İçərişəhər... - Pərviz SEYİDLİ - hekayə

 

Artıq dörd stansiya idi ki, eyni şeyi edirdi. Şəhərdə book kafelərin birində şeir gecəsi var idi, ora gedirdim. Haynrix Böllün yeni aldığım hekayələr kitabını oxuyurdum. Anidən yanımda dayanmış qıza baxdım. Əlində telefon tutmuşdu, üzündən nəyisə etməkdə qərarsız qalmış bir ifadə var idi. Gözucu telefonun ekranına baxdım. İnstagrama şəkil qoymaq istəyirdi, amma tərəddüd edirdi. Qızın üzünə bir az diqqətlə nəzər saldım. O qədər də gözəl deyildi. Şəkildəki qızlardan biri özü idi. Fotoda iki qız var idi. Biri hal-hazırda yanımda dayanmış, böyük tərəddüd içində qalan qız idi. Yarıda saxladığım hekayə sanki məni səslədi və yenidən hekayəmi oxumağa davam elədim. Amma arabir qıza - daha doğrusu, telefonuna göz yetirirdim.

Dörd stansiya gəlmişdik, ancaq qız hələ də şəkli instagrama qoyub-qoymamaqda tərəddüd edirdi. Hər bir effekti yoxlayır, hiss olunurdu ki fotodan razı qalmırdı. Mən artıq bir hekayəni bitirib ikincisinin ortasındaydım. Qız hələ də instagrama şəkil qoya bilməmişdi. Hekayəni oxuyandan sonra kitabı bağladım. Çünki hal-hazırda yanımda dayanmış qızın durumu Böllün spesifik yumoru qədər maraqlı idi.

Qız instagramdan çıxdı, fotonu snapseed foto proqramına yerləşdirib şəklə orda effektlər verməyə başladı.

Qadınların özünə vurğunluğunu bilirdim, amma bir fotonun üzərində bu qədər dayandığını, bu qədər çək-çevir etdiyinin ilk dəfə şahidi olurdum.  Bir azdan bəzi şeylər mənə aydın oldu.

Proqramda elə effekt seçməyə çalışırdı ki, fotoda ancaq özü gözəl görünsün. Fotonun özü olan hissəsinə işıq verir, avtomatik olaraq yanındakı qızın siması qaranlıqlaşırdı. Ancaq neyləsə də, şəkildəki digər qızdan gözəl görünə bilmirdi. O biri qız həqiqətən  çox gözəl idi.  

Yanımda dayanan qız əslində o qədər də eybəcər sayılmazdı, amma o birisiylə müqayisədə qaranlıq gecədə işıqları yanmayan küçə lampasına bənzəyirdi. Özü də bunun fərqində olduğundan bütün gücüylə çalışırdı ki, şəkildəki gözəllik nisbətini heç olmasa yarılaya bilsin. Ancaq neyləsə də alınmırdı.   

Məsəlçün, özü olduğu yerə parlaq filtr verəndə o biri qızın üzünə kölgə düşürdü və həmin qaranlıq ab-hava onu bir qədər də cazibədar göstərirdi. Qız da bunu hiss edib bu dəfə tərsinə edirdi. Özü olan hissəyə qaranlıq ton verirdi, bu dəfə də o biri qızın üzü işıqlanırdı. İşıq qızın bütün gözəlliyini üzə çıxarır, əvəzində yanımda dayanan qızın bütün parlaqlığı itirdi. Yarpaqlarını tökmüş ağac budağına bənzəyirdi.

Başı şəklə qarışdığından ona baxdığımı hiss etməmişdi. Elə hey şəklə effekt verməyə çalışırdı. İstədiyini ala bilməyəndə proqramdan çıxdı, yenidən instagrama girib həmin şəkli seçdi. Bir də bütün filtrləri, effektləri yoxladı.  Hiss edirdim ki, əsəbdən əlləri əsir, bərk gərgindir.

Bir fotoya görə bu qədər əsəb keçirməyin mənası nədir axı?! Yanında dayanmış qızın gözəlliyi onu bu qədərmi narahat edir?! Şərtdirmi həmin fotonu instagrama qoysun?!

O, dayanmadan effektlərlə oynayır, amma istədiyini ala bilmirdi...

Ürəyimdə fikirləşdim ki, bu əla fürsətdir! Hə, bundan yaxşısı ola bilməz! Onsuz da daima başında şübhələri olan gənc yazıçı kimi bu mənim üçün göydəndüşmə oldu.

Üç-dörd gün əvvəl astrofizik dostumun hekayələrim haqqında bir fikri məni bir az da ədəbiyyat haqqında düşünməyə məcbur etmişdi. Demişdi ki, hekayələrin yaxşıdır, gözəldir, amma dünyanı dəyişmək iqtidarında deyil. Sonra əlavə etmişdi ki, ümumiyyətlə heç bir bədii ədəbiyyatın dünyanı dəyişməyə gücü çatmaz. Yazılan bütün əsərlər boş-boş təxəyyül töküntüsündən başqa bir şey deyil.  Mən də hirslənib demişdim ki, guya sənin sənətinin dünyaya çox faydası var axı?! Nəzəri fizikanın bütün müddəaları illüziyadan ibarətdir. Çünki heç birini təcrübədən keçirə bilmirsiz danışdıqlarınız ancaq söz yığınıdır, vəssalam! Bir az da mübahisə edib, çayımızı içəndən sonra sağollaşmışdıq.

Həmin söhbət yenə mənə yazmağın nə qədər vacib olub-olmadığını xatırlatmışdı. Axırda bir nəticəyə gəlirdim. Mən yazmaqdan ləzzət alıram! Bəs yazdıqlarımın özümdən başqa kiməsə bir faydası olurdumu?! Bilmirəm... adamlara ancaq estetik zövq verməkdən ibarətdir mənim kiçik yaradıcılığım. Sosial mövzulardan da həmişə zəhləm gedib...  Amma indi əlimdə fürsət var idi. Gözəllik və çirkinlik məngənəsində vurnuxan bir qıza kömək edə bilərdim. Bax, ancaq həmin an bir yazıçı kimi öz düşüncələrimlə birinə yardımçı ola bilərdim. Nə deyəcəyimi götür-qoy edəndən sonra yanımda dayanan, içində gözəllik müharibəsi gedən qıza bir az da yaxınlaşdım.

-Siz ondan gözəlsiz - sakit səslə dedim.

Qızın barmaqları bir anlıq ekranın sensorunda hərəkətsiz qaldı. Yavaşca çevrilib mənə baxdı. Gözlərimi onun gözlərinə zillədim.

-Düz sözümdür, siz daha gözəlsiz - əlimlə telefonu göstərdim.

Qız əlindəki telefona baxandan sonra üzündə qəribə, utancaqlıqla əsəbin yaratdığı bir ifadəylə mənə baxdı.

-Siz məni güdürsüz?

Bir az susub nə deyəcimi düşündüm.

-Üzr istəyirəm, təsadüfən gözüm sataşdı. Gördüm instagrama şəkil qoymaqda çətinlik çəkirsiz. Mən də dedim ki...

-Sənə nə mənim instagramımdan?! - Bir az yüksək və əsəbi səslə dedi.

Özümdən asılı olmadan ətrafa baxdım, yaxşı ki, bizə fikir verən yox idi. Ürəyimdə fikirləşdim ki, elə hamısından yaxşı yazmaqdır. Xalxın qızını motivasiya edir kişinin oğlu?! Get kitabını oxu, əsərini yaz.

-Bir də üzr istəyirəm - bu dəfə  qəti səslə dedim. Qatar növbəti stansiyaya çatdı. Qızın nə cavab verəcəyini gözləmədən qatarı tərk etmək istəyirdim. Qarşımda dayanan adamların çıxmağını gözləyirdim. Yaxşı ki, elə bu söhbət sahildə - gəlməli olduğum yerdə bitmişdi. Qatardan çıxırdım ki, qızın səsini eşitdim.

-Doğrudan mən ondan gözələm?

Çevrilib qıza baxdım. Üzündə utancaq ifadəylə mənə baxırdı. Mən də ona baxıb gülümsədim. İllərdi öyrəşdiyim bir səs eşitdim. "Qapılar bağlanır, növbəti stansiya İçərişəhər"

-Hansından istəyirsən?

-Şokoladlı olsun.

-İki dənə şokoladlı zəhmət olmasa.

İçərişəhərin dar küçələrini əlimizdə dondurma dolaşmağa başladıq.

-Metroda niyə elə dedin?

-Çünki belə düşünürəm.

-Sən hər düşündüyünü deyirsən?

- Yox. Ancaq demək istəyəndə...

-Səncə, mən doğrudan da ondan gözələm?

-Kimdən?

-Səbinədən...

-Hə. Mən heç vaxt yalan danışmıram.

Biz bir müddət heç nə danışmadan addımladıq. O, dondurmadan bir dişlək alıb yenə soruşdu.

-Axı, mən bilirəm o məndən gözəldir.

-Deməli, sən öz gözəlliyinin fərqində deyilsən.

Yenə susdu... Biz dar küçələrlə yeriyirdik. Bu dəfə mən sual verdim

-Səbinə rəfiqəndir? Niyə o şəkli qoyursan ki, instagrama? O qədər şəkil var ki.

-Hə, ən yaxın rəfiqəmdir.

Biz köhnə qala divarlarının dibindəki skameykada əyləşdik. Mən dondurmanın axrına çıxmışdım. Dondurmanın dadlı yeri elə son hissəsidir. Ləzzətlə dondurmanı yeyib bitirdim. Qız danışmağa davam elədi.

-Səbinə çox gözəl qızdır. Özü də çox yaxşı rəfiqədir. Heç vaxt heç kimə pisliyi dəyməz. Məni də dünyalar qədər çox istəyir. Amma bilirsən, bu artıq neçənci dəfədir olur -o, susub dondurmasını dişlədi.

Mən də bir az susub onun özünü rahat hiss etməsini, davam etməsini gözlədim. Bir anlıq özümü Freyd kimi hiss elədim, onun danışmayacağını görüb özüm sual verdim.

-Neçənci dəfədi nə baş verir?

Qız bir anlıq üzümə baxdı.

-Sən psixoloqsan, mələksən? Kimsən sən? Niyə danışmalıyam ki sənə? - Qız əsəblə üzümə baxıb sonra əlindəki dondurmanı acgözlüklə yeməyə başladı. Sanki hər bir şeyin günahkarı həmin dondurmadır.

Mənə elə gəldi ki, bu dəqiqə qızın içində isti, qızaran xırda kömürlər var və qız həmin dondurmanı içində közərən kömürləri söndürmək üçün belə sürətlə yeyir.

Heç vaxt üstümdən ayırmadığım çantamdan cib salfeti çıxarıb qıza uzatdım. Qız salfeti götürüb əlini, ağzını sildi, sonra mənə tərəf baxmadan danışmağa başladı.

-Əvvəllər buna fikir verməsəm də, getdikcə  hiss edirdim. Əgər hansısa bir yerə Səbinəylə gedirəmsə hamının diqqəti ona yönəlir. İnan ki, bu mənim vecimə də deyil. Amma bir oğlandan xoşum gəlirdi. Məndən bir kurs yuxarı oxuyur. Hiss edirdim ki, onun da mənə meyli var. Bir axşam facebook-da ondan dostluq gəldi. Çox sevindim. Həmin dəqiqə də qəbul elədim. Sonra mənə mesaj yazdı, beləcə bütün gecəni mesajlaşdıq. Səhər də universitetdə görüşdük. Aradan bir həftə keçdi. Biz artıq demək olar ki sevgiliydik. Hər gün görüşürdük, bütün günü bir yerdəydik. Bir gün görüşəndə Səbinəni özümlə də apardım. Onsuz da Səbinə haqqında Turala, Tural haqqında da Səbinəyə danışmışdım. Bir-birlərini qiyabi tanıyırdılar. Bu dəfə üçümüz görüşdük. Yaxşı vaxt keçirdik. 

Bir müddət sonra gördüm ki, Tural mənə qarşı soyuyub. Əvvəllər facebook-da saatlarla yazışardıq, amma indi mənə yazmırdı. Əvəzində nə vaxt baxırdım Səbinənin şəkillərini bəyənir, rəy yazırdı. Ondan ayrıldım...

-Niyə? - Sakitcə soruşdum

-Çünki hiss edirdim ki, məni sevmir. Bütün fikri Səbinənin yanındadır.

-Səbinəyə dedin bu haqda?

-Yox. Utandım. Nə deyəydim. O yazıqlıq nə vardı ki?! Bir dənə təqsiri varsa, o da gözəlliyidir.

-Elə buna görə bir şəklin üstündə bu qədər əlləşirsən?-çantamın ön cibindəki siqaret qutusundan birini çıxarıb yandırdım.

-Yox. Bir il sonra bir oğlanla tanış oldum. Düzü Turaldan sonra kiməsə inanmağım özümə də qəribə gəlirdi. Rəşad məndən bir kurs aşağı oxuyurdu. Universitetdən çıxanda yaxınlaşdı ki səndən xoşum gəlir. Ona yox dedim. Neçə gün əl çəkmədi. Biz dörd-beş gün idi ki, danışırdıq. Arada bir kafedə görüşürdük. Bir gün Səbinə dedi ki, məni də tanış elə. İki gün sonra parkda üçümüz görüşdük. Əla vaxt keçirdik. Sonrası da əvvəlki kimi oldu... -O, bayaq ona verdiyim salfeti əlində didişdirməyə başladı.

-Necə yəni anlamadım?-təəccüblə soruşdum.

-Necə ki, Tural eləmişdi bu dəfə də Rəşad elədi. Mən artıq onun üçün maraqlı deyildim.

-Səbinədən yenə soruşmadın?

-Yox. Özü bir dəfə niyə ayrıldığımızı soruşdu. Dedim ki, hiss elədim mənə qarşı soyuyub. Daha heç nə soruşmadı.

-Səbinənin özünün sevgilisi var?

-Yox. Yoxdur. Deyir mən sevgiyə inanmıram. Qalxaq?

Biz yenə dar küçələrlə gəzməyə başladıq.

-İndi sevgilin var?

-Yoxdur. Mən artıq heç kimi sevmərəm.

-Niyə?

-Çünki mən kimi sevsəm, o Səbinəni sevir.

Bir neçə dəqiqə danışmadıq. Sonra sükutu özü pozdu.

-Arada fikirləşirəm ki, mən çirkin olsaydım oğlanlar əvvəldən mənə maraq göstərməzdilər. Bəs niyə belə olur axı?-Bir az susub əllərimdən yapışdı üzbəüz dayandıq. - Doğrudan deyirsən mən ondan gözələm? Axı mən bilirəm ki O çox gözəldir.

Ona necə təsəlli verəcəyimi düşünə-düşünə dar küçələrin döngəsindən sağa burulduq. Bir az da qabağa gedəndə qarşımızda mənzərə açıldı. Arxamızda qala divarları, qarşımızda Xəzər dənizi parıldayırdı.

Qəribə bir şey oldu. Hə... çox qəribə. Yazanda bəzən olur belə şeylər. Hansısa hekayənin, povestin, romanın elə bir yerinə gəlib çatırsan ki, sanki əllərin səndən asılı olmadan yazmağa başlayır. Bütün sujeti quran, ideyanı verən beyin öz funksiyasını bir anlıq saxlayır, öz fitrətindən beynə damcı-damcı yazı eşqi ötürən ruh bu dəfə özü birbaşa fəaliyyətə keçir. Əslində də əsl ədəbiyyat bunda yaranır. Sən bilirsən ki, əsər yazmısan. Bunu ömründə bir dəfə, cəmi bir dəfə yaşayan yazıçı tam arxayın ola bilər ki, əsl ədəbiyyat yaradıb. Hər halda mən belə düşünürəm.

İndi də elə bir şey oldu. Bu dəfə yazıda yox, real həyatda. Hiss elədim ki, ağlın gücüylə təsəlli edə bilməyəcəyim qıza ruhum kömək etmək qərarına gəlib. Dodaqlarım sanki öz-özünə pıçıldadı.

-Sən İçərişəhərə oxşayırsan - bunu deyib qıza baxdım. Qız da təəccüblə mənə baxdı-Hə. Sən İçərişəhərə oxşayırsan. Mən boş vaxtlarımda bura çox gəlirəm. bilirsən niyə?! Çünki burdan bezmək olmur. Dar küçələrdə neçə ildir gəzirəm, amma heç vaxt buranın yolunu yadımda saxlaya bilmirəm. çünki eyni deyil. Qarışıqdı, rəngarəngdir, bir az da sirlidir. Sənin kimi...

Qız təəccüblə, səssiz-səmirsiz mənə qulaq asırdı. Mən çantadan siqaret qutusunu çıxarıb birini dodaqlarım arasına qoyub yandırmaq istədim. Yay olmasına baxmayaraq, dəniz tərəfdən əsən külək siqareti yandırmağa mane olurdu.  Bir neçə dəfə də yandırmaq istədim amma külək mənimlə sanki bəhsə girmişdi. Qız yaxınlaşıb ovcunu dodaqlarıma yaxınlaşdırdı. Siqareti yandırdım. Qızla yanaşı dayanıb dənizə baxırdıq. Bir-iki qullab vurandan sonra ruhum yenə dodaqlarıma güc gəldi.

-Səbinə də gözəldir, amma onun gözəlliyi-əlimlə bizdən xeyli uzaqda olan bahalı otelləri, göydələnləri göstərdim - bax, o binalar kimidir. Eynidir. Onları yadda saxlamaq asandır. Onların tarixi nə qədər yenidirsə gözəllikləri də bir o qədər kasaddır, bir tərəflidir. Onlar heç vaxt İçərişəhərin dar küçələri kimi sirli-sehirli ola bilməyəcəklər. Səbinə heç vaxt sən ola bilməyəcək.

-Axı mən...-gözləri dolmuş halda danışmaq istəyəndə onun sözlərini kəsdim.

-Axı sən öz gözəlliyinin fərqində deyilsən. Səncə, Allah bir bəndəsini gözəl bir bəndəsini çirkin yaradacaq qədər ədalətsizdirmi?! Yox! Sən öz gözəlliyini duymursan, hiss eləmirsən. Bilirsən, mən indiyə qədər sənin kimi maraqla dondurma yeyən birini görməmişəm. O qədər şirin görünürdün ki... diqqətlə müşahidə etsəm, hələ nə qədər gözəlliklərini saya bilərəm?!

-Bəs onlar...-yenə onun sözünü kəsdim.

-Onlar çünki gözəllikdən anlamırlar. Onlar İçərişəhərdə bir dəfə də olsun sirr qoxusunu ciyərlərinə çəkib dar küçələrdə gəzməyiblər. İndi səninlə dayandığımız yerdən dənizə baxıb Xəzərin bulvardan yox, məhz burdan gözəl göründüyünü hiss etməyiblər. Hündür, gözəl binalar şəhərdə onlarladır amma cəmi bir İçərişəhərimiz var. Bax, sən həmin İçərişəhərsən...

Bu sözləri ona baxmadan deyirdim. Üzümü çevirib ona baxdım, gözlərindən yaş axırdı, amma üzündə qəribə təbəssüm yaranmışdı. Dodaqlarının altında "mən içərəşəhərəm" pıçıldayırdı.

Biz sakitcə bir neçə dəqiqə dənizi seyr edib İçərişəhərdən ayrıldıq. Nə o, nə mən bir-birimizin nömrəsini götürdük. Heç adımızı da bilmədik. Sanki ikimiz də belə olmasını istəyirdik... Mən o qızın yadında mələkvari bir varlıq kimi qalmaq istəyirdim bəlkə o da məni belə xatırlamaq istəyirdi.

Şeir gecəsinin ortalarına çatmışdım. Şairlərdən biri qadın gözəlliyindən şeir oxuyurdu. Ürəyimdə fikirləşdim ki, gərək nə yollasa Səbinənin nömrəsini alaydım...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!