ŞƏHƏR VƏ İNSAN... - Orxan Aras yazır

 

Hər şəhərin bir əfsanəsi vardır mütləq. Almaniyanın şimal-qərbində sərhəd şəhəri Axenin (Aachen) isə min bir əfsanəsi var. Axendə yaşayan bir dostum məni səkkiz künclü Şarlman kilsəsinin önünə gətirəndə yadıma o əfsanələr düşdü. Kilsənin içindəki frankların böyük kralı Şarlmanın məzarı qarşısında dayanaraq o əfsanələri düşündüm.

Əfsanələrdən birində guya məşhur Abbasi xəlifəsi Harun Ər Rəşidin frank kralı Şarlmana müqəddəs Qüds şəhərinin açarlarını verməsindən bəhs olunur. Digər əfsanə daha maraqlıdır. Guya Şarlman səksən minlik ordusu ilə İstanbul üzərindən Qüdsə getmiş, Kamamədə həzrət İsanın taxtına özü, on iki həvarisinin yerlərinə isə baronlarını oturtmuşdur...

Bu əfsanələrdən gerçəyə yaxın olanı Harun Ər Rəşidin Şarlmana rahib Zaxar vasitəsilə bir çadır və su ilə işləyən bir saat göndərməsi hadisəsidir. Bundan başqa, almanların Böyük I Karl (Karl 1. der Grosse) dedikləri Şarlman müsəlmanları sadəcə İspaniyada əndəlüslərə qarşı savaşda görmüşdü.  Əndəlüs dedim yadıma bir şey düşdü. Axen şəhəri, eyni zamanda bir vaxtlar müsəlmanların İspaniyadakı ən gözəl şəhərlərindən olan Toledo ilə qardaş şəhərdir.

Nə isə... Dostumla kilsənin qarşısında ayrılırıq. Yan küçələr almanların "gasse" adlandırdığı dar küçələrlə doludur. Bir at arabasının keçə biləcəyi qədər dar küçələrin başında bir-birindən maraqlı heykəllər boy verir. Bəzən bir-birinin boynuna sarılan iki rahib qılıqlı adam, bəzən də həzrət Məryəmin qucağındakı həzrət İsanı xatırladan uşaqlar...

Bu şəhərdə iki yüz əlli mindən çox insan yaşayırmış. Xaricdən gələnlərin sayı yüzdə on yeddidir. Bu isə təxminən əlli min başqa millətdən olan insan deməkdir.

Dostum qırx ilə yaxındır Axendə yaşayır. Hələ tələbə ikən buraya oxumağa gəlmişdi. Necə həyəcanla, ümidlə gəldiyini soruşmadım ondan. Amma o, yeri gəldikcə gənclik günlərinə qısa bir yolçuluq edir, böyüyüb boya-başa çatdığı kəndindən və dostlarından həsrətlə söz açır. Sonra tarixi bir binanın yanından keçəndə Axen və o tarixi bina haqqında məlumat verməyə başlayır:

"Bura Romadan qalmış kiçik bir qalıntıdır. Vitrinin üzərində Romadan qalma bir kurort bölməsi olduğu yazılmışdır. Bəlkə də o dönəmlər hamam imiş. Elə tam qarşısında böyük bir İstisu kurort məkanı var. Qalın sütunlarla əhatəyə alınmış həyətdə əl-üz yuma yerləri qurulmuşdur. Kranı açdığımda əllərimə ipisti su axır. Buraya Hersoq Karl Ferdinantından tutmuş Hollandiya kralı Lüdviqə qədər yüzlərlə əsilzadə müalicə məqsədilə gəlirmişlər. Gələnlərin adı divarların üzərinə həkk olunmuşdur.

Oradan ayrılıb yuxarılara doğru qalxırıq. Şəhər, əslində, Şarlman kilsəsinin ətrafında qurulmuşdur. Dar küçələri çevrələyən geniş meydanlıqlarda onlarla kafe var... Narın yağış yağmasına rəğmən insanlar oturub keflə pivələrini içirlər.

Dostum məni Körberqassedən (Körbergasse) keçirib aşağı aparır. Küçələrin yolları  eynilə İçərişəhərdəki daş döşəməli yollar kimidir. Amma hamısında keçmişə, tarixə bir hörmət var. Hər küncündə "mən tarixəm!" deyə bağıran binalara, binaların pəncərə və qapılarını bir xəzinəyə çevirən naxışlara baxdıqca onları yeni binalarla müqayisə edir, keçmişdəki insanların əməyinə, səbrinə, zövqünə qibtə edirik.

İki tərəfi də kafelərlə dolu olan bir küçəyə girincə dostumun üzündə bir gülümsəmə bəlirdi:

"Yorulmadın, deyilmi?" - soruşaraq üzümə baxır.

"Yox, yorulmadım!" - deyirəm.

"İndi səni maraqlı bir adamla tanış edəcəm".

Keflə yeriyirik.

Bir kafenin qarşısında dayanıb qısa boylu, qara köynəkli, bığlı birisilə qucaqlaşıb görüşür. Adam elə istiqanlıdır ki, sanki qırx illik dostummuş kimi mən də qucaqlaşıb görüşürəm onunla. İkimizi də qarşısında otuzdurub bizdən soruşmadan çay ismarlayır. Sonra masanın üzərindəki incə purolardan birini tüstülətməyə başlayır. Gözlərimin içinə baxaraq: "Səni tanıyıram", - deyir. "Amma mən sizi xatırlamadım", - deyirəm. "Ziyanı yoxdur, biz tanış deyilik onsuz da", - deyərək cavab verir. Puronu içinə çəkib gülümsəyir.

Çox qəribə birisidir, sanki tanıyıram kimi gəlir mənə. Əsmər üzü, keçəl başı, gülüncə yanaqlarında əmələ gələn zənəxdanları, işıqlı gözləri...

Soruşmağa macal tapmamış: "Bilirsənmi, mənim babalarım İrəvandan köç etmişlər", - deyir.

- İrəvanmı?

- Bəli, İrəvan!

İndiki nəsil bilməyə bilər. Halbuki, İrəvan dedikləri Osmanlının ən böyük hökmdarlarından biri olan IV Muradın məşhur vəziri Mustafa Paşa ilə on iki min əsgərinin ruhu bəlkə də hələ oralardadır.

1635-ci ilin 28 martında iki yüz min əsgərlə yola çıxan 23 yaşındakı bu gənc bəxtsiz hökmdar iyul ayında Rəvana çatır, oranı fəth etdikdən sonra avqustun onunda indi yeri xarabaya dönən Böyük İrəvan məscidində adına xütbə oxutduraraq oranı vəziri Mustafa Paşaya əmanət edib İstanbula doğru yola çıxar.

Bəli, İrəvan o İrəvandır. İndi Ermənistanın paytaxtı olan küçələri türksüz, məscidləri yetim qalan şəhər...

"Bəs atan necə gəlib çıxıb buralara?".

"Qardaşlarıyla... 1927-ci il... Sovetlər İttifaqında Stalin dönəmi və kolxozlaşma səfərbərliyinin başladığı illər. Babam gecələrin birində oğullarını oyandırır. "Qalxın, getmək vaxtıdır!" - deyir.

Onlara o biri otaqda yatan bacı-qardaşlarını göstərərək: "Yaxşı-yaxşı baxın, bəlkə bir-birinizi bir daha görmədiniz..." - deyir.

Diqqətlə baxarlar yatanlarına... Bu son baxış, bu son görüşdür. Doğrudan da, bir daha bir-birlərini görməzlər. İki qardaş, bir qonşu və bir xalaoğlu özlərini gecə vaxtı Araz çayının dəli sularına atarlar... Ruslar xəbər tutar, itləri buraxarlar. Amma onlar cəld tərpənib yaxalanmadan Türkiyəyə keçərlər.

- Sonra?

- Sonrası uzun hekayə... Bunları böyük qardaşım məndən daha yaxşı bilər, ancaq o, Türkiyədə yaşayır.

Bir az söhbətinə ara verir. Dalınca kofe ismarlayır. Ac olub-olmadığımızı soruşur. Təşəkkür edirik. Anidən mövzunu dəyişib öz həyatına keçir. Almaniyadakı həyatından, tənhalığından, atasının məzarına həsrət qalmasından danışır. Atasından danışdıqca gözləri dolur və əlinin tərsiylə gözünün yaşını silir.

Ardından qısa bir qəhqəhə atır, güldükcə gözəlləşir. Geriqalmışlıqdan, irəli getməkdən söz açır. Sonra anidən səssizləşib sözü Türkiyəyə gətirir:

- Əslində, qayıtmaq istəyirəm, - deyir.

Bax bu qayıdış sözü! Hər kəsi necə də qəribləşdirir. İnsanın ruhunu əsir edən "Vətən" duyğusu bu olsa gərək!

"Aslında dönmek istiyorum," - diyor.

Qırx səkkiz illik bir qürbət və geri dönüş... Haraya, kimə, hansı qucağa geri dönüş? Bəlkə də ata ocağında qalmış bir ağaca, bir qarış torpağa qayıdış... Bir ovuc xatirələrə qayıdış... İnsanı çəkən bax, budur. Əslində, mən də ona İrəvandan, Hacı Əhməd babamdan, onun Zal hamamının yanındakı dükanından söz açmaq istəyirəm, amma yenə İrəvan adını eşidib hüzünlənəcək deyə susuram.

Mövzunu dəyişirəm. Soyadını soruşuram. "Aran" - deyir.

- Mənası nədir, bilirsənmi? - deyə soruşuram.

- Yaylaq deməkdir...

Uzaqdakı yaylaqlar, ovalar, Araz çayı, başı qarlı Ağrı dağı canlanır gözümün önündə... Hamımız bir dağın, bir yamacın, bir yaylağın əsiri olub getmişik. Bu həsrətin içindəki bu şəhərin, bu "gasse"lərin, bu kilsələrin və hətta Böyük Şarlmanın nə əhəmiyyəti var ki?!

Vidalaşıb, qucaqlaşıb, görüşüb ayrılırıq oradan... Aran bəy gülümsəyərək əl sallayır.

Burada bir şəhər var. Tam Belçika ilə Hollandiya sərhədində. İçində əfsanələri, kralları, kral məzarları, istisuları var. Amma onlardan da vacib İrəvan, İrəvandan gələn bir elçi, bir həsrət var burada. Əslində, bütün yazı boyunca bu həsrəti tərif etmək istəmişdim. Dostuma Abdurrəhman Qaraqoçdan bir şeir oxuyub yolumuza davam edirik:

"Artık ne kar yağar ne ben üşürüm

Ne de saçlarımı dağıtır rüzgar.

Yaşarken bir günde bin kez ölürdüm.

Artık ölüm yoktur, ölümsüzlük var".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!