Xatirə... - Elşad BARAT - hekayə

 

Əvvəli: http://edebiyyatqazeti.az/news/proza/3700-xatire

Bu xəbər Çibnazı yerindən oynatdı. Az qaldı sevincindən atılıb-düşsün. Qardaşının toyunda ayaqyalın oynamağa qədər bir anlığa hər şeyi xəyal etdi. Həm də bu məsələ baş tutsaydı, onun da yeri yaxşı olardı. Çünki Xatirənin qayınatası Fətan kişi onun qayınatası Ağaxanla dost-doğma qardaş idilər.

Qız-qıza söhbəti böyüdükcə aləm qarışırdı. Bu məsələ Malikin heç xoşuna gəlmədi. Qızlar hamısı beşəlli razılaşdı. Onlar üçün ən önəmlisi o idi ki, qardaş toyu olacaq, doyunca oynayacaqlar. Heç kim Cəmildən soruşmurdu ki, bala, sən Xatirənin baldızı Tahirəylə evlənməyə razısanmı? Heç Cəmil də ağzını açıb kəlmə kəsmirdi. Necə oldusa, qızlardan hansınınsa ağlına gəldi ki, Tahirə Cəmildən çox böyükdür. Həm də çox çirkin qızdır. Elə bil hamı yatmışdı. Oyandılar ki, Cəmil hara, Tahirə hara? Elə bil ana-baladırlar.

Çibnaza görə bu məsələni qəti şəkildə pozmaq olmazdı. Ona görə başqa yollar axtardı. Tapdı da. Hamıya car çəkdi ki, lallarlı Aydının evdə gözmuncuğu kimi bir qızı var, əziz balanın əlinə verməzsən. Həm də Cəmildən xeyli kiçikdir. Hamı bir ağızdan razılaşdı. Qədir kişinin də ürəyindən oldu. Çünki Aydın da Fətan kişinin kiçik qardaşıydı. Qız-qıza məsələsi baş tuturdu.

Qədir kişinin evində çox söz-söhbətlər oldu, Cəmilin başında çox planlar, arzular, xəyallar quruldu. Aydın kişinin qızı Ruhəngizin evdə şəkli qalmadı, Çibnaz daşıyıb Cəmilə göstərdi.

Cəmil üçün Xatirənin taleyi, ailəsinin dağılmaması, xoşbəxtliyi çox önəmliydi. Ona görə də deyilənlərlə razılaşırdı. Həm də lap əvvəl Ruhəngizdən xoşu gəlmişdi. Sonra şəkillərdən sevmişdi onu. Yuxusunda dəfələrlə toy eləmişdi özünə. Ruhəngizi gəlin maşınında xəyal etməkdən yorulmurdu. Dəli kimi aşiq olmuşdu.

Sumarə arvad bu qız-qıza söhbətinə elə sevinirdi, elə sevinirdi ki, az qalırdı həyətin ortasındaca qol qaldırıb oynasın. Bir tərəfdən qızı Xatirənin əzabları bitəcəkdi, digər tərəfdən gəlini gələcəkdi. 

Cəmilin gecəsi-gündüzü yoxuydu. Ruhəngizin şəkillərini qucaqlamasaydı, yata bilməzdi. Heç kimin toy haqqında danışmaması onu özündən çıxarırdı, səbirsizləşirdi. Elə bil hamı ona Ruhəngizi sevdirəndən sonra çəkilib qıraqda dayanmışdı. Artıq dözə bilmiridi, şəkillərdən sevdiyi qızı qaçırmaq qərarına gəldi. Heç nə düşünmədən, heç kimlə məsləhətləşmədən, gedib Ruhəngizi maşına qoyub gətirdi.

Qədir kişinin həftədə üç toy eləmək imkanı var idi. Həyətində bəslənən cöngələrdən üçünü satıb işə başladı. Dəvətnamələr üç gün sonraya yazıldı. Bütün qızlara xəbər yetişdi. Toyxana tikildi, xonçalar bağlandı.

Xatirənin gəlin köçdüyü evdən heç kim toya gəlməmişdi. Acığından elə oynayırdı ki, elə bil bir də toy görməyəcəkdi. Ayaqlarının altı suluqlayana qədər oynadı.

Toyun səhəri Xatirənin sancısı tutdu, uşaq gəlirdi. Tələm-tələsik rayona apardılar. Həkimlər demişdi, toyda çox atılıb-düşüb, yaxşı ki, uşağa ziyan eləməyib. Həmin gün Xatirənin qızı oldu. Adını Rufanə qoydular. Əl boyda uşaq idi, dayanmadan ağlayırdı.

Rufanənin çiləsi çıxmamış bibiləri anasını döyüb qovdular. Xatirə qucağında körpə uşaq, ayaqyalın, başı açıq dağı aşıb dədəsinin evinə gəlmişdi. Xəbəri eşidən bacıları, qardaşı, yaxın qohumları Qədir kişinin evinə axışdı. Hamı məsələyə etiraz edir, ağız deyəni qulaq eşitmirdi. Elə bil məhkəmə qurulmuş, hakim ədalətsiz qərar verib etirazlarla üzləşmişdi. Onda Ruhəngiz bircə ayın gəliniydi. Dindirsəydin dinməzdi. Tez-tez çay dəmləyib camaata paylayırdı. Başına gələcəklərdən xəbəri də yoxuydu.

Hamı qərara gəlmişdi ki, Ruhəngiz dədəsinin evinə göndərilsin. Nə vaxt onlar Xatirəylə adam kimi davranar, onda biz də bunu qəbul edərik. Bu qərar Cəmilin ürəyincə olmadı. Amma çıxış yolu yoxuydu. 

Çox çəkmədi ki, Xatirənin qayınanası Xanımla qaynı Elşad gəldi. Qədir kişi çox danışdı, hirsləndi, qışqırdı, axırda Xatirəni aparmalarına icazə verdi. Hamıya məlum idi ki, Ruhəngiz evlərinə çatan kimi atası Aydınla anası Səmayə gedib Fətanın evində qırğınlıq eləyiblər. Qayınanasıgil ona görə Xatirəni aparmağa gəlib.

Səhəri gün Qədir kişi oğlunu Ruhəngizin dalıyca göndərdi. Aydına da sifariş yolladı ki, bir də Xatirə acıq eləyib gəlsə, səninlə qohumluğumu pozacam. 

Qədir kişinin göndərdiyi söz Aydının canına vəlvələ salmışdı. Bilirdi ki, Fətan ailəsi yenə də Xatirəni döyüb qovacaq. Qardaşının evini yaxşı tanıyırdı. Səmayə bu məsələyə daha sərt və məntiqli yanaşdı. Ortada qızının taleyindən söhbət gedirdi. Yaman uzaqgörən arvad idi. Bir həftəyə on altı yaşlı oğlu Cəmaləddinin başını elə doldurdu ki, uşaq gedib Xatirənin böyük baldızı Tahirəni götürüb qaçdı. Qırx yaşlı Tahirəyə də elə bu lazım idi.

Xatirə tanıdığı bütün seyidlərə nəzir boyun almışdı ki, Tahirə ərə getsin. Seyidlər öz işini görmüşdü. Növbə Xatirənin idi. Nə qədər çalışdısa, nəzirləri göndərməyin yolunu tapa bilmədi. Çox narahat oldu. Ona elə gəlirdi ki, seyidlərin haqqını çatdırmasa, baldızı geri qayıdacaq.

Tahirə qaçandan sonra hər üç ailə gəlinləriylə ehtiyatla davranmağa başladı. Çünki bir-birindən asılı vəziyyətə düşmüşdülər. Əgər Xatirəni döyüb atası evinə göndərsəydilər, Qədir kişi də Ruhəngizi Aydının üstünə göndərəcəkdi. Aydın da Tahirəni evinə "kozr" kimi gətirmişdi. Belə məqamda öz qardaşı qızının ağzını-burnunu duzlayıb Fətana göndərəcəkdi ki, ağıllı ol. Buna baxmayaraq, Xatirə yenə də əziyyət çəkirdi. 

Xatirənin üzü gülmürdü. Onu zərrə qədər xoşbəxt edən varlıq qızı Rufanəydi. O olmasaydı, bəlkə də, Xatirə çoxdan ölüb xatirələrdə qalmışdı. Hər gün eyni cürə darıxır, eyni formada yaşayırdı. Onun həyatında barmağının ucu qədər də yenilik yoxuydu. Eyni yeməkləri bişirmək, eyni adamlarla bir süfrənin başında susmaq bezdirmişdi onu. Az qalırdı Rufanəni də götürüb dağı aşsın, atasının evinə gəlsin. Ancaq adamların boş-boş iradlarından, məsləhətlərindən qorxurdu. Heç kim onu başa düşmək istəmirdi. Hamı elə düşünürdü ki, bir tikə çörəyi, başını soxmağa bir evi varsa, vəssalam, xoşbəxtdir.

Yaşarın Moskvadan gəlməyi də Xatirəni yandırıb-yaxırdı, gəlməməyi də. Gəlməyəndə bilirdi ki, yoxdur, birtəhər dözürdü. Gələndə də elədiyi hərəkətlər dözüləsi deyildi. Bir dəfə də olsun Xatirəyə gülər üzünü göstərməmişdi. Elə hey qaşqabaqlı olurdu. Gecələr yatanda da küsülü kimi yatırdılar. Şipşirin körpə Rufanə təsadüflərin uşağıydı.

Hər üç gəlin - Xatirə, Ruhəngiz, Tahirə bir-birinin sayəsində ər evində otura bilirdi. Ruhəngiz kasıb ailədən çıxıb yağ-bal içinə düşmüşdü. Aydınla Fətansa, eyni bezin qırağıydılar. İmkan oldu-olmadı, fərqi yoxuydu, ailələri bir gün yeməyə bir şey tapırdılar, bir gün yox. Xatirənin dilinə ər çörəyi dəyməmişdi. Bütün ailə onun becərdiyi bor-bostan, toyuq-cücə, süd-qatıqla dolanırdı. Yaşar gələndə bir cüt corab da almırdı ona. Xatirənin üzündəki qırışlar çoxaldıqca Ruhəngiz xoşbəxt olurdu. Tahirəysə uşaq ərindən də cavanlaşmışdı.

Zülmlə güc verib doğduğu uşağını Xatirə doyunca oynada bilmirdi. Elə bil Rufanəni Fiqurəylə Xanım arvad doğmuşdu. Xatirəysə onun dayəsiydi. Altını təmizləyir, paltarını yuyur, yeməyini verib uzaqlaşırdı. Uşaq anasına öyrəşə bilmirdi. Heç anasını seçə bilmirdi. Çibnaz bacısının gün-güzəranını görürdü, ancaq ata-anasından gizlədirdi. Qorxurdu ki, onu da Xatirənin gününə salarlar. Ancaq Ağaxan kişi Fətanın tayı deyildi. Eldə-obada namuslu, ədalətli adam kimi tanınmışdı. Bir dəfə də dilinə gətirməmişdi ki, niyə Fitatxanın uşağı olmur.

Üç il idi ki, Ruhəngiz Cəmili ata eləyə bilmirdi. Həkim-təbib qalmadı özlərini göstərdilər. Xeyri olmadı ki, olmadı. Bütün bacıları Cəmilə sevdiyi qadınını pisləyirdi, arvadını gözdən salmaq niyyətindəydilər. Beləcə onu boşatdırıb uşaq doğa bilən gəlin gətizdirəcəklərini düşünürdülər. Ancaq Qədir kişi buna razı deyildi. Çünki ortada Xatirənin də taleyindən söhbət gedirdi. Hamı bilirdi ki, Ruhəngizin ayağı atası evinə dəysə, Səmayə arvad həmin gün Tahirəni Fətanın evinə göndərəcək. Tahirəysə elə bil Yezidin nəslindən idi, imkan verməzdi ki, Xatirə nəfəs alsın. Uşağını əlindən alıb qovacaqdılar.

Nəhayət, Ruhəngiz dünyaya uşaq gətirdi. Cəmili tutmaq olmurdu, az qalırdı sevincindən uça. Körpənin adını Jalə qoydular. Bu hadisə Sumarə arvadın ürəyindən olmadı. Onun elə əvvəldən Ruhəngizdən zəhləsi gedirdi. Dəfələrlə evdəki qızı Lətifəyə demişdi ki, gəlinə çox üz vermə, sonra başımıza çıxacaq. Gəlinsə elə bil dilini udmuşdu. Təkcə böyük baldızı Şahnazla cici-bacıydı, qalanıyla arası yoxuydu. Jalədən sonra ayağı yer tutmuş, elə bil dili açılmışdı.

Xatirə ikinci uşağa hamilə qalandan sonra daha çox zülm çəkdi. Doğana qədər əri gəlib çıxmadı. Biri qucağında, biri qarnında, bütün ev işlərini görürdü, azmış kimi, təndir qalayıb çörək də bişirirdi. Ancaq qədir-qiyməti bilinmirdi. Bir kəlmə xoş sözə, təbəssümə, sevgiyə həsrət qalmışdı. Ona güc verən təkcə qızı Rufanəylə qarnındakıydı. Hiss eləyirdi ki, oğlan doğacaq. Özünə arxa-dayaq böyüdəcək. Ərdən xeyir görməsə də, övladlarının qayğısı, sevgisiylə yaşayacağına ümid edirdi. Bu ümid ona ayaq üstə durmağa güc verirdi.

Tahirəni yola vermirdilər. Aydın kişinin evində hər gün dava düşürdü. Səmayə arvad gəliniylə saçyoldusuna çıxırdı. Ağız deyəni qulaq eşitmirdi. Cəmaləddini əsgərliyə aparmışdılar deyə, Tahirə üçün daha çətin olmuşdu. Əri evdə olanda onu müdafiə edirdi. Əsgər gedəndən sonra tək qalmışdı. Qayınanası gün verir, işıq vermirdi. Bir yolu qalmışdı, acıq eləyib dədəsi evinə getsin.

Xatirə ikinci uşağı doğandan sonra daha çox əziyyət çəkirdi. Qayınana, qayınata, baldızlar və iki uşağa baxmaq zarafat deyildi. 

Qədir kişinin evində hamı elə bilirdi ki, Xatirə bəxtəvərdi. Gedib-gəlmirdilər ki, birdən qızın başında söz-söhbət yaranar. Heç kim bilmirdi ki, o, əvvəlkindən yüz dəfə çox əziyyət çəkir, zülm görür, dannaq götürür. Ancaq balalarına görə yola verir. Ümidini üzmür. Düşünür ki, oğlu Elnur böyüyüb onu bu əzabdan xilas edəcək.

Yaşar daha gec-gec gəlirdi. Rusiyada işləri çoxalmışdı. Həm də bacılarının, anasının deyingəliyindən bezmişdi. Başı-qulağı dinc yaşamaq istəyirdi. Oğlu Elnurun üzünü təzə doğulanda görmüş, barmağıyla yanağına toxunmuş, elə o gedən olmuşdu.

Xatirə yataq otağından əl boyda topa oxşayan nəsə tapdı. Gizlincə açıb gördü ki, içində bağlı açar, iynə, düyünlənmiş sap, ərəb dilində nələrsə yazılmış kağız və yarı saralmış piy yağı var. Hardansa eşitmişdi ki, cadugərlər qurd yağıyla hər şey eləyə bilirlər. Canına qorxu düşdü. Hamısını aparıb murdarladı. Üç gün keçməmişdi ki, Yaşar evə gəlmişdi. Onu görəndə Xatirə barmağını dişlədi. Həmin gün əriylə elə mehriban oldular ki, elə bil təzəcə evlənmişdilər.

Yaşar arvadını maşına qoyub rayona apardı. Bazarda ona yaraşan ən bahalı donları, ayaqqabıları aldılar. Xatirə ilk dəfəydi ki, ərinin bahalı maşınına oturur, onunla bazara gedir, hələ beş-altı dəst pal-paltar da aldırırdı. Bazardan çıxandan sonra cütlük restorana getdi. Yaşar ilk dəfəydi ki, öz arvadıyla üz-üzə oturub yemək yeyirdi. Bu olanları görən Fətanın ailəsi təşvişə düşdü. Fiqurə az qaldı ki, infarkt olsun. Lallar kəndində kim eşidirdisə, narahat olurdu. Xatirənin xoşbəxtliyi hamının gözünə girirdi. Hamı elə bilirdi ki, Yaşarın başına hava gəlib.

Xatirə çox götür-qoydan sonra yadına düşdü ki, yataq otağından tapdığı cadu Yaşarın üzünü döndərirmiş. Onu murdarlayandan sonra elə bil kişi özünə gəlmişdi. Sonra yenə əvvəlki kimi oldu. Deməli, təzədən cadu olunub. Həmin gün yataq otağını alt-üst elədi, ancaq heç nə tapmadı. Əli hər yerdən üzüləndən sonra böyük bacısı Şahnaza sifariş göndərdi ki, başıma bu işlər gəlib. Xatirə bilirdi ki, bu məsələni özü həll edə bilməz. Evdən çölə bir addım da ayaq bassa, biləcəklər. Həm də Şahnazdan başqa bu işi araşdıran adam olmazdı.

Yaşar özü də girinc qalmışdı. Axı, dünən o başqa adam idi. Başqa şeylər düşünürdü. Bu gün nə baş verdi? Niyə öz ailəsini, uşaqlarını gözü götürmürdü? Heç nə başa düşmədən yığışıb təzədən Moskvaya qayıtdı. Gedəndə Xatirəylə heç sağollaşmadı da. Bacıları gülə-gülə onu yola saldılar. Anası həmişəkindən çox su atdı dalıyca. Xatirəyə elə gəldi ki, Xanım arvad öz oğlunun dalıyca su yox, bir vedrə qan tulladı.

Şahnaz molla, cindar qalmadı gəzdi, hamısına bir-bir danışdı hər şeyi. O boyda rayonda Xatirənin dərdinə əlac eləyəni tapılmadı. Hamısı dedi ki, vallah, mənim əlim girmir. Bu məsələni ancaq Bumda oxuyub gələnlər bilər. Qohum-əqrəba, dost-tanışda adam qalmadı, Şahnaz hamıdan Bum təhsilli cindar soraqladı. Axırda qonşu rayondan bir talış kişi tapdılar. Səkkiz il Bumda təpik döymüşdü. Əlinin girmədiyi yer yoxuydu. Deyirdilər ki, onun yanına vəzifəli adamlar gəlir. Elədiyi işə zaval yoxdur.

Cindar söhbəti böyüyüb Qədir kişiyə qədər çatdı. Malik Şahnazı harda gördüsə, lağa tutdu ki, dua-pitiylə oturub-durursan. Xatirənin nəslində cindara inanan bir kişi yoxuydu. Şahnaz əlacsız qalmışdı. Heç kim onu qonşu rayondakı cindarın yanına aparmırdı, deyirdilər, boş şeylərdi. Çox çək-çevirdən sonra Şahnaz öz ərini yola gətirə bildi. Bumda oxumuş talış kişinin yanına getdilər.

Xatirənin ürək döyüntülərinin səsi qulağına düşmüşdü. Elə bilirdi ürəyi gəlib ağzının içində döyünür. 

Cadugərliyin dərin qatlarına Bumda yiyələnmiş talış cindarın adı Eldəgəz idi. Şahnaza demişdi ki, təzə doğulmuş quzunu kəsib dərisini Xatirənin başına bağlayın, bədənini mənə gətirin, üzərində işləyəcəm. Otuz dənə qara toyuğun sağ qanadından lələk çəkin, dəstələyib bağlayın, sonra o dəstəni Xatirənin yatdığı otaqdan asın. Toyuqların özlərinisə mənə gətirin, üzərində işləyəcəm. Bir də ki, üç dənə yüzlüyü gəlinin başına fırladıb quzuyla toyuqların üzərinə qoyun ki, cadunun məna yükü çoxalsın.

Eldəgəz Şahnazdan başqa şeylər də istədi: Xatirənin baş tükü, hansısa bir əşyası, yaşadığı evin həyətindən üç dənə çınqıl daş, iki kilo motal pendiri, bir dənə iynə-sap, yarım stəkan gənəgərçək yağı, toy şəkilləri, bir kasa nehrə yağı, Yaşarın ən çox geyindiyi köynəyi.

Şahnaz qəhrəmancasına kəndə qayıtdı. Ona elə gəlirdi ki, dünyanın ən uca zirvəsini fəth edib. Çatan kimi cadugərin dediyi hər şeyi topladılar. Çibnazın əliylə Yaşarın köynəyini gətizdirdi, Xatirəgilin həyətindən çınqıl yığdırıb, başından bir topa tük də yoldurdu. Qara toyuqların lələk dəstəsini də Çibnazla göndərdi ki, Xatirə yatdığı evdən assın.

Xatirə başını itirmişdi. Körpə uşaqların hərəsi bir tərəfdə ağlayır, qayınana donquldanır, baldızlarsa hərəsi bir yandan onu burunlayırdı. Uşaqlarını da götürüb dədəsinin evinə getmək istədi. Ancaq Fiqurə imkan vermədi, qabağını kəsib uşaqları aldı, üstəlik, bağırdı ki, dədən evindən uşaq gətirməmisən. Xatirə balalarını bağıra-bağıra qoyub canını götürüb getdi. 

Səhəri gün Xatirəgil eşitdi ki, axşam Tahirə də acıq eləyib. Səmayə arvad Ruhəngizin göz yaşlarında qovrulduğunu görüncə Fətanda dədə-nənə qoymadı. Aydınsa susurmuş. Elə bil Fətanla qardaş deyilmiş, bir ananın döşlərindən süd əmməyiblərmiş. Hələ Ruhəngiz özü o boyda Tahirənin saçından tutub həyətdə sürüyürmüş. Gəlin birtəhər buraxılıb dədəsi evinə qaçıb. Gedib acığını Fətandan çıxıb. Allahın könlü olunca döyüb kişini. Xanım arvadda ölü-diri qoymayıb, bacılarına nə gəldi deyib. Hələ ürəyi soyumayıb, Yaşara zəng elətdirib ki, günü sabah kənddə olmasan, bir də bu evdəkilərin üzünü görməyəcəksən. Hamını ev qarışıq yandıracam.

Şahnazın əlinə fürsət düşmüşdü. Xatirəni də götürüb əriylə bərabər cindarın yanına getdi. Nə deyib, nə deməyibsə, Eldəgəz Bumdan gətirdiyi bütün kitabları qabağına töküb iki saat yazıb pozmuşdu. Sonra da demişdi ki, gedin evinizə, üçcə günə Yaşar gəlib Xatirənin qabağında diz çökəcək. Üç vərəq dua da vermişdi ki, birinci vərəqi suda isladın, elə isladın ki, ərəb hərflərinin rəngi suya çıxsın, həmin suyu Xatirə içsin. İkinci vərəqi nəlbəkinin içində yandırın, tüstüsünü Xatirə udsun, külünüysə oynaqlarına, başına çəkin. Üçüncü vərəqi də gecə vaxtı qəbirsanlıqda basdırın. Çalışın ki, köhnə qəbirdə basdırasız.

Şahnazgil Eldəgəzin haqqını artıqlamasıyla verib ərinin maşınında kəndə üz tutdular. Xatirə o qədər sevinirdi ki, az qalırdı maşından düşüb ayaqyalın, başıaçıq kəndə qədər qaçsın. Ona cadugərin ən çox ləzzət elədiyi sözü Yaşarın diz çökməsiydi. Evlənəndən bəri əri onun nazını çəkməmiş, saçlarına bircə sığal belə qoymamışdı. Ona görə də Xatirə ər sevgisinə, ər qayğısına ac qalmışdı.

Yaşar öz bacısını yaxşı tanıyırdı, bilirdi ki, Tahirənin Allahı yoxdu, dedisə, eləyər. Tələm-tələsik yığışıb təyyarəyə oturdu. Neçə dəfə də qardaşına, anasına zəng elədi ki, o qızı sakitləşdirin, yoldayam, gəlirəm. Narahat olmasın, gəlib nə lazımdı eləyəcəm ki, hər şey yoluna düşsün. 

Xatirənin saçları bir gecədə ağarmışdı. Elə bil başına un ələmişdilər. Səhərin gözü açılana qədər yata bilmədi. Gözünə yuxu gedən kimi diksinir, sağ-soluna əl atır, uşaqlarını görmürdü. Yan otaqdasa ona görə evdən qovulan Ruhəngizin balası dayanmadan ağlayır, anasını istəyirdi. Ağlına gəldi ki, Elnurla Rufanə də indi ağlayıb özünü öldürür. Tahirəninsə kefinə deyil. İsti yorğanın altında dünyadan xəbərsizdir.

Xatirə atası evində sıxılır, az qalırdı ürəyi partlasın. Sanki gəlin köçənə qədər bu evdə yaşamamışdı. 

Ruhəngiz yatıb günorta durmuşdu. Qulaqları səksəkədəydi ki, bu saat Cəmil gələcək. Bilirdi ki, Jalə onsuz qalmaz, gecə-gündüz ağlayar. Həm də eşitmişdi ki, Yaşar Rusiyadan gəlib. Xatirəni gətirməyə gedəcək. Tahirəni isə heç nə maraqlandırmırdı. Üç gəlindən təkcə o öz balasını qoyub gəlməmişdi. Hərdən sevinirdi ki, uşağı olmur. Bəlkə də, uşağı olsaydı daha çox əziyyət çəkərdi.

Yenə də Qədir kişinin evində "Milli Məclis" qurulmuşdu. Ağız deyəni qulaq eşitmirdi. Evin böyük qızı Şahnaz gah Xatirəni günahlandırırdı ki, dədəsini-babasını tanımadığın adama qoşulub qaçanda bilməliydin axırı belə olacaq, gah da Yaşarı söyürdü ki, arvad saxlamayacaqdınsa, niyə evlənirdin. Ancaq öz içində bir az rahat idi ki, talış cindar işini görüb, Yaşar gəlib diz çökməlidir. 

Səhərin gözü açılmamış Qədir kişinin qapısı döyüldü. Açıb gördülər ki, Yaşar gəlib. Salamsız-kəlamsız düz keçib yuxarı başda oturdu. Qədir kişi yuxudan təzə oyanmış, ağzına su alıb oturmuşdu. Yaşarın ağzında qaldı ki, əmi, Xatirəni aparmağa gəlmişəm. Qədir kişi güllə kimi açıldı: "Ayə, a köpöyoğlu, indiyə qədər hardaydın? Belə arvad saxlıyallar? Ayaq üstə qırxı çıxıb. Sən öl, səni atdıraram qoduğluğa, it kimi peşman olarsan, onda bəlkə ağlın başına gələ". Qədir kişinin son sözü də belə oldu ki, bir də Xatirə acıq eləsə, bu qapıya gəlmə. Bayaqdan susan Yaşar gah qızarır, gah da bozarırdı. Qədir kişiylə dilucu sağollaşıb yan otağa - Xatirənin yanına keçdi. O qədər dannaqdan sonra az qalırdı ki, ağlasın. Xatirə onu görüb yerindən tərpənmədi. Yaşar isə düz gedib onun qabağında yerə çökdü. Çox danışdı, zarafat elədi, xeyri olmadı. Xatirə dəmir kimi möhkəm dayanmışdı.

Şahnaz günortaya yaxın bildi ki, Yaşar gəlib Xatirənin qabağında diz çöküb yalvarıb, ürəyini alıb, götürüb gedib onu. Bu məsələ bir az Şahnaza xoş getmədi. İşi o düzüb qoşmuşdu, cindara o getmişdi,  əziyyəti o çəkmişdi. Heç olmasa Xatirə sağollaşardı onunla.

Cəmil mal tövləsindən çıxmaq bilmirdi. Bilirdi ki, Xatirəni aparıblar. Qulaqları səksəkidə qalmışdı. Qədir kişinin sifarişini gözləyirdi ki, gedib arvadını gətirsin. Atasının müqəddəs tapşırığını bacısı Lətifə gətirdi. Elə tövlə paltarında maşına oturdu. Deyərdin əlbət kainatı xilas etməyə gedir. Ancaq onun üçün qızı Jalənin bir damla göz yaşı dünyanın sonuydu. Jalənin ağladığını görüb dəfələrlə danalara ot qoymaq adıyla tövləyə gedib ağlamışdı.

Yaşar evə çatar-çatmaz Tahirəni maşına qoyub əmisi Aydının evinə apardı.  

Aylar illəri daban-dabana izləmiş, illər qatar vaqonları kimi bir-birinin ardına düzülmüşdü. 

Bu on altı ildə çox hadisələr cərəyan eləmişdi. Qədir kişi rəhmətə getmiş, sanki özü ilə Xatirənin xoşbəxtliyini, arxa-dayağını da aparmışdı. O, sağ olsaydı Xatirənin saçları bu qədər ağarmazdı. Heç olmasa qızı Rufanənin toyuna gedə bilərdi. Xatirə qızının toyunda dəli olacaq həddə çatmışdı. Çünki onu gəlib qızının toyuna aparmamışdılar.

Onu ən çox incidən oğlu Elnurun susmasıydı. Çünki Elnur hələ doğulmamışdan qabaq Xatirə ona ümid eləmişdi, özünə arxa-dayaq bilib böyütmüşdü, döşlərindən süd, gözlərindən nur, ömründən ömür vermişdi. İndi onu ən çox həyatdan küsdürən oğlunun yaramaz, naxələf çıxmasıydı. Öz-özünə düşünürdü ki, əgər doğma oğlum məni yadına salmırsa, mənim başqa kimdənsə nəsə ummağa haqqım yoxdur.

Xatirə atası evinin eyvanında oturub neçə hasar o yana qızının toyundan gələn səslərə qulaq asırdı. Aşıq səsi, sanki dağı aşıb ona sarı gəlirdi. Həmin gün Xatirə həyətin ortasında qol qaldırıb oynadı. Qızına xeyir-dua verdi. Bununla da ona elə gəldi ki, həyatdakı son borcunu ödəyib bitirdi. Elə bu düşüncələrin qoynunda gözü tövləyə və onun yanında yerə atılmış qalın ipə sataşdı. Heç olmasa ömründə bircə dəfə də olsun üsyan etmək, cəsarətli olmaq qərarına gəldi. Heç olmasa bircə dəfə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!