Dünyanı formalaşdıran hekayələr... - Martin Puçner

Martin Puçnerin 2018-ci ildə “BBC Culture” dərgisində çap olunmuş essesi

 

Ədəbiyyat tənqidçisi və filosof olan Martin Puçner teatr, modern dram və dünya ədəbiyyatı sahələrində ən tanınmış intellektuallardandır. Harvard Universitetində İngilis dili və Müqayisəli ədəbiyyat üzrə professordur. Həmçinin, Harvard Universiteti Mellon Teatr və Performans Araşdırmaları Məktəbinin yaradıcısı və eyni universitetin teatr, rəqs, media bölümünün başçısıdır. Teatr, fəlsəfə, modern dramdan dünya ədəbiyyatına qədər müxtəlif mövzularda bir neçə dilə tərcümə olunmuş çoxlu kitab, məqalə və esseleri var. "Stage Fright" (Səhnə qorxusu), "Drama of İdeas" (İdeyalar dramı), "Poetry of revolution" (İnqilabın poeziyası) ən məşhur əsərləridir. Lakin onu dünya arenasında daha da məşhurlaşdıran ən sonuncu kitabıdır: "The Written World: The Power of the Stories to Shape People" (Yazılı Dünya: İnsanları formalaşdıran hekayələrin gücü).

Böyük İskəndər gənc yaşlarından etibarən Makedoniyanın kralı olmaq üçün yetişdirilmişdi. Yunanıstanın şimalındakı bu balaca krallıq başda Fars İmperatorluğu olmaqla bütün qonşularıyla davamlı müharibə vəziyyətində idi. Bu səbəblə də İskəndər döyüşdə ordusuna liderlik etməyi uşaqlıqdan öyrənməli idi. Atası öldürüləndən sonra o, taxta çıxdı. Krallığın təhlükəsizliyini təmin etməklə yanaşı, Fars İmperatorluğunu da süquta uğratdı, Misirdən Hindistana qədər olan torpaqları ələ keçirdi. Lakin İskəndərin əlində başqa bir silahı da var idi: Homerin "İliada"sı. Müəllimi Aristotelin köməyilə bu dastanı ətraflı gözdən keçirmişdi. Səfərlərə başlayanda heç bir hərbi əhəmiyyəti olmasa da, dastanda adı çəkilən Troyada dayanmış, oradakı səhnələri gözündə canlandırmışdı. Səfərləri zamanı "İliada" kitabı ilə yatırdı. Homerin dastanı ədəbi əhəmiyyətilə yanaşı, təsir gücünə görə də antik yunan kitabxanalarını ötüb keçən bir əsər oldu. Bu kitabda yunan mədəniyyətinə aid düşüncə və həyat tərzi öz əksini tapmışdı. "İliada" dastanı ilə İskəndər arasında qarşılıqlı təsir var idi. Bu dastandan ilhamlanan İskəndər, yunan dilinin geniş ərazidə danışılan dil olmasına nail olaraq "İliada"nı dünya ədəbiyyatının ayrılmaz hissəsi halına gətirməyi bacardı. İskəndərdən sonra onun bütün davamçıları İskəndəriyyə və Berqamada yaratdıqları böyük kitabxanalarla Homerin əsərini gələcək nəsillər üçün qoruyub saxlaya bildilər. Yunan filosofu Əflatuna (Platon) görə, sənət insana, sadəcə, zövq verməməli, eyni zamanda qanunlara və insan həyatına faydalı olmalı idi. Bu əsər hər hansı hekayənin əhəmiyyət və təsirinin təkcə kitabın daxilində qalmayıb onun səhifələrindən kənara çıxmasının ən gözəl nümunəsidir.

 "İliada" kimi əhəmiyyətli təsirə malik digər əsərlərə Mesapotamiya ərazisində yaranmış "Gilqamış dastanı"nı, Amerikada mayyalıların "Popol Vuh" hekayəsini göstərmək olar. Bu dastanlar bütün mədəniyyətlərə haradan gəldikləri və kim olduqları barədə referans vermişdir.

Lakin bütün ədəbi ənənələr krallar və onların fəthləri ilə başlamır. Masələn, Çin ədəbiyyatı "Nəğmələr kitabı" adıyla tanınan şeirlərə əsaslanırdı. Qədim dövrdə şeir yazmaq və oxumaq, sadəcə, şairlərin işi deyildi. İmperatorluq idarəsində önəmli mövqeyə gəlmək üçün keçirilən imtahanlarda insanlara poeziyadan detallı suallar verilirdi. "Nəğmələr kitabı", şeiri Şərqi Asiyada ən əhəmiyyətli ədəbiyyat janrı halına gətirdi.  Belə ki, dünya ədəbiyyatının ilk önəmli romanları şeirin təsiri altında idi. XI əsrin əvvəllərində yazıçı Murasaki Şikibu yapon ədəbiyyatının şah əsərlərindən biri olan və dünyanın ilk romanı kimi qəbul edilən "Genjinin hekayəsi"ni yazmadan öncə qardaşına dərs keçən müəllimi gizlincə dinləyərək Çin poeziyasını öyrənmişdi. Həmin dövrdə qadınların Çin ədəbiyyatı barədə bilmələri gözlənilməz idi. Beləliklə, o, yapon sarayında dayə oldu və daha sonra həmin bilikləri saray həyatını qələmə almağa və şahəsər yaratmağa sərf elədi. "Genjinin hekayəsi" 1000 səhifədən çox idi və kitabda 800 şeirə yer verilmişdi.

Dünyada oxuyan insanların sayının artması kağız və mətbəə kimi kəşflərə, yazılı ədəbiyyatın təsirinin artmasına səbəb oldu. Ərəblər çinlilərdən kağız istehsalını öyrənərək daha əvvəllər şifahi şəkildə danışılan hekayələri yazıya köçürdülər və bunun nəticəsində "Min bir gecə" nağılları kimi əsərlər meydana çıxdı. Qədim epik hekayə və şeirlərdən fərqli olaraq, bu nağıllar həm maarifləndirici, həm də əyləncə xarakterinə malik idi. "Min bir gecə" nağıllarında təhkiyəçi Şəhrizadın hər qadınla bir gecə keçirdikdən sonra boynunu vurduran Fars şahı Şəhriyarı fəzilətli və mərhəmətli insana çevirməsinin əhvalatı danışılır.

Şeir, nağıl və dastanlar daha sonrakı ədəbiyyat tarixinə də damğasını vurdu. XIII əsr italyan şairi Dante Aliqyeri "İlahi Komediya" adlı əsərində xristian inancına görə, cəhənnəm, əraf və cənnətin tərifini verərkən epik şeir formasından istifadə etmişdi. Həm də əsəri latın dilində yox, Toskana bölgəsində danışılan bir ləhcədə yazmışdı. Beləliklə, bu gün italyanca olaraq bildiyimiz dil yayıldı. Bu, ədəbiyyatın dil üzərindəki təsirinin ən yaxşı nümunəsidir.

Bu sahədəki ən böyük dəyişikliklərdən biri də İohann Qutenberqin Çindəki texnikaları inkişaf etdirərək Şimali Avropada mətbəə qurması nəticəsində baş verdi. Bunun sayəsində kitablar kütlələrə çatmış oldu. Ədəbi baxımdan bu mərhələyə öz damğasını vuran roman janrı oldu və qadınlar yeni oxucu kütləsi kimi formalaşaraq modern cəmiyyətin problemləriylə maraqlanmağa başladılar.

Meri Şellinin "Frankenşteyn" əsəri ilə  elmi-fantastikaya addım atılaraq elmin utopik vədlərilə dağıdıcı potensialı arasındakı ziddiyyətlərə yer verilməyə başlandı. Corc Oruelin "1984" əsərilə Marqaret Etvudun "Damazlıq qızın hekayəti" adlı əsərləri bu ənənənin davamının müasir nümunələridir.

Roman, həmçinin, müstəqilliyini yeni qazanan ölkələrin mübarizəsində də təsirli oldu. 1960-cı illərin Latın Amerikasında "Latın Bumu" da adlandırılan Qabriel Qarsia Markes  "Yüz ilin tənhalığı" ilə qitəsinin bir neçə nəslinə xitab edirdi. Siyasi müstəqillik mədəni azadlığı da tələb edirdi və bunun üçün roman ən yaxşı vasitə idi.

Böyük kütlələrin oxucuya çevrilməsi bu və ya digər yazıçılar üçün faydalı olsa da, mətbəə ədəbiyyatın idarə və senzurasını da asanlaşdırdı. Totalitar rejimə sahib ölkələrdə senzuradan yayınmaq üçün yeraltı mətbəələr yaradıldı.

Bu gün biz yenə də yazı texnologiyasında ən az Çində kağızın kəşf olunması və çapı, eləcə də Şimali Avropada mətbəənin yenidən qurulması kimi əhəmiyyəti olan yeni bir inqilab mərhələsindən keçirik. İnternet oxu və yazı tərzimizi, ədəbiyyatın yayılmasını və kimlərin bunu əldə edə biləcəyini müəyyənləşdirir. Və biz yazı dünyasının yenidən böyük bir dəyişikliyə uğrayacağı mərhələsinin başlanğıcındayıq.

Mənbə: “BBC Culture”

Tərcümə edəni: Cahanxanım Seyidzadə

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!