Sirlərin sərgüzəşti... - Kamal Abdulla - Romandan parçalar

"Qış" fəsli - Dördümüncü sirr

Əvvəli: http://edebiyyatqazeti.az/news/proza/3724-sirlerin-serguzesti

Hacı Mir Həsən ağa Səyyah yazırdı:

Novruzəligilin hasar bir qonşuları var idi. Külfətin sahibi Həzrətqulu adında bir molla idi. Molla  Həzrətqulu (ona hərdən Allahqulu da deyirdilər) öz böyük ailəsini dolandırmaq üçün kiminin yasını yola verir, kiminə məktub, ya ərizə yazır, kiminə uzaq yerdən gələn məktubu oxuyub məğzini danışır, kiminə də "Quran" oxumaq öyrədirdi. Mollanın bir qızı var idi, adı Güllü idi, özü də bu qız on altı yaşına təzəcə girmişdi. Novruzəlinin gözü qonşuluqda yaşayan bu qıza düşmüşdü. Hələ xəlvətə salıb hasarın bir tərəfində bu, o biri tərəfində Güllü bir xeyli söhbət də eləmişdilər. Novruzəli Güllüyə evlənib onu da özü ilə Çərxi-fələk ölkəsinə aparmaq istəyirdi. Güllü dinləyib-dinləyib sonra ona bircə sual vermişdi:

- Mən qızlarla bağçada "qaçdı-tutdu" oynayanda başım gicəllənir. Bə mən orada fırlananda necə olacam?!

Novruzəli gülmüşdü. Qıza təskinlik verdi:

- Hamı fırlanmır ki. Yolunu doğru-düzgün getməyənlər yalnız fırlana-fırlana qalırlar.  Sənin bundan qorxun olmasın.

Güllü sakitləşmişdi:

- Atam necə deyər, elə də olar. Məni ondan istə, versə, mən də sənə gələrəm. Çərxi-fələyə də bir yerdə gedərik. - Bunu deyib qız hasarın o tərəfində bərkdən gülmüş və qaçıb evlərinə getmişdi.

Novruzəli hələ bir müddət öz həyətləri tərəfdə hasarın altında durub qızdan bir səs-səmir gözləmişdi. Güllü isə bayaq burda idi, indi artıq evdə idi. Oturub atası molla Allahqulunun dərsini nə zaman bitirəcəyini gözləyirdi. İstədi ki, ondan Çərxi-fələk ölkəsi barədə soruşacaqlarını soruşsun. Atasını gözləyə-gözləyə Güllü dodaqaltı özü-özü üçün yavaşdan hardansa gəlib beyninə girmiş bu misraları nəğmə kimi oxuyurdu:

Miz üstündə yumurta

Oğlan, məni unutma.

Əgər məni unutsan

Məktubumu unutma. 

Bunu dodaqaltı bir neçə dəfə oxuyandan sonra Güllü belə bir fikrə gəldi ki, Novruzəliyə məktub yazsın. Atası ilə edəcəyi söhbəti ona bu məktub vasitəsilə çatdırsın.

Ertəsi gün Novruzəli sabah tezdən hasarın altında eyni yerdə durub o tərəfdən Güllünün gəlməsini gözləyən zaman hasarın o biri üzündən Novruzəlinin ayağı altına bir daş gəlib düşdü. Daş bir kağız parçasına bükülmüşdü. Bu kağız parçası adi kağız deyildi, onun üstündə uşaq xəttilə yazılar yazılmışdı. Bu, bir məktub idi. Güllü öz məktubunu belə başlayırdı:

"Nuri-didə Novruzəli, mən dünən axşam dədəmdən soruşdum ki, Çərxi-fələk deyilən bir məmləkət var, o hardadı, yaxındadı, ya uzaqdadı? Dədəm mənə hirsləndi:

- Qız, sənin Çərxi-fələklə nə işin? Ora gedənlər bir də dönüb geri qayıtmır. Elə oradaca fırlana-fırlana qalırlar. Niyə soruşdun?

- Heç... Gülsənəm (xalasının qızı idi, molla Allahqulu ona "Quran" oxumaq öyrədirdi) dedi ki, o ölkədə səyyah Sindbad yaşayır. Sən mənə onun nağılını danışmışdın, yadında?

- Yadımda, yadımda. Ay key Balaxanım, (Molla Allahqulu qızına hirslənəndə onu belə çağırardı) indiyə Sindbad qalar? O, çoxdan Allahın rəhmətinə gedibdir.

- Gülsənəm dedi ki, o ölkədəki zamanla bizim ölkədəki zaman bir-birinə uyğun gəlmir. O ölkədə zaman yavaşıyır. Bəlkə yaşayır?

- Ay bədbəxtin qızı, Gülsənəm də qələt (səhv) eləyir, sən də. Zaman bütün ölkələr, məmləkətlər üçün eynidir. Sindbad çoxdan ölüb gedib. Bir də bu cürənə boş söhbətlərlə mənim başımı dəng eləmə. Sindbad, yox bir... Əflatun...

Mən gördüm ki, dədəmin bu söhbətdən heç xoşu gəlmədi. Amma Çərxi-fələk ölkəsinə mənim marağım nəinki azaldı, hətta bir xeyli artdı. Məni sən dədəmdən istə. Verər, verər, verməsə, mən sənə qoşulub Çərxi-fələyə qaçmağa həmişə hazıram. Amma bundan donra Çərxi-fələk barədə heç kimə bir kəlmə demə. Bu qoy bizim sirrimiz olsun.

Məktubumun sonunda isə deyirəm ki, oralar deyilənlərə görə, çox soyuq yerlərdi. Sənin isti paltar tədarük etmən gərəkir. Novruzəli, bunu da biləsən. Səninlə gedib o Çərxi-fələyi elə görmək istərəm...".

Güllünün məktubu belə bitirdi:

"Miz üstündə yumurta

Oğlan, məni unutma.

Əgər məni unutsan

Məktubumu unutma".

Həsən müəllimin bu dəfə də məktəbin son ili (bu il faciəli il oldu) yadına düşdü. Daha Həsən və Gülzar bir-birindən ayrı dura bilmirdilər. Hər kəs onları məktəbdə bir-birindən ayrı görəndə təəccüb edirdi. Bu ikisi bir-birilə nəfəs alırdı. Bir-birini bircə gün görməyəndə dünya-aləm dəyirdi bir-birinə. Axır vaxtlar Gülzar lap dəliyə dönmüşdü. İllah da ki, Həsənin şəhərə oxumağa gedəcəyini biləndən sonra həyatı əsl zillət olmuşdu. Çünki o özü şəhərə gedə bilmirdi, kənddə qalacaqdı. Atalığı Nakam və onun bir sözündən çıxa bilməyən anası Sünbül Gülzarı şəhərə buraxmaq istəmədilər. Bir dəfə evdə ona çay gətirən Gülzarın arxasınca göz qoyan Nakam qəfildən ürəyinin şiddətlə vurmasından özü də qorxuya düşdü və gecə yerinə uzanıb fikirli-fikirli Sünbülə belə dedi:

- Qız daha böyüyüb. Saxlamaq çətin olacaq. Ərə vermək lazımdı.

...Həsən artıq birinci kursda oxuyurdu. Qış təzəcə girmişdi. Qonşu kənddə yaşayan əmisi oğlu Həmid axşam yataqxanada gəlib onu tapdı. Həmidin qalmağa yeri yox idi. Həsən onu qaldığı otaqda yerləşdirdi. Özüaçılan yatağı üç çarpayının arasına birtəhər yerləşdirdilər. Yoldaşları da (otaqda üç yoldaş idilər) narazılıq etmədi.

Həmid şəhərə meyvə satmağa gəlmişdi. Bazardakı dəllallara meyvəni uyğun qiymətə təhvil verib Həsənin yanına da əliboş gəlməmişdi. İki şüşə araq, soyutma toyuq, kolbasa, təndir çörəyi, pendir və turşu alıb gətirmişdi. Otaqda xudmani bir məclis düzəltdilər. Həsənlə bir fakültədə oxuyan o biri iki yoldaşı həvəslə əl-ayaq edib stolun üstünü düzəltməklə məsğul oldular. Həsənlə Həmid pəncərəni açıb siqaret çəkə-çəkə söhbətə başladılar. Həmid kənddən təzə xəbərlər gətirmişdi. Xeyli ordan-burdan danışdı. Həsənə artıq bunlar o qədər də maraqlı deyildi. Fikri başqa yerdə idi. Ayın axırına qədər Həmiddən borc pul almaq istəyirdi. Ayaqqabısı su buraxırdı. Daha təmir də kömək eləmirdi. Beynində fırladırdı ki, bunu Həmidə necə desin. Həmid həmişə olduğu kimi böyük-böyük, ərklə ondan soruşanda "əmoğlu, nə lazımındı, korluğun yoxdur ki?" o zaman deyəcəkdi:

- Atangil yaxşıdılar. Anan xəstələnmişdi, şükür, sağaldı. Gəlməmiş gedib görüşdüm. Səməd evlənməyə hazırlaşır qız tapa bilmir, hi-hi-hi-... Həyətinizin mer-meyvəsini çor vurmuşdu, o boyda həyətdən bir quru ərik də çıxmadı. Nə isə...

Deməli, bu ay da, ola bilər, gələn ay da kənddən pul gəlməyəcəkdi. Həsən dilxor oldu. Yenə hər gecə vağzala, yük boşaltmağa gedəcəkdi.

- Sizin kənddə bir qız vardı, özünü evlərinin töyləsində asıb öldürdü. Dayan görüm adı nə idi... hə, Güllü.. Eşitməmisən?

Həsənin ürəyi sancdı. Amma qızın adını eşidib bir balaca toxdadı. Hələ bu Güllü kimdi?

- Yox, Güllü deyildi qızın adı, Gülzar idi, Gülzar...

Həmid siqaretdən dərin qüllab vurdu, üzünü tutdu pəncərədən o tərəfə. Daha sonra o nə dedi, nə demədisə Həsən eşitmədi. Qulağında uğultu yaranmışdı. Həsən bir onu bildi ki, dizləri titrəyir, yıxılmamaq üçün birtəhər yanındakı çarpayının üstünə oturdu. Gözlərini duman örtdü. Səsi güclə çıxdı:

- Niyə?

- Heç kim bilmədi. - Həmid fikirli-fikirli cavab verdi.

***

Molla Allahqulu onun qabağına Hindistan otunun suyunu (çay) qoyan artıq boya-başa çatmış qızı Güllünün arxasınca göz qoya-qoya aralarında sabah  baş verən söhbəti xatırladı. Çərxi-fələk yadına düşdü. Molla Allahqulu fikrə getdi və öz-özünə dodaqaltı belə dedi: "Qız daha böyüyüb, vermək lazımdı getsin... Çərxi-fələyi də unutsun".

Novruzəli Güllünün məktubunu ürəyinin başında gəzdirir, hər boş dəqiqəsində hamıdan aralanıb dönə-dönə oxuyurdu. Artıq Novruzəli, demək olar ki, məktubu əzbərləmişdi. Ürəyində sözbəsöz, cümlə-cümlə o da qıza məktub yazmağında idi. Onun məktubu Güllünün məktubu bitən yerdən, bir-iki xırda düzəlişdən sonra belə başlayırdı:

Miz üstündə yumurta

Ay qız, məni unutma.

Əgər məni unutsan

Məktubumu unutma

Novruzəli yazırdı ki, artıq yavaş-yavaş qış tədarükünə başlayıbdır. Özünə və Güllüyə rus diyarından gələn iki xəz üstlük alıb. İsti corablar, ayaqqabıları da tezliklə alacaq. Ən əsası isə bu idi ki, böyük qardaşına deyəcəkdi, atası ilə danışsın və qonşu ailələr bu evlənmək məsələsinə başlasınlar.

Novruzəli yazırdı ki, dünyada onun qədər xoşbəxt ikiminci bir şəxs tapmaq mümkün deyil, çünki əvvəla, bir könüldən min könülə vurulduğu Güllünün də qəlbinə girə bildiyi üçün, ikiminci, ən vacib arzusuna - Çərxi-fələk məmləkətinə getmək arzusuna - qızın, yəni Güllünün də şərik olduğu üçün. Qalan başqa heç nə Novruzəlinin vecinə deyildi. Qız məktubu oxuyub xoşbəxt olmuşdu.

Günlərin bir günü Novruzəli qəlbindəki sirri açıb qardaşı Nəzərəliyə danışır və ondan təvəqqe edir ki, atasına onun arzusunu çatdırsın və atası gedib molla Allahquludan qızı istəsin.

Nəzərəli qardaşına söz verir. Bunun üstündən bir müddət keçir. Nəzərəli məqam gözləyir və günlərin bir günü atasına belə deyir:

- Əziz ata, mən çox şübhəliyəm. Novruzəli heç gözümə yaxşı dəymir.

- Yenə nədi? - Tacir Məhəmmədəli dilxor oldu və ürəyi səksəkəli halda soruşdu.

- Hər nədisə, artıq olubdu.

Tacir Məhəmmədəlinin ürəyinə nə damdı, nə dammadısa, əhvalı dəyişdi. Axır vaxtlar o, səksəkəli idi - hər dəqiqə gözləyirdi ki, Novruzəli barəsində nə isə bir bəd xəbər eşitsin, bunu da Nəzərəlinin sayəsində indicə eşitdi. Eşitcək, elə bil, bir az da qəmə, dərdə batmaq əvəzinə, əksinə, asudə oldu. Hansısa yükdən canını qurtardı. Bu yük oğlu Novruzəliyə bəslədiyi məhəbbət və sevgi yükü idi. Tacir Məhəmmədəli Nəzərəlini dinlədikcə qəlbindəki bu yükün onu artıq tərk etdiyini anladı. Heç bir ağrı-fılan da hiss etmədi. Hər şey asan başa gəldi. Nəzərəli deyirdi:

- Ata, bu gör hələ bir indi nə söyləyir?!

Tacir Məhəmmədəli xeyli laübali bir halda soruşdu:

- İndi nə söyləyir? İstədiyi nədir?

- Ata, bu mənə deyir ki,  mən (yəni Novruzəli) bilirəm, atamız malını-dövlətini harda gizlədib. Bu yer bizim arxa bağçada bir ağacın dibindədi. Bihudə deyil ki, onun yataq otağındakı pəncərə də o bağçaya baxır. Özü də tez-tez gecələr bağçaya gəzməyə çıxır, görünür, pul-para basdırdığı yerə bir o qədər etibarı yoxdur. Oğrudan-quldurdan, əlbət, ehtiyat edir. Gəl, biz ikimiz gecə vaxtı onu güdək, qızılların yerini dəqiq öyrənək. Gecəyə ümid yoxdu, gündüzlər o, bazarda olarkən biz işimizi görək, pulları, qızılları götürüb aramızda bölək. Sonra mən çıxıb Çərxi-fələyə, sən özün bilərsən... Ata, Novruzəli mənə bunları dedi.

Tacir Məhəmmədəlinin üzündəki qırışların biri  belə tərpənmədi. Elə bil, söhbət onun sevimli oğlunun xəyanətindən getmirdi. Çünki Novruzəli barədə fikri qətiləşmiş, ürəyində onu özünə bağlayan son xətti də kəsib atmışdı.

- Deməli, belə... - Handan hana bir xeyli susduqdan sonra tacir Məhəmmədəli, nəhayət, dilləndi. - Sən ona de ki, onunla razısan. Bu gün keçdi, gəl sabah bu işi görək de.

Bu sözləri deyəndən sonra tacir Məhəmmədəlinin üzünün qırışları, elə bil, dərin yuxudan ayılıb tərpənən kimi oldu, sonra yenidən sərtləşdi, qaşları çatıldı və o, bərk fikrə getdi.

Nəzərəli elə haman axşam evdə qardaşını bir tərəfə çəkib atası ilə olan söhbəti, amma tamam başqa şəkildə ona çatdırdı. Nəzərəli belə dedi:

- Gəl biz sabah gecə atamızı izləyək.

- Nə üçün? - Novruzəli sidq-ürəkdən təəccüb etdi. Çünki Novruzəlinin onun dilindən atasına dediklərindən xəbəri yoxdu.

- Çünki o hər gecə bağçada gəzir, ağacların arası ilə ora-bura gedir. Qaçaq-quldur, oğru-azğın olar, gəlib buna xətər yetirər.

- Hə...

- Biz onu izləyək ki, arxasınca düşən olsa dadına çataq.

- Doğru deyirsən. Bu işi görək. O axı bizim sevimli atamızdır. Özünə deyək?

- Yox, deməyək. Qoy əsəbnak olmasın.

Nəzərəli məsələni kökündən həll eləmək istədi:

- Amma gəl, bu işə bu gecə yox, sabah gecə başlayaq.

- Bə belə niyə?

- Tədarükümüzü görək ki, quldurlarla qarşı-qarşıya gəlsək, cavablarını verə bilək.

- Yenə də doğru deyirsən. Tədarükümüzü görək.

Qardaşlar şərtləşdilər. Nəzərəli gəlib atasına dedi:

- Ata, Novruzəlinin fikri sabah gecə silah-sursat götürüb səni izləmək və sənin arxanca bağçada gəzib basdırdığın dəfinənin yerini öyrənməkdir.

-  Gəlsin, gəlsin. Deməli, silah götürəcək, eləmi?! Deməli, sabah gecə... Noolar?! Mən ona dəfinə nədir, göstərrəm. O mənim arxamca gəldiyi zaman sən də onun arxasınca gəl. Bağçada armud ağacının altında iki boğaz öskürərsən. Elə öskür ki, mən eşidim. Özün də öskürəndən sonra qaç get evə, daha bağçada görünmə.

Qardaşları ilə Həlimənin arasına son zamanlar sanki bir soyuqluq düşmüşdü. Üzdə, dildə əvvəlki kimi idilər - mehriban, gülərüz... Amma ürəklərində, ürəklərinin dərinində qarşısıalınmaz narazılıqlar yaranmaqda idi. Bunun əsl səbəbini heç biri dilinə gətirmirdi. Amma bu iki qardaş və bir bacı bu narazılığın əsl səbəbini bilirdi. Səbəb ataları ilə, onun indiki xəstə vəziyyəti ilə bağlı idi. Həftələrlə ata yanına gəlməyən qardaşlar (hər birinin öz evi, ailəsi var idi) yenidən ata evinə ayaq açmağa başlamışdılar. Əvvəl-əvvəl Həlimə bunu ancaq atasının xəstəliyi ilə bağladı. Sonra aralarında baş verən söhbətlərin məcrası get-gedə dəyişməyə başladı. Bu söhbətlərə yeni mövzular, yeni çalarlar daxil edilməyə başladı - əvvəlcə ehtiyatla, eyhamla, sonra isə açıq-aşkar şəkildə qardaşların məqsədi üzə çıxdı, dəruni istəkləri bilindi.

Məqsəd və istəkləri isə bundan ibarət idi: atalarının evini satıb pulunu bölmək. Bu məsələni indi, ataları dünyadan köçmədən etmək istəyirdilər. Qardaşlar bu barədə çox asanlıqla, adi bir məsələdən danışırmışlar kimi danışırdılar. Düşünürdülər ki, ataları onsuz da harda yaşadığını xatırlamır, bilmir, onunçün yaşadığı yerin nə fərqi var?! Beşotaqlı mənzil olmasın, bir otaqlı, uzaqbaşı ikiotaqlı mənzil olsun. Ya da lap elə bağ evinə köçmək olar. Balaca təmirdən sonra oralar əla olar. Həlimə ilk dəfə bu söhbəti eşidəndə diksinmişdi:

- Mənə bu evlə bağlı heç nə lazım deyil. Amma axı ayıbdı, qonum-qonşu var... Qohum var. Bu məsələni qaldırmağın vallah, vaxtı deyil axı...

Həsən müəllimin beşotaqlı mənzili Sahil bağına yaxın bir yerdə idi. Bu uzun binanın böyük həyəti var idi. Bu həyətdə maşın saxlamaq problem olmasa da, bununla belə, həyətin bir bucağında bir-birinin yanında inkubator cücələri kimi qurulmuş dörd dəmir qarajdan biri Həsən müəllimə məxsus idi və o köhnə zamanların yadigarı olan öz "Volqa" maşınını bu dəmir qarajda saxlayırdı. Bu "Volqa" sapsağlam maşın idi, az sürülmüşdü - Bəyimin sağlığında bazar günü, həftədə bir dəfə - bağa. Vəssəlam. Həsən müəllimi rəhbərlik etdiyi institutun xidməti maşını aparıb gətirirdi. Bəyimin ölümündən və Həsən müəllim xəstəlik tapandan sonra "Volqa"nı  uzun zaman sürən olmamışdı. Həsən müəllimin son dəfə evdən nə zaman çıxmağı nəinki özünün, heç kimin yadında deyildi. "Volqa" da o zamandan bəri qaraja pərçim olub qalmışdı.

Söhbəti üçü bir yerdə olan zaman Həsən müəllimin böyük oğlu Əliqismət açdı:

- Bilirsiniz, vəziyyət ki, bu cürdü, mən heç inanmıram, bu kişi sağala. Nə edəcəyik? - Əliqismət ehtiyatla soruşdu.

Zaurun cavabı ləngimədi:

- Biz bu məsələni əvvəl-axır həll eləməliyik. Nə qədər tez olsa, o qədər yaxşıdı. Evlər qiymətdən get-gedə düşür. - Qardaşlar öz aralarında məsələni artıq götür-qoy eləmişdilər. Bir qalmışdı "pəncşənbənin" nöqtələrini düzmək, yəni "necə satmaq", "necə bölmək", "kimin payına nə düşəcək?" kimi suallara cavab tapmaq. Bəlkə də (hər halda Həliməyə belə gəldi) onlar bacılarının ağzını arayırdılar.

Həlimə üz-gözünü turşudub dedi:

- Mənim gözüm heç nədə yoxdu. Amma mən istəyirəm ki, atam ömrünün axırınadək bu evdə yaşasın. Noolsun, heç nə yadında deyil. Dəxli yoxdu. Bu evdə!.. - Həlimə doluxsundu. - Sonra nə edərsiz, etməzsiz, özünüz bilərsiz.

- Mən deyirəm, amma sən qulaq asmaq istəmirsən. Ay qız, evlər gün-gündən qiymətdən düşür, bu proses nə zaman bitəcək - bilinmir. Görürsən, şəhərdə nə qədər ucamərtəbəli evlər tikilir?! Görürsən...

- Yox, yox, yox. Mən sözümü dedim. - Həlimə öz fikrində qəti idi. 

Zaur Əliqismətin üzünə mənalı-mənalı baxdı. Əliqismət bir az düşünüb üzünü Həliməyə tutdu:

- Bəlkə sənin ərini də çağıraq, məsələni onunla bir yerdə müzakirə edək?..

- Axı bu adam (atasını nəzərdə tuturdu) heç özü də bilmir ki, hansı evdə yaşayır, kiminlə yaşayır, eh... - Zaur əlini yellədi. - Onunçün fərqi var?!

- Hə, bu da doğrudur... - Əliqismət yenə də fikirli-fikirli dilləndi.

- Olsun. Heç kimi çağırmaq lazım deyil. Biz bu məsələni, hər necə olsa da, indi heç cür həll edə bilməyəcəyik. - Tanıdı, tanımadı. Mən deyirəm: olmaz! - Birdən Həlimə dözmədi, hönkürtü vurub ağladı. - Göz yaşları içində bu sözləri dedi. - Siz heç bilirsiz neynirsiz? Sizə ayıb deyil?! Sağ bir adamın özü də kimin - doğma atanızın malını bölüşürsüz. Bunu Allah götürər?

Həlimə susdu və üzünü əlləri arasına alıb bərk-bərk örtdü, heç kimi daha görmək istəmədi. Əliqismət onun titrəyən çiyinlərini qucaqlayıb üzündən (əslində, üzünü örtən əllərindən) öpə-öpə sakitləşdirməyə çalışdı. Gözünü Zaura ağardaraq (yəni "sən danışma, sonra... sonra") - dedi:

- Yaxşi, qızım, sakit ol. Biz indi nə dedik ki? Bu saat nə ev satan var, nə də ev alan. Qalsın... qalsın münasib vaxta,.. yəni başqa vaxta. Sakit ol, bax belə... sakit ol...

Həlimə hikkə ilə ayağa qalxdı və daha heç bir söz demədən çıxıb getdi anasının otağına, qapını da arxasınca bağladı. Bəyim artıq yatırdı.

Bir azdan Həlimə bayır qapının şaqqıltı ilə örtülməsindən bildi ki, qardaşları çıxıb getdilər.

Yan otaqdan Həsən müəllimin xorultusu gəlirdi. Bu amansız xorultunun səsinə ancaq anası Bəyim dözə bilərdi, necə ki, illər boyu (daha doğrusu, gecələr boyu) dözmüşdü. O, qızının yanına uzandı. Həlimənin üzünü ilıq bir təbəssüm bürüdü.

Qardaşlar üçüncü mərtəbədən pilləkənlərlə üzüaşağı dinməzcə endilər və blokdan çıxıb həyətin soyuq havasını ləzzətlə ciyərlərinə çəkdilər. Əliqismət dedi:

- Belə-belə işlər, mən sənə dedim axı, çətin olacaq.

- Hə... bunun əri ilə danışmaq lazımdır. Özü deməklə deyil. O bundan ağıllı olar. Buna qulaq asmayaq. Ərini də söhbətə çağırmaq lazımdı.

- Əvvəlcə sən yeznə ilə ayrıca danış, sonra çağır. Yaxşı?! Di, xudahafiz.

- Sağ ol.

Onlar əl-ələ vermədən ayrılıb həyətin müxtəlif tərəflərinə doğru getdilər. Həyətdə biri bu başda, biri də o biri başa aparan iki çıxışı vardı, hər biri başqa-başqa küçələrə çıxırdı.

Sonra, gecənin bir yarısı yuxudan ayılan Həsən müəllim yaxşı başa düşə bilmədi ki, yuxusunda aydın şəkildə gördüyü vaqeə nə deməkdir, bu bəzən qarmaqarışıq, bəzən son dərəcə aydın yuxu parçaları necə olur ki, bir-birinə qovuşub mənalı və məntiqli bütöv əmələ gətirirlər. Əlbəttə, bu da bir sirr idi. Amma Həsən müəllimə o da aydın olmadı ki, bu növbəti sirri o öz yuxusunda görmüşdü, yoxsa bu da digər sirlər kimi onun yazı masasındakı kağızlarda üzə çıxdı. Bir şeyə şübhə yox idi, bu sirri də Səyyah göndərmişdi. Hacı Mir Həsən ağa Səyyah öz növbəti göndərişini bu dəfə belə başlayırdı:

Mən səyahətlərimin birində gəlib böyük dəryanın ortasında yerləşən Şra Sinda adlı adaya çatdım. Bu ada çox böyük bir ada idi, hətta bir ucu quru ilə gedib Hindistana qədər çatırdı. Bu adanın il boyu təbiəti çox mülayim olur və adamlar demək olar ki, yarıçılpaq gəzirlər. Əhali gəlmələrə hörmətlə yanaşır. Böyüyə ehtiram, yaşlı adamlara nəzakətli davranış var. Onlar bizim ölkəmiz barədə məlumata malik deyillər. Amma onların Çərxi-fələk barədə xəbərlərinin olması məni təəccübləndirdi. Mən onlara Görükməz Təpə, Sehrbazlar dərəsi barədə danışdım. Mənə elə gəldi ki, onlar mənə inanmadılar. Onlar elə bilirlər ki, sehrbazlar, cadugər yalnız Şra Sinda məmləkətində ola bilər. Bu münasibətlə, adamlar mənə öz nağıllarını, rəvayətlərini danışdı, onlardan bəzilərini mən özümçün yazdım. Şra Sinda rəvayətlərindən biri belə idi. Olduğu kimi danışıram. Sirr bu rəvayətin hər cümləsindən boylanir, açılışı isə o biri cümləsində yenidən gizlənir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!