Xətai xətası... - Vaqif Nəsib - Hekayə

Qızılbaşlar xeyli müddət idi ki, kol-kosları şər qarışan zaman ibadətdəki bəndlərə bənzəyən bir vadidə düşərgə qurmuşdular. Çadırlar qayalıqlar arxasındakı uzaqdan baxış quşu qondurmayan kiçik meydançalarda qurulmuşdu. Şah İsmayılın üç dəvəyə yük olub gətirilmiş kəcavəsi həmin səmtin ən uca yerində bərqərar edilmişdi. Yerli şəraitə görə, həmin başqalarından fərqli şah çadırı yaşıl rənglərlə məharətlə ört-basdır edilmişdi. Kənardan baxanlar yulğunluq hesab edə bilərdi. Kəcavəyə qədər çadıra bir neçə qayalığı keçmək lazım gəlirdi ki, onların ətrafındasa şahın ən sərrast, çevik sərbazları keşik çəkirdi. Həmin cəngavərlərin də əsgəri əlbisəsi yaşıla çalaraq onları yulğun kollarına bənzədirdi. Yalnız onlara başlarını hücum ərəfəsində qızılı çalmalarla sarımamağa izin verilmişdi.

Şər qarışmağa başlamamışdan Lələ Hüseyn özünü şah çadırı tərəfə verdi. Yalnız onun qarşısı ora qədər, yulğunlara bənzədilmiş sərbazların nizəsiylə kəsilmirdi. Lələ çadır ətrafında dayanıb şahın dışarı ayaq qoymasını gözlədi. Günün axşama əyilən zamanlarında şahın kəcavəsində istirahət etdiyindən Lələ Hüseyndən, sərkərdələrdən tutmuş, oba, oymağlardan onlara yeni qoşulmuş sərbazlara qədər hamı xəbərdar idi. Həmin zamanlar heç kimin onu narahat etməyə izzəti və cəsarəti yol vermirdi. Lələ Hüseynə düşmən səmtindən gələn gizli xəfiyyələri mühüm xəbər gətirmişdi (bunlar Osmanlı tacirləri arasındakı qızılbaş əqidələrdən idi). Lələ Hüseynin, vərdişinə uyğun həna çəkib, ədva vura bilmədiyi şəvə saqqalı biz-biz durub ətəkdəki tikan kollarının iynələrini xatırladırdı.

Axır ki, Şah İsmayıl ayağını çadırdan kənara qoydu. İnsanları sir-sifətindən oxumağı da həmin yaşına qədər öyrənə bilmiş, mükəmməl mütaliə sahibi qızılbaş başçısı lələsinin qaratikan koluna dönməsindən quşqulandı. Onun çinədanında həzm edə bilmədiyi bir xəbər olduğunu, yuvasına tələsən son quşlara baxa-baxa göydə aldı.

- Günün hər çağında çadırıma girməyə iznin olduğunu bilə-bilə, burda ağac kimi niyə kök atmağa başlamısan?

Səhərin danı qızılbaş çalmasına bənzəyənə qədər möhlətimiz olduğundan.

Varlığı udmağa başlayan axşam qaranlığında, yaşılı qaramtıllaşan çadır onları uddu.

Üzbəüz əyləşib bir müddət bir-birinin gözlərinə baxdılar. (Şah İsmayıl öz ali adamları, ən çox da başqa xanlıqların elçiləri ilə üzbəüz, gözbəgöz oturmağa üstünlük verirdi. Bu da torpaq üzərində öz şətrənc oyununu başlatmış bir şahın, baş sərkərdənin ilk kəşfiyyatına bənzəyir,  onun ilk təəssüratını yaradırdı). Şah başının işarəsilə sözü Lələ Hüseynə verdi.

- Sultan Səlimin Bağdada təşrif aparan karvanındakı adamımız mühüm məlumat verdi.

Şah yenə başının işarəsilə sözünü davam etdirməsini istədi.

- Yavuz firənglərdən xeyli silah-sursat alıb. Bu dəfə zalımcasına bir məmləkəti topa tutmaq iqtidarındadı.

Şah bu dəfə başını dik tutub dilini işə salmalı oldu. Dili dodaqları arasından söz xəncəri kimi sıyrıldı:

- Yaxşı, təklifin nədir?

- Gecəynən həmlə edib həmin toplara, mərmilərinə sahib olmalıyıq, yoxsa.

- Yoxsa, əvvəl leşkərimizi, sonra da məmləkətimizi dağıdacaq, hamımızı əsir-yesir edəcək, demək istəyirsən.

Bu sözləri söyləyərkən başını bir az da dikəldən (həmin an o, insandan daha çox şahə qalxmış qızıl ilana bənzəyirdi) şahın qarşısında Lələ Hüseynin çalmalı başı məğlub bayraq kimi əyildi. Şah da dincəlişində gözlərinin çimində çimdirməyib xeyli şeir yazmışdı. Və şairliyinin fələklərlə əlləşən havası hələ başından tamam-kamal sovrulub çıxmamışdı. Elə amiranə sözləri də həmin ab-hava üzərindən oldu.

- Bu barədə bir kimsənin xəbəri olmuşmu?

- Şahdan əvvəl bir kimsəyə bildirməyə nə qüdrətim, nə də mərifətim çatar.

- Onda dodağına dişlərindən otuz iki qıfıl vurub susmalısan. Bu, əsgərlər arasında ruh düşkünlüyü yaradıb, burdan Çaldıran meydanına qədər məğlubiyyət cığırımızı aça bilər.

- Yəni top qarşısına, üzbəüz döyüşə dayan-doldurum tüfənglə çıxmalıyıq?

- Bir də qızılbaş qeyrətilə, əsas qüvvəmizi unudursan, lələ. Biz Allah-Taalanın güc verdiyi qızılbaşlarıq, karvanbasan quldurlar deyilik.

Şah sözlərinin bitdiyini adətinə sadiq qalıb gözlərini yummağı ilə bildirdi. Bu da onu canı kimi sevən lələsini, sanki zülmət aləminə atdı. Ayağını çadırdan kənara qoyub axşam qaranlığına da batdı. Amma həmin an ordan uzaqlaşa bilmədi. Sanki hansı bir qüvvəsə ayaqlarını yerə pərçimləmişdi. Həmin an o özünü insanlığından qabıq qoyub hörüklənmiş köhlənə bənzədirdi. Elə köhlən kimi də içinin bütün tellərini tarıma çəkib kişnəmək istəyirdi. Bunu bacarsaydı bəlkə də, canından ağırlığını, fağırlığını uçura bilərdi. Neyləsin ki, övlad mehri, məhəbbəti saldığı İsmayıl qərarıyla onun kişnərtisini də çidarlamışdı.

Lələ şah çadırı önündə diri gözüylə səhəri açıb, özünə əməlli-başlı divan tutdu. Qapqara şum yerə bənzəyən zülməti ağlından su içən gözləriylə dan sökülənə kimi o ki var şumlamışdı. Güllərə, çiçəklərə şehdən göz bəxş etmək istəyən gecə, sanki lələnin varlığını gözlərindən süzülüb onu nəmləndirmiş və qəmləndirmişdi.

Şaha süfrə açmağa hazırlaşan xidmətkarlar lələni çadır önündə görəndə çox da heyrətlənmədilər. Təamları, adətən, onun baş aşpazı yoxlayıb iznini verirdi. Amma lələnin kəlamları onları heyrətin gümüşü girovuna çəkdi.

- Təamları özüm aparacağam.

Şah İsmayıl qızıl məcməyi ilə çadırına girən lələnin gəlişinə təəccüblənmədi. O özü də gecə səhərə kimi çimir almayıb, səhərki döyüşü götür-qoy etmişdi. Amma şairliyindən, gəncliyindən, qızılbaşlıq qürurundan gələn qanadlı hissləri onu qərarından döndərə bilməmişdi. Həmin qərarısa şahlığından məğlubiyyət acısı çəkməyən Səfəvi hökmdarı deyil, şair Xətai vermişdi. Təamlara, bala-yağa əl vurmamış, lələyə qərarının acısını bir daha yedirəsi oldu.

- Bir azdan döyüş şeypurları çalınacaq...

Səhər namazı sonrası əsgərlər nizamlandı. Şeyx Nizaməddin nizami orduya müqəddəs kəlamları nizama düzüb xeyir-duasını verdi. Döyüş meydanına yarım at mənzili qalmış ordu dayandı meydanın ortasında döyüş öncəsi şah İsmayılla Yavuz Sultan Səlimin elçiləri son dəfə görüşüb hər iki tərəfin son qərarını bəyan etməli idi. Tərəflərdən döyüşdən əl çəkmək istəyən tərəf peşman pulu verməli idi. Bu da az qala şah xəzinəsinə bərabər bac-xərac demək idi. Üstəlik də, qarşı tərəfin əbasına bürünməyi bərabərində idi.

Savaş ərəfəsi hər iki tərəfin millətinin və hakimiyyətinin başında durandan bir neçə dəfə məktublaşmalı olmuşdu. Təəssüflər olsun, həmin namələr barışın həlim yaz ovqatını yaradıb, süsən sünbüllərini bitirə bilməmişdi. İçərilərinə şahların qəzəbləri də qarışdığından sözlər yavaş-yavaş gicitkana-qaratikana çevrilməyə başlamışdı.

Meydana ehtiyatla, gözüaçıq gedən elçilər kor-peşman qayıdası oldu. Və şeypurlar Çaldıranın dəhşətli cənginin şeypurlarını çalmağa başladı. Cəng sədalarına qədər Şah İsmayıl bədnəzərlərdən məharətlə qaçırılmış (ətrafın kol-kosu ilə gizlədilmiş) çadırına yol oldu. Qərargahı arxasına yel qanadlı köhlənlər çidarlayan mehtərləri görəndə qanı qaraldı. Qəzəbindən yoğrulan kəlmələri boğazı qovuşduğundan az-maz at kişnərtisini xatırlatdı.

- Sizə bu "at!" əmrini kim verib?

Başlarını şah önündə aşağı dikmiş mehtərlərin bir-birlərinkindən dal-qabaq düşmüş cavabları elə bil dodaqlarından deyil, canlarından çıxdı:

- Lələ Hüseyn tapşırıq verdi...

Əslində, Lələ Hüseyn bədəbəddə onun döyüş meydanından uzaqlaşmasının qayğısına qalırdı. Amma bunu məğlubiyyət tərəfə yozduğundan şahın qara qanlarının rəngini sifətinə də çıxarırdı.

Döyüşləri seyr edə biləcəyi yerdə əyləşib hələlik qulaqlarını şəkləməli oldu. Şah ordusunun ən cəsur və çevik döyüşçülərindən bir dəstəni düşmən arxasına göndərmişdi. İrağı - Əcəmdən qayıdan osmanlı tacirlərinin əlbisəsini geymiş həmin döyüşçülər, döyüş öncəsi firənglərdən alınmış topları sıradan çıxarmalı idi. Həmin ağır silahların susdurulması hesabı qələbədən söz açmaq mümkün olardı.

Şeypurlar çalındı. Qızılbaşların vaveylaları qurdları, quşları uçurub qaçırdı düşmənlə üzbəüz gəlirdi.

Qarşı tərəfin ləşkərinin meydana axmadığı Şah İsmayılı quşqulandırdı. Düşərgəsi önündə əmrinə müntəzir çapara hövlnak bildirdi.

- Orduya çatdır ayaq saxlasınlar, top atəşi mənzilinə yetişməsinlər.

Amma həmin əmri çaparlar çatdıra bilmədi. Topların atəşi ordunu qırıb-çatmağa başladı. Şah İsmayılın xəbəri yox idi ki, onun karvanı bu dəfə həramilər tərəfindən deyil, Sultan Səlim Yavuzun mühafizləri vasitəsilə tərk-silah edilmişdi.

Qızılbaşlar ər meydanında ər döyüşünə girib qılınc çala bilmədi. Cavabında  əməlli-başlı topa tutuldular. Və Çaldıran meydanında başlarında qızılbaş çalmaları olan igid cəngavərlər qızıl qanlarına boyandılar.

Lələ Hüseyn arxalarınca düşən osmanlı döyüşçülərini şahın çadırı səmtindən azdırmaq istəyirdi. Döyüşçülərindən bir neçəsini şahı meydandan uzaqlaşdırmağa göndərmişdi. Onları son nəfəslərinə kimi qılınclarına sarılıb Şah İsmayıla möhlət qazandırmağa çalışdı.

Şah lələsini uzaqdan seyr edə bildi. O, şəhid olmamışdan əllərini uca Tanrıya qaldırıb rəhmətini oxudu. Və içinə tökülən qanına qarışan meydandakı al qanların şırıltısını eşitməyə başladı. Həmin şırıltı həm də Sultan Səlimlə son məktublarını xatırladırdı.

Şah İsmayıl: - Səni əsir alıb Bəyazid meydanına aparacağam. Orda ya başına qızılbaş çalması taxacaq, ya boğazını Bursa ipəyindən kəndirə keçirəcəksən.

Yavuz Sultan Səlim: - Son səfərin Ərdəbilə, Şeyx Cüneyd, Şeyx Heydər məqbərəsinə olacaq. Orda ya ətəyindəki daşlar töküləcək, ya da al-qırmızı qızılbaş qanın töküləcək.

Çaldıran döyüşü Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinin sonu oldu. Və həmin meydanda sərkərdə Şah İsmayıl Səfəvi yox, şair, Şah İsmayıl Xətai məğlub oldu.

Şah İsmayıl Təbrizin əldən-ayaqdan uzaq bir guşəsinə çəkilib məğlubiyyətinin acısını yaşayırdı. Həmin misilsiz acı da əvvəl-əvvəl onun şirin yuxularına öz zəhərini qata bilmişdi. Özünün qısamüddətli çimirləri də dəhşətli röyalarının partlayışı ilə alt-üst olurdu. Həmin dəhşətlərdən xilası üçün özü öz təbibliyinə başlamışdı (Dərdini bildirib dərman istəyən şah qüruruna sığışdırmırdı). Həmin müalicəni də qulaqlarına pambıq tıxamaqla başladı. Çünki dəhşətli yuxuları heç vaxt səsini eşitmədiyi Yavuz Sultan Səlimin göy gurultusunu xatırladan, ildırımdan təhlükəli kəlamları ilə başlayırdı: Yavuz mən deyil, sən ola bilərsən, çünki onun bu göy qübbəsi altında ən misilsizini etmisən. Özbək xanı Şeybaninin başını kəsib ondan qədəh düzəltdirmisən...

Həmin kəlamlar şahı ikinci dəfə, ən köhlən atlarınkından da sürətlə, yuxunun yel qanadında Özbəkistana aparırdı. Qalib Şah İsmayılla, məğlub Şeybani xanı üz-üzə gətirirdi. (Əslində, Şah İsmayıl Şeybani xana əvvəl-əvvəl belə bir zülmü etmək istəməmişdi).

- Öz inadı hesabı millətini qılıncdan keçirtdirib, yuvalarına bayquş qondurmuş xanların yaşamaq haqqı olmadığını, yəqin ki, bilirsən...

Həmin kəlamlar əbədi yumulmağı ərəfəsi Şeybani xanın onsuz da qıyıq gözlərinin bəbəklərini bir-birinə yaxınlaşdırmış, dilini də dişinə tutdurmuşdu.

Şah İsmayıl məğlub rəqibinin səsini duymaq istədiyindən, onun mənliyini daşlamağını davam etdirmişdi.

- Əslində, gərək səni - ən günahkar bəndəvari Səmərqəndin ən uca minarəsindən asdırıb cəmdəyini qurda-quşa yem etdirəydim.

Həmin an Şeybani xan da səltənətinin məğlub məscidlərinin minarələri kimi susmağa üstünlük vermişdi.

- Amma mən dünyadan ömür karvanını çəkib getməyi öz öhdəmə buraxıram...

Başı ilə Səmərqənd qumaşı üstəki zümrüd dəstəkli buxara xəncərini və Çin ustalarının əl işlərindən çini piyaləni göstərmişdi (həmin piyalələr suya və şəraba zəhər qatıldığını bildirə bilirdi. Və zəhəri artıq olduğundan şəffaf piyalənin içindəki mayenin rəngi boğulmuşdu).

Şeybani xan özünə öz əliylə (ya köksünə xəncər sancıb, ya ağzını zəhərə bulayıb dünyadan köçməyi rəva bilməmişdi).

- Əgər günahların dilini lal, qulaqlarını kar etməyibsə, onda son macalında son istəklərini söylə. İnanmıram ki, ulu Tanrının haqq yolundan azmış bir bəndənin dilindən incivari müdrik kəlamlar çıxa.

Bax burda, məşhəri öncəsi Şeybani xanın üzündən içinin qara qanları çəkildi, sifəti duruldu. Bəbəkləri də aralanıb dumduru gözlərini göstərdi. Həmin gözlər xanın içdən nəsə söylədiyini apaydın göstərirdi. Doğrudan da, Şeybani xan sözlərinin əvvəlini səsləndirmək istəmirdi. Bəlkə də, bunu aman diləyəcəyi tərəfə yozulmağından ehtiyatlanırdı. Bizim dinimiz, böyük Tanrımızın, Həzrət Məhəmmədə peyğəmbərlik bəxş və "Quran" nazil edib yaratdığı ən adil dindir və həmin din öz məzhəbinə görə heç kəsi günahlandırmamalı idi. Elə ona görə də ən günahkar bəndələr üçün də mövlənin qapısı son nəfəsə kimi açıq qoyulub...

Bundan sonra kəlamlarını səsləndirib, onun avazını eşitmək istəyən qalib sərkəri bu istəyindən də məhrum etmədi.

- Ərdəbilli Şeyx Cüneydin nəvəsi, Şeyx Heydərin oğlu olduğundan, onların yürüşünü davam etdirdiyindən xəbərdaram.

İlk kəlmələr Şah İsmayıla həm ləzzət verir, həm də qıcıqlandırırdı. Düşməninin sözünü deyib ata-babasına rəhmət oxuması savab zəfəri hesab edib xoşhallanır, onun aman istəyəcəyini düşünüb çimçəşirdi.

- Ərdəbilin İranın dilbər guşələrindən olduğundan da xəbərdaram. Oranın zümrüd meşələri, buz bulaqları olduğundan tacirlərimiz bizləri xəbərdar edib. Mən sənə ən əvvəl geri dönərkən Ərdəbildə nəslinizin türbəsində tövbə namazı qılmaq arzulayıram. Sonra da buz kimi çeşmələrin birinin üstə bu qaynar başını yumağı, soyutmağı diləyirəm. Şairliyindən də xəbərdaram. Amma hökmdara soyuq baş, qaynar ürək gərəkdi. Sənin şairliyin başına vurduğundan, ürəyin də, başın da bizlərin plov dəmlədiyimiz qaynar qazanlara bənzəyir. Bu başla goruna salamat baş apara bilməyəcəksən...

...Pambıq tıxasının da qulaqlarını xoşagəlməz avazlardan xilas edə bilməcəyini anlayışı sonrası, ikinci müalicəsinə başladı. Gözlərini yuxulardan qaçırmağa hazırlaşdı (buna da ən son, ən dəhşətli yuxusu səbəb olmuşdu. Onu taxta qəfəsdə Topqapıya Yavuz Sultan Səlimin hüzuruna aparırdılar. Həmin röyadan hövlnak ayılıb, bir də əcəli zamanı gözlərini yummağı qərarlaşdırmışdı) gündüzlər gözlərini çimirlə aldadıb gecələri oyaq qalmağa başlamışdı. Onsuz da son günlər əlaqə saxladıqları sadiq bəndələri də çinədanlarında son bəxərləri, yanına zülmətə qarışıb özlərini verirdi. Qara əlbisəli həmin adamları da Şah İsmayıl özlüyündə insan yarasalarına bənzədirdi. Hamisinin gətirdikləri xəbərlər də gecəninkindən də betər, kösöv rəngində olurdu.

Xatunu Sultan Səlim İstanbulun baş müşdehidi ilə nikahlandırıb. Xatunu tamam başqa köşkə yerləşdirib, içi həm din adamı qarışıq bir naməhrəmin qapısından girməsinə qadağa qoyub.

- Taxtınıza bir vəliəhdin əyləşməsinə, tacımızı bir şahzadənin başına qoymasına izin verməyib.

...İrandan axtarışınızda olan bütün casuslarını geri çağırıb. (Yəni sizə təhlükəli kimi baxmağından vaz keçib).

Şah İsmayıl həsrətlə ətrafdakı meşəyə baxır, yamyaşıl ağaclara qibtə edirdi. Çünki röyalardan xilası zamanı da başı fikir dəyirmanına dönüb bir an ona rahatlıq vermirdi. Gündüzlər həmin dinclik rəmzi ağacların birinə dönməyi arzulayırdı. Amma nə fayda. Fikirlər günlərini birdən-ikiyə, beşə çatdırırdı, yavaş-yavaş bir gün ona bir həftəyə bərabər olur, get-gedə də artırdı... Bax beləcə də sürətlə qocalmağa başlayır və bunu özü də başa düşürdü.

Çaldıran onu şahlıq taxtından, şairlik köhlənindən salmışdı. Qızılbaşlığın zəfər şeypurlarını birdəfəlik susdurmuşdu.

Gözünü meşəyə tərəf uzanan bir cığırdan çəkmirdi. Elə hesab edirdi ki, həmin cığır Ərdəbilə doğru gedir. Günlərin bir günü həmin cığırla Ərdəbilin buz bulaqlarının birinin başına özünü yetirmək istəyirdi. O çeşmələrlə zamanın yüklədiyi ağırlığı-uğurluğunu tökə bilərdi.

Amma son bahar özünü çatdırıb həmin son zümrüdü ümid düşərgahını da əlindən aldı. Həmin yerləri payız dumanı Sultan Səlimin sis ordusu kimi zəbt etdi. Sonralar torpaq da, saçı-saqqalı da qırova çəkilməyə başladı. Və nəhayət, özünü dünyada necə ömürləri ağ və qara dəvə karvarlarının səfərindən ibarət. Onun ancaq və ancaq son qara dəvələrlə səyahəti qalıb.

Həmin qara dəvələr də onu buz bulaqların birinin üstə deyil, Şeyx Səfi məqbərəsinə aparacaq. Şeyx Güneydin, Şeyx Heydərin üstünə. Bir zamanlar nəvələrinə ümidlə baxıb söyləmişdilər.

- Qızılbaşlığın məşəlini sən yandıracaqsan.

Bu dəfəsə məzarlar susacaq. Böyürlərində rahatlanmağa gələn tifillərinə söyləməyəcəklər:

- Elə sən də söndürdün...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!