Üç damla qan... - Sadiq Hidayət - hekayə

 

Dünən məni ayrı otağa köçürdülər. Görəsən, Nazimin dediyi kimi təmiz toxtayıb gələn həftəyə azad olacağammı? Görəsən, həqiqətən xəstələnmişdimmi?

Bir il olar... Bu bir il ərzində çoxlu israr etməyimə baxmayaraq mənə kağız və qələm verməkdən imtina edirdilər. Həmişə öz-özümə deyərdim ki, əlimə kağız və qələm düşən zaman çoxlu yazılar yazacam... Amma dünən ağzımı açmamış kağız və qələm gətirdilər: mənim arzuladığım şeyi... O şey ki, bura kimi intizar çəkirdim. Amma nə fayda! Dünəndən nə qədər düşünürəm, yazmağa ağlıma bir şey gəlmir. Sanki bir şəxs əlimi tutub və ya qolum keyiyib. İndi diqqət yetirirəm, kağız üstündə çəkdiyim qarmaqarışıq xətlər arasında oxunulası təkcə yazı "üç damla qan"dır.

...

Nəsim mavi göy üzünün, yaşıl bağçaların, təpənin üstündə açılmış güllərin ətrini bura qədər gətirirdi. Amma nə fayda? Daha mən heç nədən ləzzət ala bilmirəm. Bunların hamısı şairlər və körpələr kimidirlər, bütün ömürlərini uşaq kimi qala bilirlər, bu, yaxşıdır. Bir ildir ki, burdayam. Gecədən səhərədək pişik səsinə görə oyağam. Bu vahiməli zarımalar, ürəkağrıdan nalələr məni cana gətirib, səhərin gözü açılmamış bir də bu lənətə gəlmiş inyeksiya...

Burada uzun günlər və qorxulu saatlar içində yaşamışam. Yay günlərində zirzəmidə sarı geyimimizlə toplaşırıq və qışda bağçanın önündə günəş altında otururuq. Bir ildir ki, bu qəribə adamların içində yaşayıram. Bizi bir-birimizə bağlayan heç bir ortaq cəhət yoxdur. Mən yerdən-göyə qədər onlardan fərqliyəm, amma bu adamların nalələri, sükutları, söyüşləri, ağlaşmaları, gülməkləri həmişə mənim yuxularımı kabuslarla doldurur.

...Gecə yeməyinə hələ bir saat qalır, həmin şablon yeməklər: sup, qatıq, süd düyü, plov, pendir-çörək, o da "ölmə-diril" qədər. Həsənin bütün arzusu budur ki, bir qazan ət suyunu dörd ədəd çörəklə yesin. Ona məzuniyyət vaxtı çatanda, kağız-qələm yerinə gərək bir qazan ət suyu versinlər. O da buranın xoşbəxt adamlarından biridir. Kiçik boyu ilə, axmaq gülüşləri, yoğun boynu, keçəl başı və yaralı əllərilə hamballıq üçün yaranıb. Əgər Məmməd Əli axşam yeməyinin başında durmasaydı, Həsən hamımızı acından o biri dünyaya göndərmişdi. Amma Məmməd Əli də bu dünyanın adamlarına taydı. Nə deyirlər desinlər, lakin burası adi insanların dünyası xaricində, bambaşqa bir yerdir. Bir həkimimiz vardı, heç nə bilmir. Onun yerinə olsaydım bir gecə hamının yeməyinə zəhər qatıb verərdim ki, yesinlər. O zaman səhər-səhər bağın ortasında əlimi belimə qoyaraq  ölülərə tamaşa edərdim.

Məni bura gətirəndə ehtiyat edirdim, məbada məni zəhərləsinlər. Məmməd Əli yeməyincə yeməyə əlimi də vurmurdum. Məni öldürməyə gəliblər deyə gecələr diksinərək yuxudan oyanırdım. Bunlar hamısı nə qədər uzaqlaşıb indi məndən...  Həmişə həmin adamlar, həmin yeməklər, həmin mavi otaq... iki ay öncə bir dəlini həyətin aşağısındaki zindana salmışdılar. Sınıq saxsı parçasıyla öz qarnını yarmışdı, bağırsaqlarını əlləri ilə oynadırmış. Deyirdilər qəssab idi. Qarın yarmağa öyrəşmişdi. Amma o birisi dırnağı ilə öz gözünü çıxarmışdı. Əllərini arxadan bağlamışdılar. Çığırırdı, qan gözündə qurumuşdu. Mən bilirəm bunların hamısı Nazimin işidir. Buranın adamlarının hamısı belə deyil. Bunların çoxu əgər müalicə olunub, məzuniyyətə getsələr, bədbəxt olacaqlar. Məsələn, bu Soğra Sultan qadınlar bölməsindədir: iki-üç dəfə qaçmaq üstündə tutulub. Qoca arvaddır, amma üzünə divardan torpaq sürtür.Şamdan torpağı isə sürməsidir. Özünü on dörd yaşlı qız zənn edir. Müalicə olunsa və güzgüdə özünə baxsa, ölər. Hamıdan betər bizim Tağıdır ki, istəyirdi dünyanı alt-üst eləsin.  Qadın bədbəxtlik gətirəndi və dünyanı təmiz saxlamaq üçün gərək qadınları öldürəsən deyə düşünməsinə baxmayaraq Soğra Sultana aşiq olub. Bunların hamısı Nazimin işidir. O, bütün dəlilərin üzünü ağ eləyib. O, böyük burnu və kiçik gözlərilə həmişə küknar ağacının altında addımlayır. Hərdən əyilir və ağacın altına baxır. Hər kim onu görsə, öz-özlüyündə deyər: nə fağır adamdı! Dəlilərin arasına düşüb. Amma mən onu tanıyıram. Mən bilirəm ağacın altına üç damla qan tökülüb. Pəncərə önündən bir qəfəs asılıdır, qəfəs boşdur, çünki pişik bülbülünü tutdu. Amma o, qəfəsi boş olaraq qoyub ki, pişiklər qəfəs adına gəlsinlər və o, pişikləri tutub öldürsün. Dünən bir boz pişiyi qovaladı, heyvan pəncərinin önündəki küknar ağacından yuxarı qalxanda, qapının ağzında gözətçiyə dedi ki, onu silahla vursun. Bu üç damla qan pişiyindir. Amma özündən soruşsan deyər: haqq quşunundur.

Bunlardan daha qəribəsi mənim qonşum Abbasdır. İki həfədir ki, gəlib. Mənimlə çox yaxındır. Özünü peyğəmbər və şair bilir. Deyir hər iş, xüsusilə peyğəmbərlik taleyə bağlıdır. Kimin bəxti aydın olsa, bir şey qanmasa belə, işi düzələcəkdir. Amma dünyanın dahisi olsa və bəxti gətirməsə, onun gününə düşəcəkdir. O özünü mahir tarzən hesab edir. Bir taxta üstünə sim çəkərək öz aləmində tar düzəldib  və bir şeir də yazıb ki, hər gün mənə səkkiz dəfə oxuyur. Deyəsən, elə bu şeirə görə onu bura gətiriblər. Bir qəribə şeir yazıb:

Yenə axşam oldu, heyif

Dünya başdan-ayağa qaraldı,

Bütün məxluqlar oldu aram,

Təkcə mənim iztirab və qəmim artdı.

Dünyanın məzacında xoşluq yox,

Ölümdən başqa qəmimə yox əlac,

Ancaq o küncdə

Küknar ağacının altında

Tökülüb yerə üç damla qan.

Dünən bağda addımlayırdım. Abbas bu şeiri oxuyurdu. Bir qadın, bir kişi, bir gənc qız onu görməyə gəlmişdilər. Mən onları görmüşdüm və tanıyırdım. Gənc qız bir dəstə gül gətirmişdi. O qız mənə gülümsəyirdi. Hiss olunurdu ki, məni sevir. Elə məhz mənə görə gəlmişdi. Abbasın çopur üzü heç gözəl deyil. O qadın həkimlə danışarkən, mən gördüm; Abbas gənc qızı kənara çəkib onu öpdü.

...İndiyəcən kimsə məni nə görməyə gəlib, nə çiçək gətirib. Bir ildir. Sonuncu dəfə Siyavuş məni görməyə gəlmişdi. Siyavuş mənim ən yaxşı dostumdu. Biz qonşuyduq. Hər gün birlikdə darulfünuna gedib qayıdardıq. Dərslərimiz haqda danışardıq və tənəffüs zamanında ona tar öyrədərdim. Rüxsarə Siyavuşun əmisi qızıydı və mənim nişanlım idi, həmişə bizim məclislərə gələrdi. Siyavuş Rüxsarənin bacısını almaq istəyirdi. Tərslikdən bir ay öncə kəbinkəsmədə Siyavuş xəstələndi. Mən iki üç dəfə halını soruşmağa getdim, amma dedilər ki, onunla danışmağa həkim qadağa qoyub. Nə qədər israr elədim, eyni sözü dedilər.

Yaxşı yadımdadı, imtahana yaxın idi, axşam evə qayıdanda kitablarımı məktəb dəftəri ilə masanın üstünə atdım, paltarlarımı dəyişməyə gəldikdə bir güllə səsi eşitdim. Onun səsi o qədər yaxın idi ki, məni qorxuya saldı. Bizim ev xəndəyin arxasındadı və eşitmişdim ki, bizim yaxınlığımızda oğru olub. Silahı rəfdən götürdüm və həyətə gəldim, pillələrdən sonra dama çıxdım, amma gözümə nəsə, kimsə dəymədi. Qayıdanda  yuxarıdan Siyavuşgilin evinə baxdım, Siyavuşu bir köynək və bir dizliklə həyətin ortasında gördüm. Təəccüblə "Siyavuş sənsən?" - dedim. O məni tanıdı:  "Gəl evə, evdə heç kim yoxdu" - dedi. "Güllə səsini eşitdin?" - dedim. Başı ilə işarə elədi ki, gəl, mən tələsərək aşağı düşdüm və qapılarını döydüm. Özü gəldi qapını üzümə açdı. Başını aşağı salmışdı, yerə baxaraq "sən niyə məni görməyə gəlmədin?"- dedi. "Mən iki-üç dəfə səni yoxlamağa gəldim, amma dedilər həkim icazə vermir" - dedim. "Elə fikirləşirlər ki, mən xəstəyəm, amma səhv edirlər" - dedi. Bir daha "bu güllə səsini eşitdin?"- deyə soruşdum. Cavab vermədən əlimi tutub məni küknar ağacının altına apardı və bir şey göstərdi. Mən yaxından müşahidə etdim, yerə üç damla təzə qan tökülmüşdü. Sonra məni öz otağına apardı, bütün qapıları bağladı, işığı yandırdı və gəlib mənimlə üz-üzə oturacaqda oturdu. Onun sadə otağının divarları mavi rəngdə idi. Otağın bir tərəfinə tarını qoymuşdu. Bir neçə kitab və məktəb dəftəri də masanın üstündə idi. Sonra Siyavuş əlini uzadıb rəfdən silahı çıxartdı və mənə göstərdi. Köhnə silahlardan və dəstəsi sədəflilərdən idi. Silahı şalvarının cibinə qoydu və dedi: mənim bir maya pişiyim var idi, adı Nazi idi, bəlkə də onu görmüşdün. Adi boz pişiklərdən idi. Zənn edərdin iri gözlərinə bir cüt sürmə çəkmisən. Arxasında gözəl cizgilər var idi. Səhərlər mədrəsədən qayıdanda Nazi qabağıma qaçaraq miyoldardı. Özünü mənə sürtərdi. Yerə oturanda başıma, belimə dırmaşardı. Burnunu üzümə vurardı, alnımı yalayardı və onu öpməyimçün israr edərdi. Sanki maya pişik erkək pişikdən daha məkrli, məhəbbətli və həssasdır. Nazinin məndən başqa, aşpazla da yaxşı münasibəti varıydı, çünki yeməklər ondan gəlirdi. Amma o, namaz qıldığına, pişiyin tükünə görə ondan uzaq gəzirdi. Bəlkə də Nazi özlüyündə düşünürdü ki, adamlar pişiklərdən zirəkdilər və bütün yeməkləri, isti yerləri özləri üçün saxlayırlar və pişiklər gərək o qədər yaltaqlıq etsinlər ki, bunları əldə edə bilsinlər.

Yalnız o vaxt Nazinin təbii hissləri oyanırdı ki, bir qanlı xoruzun başı əlinə keçirirdi və onu bir yırtıcı heyvana çevirirdi. Gözləri bərəlirdi. Dırnaqları uzanırdı və hər kimsə ki, ona yaxınlaşsaydı onu xorultularıyla özündən uzaqlaşdırırdı. Yorulandan sonra qanlı başı iştahla yeməyə başlayırdı və neçə dəqiqə sonra onun tikələri arxasınca gəzirdi və iki-üç saat süni mədəniyyətini unudurdu, nə kimsəyə yaxınlaşırdı, nə naz edirdi, nə yaltaqlanırdı. Onda ki, Nazi dostluq etmək istəyilə yaxınlaşırdı, deməli, içində nəsə vəhşi bir sirr gizlənirdi. Bizim evi öz evi kimi bilirdi və əgər bir başqa pişik ora yaxınlaşsaydı, xüsusilə maya olsaydı, onu öz qəribə səslərilə uzaqlaşdırırdı.

Nahar zamanı Nazinin çıxardığı səs sırtıqlıq edən zamanından bir az fərqli idi. Aclıqdan nalə edən zaman da başqa vaxtlardakından fərqlənirdi. Və onların ahəngi bir-birindən fərqli idi. Birinci ürəkağrıdan çığırtı, ikinci kini ucbatından olan çığırtı, üçüncü xasiyyətinə görə çıxardığı səs idi ki, bunu da öz cütünün yanına getmək istəyəndə edirdi. Amma Nazinin baxışları hər şeydən mənalı idi, bu baxışlarda insan hissləri oxunurdu.  İnsan özündən soruşurdu; bu qıllı başın içində bu simvolik yaşıl gözlərin arxasında, görəsən, hansı fikirlər və ehtiraslar dalğalanır?

Keçən bahar  vahiməli bir hadisə baş verdi. Bilirsənmi, bu fəsildə bütün canlılar məst olurlar. Sanki baharın küləyi canlılar arasında bir dəlilik hissi yaradır. Birinci dəfə idi ki, bizim Nazinin başına  eşqin şuru  gəlmişdi və canında titrəmələr əmələ gəlirdi, qəmli-qəmli nalə çəkirdi. Erkək pişiklər onun zarıltısını eşidib görüşünə gəlirdilər. Savaşdıqdan sonra Nazi onların birini, hamısından güclü və səsi də gur olanı özünə yoldaş seçdi. Eşq elanında canlıların qoxusu çox önəmlidir, ona görə də evlərin təmiz pişikləri cütlərinin yanında yaxşı görünmürlər, əksinə, divar üstündə yeriyən pişiklər, sülənən arıq və oğru pişiklər var ki, onların dərisi əsl-nəcabətini göstərir, daha çox diqqəti cəlb edir. Səhərlər və xüsusilə gecə boyu Nazi və erkək dostu eşq nəğməsi oxuyurdular. Nazinin yumşaq canı uzanıb qısalırdı və şadlıq nəğməsi oxuyurdu, bu iş səhərin gözü açılana qədər davam edirdi. Sonra Nazi qarışıq tükləri ilə yorğun-arğın, amma xoşbəxt halıyla otağa daxil olurdu.

Gecələr Nazinin eşq oyunları üzündən yuxum gəlmirdi, sonunda cana gəldim, bir gün bu pəncərənin önündə işlə məşğul idim, bağçada yatmış aşiq-məşuqu gördüm. Mən bu gördüyün silahla onları üç addımlığından nişan aldım. Silah boşaldı və güllə Nazinin aşiqinə dəydi. Sanki beli qırıldı, birdən atıldı və səsi çıxmadan dalandan qaçdı və bağın divarı yanında düşdü, öldü.

Onun qaçdığı istiqamətdə qan damcıları görünürdü. Nazi onun izini tapmaq üçün ora-bura vurnuxub axırda tapdı, qanını qoxlaya-qoxlaya onun meyiti üstünə getdi. İki gün gecə-gündüz başı üstündə keşik çəkdi. Hərdən əli ilə ona toxunurdu. Sanki ona deyirdi ki, dur, ilk bahardı. Niyə sevişmə vaxtı yatmısan? Niyə tərpənmirsən? Dur... dur...! Nazi ölmək nədir bilmirdi və bilmirdi ki, aşiqi ölüb.

O günün səhəri  Nazi aşiqinin meyiti ilə birlikdə yoxa çıxdı. Hər yeri gəzdim, hamıdan soruşdum, amma faydasız idi. Görəsən, Nazi məndən küsmüşdü? Görəsən, ölübdür? Görəsən, sevişməsi arxasınca gedib? Bəs o birinin ölüsü necə oldu?

Bazar günü həmin erkək pişiyin səsini duydum, səhərə kimi miyoldadı. O biri gecə yenə də belə oldu, amma səhərə yaxın səsi kəsildi. Üçüncü gecə yenə silahı götürdüm və pəncərənin önündəki küknar ağacına tərəf bir güllə atdım. Gecədə parlayan gözləri bəlli idi, uzun bir zarıltı səsi gəldi, sonra səs kəsildi. Səhər ağacın altına üç damla qan tökülmüşdü. O vaxtdan sonra hər gecə gəlir, həmin səslə zarıyır. Başqalarının yuxusu ağırdı, eşitmirlər. Kimə deyirəm, gülür, amma mən bilirəm, əminəm ki, bu səs həmin o öldürdüyüm pişiyin səsidir. O gecədən sonra gözümün yuxusu qaçıb. Hara gedirəm, hansı otaqda yatıram, gecə boyu bu insafsız pişik o qorxunc naləsi ilə öz cütünü səsləyir.

Bu gün evdə sakitlik idi, pişiyin gecələr oturduğu yeri nişan aldım. Gözlərinin parıltısından bilirdim harda oturur. Gülləni atandan sonra pişiyin naləsini eşitdim və   yuxarıdan üç damla qan töküldü. Sən ki, öz gözünlə gördün! Sən ki, Şahidsən! Bu arada otağın qapısı açıldı, Rüxsarə və anası içəri girdi.

Rüxsarənin əlində bir dəstə gül vardı və mən qalxıb "salam" - dedim. Amma Siyavuş gülümsəyərək dedi:

- Əlbəttə ki, Mirzə Əhməd xanı məndən yaxşı tanıyırsınız, tanıtmağa gərək yoxdu, özü şəhadət verir ki, üç damla qanı öz gözü ilə küknar ağacının altında görübdü.

- Bəli, mən görmüşəm.

Siyavuş yaxına gəldi və qəhqəhə çəkərək güldü, əlini atıb mənim cibimdən silahı çıxardı və masanın üstünə qoydu. "Bilirsinizmi, Mirzə Əhməd xan təkcə gözəl tar ifaçısı və yaxşı şair deyil, həm də yaxşı ovçudu, yaxşı nişan ala bilir" - dedi.

Sonra mənə işarə elədi, mən də qalxıb dedim:

Bəli, bu gün axşam Siyavuşdan dəftərimi almağa gəldim, təfrih üçün küknar ağacını nişan aldıq. Amma o üç damla qan pişiyin deyil, haqq quşunundu!  Bilirsinizmi, haqq quşu  yetimin malından  üç buğda yeyibdi və hər gecə o qədər zarıyar ki,  boğazından üç damcı qan damcılayar, ya da pişik qonşunun bülbülünü tutmuşdu və onu güllələdilər, o burdan keçmişdi. İndi gözləyin, sizə bir yeni təsnif oxuyum. Tarı götürüb köklədim və bu şeiri oxudum:

Yenə axşam oldu, heyif

Dünya başdan ayağa qaraldı.

Bütün məxluqlar oldu aram,

Bir mənim iztirab və qəmim artdı.

Dünyanın məzacında xoşluq yox

Ölümdən başqa qəmimə yox əlac.

Ancaq o küncdə,

Küknar ağacının altında

Tökülüb yerə üç damla qan.

Burasına çatanda Rüxsarənin anası fərqli halətdə otağı tərk elədi. Rüxsarə qaşlarını düyünləyib dedi:

- Bu, dəlidi!

Sonra Siyavuşun əlini tutub hər ikisi qəhqəhə çəkərək çölə çıxdılar və qapını arxalarınca bağladılar.

Həyətə çatanda mən pəncərə arxasından onları fənərin işığında görürdüm, bir-birini qucaqlayıb öpdülər.

Tərcümə etdi: Ümid Nəccari

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!