Mahir pedaqoq...

 

Mirzə Xosrov Axundov dövrünün çox hörmətli şəxsiyyətlərindən biri olub. O, 50 il Şuşada ibtidai sinif müəllimi kimi savadsızlığın aradan qaldırılmasında bütün qüvvə və bacarığını sərf edib, təkcə müəllimlik etməklə kifayətlənməyib, eyni zamanda şəhərin ictimai-mədəni həyatının fəal iştirakçısı olub.

O, 1889-cu il iyunun 13-də Şuşada, ziyalı ailəsində anadan olub. Atası Mirzəli Aşiq həm müəllim, həm şair, həm də musiqişünas kimi fəaliyyət göstərib. Cabbar Qaryağdı oğluna 16 yaşına kimi dərs deyib. Xurşidbanu Natəvanın yaratdığı "Məclisi-üns"ün fəal iştirakçısı olub. Xosrov 9 yaşında olarkən onu adı çəkilən şeir məclisinə apararmış. Mirzəli Aşiq Mir Möhsün Nəvvabla da dostluq edərmiş.

Xosrov Axundovun müəllim kimi şöhrəti ətraf rayonlara da yayılmışdı. Onun təcrübəli müəllim olduğunu nəzərə alan görkəmli ədibimiz Cəlil Məmmədquluzadə iki oğluna - Midhət və Ənvərə Xosrov müəllimin dərs deməsi üçün Ağcabədidən Şuşaya gətirmişdi. Xurşidbanu Natəvanın nəvələrinə də Xosrov müəllim dərs demişdi.

Təsadüfi deyil ki, onun şagirdlərindən yüksək ixtisaslı mütəxəssislər - alimlər, bəstəkarlar, müəllimlər, musiqişünaslar, hüquqşünaslar yetişib. Akademiklərdən Lətif İmanov, Validə Tutayuq, kimya elmləri doktorları Paşa Rüstəmov, Əhəd Əliyev, Sabir Əliyev, Moskva Hidromeliorasiya İnstitutunun əməkdaşı, texnika elmləri doktoru Qabil İsmayılov, texnika elmləri doktoru, professor Akim Məmmədov, texnika üzrə fəlsəfə doktoru Arif Quliyev, filologiya elmləri doktorları Kamran Məmmədov, Zeynal Tağızadə, Əkbər Ağayev, bəstəkarlardan Süleyman Ələsgərov, Əşrəf Abbasov onun yetirmələridir.

Xosrov Axundovun yaşadığı mühit şeir sənəti ilə bağlı olduğundan o da bu sənətlə məşğul olur. Qəzəllər, bayatılar, hətta satirik şeirlər, təmsillər yazır. Onun ilk şeiri Nəvvabın "Təzkireyi-Nəvvab" kitabında çap olunub. Bundan ruhlanan Xosrov Axundov şeir yaradıcılığına daha çox aludə olmuşdur. Onun "Şuşanın çayı" poeması Mir Möhsün Nəvvabın xatirəsinə həsr olunub. "Qarabağın təsviri" poeması Böyük Vətən müharibəsindən bəhs edir. "Şuşanın çayı" poemasında Şuşada yaşamış məşhur şəxslər barədə geniş məlumat verilir.

Onu da deyək ki, Binəqədi rayonunda yerləşən 102 saylı məktəbə Mirzə Xosrov Axundovun adı verilib. 1976-cı ildə "Gənclik" nəşriyyatında Xosrov Axundovun həyat və pedaqoji fəaliyyətindən bəhs olunan "Mənalı həyat", 1992-ci ildə "Yazıçı" nəşriyyatında isə onun "Ömürdən səhifələr" adlı kitabı işıq üzü görüb. "Şuşa" nəşriyyatı tərəfindən Şuşanın 250 illiyinə həsr olunmuş və 2001-ci ildə nəşr olunan "Şuşa nəğmələri" kitabının I cildinə Mirzə Xosrov Axundovun şeirləri daxil edilmişdir.

Xosrov Axundovun "Şuşada yaşamış görkəmli şəxslərin xatirələri", "Şeirlər məcmuəsi", "Müxtəlif şeirlər"i Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

Xosrov Axundovun Xurşidbanu Natəvan haqqında yazdığı qeydlərdən bir parçanı oxucuların diqqətinə çatdırırıq.

Mehparə AXUNDOVA

Xosrov Axundov

Xurşidbanu Natəvan haqqında müşahidələrim

Natəvan "Məclisi-üns"ü öz evində təşkil etmişdi. Saray darvazasının yanında köhnə qayda ilə tikilmiş xırda şüşəli bir otaq vardı. Həmin otaq məclisin qışlağı idi. Məclis soyuq fəsillərdə həmin otaqda keçirilərdi. Baharda və yayda isə şairlər Xan qızının bağına toplaşardılar. Bağda, güllər, çiçəklərlə örtülmüş yüksək bir təpəyə bənzər göy çəməndə Natəvan özü əyləşər və məclisi idarə edərdi. Bu zaman süfrə açılar, ləzzətli yeməklərdən sonra çay hazırlanardı. Məclis üzvləri tam istirahətdən sonra bədiiyyat məşğələsinə başlardılar. Məclisdə verilən tapşırıqlara əsasən birincilik qazananlara Xurşidbanu tərəfindən pul, libas və sair bəxşişlər verilərdi. Hətta Məşədi Nəsir (Lohi) təxəllüslü şair bir mövzunu mənzum olaraq təsvir etdiyindən Xan qızı onu qiymətli bəxşiş ilə mükafatlandırmışdı.

***

Xan qızının həmişə süfrəsi açıq idi. Qonaqsız yemək yeməzdi. Şairlər, ədiblər, musiqişünaslar Xan qızının evində çox zaman yığılıb gözəl söhbətlər edərdilər. Xurşidbanunun musiqiyə çox meyli var idi. Xan qızı bağında hər bir şərait yaradır, Mirzə Rəhim Fənanın nəzarəti altında hər şey hazırlanırdı.

Şuşada gözəl səsə malik olan Hacı Hüsü məclisə dəvət olunmuşdu. Buraya məclisin üzvləri hamısı cəm olmuşdular. Pürrəngi və gülablı çaylar tökülmüş, süfrəyə müxtəlif mürəbbələr düzülmüşdü. Hamının nəzəri Xurşidbanuda idi. Xanım gülərüzlə Hacı Hüsüyə müraciət edərək dedi:

- Möhtərəm Hacı! Bizə bir qədər ruhi qida verməyinizi xahiş edirəm.

Haçı Hüsü ona:

- Nəcibə xanım, hansı dəstgahla maraqlanırsınız?

Sadıqcan tarı döşünə götürüb mizrabı əlinə aldı. Hacı Hüsünü tarda müşayiət etdi. Bülbüllər məclisin ətrafında ötərək musiqini dinləyirdilər. Bəzən uçub süfrənin ortasına düşürdülər. Bu şairanə mənzərə hər kəsin nəzərini cəlb edirdi. Əyləşənləri Hacı Hüsü öz məlahətli səsilə məftun etmişdi. Musiqi bitdikdən sonra Xurşidbanu ifaçılara pul bağışladı. Onlar xanıma təşəkkür edərək icazə alıb getdilər.

***

Natəvan füqara və əlsiz-ayaqsızlara qayğı bəsləyən, açıqürəkli və elmli bir şəxs idi.

...1885-ci ildə Şuşada rəsmi məktəb açmaq üçün başda Xurşidbanu olmaqla tərəqqipərvər şəxslərin təşəbbüsü ilə Çar hökumətinə müraciət edilmişdi. O zaman məktəb üçün əlverişli bina olmadığından qızı Xan Bikənin yaşadığı binanı məktəbə vermişdi. Həmin binada ilk dəfə olaraq ibtidai "Russki-Tatarski" adlanan məktəb açılmışdı. Məktəbə Haşım bəy Vəzirov müdir təyin olunmuşdu.

Bu şəxs uzun zaman müdir işlədikdən sonra Bakıda "Səda" qəzetinə və başqa qəzetlərə redaktorluq etmişdi. 1920-ci ildə o məktəbə Nəriman Nərimanovun adı verilərək "Nərimaniyyə" məktəbi adlanmışdı. Həmin məktəbdə şəxsən mən özüm Üzeyir Hacıbəyov və onun qardaşları ilə birgə oxumuşuq. Bu məktəbdə təhsil alanlar içərisində bir çox istedadlı və savadlı şəxslər ortaya çıxmışdır. Haşım bəy də öz dövründə xalqı yeniliyə sövq edən maarifpərvər bir şəxs olmuşdur. Bu adamın övladı yox idi. Bakıya köçdükdən sonra yaşadığı binanın ictimaiyyətin istifadəsinə verilməsini tapşırmışdı. Həmin binada məktəb təşkil olundu və Haşım bəy Vəzirovun adına "Haşimiyyə" məktəbi adlandırıldı. Hazırda o binada "Vərəm əleyhinə" xəstəxana yerləşir. Haşım bəy Şuşa əhlinin gediş-gəlişi rahat olsun deyə, bir neçə yüz metrlik "palçıqlı yol"a daş döşətmişdi.

Xurşidbanu xalqın ehtiyacını nəzərə alaraq 1873-cü il avqustun 18-də böyük məbləğ - 20 min manat sərf edib uzaq meşə içərisində, sıldırım qayalardan axan suyu çox çətin yerlərlə şəhərə gətirtmiş, Şuşada çeşmə tikdirib suyu xalqın istifadəsinə vermişdi. Su gətirilən zaman bu işlə məşğul olanlar Xan qızına müraciət edərək söyləmişlər ki, su gələn yollar dərə-təpə olduğundan suyun şəhərə gəlməsi böyük məbləğ tələb edir, bu qədər pul sərf edilməsi sizə çox ağır başa gələr. Xan qızı onlara cavabında:

- Bu haqda düşünməyə dəyməz, əgər lazım olsa, sərçeşmədən şəhərə kimi olan məsafə boyunca qızıl pul düzdürməyə hazıram,-deyə onlara cavab vermişdi. İlk əvvəl ağır - xərc ilə şəhərə gələn su şərəfinə Xan qızı böyük ziyafət təşkil etmişdi. Böyük bağ qonaqlarla dolmuşdu. Bu şənlik günü ziyafət üçün çox böyük təntənə düzəltmiş, hətta bağında olan hovuza qənd doldurmuş, neçə yüz nar sıxdırmış və gözəl, dadlı qəndab hazırlatmışdı. Qonaqlar yeməkdən sonra hovuzdan  qəndab içmişlər.

Xurşidbanu Natəvan həmişə fəqirlərin, yoxsulların ehtiyacını ödəmişdir. Hər il xeyli pul sərf edib öz bağında ehsan verərdi. Mir Möhsün Nəvvab öz şeirlərində Xurşidbanu Natəvanı "nan səni" adlandırırdı.

1887-ci ildə aclıq dövründə Qarabağda kəndlilərin təsərrüfatı tamamilə məhv edilmişdi. Buğda, arpa tarlalarında küləşdən başqa bir şey görünmürdü. Xurşidbanu Natəvanın əmrilə Qarabağda yoxsul kəndlilərə siyahı üzrə, qaytarılmamaq şərti ilə taxıl paylanılmışdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!