Gil ovsun... - Vaqif Sultanlı - hekayə

 

 

Adam tozlu dikdiri aşaraq çayın sahilinə endi. Susuzluqdan dili ağzında quruyub qaxaca dönmüş, dodaqları cadar-cadar olmuşdu. Çayın bulanıq suyundan ovuclayıb içərək bir qədər özünə gəldi.

Göydən od ələnirdi.

Bir xeyli dayanıb şırıltı ilə axan suyun səsini dinlədi. Çayın kənarı boyunca uzanan gölməçədə xırdaca balıqlar gözə dəyirdi. Etinasız baxışlarla suda qaynaşan canlıları süzdü - balığın nə olduğunu bilmirdi.

Çayın yaşıllıqlarla örtülü qarşı sahili sirli bir ehtirasla onu özünə çəkdiyindən baxışlarını o səmtdən yığammırdı. Ancaq qarşı sahilə nə sayaq keçəcəyini kəsdirə bilmədiyindən çarəsizcəsinə aşağı-yuxarı gəzib-dolaşırdı.

Sonra nə fikirləşdisə özünü suya vurdu. Suyun sərinliyinin vücuduna yaydığı həzz bir anlığa harda olduğunu unutdurdu. Özünə dönüncə çayın içərisilə xeyli irəlilədiyini duydu.

Sahildən aralandıqca axının müqaviməti güclənir, müvazinətini saxlamaqda çətinlik çəkirdi. Bir yandan da suyun vahiməsi onu basırdı. Ancaq su sinəsinə qalxana qədər irəlilədi. Ancaq çay get-gedə dərinləşdiyindən suyun onu alıb aparacağından qorxub dayandı - üzməyi bilmirdi.

Çayın bərq vuran ləpələri gözlərini qamaşdırır, dünya başdan-başa su şəklində görünürdü. Qarşı sahilə keçə bilməyəcəyini anlayaraq suyu yara-yara geri döndü.

Quruya çıxınca bərk yorulduğunu hiss etdi. İsti tozun üzərində uzanıb bir qədər dincini aldı; sonra yulğun pöhrələrinin arasından keçib dikdirin üstünə qalxaraq yenidən çayın o biri sahilini seyr etməyə başladı. Qarşı sahil uzaqdan o qədər sirli-sehrli görünürdü ki, çayı adlamaqdan savayı heç nə barədə düşünə bilmirdi.

Xeyli fikirləşəndən sonra o biri sahilə keçmək üçün münasib yer tapmaq ümidilə çayın mənbəyinə sarı getməyə başladı. Yol rahat deyildi, bəzən çayın sahilini örtən kol-kosun arasıyla addımlamalı, bəzənsə daşların, qayaların üstündən adlayıb keçməli olurdu.

Günlərlə yol gedəndən sonra, nəhayət, çayın nazilib axdığı yerə yetişdi. Burda çay dayaz olduğundan suyun dibi görünürdü, o biri sahilə keçməyin elə bir çətinliyi yoxdu. Suya girib qarşı sahilə keçdi və bu dəfə çayın axarı istiqamətində getməyə başladı.

Adam neçə gündən bəri yol gəldiyindən yorulub əldən düşmüşdü. Ancaq buna baxmayaraq dayanıb bir azca yorğunluğunu almaq deyil, heç nəfəsini dərmək belə istəmirdi.

Nə zamandan bəri tərs bir inadla onu özünə çəkən qarşı sahil indi o qədər də cazibədar görünmürdü. Bu yerlərin keçib gəldiyi sahildən elə bir fərqinin olmadığını hiss edincə yenidən hər şey nəzərlərində adiləşməyə başladı. Bəlkə zənnində yanıldığını düşünərək çayın qarşı sahili boyunca xeyli yürüdü. Ancaq fərqi yox idi; uzaqdan ona sirli-sehrli görünən bu yerlərdə qəribə heç bir şey gözə dəymirdi.

Nə edəcəyini kəsdirmək üçün bir anlığa dayanıb durdu.

Qürubla birgə yer üzünə yayılan dözülməz bürküdən nəfəs almaq mümkün deyildi. Hərdən anidən havalanan və dərhal da öləziyən isti yel hardansa uzaqlardan qəribə bir qoxunu çəkib gətirirdi. O, burnunu qıcıqlandıran qoxunu hiss etsə də, əhəmiyyət vermədi - qoxunun nə olduğunu bilmirdi.

Adam çayın sahilindən uzaqlaşdı.

Qarşıda zirvəsi buludlara millənən sıra dağlar uzanıb gedirdi. Nə zamandan bəriydi ki, uzaqdan-uzağa seyr etdiyi bu dağların qapalı, əlçatmaz bir dünyaya açıldığını düşünürdü. O, dağların arxasında hər şeyin bambaşqa olduğunu xəyal edir, qəlbinin dərinliyində o yerlərə varmaq arzusu çağlayırdı. Ancaq yolun uzunluğumu, dağın ucalığımı, ya hansı bir səbəbsə qarşısını kəsir, niyyətini gerçəkləşdirməyə imkan vermirdi.

İndi birdən-birə nə fikirləşdisə, qəti qərarını verdi və dağın zirvəsinə doğru yürüməyə başladı. Yol daşlı-kəsəkliydi, bəzən dərin yarğanların, uçurumların içərisindən, bəzənsə sıldırım qayalardan keçməli olurdu. Buna baxmayaraq, inadla tutduğu səmtə doğru irəliləyirdi.

Zirvəyə doğru getdikcə gedir, yol bitmək-tükənmək bilmirdi, sanki dağa yaxınlaşmaq əvəzinə bir az da uzaqlaşırdı.

Arada dayanıb geriyə boylanır, keçib gəldiyi məsafəni xəyalən ölçür, sonra yenidən yoluna davam edirdi.

Hərdən ona elə gəlirdi ki, heç vədə dağın zirvəsinə yetişə bilməyəcək. Ancaq geri dönmək niyyətində də deyildi, arxada onu həyata bağlayacaq bir şey qalmamışdı.

Beləcə, neçə günün yolçuluğundan sonra, nəhayət, dağın zirvəsinə qalxa bildi və taqətsiz halda bir daşın üstünə çökdü.

Bir azdan günəş qüruba enincə düz-dünya qaranlığa büründü, başının üstündəki geniş səma Ayla, ulduzla bəzəndi...

Gecənin, qaranlığın sirrinə bürünərək dərin yuxuya getdi.

Yuxudan oyananda uzun yolun yorğunluğu canından çıxmış, zehni, düşüncəsi dupduru durulmuşdu.

Dağın zirvəsindən yer üzü ovuc içi kimi apaydın görünürdü.

Adam ilk dəfə görürmüş kimi dünyanı seyr etməyə başladı.

Günəşin doğuşu ilə torpaqla səmanın qovuşduğu uzaq üfüqlər qızılı rəngə boyanmışdı. Göy üzünə səpələnən sərgərdan buludlar başının üstündən axıb-keçir, bir az aşağıda qartallar səssiz-səssiz dövrə vururdu.

Yer üzünü bunca yüksəklikdən seyr etməmişdi. Sanki dağın zirvəsinə deyil, dünyanın üstünə çıxmışdı.

Bu möhtəşəm heyranlıq uzun sürmədi. İndi də göz işlədikcə uzanıb gedən yerlə göyün birləşdiyi sirli üfüqlər onu cəkirdi.

Dağın zirvəsinə aparan uzun yolçuluğun səngitdiyi, unutdurduğu əski duyğuları yenidən oyanmağa, ruhunu sarmağa başlamışdı. Dünyanı yüksəklikdən seyr etdikcə gözləri qarşısında açılan sonsuzluq onu heyrətləndirməklə yanaşı, qorxudurdu. Sonsuzluğun nə olduğunu anlamadığından qarşısında açılan bu hüdudsuz mənzərəni yayğın nəzərlərlə süzür, süzürdü...

Üfüqlərə sarı baş aldı...

Qumlu səhralardan, yovşanlı, yulğunlu çöllərdən, bozkırlardan, yaşıl ormanlardan keçərək günlərlə yürüsə də, yolun sonuna vara bilmədi. Qürubun yaxınlaşdırdığı üfüqlər dan yerinin söküşü ilə təkrar uzaqlaşır, hər şey yenidən başlayırdı. Bu sonsuz yolçuluqda əriyən zamanın xofu ruhunu sinsidirdi.

Adamın içində özünə də bəlli olmayan qəribə bir duyğu çağlayırdı. Bu duyğu nəydisə, köksündə yuva salandan bəri bir yerdə qərarlaşa bilmir, dincliyinin, asudəliyinin büsbütün yox olduğunu anlayırdı. Bir-birini əvəzləyən gecəylə gündüzün təkrar dönüşünün yer üzünə gətirdiyi yeknəsəqlik onu yorur, halsızlaşdırır, düşüncələrinə nəyisə, nələrisə yükləyirdi. Sanki ayaqlarının altındakı torpaqla başının üstündəki göy qübbəsi arasında sıxılır, bu sıxıntıdan qopmaq, qurtulmaq üçün nə etmək lazım olduğunu bilmirdi.

Olub bitən hər şey yuxuyla oyaqlıq arasında baş verirmiş kimi görünürdü. Ancaq bunların sərhədi qarışdığından aralarındakı fərqi qavramaqda çətinlik çəkirdi. Bəzən özünü, varlığını, içini çalxalandıran həyəcanlarını unudur, həyatın dönülməz, qaçılmaz axarına buraxıldığını düşünürdü. Qarşısında dərin uçurum kimi açılan tənhalıq onu darıxdırır, bu hüdudsuz genişlikdə özünə yer tapa bilmirdi.

Qəfildən bir hənirti duydu.

...Başını qaldırınca qarşısında özü kimi bir adamın dayandığını gördü. İxtiyarsız olaraq ayaq saxladı. Ancaq qarşısındakı adamın vücudunda bir az fərqliliklər sezilirdi - qadın idi.

Təəccüblə bir özünü, bir qadını gözdən keçirdi. İndiyədək qadın görməmişdi - qadının nə olduğunu bilmirdi. Adam özü də duymadan qarşısındakı gözəlliyin əsirinə çevrilmişdi.

Qarşıdan əsən külək qadının mum rənginə çalan pırtlaşıq saçlarını kürəyinə sovurur, vücudunda sevgi və ehtiras çağlayırdı. 

Baxışları qarşılaşınca qadının üzündə ürkək bir təbəssüm gəzdi və bir andaca dünya gözlərində özgə bir rəngə büründü.

Adam ayaqları qıfıllanıbmış kimi yerindəcə quruyub qalmış, ona ilğım kimi görünən bu gözəlliyin qəfil yoxa çıxacağından ehtiyatlanırdı.

Sonra qadının incə dodaqlarından bir söz qopdu. Adam heç nə anlamadı - sözün nə olduğunu bilmirdi. Bir şey anlamasa da, səsin zərifliyi ruhuna işlədi, ağlını başından alıb apardı.

Adam içinin bilinməzliyində qərib, məhrəm duyğuya bənzər nələrinsə cücərib qalxdığını hiss edirdi.

Sanki ovsunlanmışdı.

Qadının sayrışan vücudu, azğın bir ehtirasla onu özünə çəkdikcə həyatın öyrətdikləri hər şey dəyərini itirir, onu qəfəs kimi sıxan dünyanın nəhəng genişliyindən sıyrılıb çıxmaq istəyirdi.

Daşkənd-Səmərqənd-Bakı

10-14 oktyabr 2018

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!