Qatar Mənzili - Qan TURALI - Kinossenari

Səhnə 1. 

İlqar vağzalın gözləmə zalında oturub. Əlində kiçik bir kitab var. Arada açıb kitaba baxır, bir az oxuyub sonra qatlayır.

Səhnə 2. 

Vağzalın qarşısında taksi dayanır. Murad  təlaşla düşüb vağzala girir. Ətrafa baxır, sanki kimisə axtarır. Heç kimi tapmır, gözləmə zalına gedir.

Səhnə 3.

Murad gözləmə zalında İlqarı görür. Ona yaxınlaşır.

Murad: Salam, axşamınız xeyir.

İlqar: Axşamınız xeyir.

Murad: Qatar gəlməyib hələ?

İlqar: Hansı qatar?

Murad: Tiflis qatarı.

İlqar: Bilmirəm.

Murad: Bəs siz burda işləmirsiz?

İlqar: Yox, burda işləmirəm.

Murad: Bəs kimdən soruşmaq olar?

İlqar: Bilmirəm.

Murad: Bu necə stansiyadır ki, burda bir bələdçi yoxdur. Tərslikdən zaryadkam da bitib. İnternetə girə bilsəydim hərəkət cədvəlinə baxardım. Sizin telefonunuzdan istifadə edə bilərəm?

İlqar: Mənim telefonum yoxdur.

Murad əlindəki çantanı yerə qoyub İlqardan iki kreslo sağ tərəfə oturur.

Səhnə 4.

(Yarım saat sonra)

Murad üzünü İlqara tutur. İlqar kitab oxuyur.

Murad: Sizcə, mən düz edirəm?

İlqar: Nəyi deyirsiz?

Murad: Burda qatarı gözləyirəm. Bilmirəm, qatar keçib, yoxsa hələ gəlməyib? Bəlkə də qatar heç bu stansiyadan keçmir də...

İlqar: Sizə kömək etmək istərdim. Amma...

Murad: Siz buralarda yaşayırsınız?

İlqar: Demək olar...

Murad: Bəs onda bilmirsiz ki, Tiflis qatarı burdan keçir, ya yox? Sabah günorta Tiflisdə məruzə etməliyəm.

İlqar: Burdan arada qatarlar keçir. Amma hansı qatar olduğunu bilmirəm.

Murad: Bəs bura hansı stansiyadır?

İlqar: Yalan deyərəm.

Murad: Çox üzr istəyirəm.

İlqar: Aha...

Murad: Bildiyiniz nəsə var sizin?

İlqar ilk dəfə gülümsəyir. Murad da ona qoşulur.

İlqar: Demək, siz bir gözləmə zalında oturmusunuz. Nə stansiyanın adını bilirsiniz, nə qatarın gəlib-gəlməyəcəyini... Heç bilmirsiz ki, bura qatar gəlsə sizi mənzilə aparacaq, ya yox. Bu sizin qatardımı, yoxsa yox... Elədirmi?

Murad: Mənim çarəsizliyimi çox yaxşı təsvir etdiniz...

İlqar: Bilirsinizmi, nə düşünürəm?

Murad: Bəlkə mənə kömək edəsiz?

İlqar: Məmnuniyyətlə edərdim. Sadəcə...

Murad: Bilmirsiz...

İlqar: Məsələ bilməkdə deyil. Biz hamımız bir insan olaraq sizin vəziyyətinizdə deyilikmi? Bizi bir gözləmə zalına - dünyaya gətirib qoyurlar. Hara gedəcəyimizi bilmirik. Sonumuzun nə olacağını? Hansı qatarın bizim stansiyadan keçəcəyini... Eləcə də o qatarın bizi mənzilə aparıb-aparmayacağını... Ən əsası, mənzilimiz hayanadır? Onu da bilmirik.

Murad: Lap filosof kimi danışdınız... Bir filosofumuz çatmırdı...

İlqar: Necə yəni?

Murad: Bir gözləmə zalına iki filosof çoxdur. Mən də filosofam çünki. Sabah da Tiflisdə "İnsan həyatının mənası" haqqında məruzəm olacaqdı.

İlqar (təbəssümlə): Onda mənim sözlərimdən sitat kimi istifadə edə bilərsiniz...

Səhnə 5.

(On dəqiqə sonra)

Murad: Həyatın mənası nədir, sizcə?

İlqar: Məruzəni burda edəcəksiz?

Murad: Başqa nə edə bilirik ki?

İlqar: Haqlısız...

Murad: Bir zamanlar hər şeyi tamam başqa cür təsəvvür edirdim. O zamanlar dinə inanırdım...

İlqar: Bəs indi necə düşünürsünüz?

Murad: Necə deyirdi, Cavid?

Pərəstiş eyləməm hiç bir kitabə.

Əvət, Qur'an, Zəbur, İncilü Tevrat

Birər rö'yaki, zor təfsiri, heyhat!

İlqar:

Din bir olsaydı yer yüzündə əgər,

Daha məs'ud olurdu cinsi-bəşər.

Siz də belə düşünürsüz?

Murad: Bilmirəm. Bəlkə də... O zaman din uğrunda bu qədər qan tökülməzdi, insanlar bu qədər din təəssübü çəkməzdi... Amma bəşər daha məsud olardı? Onu bilmirəm... Heç bəşəri nə xoşbəxt edir ki? Onu da bilmirəm.

İlqar (gülümsəyərək): Bildiyiniz nəsə var sizin?

Murad (gülümsəyərək): Mən çox skeptik olmuşam, deyəsən...

İlqar: Məncə, bəşəriyyətin hələ xilası var...

Murad: Necə?

İlqar: Əxlaqa inanmaqla... Mənəviyyata inanmaqla... Dinlərin zahirinə yox, batininə, nüvəsinə iman gətirməklə... Təəssüb çəkməməklə...

Murad: O necə olacaq axı?

İlqar: Bütün dinlər, peyğəmbərlər və filosoflar, Buddasından İsasına, Platonundan Hegelinə qədər hamısı eyni sözü deyib. İnsana inan, özünə inan, ruhuna inan. Bizim ruhumuzla aramızda hər nə qədər divarlar, sərhədlər olacaqsa, ruhumuza uzaq düşəcəyik... Elə həqiqətə də...

Murad: Bəs o həqiqət hardadır axı? Biz ki, onu görmürük...

İlqar: O, mahiyyətdədir, sözlərdə deyil, sözlərin ruhunda, insanın qəlbindədir...

Səhnə 6.

Qatar fit verib dayanır. Murad ayağa qalxıb İlqarla görüşür və gözləmə zalından çıxıb qatara gedir.

Filmin sonu

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!