Buz dövrü...Romandan parça - Vilhelm YENSEN

 

ƏDƏBİYYAT ÜZRƏ 1944-CÜ İLİN NOBEL MÜKAFATÇISI:

Vilhelm YENSEN

(Danimarka)

Danimarka yazıçısı və şairi. 20 yanvar 1873-cü ildə Yutland yarımadasının şimal hissəsindəki Farse şəhərində, baytar ailəsində anadan olub. Atası xalq folklor nümunələri toplamağı sevib, eyni zamanda antropologiya və tarixlə maraqlanıb. Ata kitaba olan sevgisini övladlarına da aşılayıb, 11 uşaqdan dördü yazıçı olub. 

Yensenin "Danimarkalılar" (1896), "Eynar Elker" (1897), "Himmerland adamları" (1898), "Yeni Himmerland əhvalatları" (1904), "Şeirlər" (1906), "Himmerland əhvalatları. Üçüncü hissə" (1910) və başqa əsərləri ona böyük uğur və şöhrət gətirib. Yazıçı 1944-cü ildə "yaradıcı üslubdakı nadir poetik zənginliyə və səmimiyyətin  intellektual təsvirinə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

25 noyabr 1950-ci ildə Kopenhagendə vəfat edib. "Ədəbiyyat qəzeti" oxucularına yazıçının məşhur "Buz dövrü" romanından bir hissəni təqdim edirik.

Buz dövrü - Romandan parça

Əbədi od

Qar yağırdı. Drenq müqəddəs dağa dırmaşırdı.

İri qar dənələri Drenqin tüklü kürəyində əriyir, lakin o, buna əhəmiyyət vermirdi. Əvvəl elə bildi ki, göy üzü parçalanıb yerə səpələnir, amma tezliklə məsələnin nə yerdə olduğunu dərk etdi; bu, sadəcə yağış idi, ancaq başqa cür yağış, daha soyuq və bərk yağış. Drenq odlu dağın zirvəsinə qalxmaq fikrindəydi, əsrlər əvvəl əcdadları oradan qardaşları üçün od gətirmişdi. Drenqin əlində balta vardı. Şaxtalı meşənin qaranlığında və tənhalıqda keçirdiyi gecələrdən sonra özünü xatırlamır və daha heç nədən qorxmurdu. Nə yolla olur-olsun, özünə od tapmalıydı. Bu soyuq və qarlı havada Drenqin nəfəsindən buğ çıxırdı, lakin o, yorulmadan, arxasına baxmadan yuxarı dırmaşmaqda davam edirdi.

Dağ uzaq şimalda, vadilər tərəfdə yerləşirdi, soyuqlar Drenqin qəbiləsini pərən-pərən salana qədər orada yaşamışdılar. Lakin Drenq yolu bilirdi. Uşaq vaxtı hər gecə komanın damından tüstüsü göylərə bülənd olan alov dilimlərinə baxmağı xoşlayardı. Nə vaxtsa odlu ruhun atəş saçan iri əllərini uzadıb ətrafdakı meşəni bir neçə mil dərinliyinə qədər yandırıb kül etdiyi barədə rəvayəti çox eşitmişdi; bu, bütün qəbilə üçün dəhşətli dövr idi, yuxarıda hər şey yoluna düşənə qədər insanlar qaçıb canını qurtarmaq üçün bataqlıqlara, su dolu çalalara sığınmışdılar. Lakin son dövrlərdə yaşanmış kədərli hadisələrdən sonra qəbilə cənuba tərəf çox getmiş və dağ tamamilə gözdən itib görünməz olmuşdu. Drenq artıq onun harada yerləşdiyini bilmir, uzaqdan baxanda dağın buludlarla örtülü zirvəsini görmək olmurdu.

Dağ ətəyindən bir qədər üzüyuxarı qalxdıqdan sonra ruhuna qəribə hisslər doldu. Əvvəllər daş yağışı və atəş saçan şimşək üzündən ətəyinə belə yaxınlaşmaq mümkün olmayan dağ indi, nədənsə, sakit idi. Görəsən, yuxulamırdı ki? İldırım dilində danışmır, alov dillərini göstərmir, atəş saçan daşlarını aşağı yağdırmırdı, sadəcə, sakit və soyuq idi. Görəsən, bu onun növbəti hiyləsi, iblisanə xəyanəti idimi? Və Drenq çox da sevinmədən yuxarı qalxırdı; yamacda bir az alov görünsəydi yaxşı olardı!

Drenq meşə zolağı və bitki örtüyü olan yerləri çoxdan arxada qoymuşdu və sərt daş parçaları üzərindən adlayaraq irəliləyirdi. Dağ hələ də alov izlərini qoruyub saxlamışdı, lakin soyuq idi və buzlu su qatı ilə örtülmüşdü; iri daş parçaları ölü bədheybətləri xatırladırdı. Get-gedə içinə düşdüyü gerçəklik onu məyus etməyə başlayırdı. Günortaya yaxın Drenq zirvəyə yaxınlaşdı. Sonuncu sərt ərazi köpüklü qaramtıl səth altında itmişdi. Yorğunluqdan sızıldayan ayaqları sarı rəngli üfunət qoxuyan quru laxtaların üstü ilə zorla hərəkət edirdi; bütün bu soyuq kütlə qarla örtülmüşdü. Drenq zirvəyə çatanda sönüb soyumuş dağın özünə oxşayırdı.

Bəli, od püskürən dağ sönmüşdü. Drenq dairəvi çıxıntılı zirvədə dayanaraq, ağzını açıb qalmış dağa baxırdı. Dağın ağzı da soyuq idi və qarla dolmuşdu. Ətraf büsbütün səma və uçurum idi, dünya bomboş görünürdü. 

Drenq daha heç vaxt od əldə edə bilməzdi! Dağa sığınmış möhtəşəm ruh harasa qeyb olmuş, dünya sönmüşdü. Drenq torpağı donmuş zirvədə durmuşdu, qançır bağlamış ayaqları üstə zorla dayanır, hər an ümidini bir az da itirirdi. 

Bundan bir neçə gün əvvəl şimala tərəf getmiş, yolunu heyvanların keçdiyi könhə cığırdan salmışdı. İndi yağış bu cığırı tamamilə yumuş, bütün heyvanlar cənuba üz tutmuşdu. Drenq son dəfə geriyə - cənuba baxmaq üçün orada dayanmışdı. Heç olmasa bir vaxtlar evlərinin bacasından tüstü qalxan qəbiləsinin sığındığı yerləri görmək üçün ümidsizlik içində boylanırdı. Bu yerdə fiziki əzablar və tənhalığın kədəri ruhuna hakim kəsilmiş, halı dəyişmiş, bütün dünyanı və hər şeyi lənətləmişdi. Qəzəb və qürur qəhər kimi boğazında düyünlənib qalmışdı, vadidə diz üstə çöküb hönkürmüşdü və bu, yeni nəğmə idi. Drenq onu ilk dəfə göz yaşlarına qərq olmuş torpağa oxuyurdu. Müqavimət nəğməsi, inkar nəğməsi idi bu. Dişlərini sıxıb, dünyaya meydan oxuyurmuş kimi daha ucadan oxudu, bu dərədə tək-tənha olduğuna, gələcəyini axtarıb tapmaq ümidi ilə yola çıxdığına baxmayaraq, səsini hər yana çatdırmaq istəyirdi. Sanki bütün digər canlı məxluqlar bu işi görmək, sona çatdırmaq üçün məhz onu seçmişdi. Əks-səda onun nəğməsini geri qaytarırdı, maraqsız, həyəcanlı səslər üzünə çırpılır və bu onu daha da qıcıqlandırır, ağılsız hərəkət etməyə sürükləyirdi.

Ürəyini tənhalıq və qəzəblə yükləyən Drenq üzünü şimal küləyinə tərəf tutaraq qış səltənətinə qədəm basdı. Bəli, bu dəfə hələ içində ümid vardı. Hələ bilmirdi ki, bir daha əcdadlarının müqəddəs dağında od əldə edə bilməcəyək. O vaxt təsəvvüründəki dağ - od mənbəyi, həyat mənbəyi, istilik mənbəyi - hələ öz varlığını itirməmişdi. Hələ ki son ümidi qəlbində idi - özü tək-tənha möhtəşəm od ruhunun yanına gedib nəsə bir qığılcım əldə etmək və bununla da yaşamaq ümidini təzələmək fikrində idi və qarşıda onu macəra, uğur, ya da ölüm gözləsə belə, bu ümid onun ruhuna güc verirdi.   

Artıq o, sönmüş dağda idi. Od mənbəyi özü sönmüşdü. Möhtəşəm ruh ölmüşdü. Drenq son dəfə oxuyurdu. Oda sitayiş edən oddan, meşə adamı meşədən məhrum olmuşdu. 

Və yer üzərində yol başladı - tənha, yurd-yuvasız, çılpaq adamın soyuq torpaqda yolu.    

Uçurum kənarında meymun oturmuşdu və Drenq aşağı enmək üçün çevriləndə meymun uzun, sarı dişlərini ağartdı, sanki nəyəsə sevinirdi. Bu, qoca, insanabənzər meymun idi, nə üçünsə köç zamanı öz dəstəsindən geri qalmış, Drenqin arxasınca düşmüşdü. Ayaqlarını yığmış, əllərini qoynunda cütləyərək büzüşmüşdü, soyuqdan titrəyirdi. Drenq baxanda meymun da ağıllı və şəhvətli gözlərini ona zillədi, sonra yanını çevirib sərt uçurumla bir neçə addım aşağı endi, yenidən əyləşdi. Drenq iri buz parçası götürüb ona tolazladı, amma vura bilmədi; bu əcaib varlığın ürəyini yemək keçdi ağlından.   

Dağı enərkən meymun Drenqin arxasınca düşüb onu qarabaqara izlədi. Drenq bir neçə dəfə ona daş və buz parçaları atdı, amma heç biri dəymədi. Meymun onun yolyoldaşı oldu.

Drenq elə təzəcə krateri keçib aşağı enmişdi ki, fırtına qopdu, yerlə göyü bir-birinə qarışdırdı. O, bir sığın ovladı, onun isti dərisinə bürünüb yuxuya getdi, bacardığı qədər heyvanın hələ də buğlanan qanı ilə qızışmağa çalışdı. Bir neçə saat sonra heyvanın canındakı həyat əlaməti söndü və bədəni soyumağa başladı. Nəhayət, Drenq keyimiş bədəni ilə heyvanın ağır cəmdəyinin altından çıxdı, amma o gecə canını ölümdən birtəhər xilas edə bildi.  

Günəş çıxana qədər şimala tərəf bir neçə mil yol qət edib uzaqlaşdı; parlaq zirvəsi əbədi qarla örtülmüş müqəddəs dağ arxada qaldı. Əbədi odun yerini əbədi qar aldı.

Dağlara yağan qar qalın örtüyə çevrildi, dərələr aramsız yağan yağışlardan aşıb-daşdı, şaqqıltı ilə göydən tökülən dolu səsi ətrafdakı sükutu səksəndirdi. Buz dövrü qətiyyətlə öz yerini tutdu.

Tərcümə etdi: Əyyub QİYAS

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!