Nübar orucu... - İlham Əziz - hekayə

 

Hamı məhşərdən qaçantək qaçırdı o gün. Ən qabaqda babam qaçırdı. Ayaqyalın qaçırdı babam. Üzü Kürə qaçırdı babam. O Kür ki, həyatının cəhənnəmi olmuşdu,  o Kür ki, sonradan and yeri olmuşdu babamın, o Kür ki, acgöz əjdaha kimi ən gözəl, ən qıvraq balasını almışdı əlindən; əvəzində heç vaxt dinməyəcək dərd vermişdi...

Babam bibimi qucağında yox, kürəyində gətirdi. Kürün buz kimi suyu bibimin saçlarından, paltarından süzülüb babamın odlu sinəsilə aşağı axırdı. Yulğunlar, tikanlar da, elə bil, aralanıb yol verirdi babama. Gedəndə qaça-qaça getmişdi; ümidlə getmişdi, qayıdanda asta-asta qayıtdı; kürək dolu dərdlə qayıtdı babam. Bütün ölən balaların yükü vardı ata çiynində, bütün batan uşaqların ciyərlərindən qayıdan su tökülürdü kürəyinə. Kürəyindən, sinəsindən axan su yanan ürəyinin istisində qaynayır, gözlərinə qayıdıb sel kimi tökülürdü. Evə qədər yol ömrünün ən uzun yolu oldu, bu yolu sakit gəldi, bu yolda qocaldı babam.

Bibim səhər hamıdan tez durmuşdu. Qonaq-qaralı ev, yır-yığış, sil-süpür... Bir yandan da qardaşı instituta girib... Günəş qalxır, qoraların canına vəlvələ düşür, yarpaqların arasından oğrunca süzülən şüalar  həyətə yaşıl sərinlik salırdı. Üzüm şelinindən qopan yarpaqlar oynaya-oynaya bibimin saçlarında çələng olur, cənnətinə qovuşurdu. Qonşu qızların adda-budda eşidilən şıltaq gülüşləri hər tərəfdən uçub həyətimizə gəlir, bibimin dodaqlarına qonurdu. Gülüşləri özlərindən soraq gətirən qızlar qapımıza çatanda bibim də qəntərini  götürüb onlara qoşuldu. Al-əlvan qızlar, sanasan,  tozlu kəsəkli yolla bir dəstə gülə dönüb Kürə tərəf axırdılar.

Ətəyi dizindən yuxarıda düyünlənmiş qızların ayaqlarının ilığından vəcdə gəlirdi Kür, yatağına sığmır, özünü qayalara çırpırdı. Bibim salxımları çaya uzanan söyüdün arxasına çəkilib saçlarını çayın saçlarına qatıb yuyurmuş. Onda saçları qoca çayın saçlarına dolaşıb, əl atıb, əli hər yerdən üzülüb... Təslim olub, ruhu qoşulub illərdi Kürdə dinməzcə axan gənc ruhlara.

Görən bibim hansı nəğməni zümzümə edirmiş o anda, görən o hansı daş idi, xəyanət etdi bibimə, əl atdı əlindən yapışmadı...

Bibim Kürə qovuşmazdan bir gün əvvəl atam zarafatla bacısını tüfənglə qorxutmaq istəyib, tüfəng açılıb, güllə bir Allah bilir hara gedib. Bibimə heç nə olmayıb. Deyirmişlər, "od-yalov"du, özü güllə kimi qızdı, güllə öldürməz bunu. Oda can verməyən, suya can verdi.

O gün, bu gün, Kürə qarışıb Kürlə axır bibim. Bu qoca çay beləcə lal-dinməz axmağa təpər tapır; cavan-cavan qızların, oğlanların ruhun alır, gücünə güc qatır, gəncləşir. Nə kəramətdirsə, heç vaxt eşitmədim bir qoca Kürdə batsın.

Hər axır çərşənbə kiçik bibim tezdən  Kürə gedib su gətirir, üstümüzə çiləyir, çilədikcə mənə elə gəlirdi ki, zərrə-zərrə, damla-damla evimizə qayıdır Nazilə bibim. Sonralar Kür  daşıb sahilindəki Tuqay meşəsini basanda elə bilirdim bibim saçlarını çiyninə salıb darayır.

İllər sonra ilk dəfə anlamışdım qüssənin nə olduğunu; qəbiristanda atam bibimin başdaşına toxunanda... İlahi, necə nəvazişlə əzizləyirdi bir parça soyuq daşı...

Nənəm... Nənəm... Nənəmin dərdi bir başqa idi. Qardaşsız bacıların ağlamağı ayrı olur, xısın-xısın, için-için.

O gün nənəm tez- tez qışqırırdı: "Mənim qızım olüb! Ay adamlar! Mənim qızım ölüb!". Mənə elə gəlirdi, onu ozündən başqa heç kim eşitmir. Elə bil ki, o da insanlara yox, Allaha qışqırırdı. Hardansa bulud peyda olmuşdu başının üstündə, çəkilmədi ki, Allah eşitsin nənəmi, çəkilmədi. Bir anda öyrəndi həyatın sirrini, bir anda qəbul etdi heç vaxt anlamayacağı mətləbləri. Bir anda dəyişdi hər şeyin mənası, hər şeyin dadı. Çaşmadı nənəm, öyrəndi, toxundu içindəki bütün toxunulmazlara.

İllər keçir, dərdi keçmir, hər il bibimin xatirəsini bir başqa cür oxşayır, başqa cür ağlayırdı.

Nənəm bişirdiyi çörəklərə bənzəyirdi; ağappaq, yupyumru. Taleyi də çörək taleyi oldu, yoğruldu-yapıldı həyatın təndirinə. Kütə getməz, gülləməzdi çörəkləri, əzizləyib danışardı onlarla. Təndirdən çıxaranda kimi görsə, and verirdi, çörək kəssinlər. Onda başa düşməzdim, indi bilirəm... Aclıq görmüşdü, hamını ac bilirdi.

Nişanlı qızların  toy yorğanını nənəm sırıyar, günlərini ilmə-ilmə, naxış-naxış təzə gəlinlərin ömrünə calayardı. İlmələrinə oxşayırdı bir az da.

Bəy qızı olub; hər şeyi bəyənməzdi, bacardığını bir başqa bacarardı. Boynunda hili, qulağında qırxdüymə sırğası.

Bəzən gözləri elə yol çəkərdi, deyərdin, o dünyaya baxır, qızını görür. Bibim öləndən  süfrəyə oturmadı, otura bilmədi. Tək yedi yeməyini. Elə bil, süfrəsində biradamlıq yer var, onu da qızına saxladı. Yeməyinə qənd atardı, ağuya dönmüşdü bibimdən sonra yediyi.

Nübar yemədi nənəm... Ölüm ayağında  çiyələk istəmiş, atam başqa kənddən çiyələk tapıb gətirmişdi. Bir az da ilin-günün tərs vaxtı çiyələk tapdığına sevinmişdi. Çiyələyi gətirib yatağının yanına qoymuşdular. Son qisasını da belə aldı nəfsindən; bir çiyələyə baxdı, bir yuxarı, üzünü çevirib, orucağız qovuşdu Nazilə bibimə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!