliyə başlamışdır. Sonra ədəbi əsərlər yazaraq nəşr etdirmişdir.

Onun ən önəmli əsərlərindən biri sayılan "İstanbul məktubları" 1912-ci ilin noyabrından 1913-cü ilin may ayına qədər davam edən, o dönəm Türkiyəsi və İstanbul üçün ən önəmli vəsiqələrdən biridir.

Bu kitab ilk dəfə 1913-cü ildə Orenburqda "Vakit" mətbəəsində basılmış, sonra da Dr. Fazıl Gökçəyin çabalarıyla 2001-ci ildə "Çağrı" nəşriyyatı tərəfindən yayınlanmışdır.

Kitabı yazan rəhmətə, hazırlayanlar da təqdirə və təşəkkürə layiqdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!