Zima mavisi... - Qan Turalı yazır

 

Sənət təbiətə əlavə edilmiş insandır.

F.Bekon

Bu dünyada təkəri biz kəşf etmişik.

Nəhəng binalar tikməyi də...

Atom elektrik stansiyalarını qurmağı da...

Rəqəmləri, hərfləri də biz kəşf etmişik.

Bir sözlə, ətrafda insan əli ilə nə varsa, hamısı bizim qabarlı əllərimizin, qaynar zəkamızın məhsuludur.

Biz, yəni Homo Sapienslərin...

Yer kürəsində mövcud olan yeganə insan növünün...

Amma incəsənət bizim kəşfimiz deyil.

İncəsənətin tarixi mağara divarına çəkilən rəsmlər neandertallarla başlayır.

Onlarla doğuldu incəsənət...

Bəlkə də buna görədir incəsənətin bizim üçün anlaşılmaz olmağı...

Bu gün dünyada neandertallar yoxdur.

Onları ya biz məhv etmişik, ya da təbii iqlim şərtləri...

Bəlkə də iqlimlə biz bir yerdə soyqırımdan keçirmişik ilk sənətkarları...

İncəsənət iztirablı taleyi burdan axarını götürür.

Qətlə yetirilmiş rəssamların tarixindən...

Bəs harda başa çatacaq?

Robotlar da sənətkar olacaqmı?

"Zima mavisi" də neandertallardan başlayan incəsənətin mümkün sonundan danışır.

Qayıdış

Özünə qayıdır, hər şey özünə

Ramiz Rövşən

Gələcək gəlib. Amma incəsənət hələ də insanları heyrətləndirir. Zima isə dünyanın ən yaxşısıdır. İllərdir ki,  rəssamlığın zirvəsi sayılır. Rembrant kimi, Pikasso kimi... Bir gün onun yaradıcılığında yeni bir dövr başlayır. Bütün rəsmlərində mavi bir fiqur əks olunmağa peyda olur. Nə çəksə, fərqi yoxdur, mavi ordadır. Bir imza kimi... Və hər yeni şəklində mavi bir az da böyüyür. Bir müddət sonra ancaq mavi rəngdən ibarət olan rəsmlər  Zimanın. Lakin heç kim bu maviyə bir məna vermir. Yüz ildir mətbuata danışmır. Hamıdan uzaq gəzir. Haqqında çox az şey məlumdur. Lakin hekayəsini danışmaq üçün bir jurnalisti seçir. Zima özünün son sənət əsərinin nümayişinə hazırlayır.

Zimanın sənət üçün etdiyi fədakarlıqların sayı-hesabı yoxdur. Məna axtarışları Zimanı çox daha dərinlərə aparıb. Onun gözləri dünyanın bütün rəng və çalarlarını görə bilir. Xüsusi kibernetik modifikasiyalı əməliyyatlar keçirib. Kainatın hər bir yerində yaşaya, oranın şərtlərinə uyğunlaşa bilir. Və jurnalist onun sirrini öyrənir. O, müxtəlif əməliyyatlar keçirmiş bir insan deyil. O, bir robotdur. Bütün rəsmlərinə mavi imzasını atan bir Rembrantdır. Bəs niyə mavi imza?

O, üzmə hovuzunu təmizləyən bir robot imiş. Sahibi onu daha çox inkişaf etdirir, süni intellekt yükləyir. Yeni sahibləri də onun zəkasını inkişaf etdirməyə başlayır. Zima nəhəng bir istedada malik olur. Özü də dediyimiz kimi, müxtəlif əməliyyatlar keçirir. Onun yaradıcı zəkası genişləndikcə genişlənir. Böyüdükcə böyüyür. Bir dahiyə çevrilir Zima...

Bəs mavinin sirri nədədir? Zima, bir zamanlar yaşadığı yurdunun, su hovuzunun həsrətini çəkir. Qazandığı bu qədər uğur, bu qədər məna axtarışları, həyatın sirrini çözmək cəhdi belə, onu o mavi hovuzdan qopara bilmir. Zima o hovuzun həsrəti ilə yaşayır.

Hekayəsini danışdıqdan sonra Zima əsərini təqdim edir. Bu, vətəni olan hovuzdur. Minlərlə tamaşaçının gözü qarşısında Zima hovuza tullanır. Üzməyə başlayır. Üzdükcə də öz orqanlarını bloklamağa, dövrədən çıxarmağa başlayır. Sonda isə bu dahi rəssamda geriyə ancaq hovuz təmizləyən robot qalır. Zima intihar edir. İntihar etməklə özünə qayıdır, özü olur. Belə...

Zima mavisinin sirri də budur: Özünəqayıdış! Malik olduğu sərvət və şöhrət Zimanı xoşbəxt etmir. O öz ilkinliyinə can atır. Ən adi bir robot olmağı seçir... Sergi Ata kimi... Yazmağı atan Selincer kimi... Şüurundan imtina edir. Adiliyi seçir.

***

İncəsənət neandertalların bizə mirasıdır.

Bu mirası biz də bir gün robotlara təhvil verəcəyik.

Lakin incəsənət əbədidir.

Çünki o bizim ruhumuzun səsidir, özünüifadəmiz və özünüdərkimizdir.

P.S. Zimanın mavisi "Sevgi, ölüm və robotlar" (Love, Death & Robots) serialının 12-ci seriyasıdır. Seriya Alaistar Reynoldun eyniadlı hekayəsinin motivləri əsasında çəkilib. Serialın iki prodüserindən biri isə əfsanəvi rejissor Devid Finçerdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!