Xatirə - Elşad BARAT - Hekayə

 

Kənd toylarında bütün oğlanların bacısı sifarişlə Xatirəni oynadırdı. Qız qollarını qaldırıb elə süzürdü ki, elə bil bu saat qanadlanacaq. Hamının gözü onda qalırdı. Yeddi bacının ən gözəli Xatirəydi. O boyda kənddə onu sevməyən oğlan yoxuydu. Qonşu kəndlərdən də dəfələrlə elçi gəlmişdilər, getməmişdi. Adətə görə evdə özündən böyük bacısını qoyub ərə getmək olmazdı. Onun qabağında hələ dörd bacısı dururdu. Hamısı da biri-birindən gözəl. Ancaq gözəllikdə Xatirəyə çata bilməzdilər. Elə bil üzünü rəssam işləmişdi. Mərmigözlü, gəlinqaşlı, naqiltelli, qanlıyanaq qız idi. Yeriyəndə deyirdin əlbət, ayağının altında yumurta qalıb. Qanad çırpıb uçmağa gedən durnalar kimi yeriyirdi. Qapqara, gur saçları kürəyindən sünbül şələsi kimi sallanmışdı.

Xatirənin atası kənd ağsaqqallarından biriydi. Nəinki kənddə, bütün rayonda onun sözünü iki eləyən adam tapmazdın. Uşaqlıqdan ayağının biri qısa qalmışdı, elə bil topuqdan yuxarı, dizdən aşağı bir qarış kəsmişdin. Əlindəki çəliyin açmadığı qapı yoxuydu. O çəliyi yerə dirəyib neçə nəfərin qanını bağlamış, neçə nəfərə can vermişdi, Allah bilir. Kənddə toyuğu itəndən tutmuş, dövlət idarələrində nəsə işi, çətinliyi olan adama qədər hamı gəlirdi ki, Qədir kişi, mənim bu işimi gör. Heç kimə yox deməzdi Qədir kişi. Tək ayağıyla hamının arxasında dayanırdı.

Nə qədər ki, qızlar köçməmişdi, Xatirənin böyük qardaşı Malik əlini ağdan qaraya vurmurdu. Kəndin işıq idarəsinin müdiriydi, tezdən gedib, axşam gəlirdi. Kiçik qardaşı isə bütün günü ancaq mal-qarayla məşğul olurdu. Ailənin sonbeşiyiydi deyə, ərköyün böyümüşdü. Heç kim deyə bilməzdi ki, Cəmil, gözün üstə qaşın var. Hirslənib qab-qacaq qoymazdı, sındırardı.

Allah Qədir kişiyə o qədər imkan, var-dövlət vermişdi ki, yetmiş yeddi qız köçürüb, iyirmi iki oğul evləndirə bilərdi. Tövləsinin ucu-bucağı yoxuydu. Tayaları yan-yana düzülürdü. Bağ-bağçası, bor-bostanı, mərci-noxudu öz yerində, hektarlarla taxıl əkirdi. Bəlkə də kəndin yarısı Qədir kişinin pay torpağıydı. Pulunu balta kəsmirdi.

Bacıları köçdükcə Xatirə sevinirdi. Böyük bacısı Şahnazın toyunda göydən fındıq boyda yağış tokürdü deyə, gəlini "vilis"lə apardılar. Xatirə ayaqyalın oynayırdı. Bəlkə də atasına nökər olmaqdan bezmişdi, tələsirdi ərə getməyə. Növbəsi çatar-çatmaz qonşu kənddən tanımadığı yaraşıqlı bir oğlana qoşulub qaçdı. Aylar sonra barışığa gəlib toy elədilər. Ağ gəlinlikdə qanlıyanaq, şən Xatirədən əsər-əlamət qalmamışdı. Sanki qaçdığına peşman olmuşdu. Mərmi gözləri su içində oynayırdı.

Qədir kişi böyük oğlu Malikə də toy elədi. Cöngələr kəsildi, qazanlar asıldı, üç gün, üç gecə aşıqlar əl çəkmədilər. Həm də böyük bacısı Gülənbərin nəvəsini evinə gəlin gətirirdi deyə, Qədir kişi sevincindən səmalarda süzürdü. Gəlin köçmüş bütün qızları gəlmişdi. Hamısı cani-dildən işləyir, aşıqlara nəfəs aldırmırdılar. Təkcə Xatirə susub bir kənarda oturmuşdu. Elə bil qardaşının toyu deyildi. Nə qədər elədilər qol qaldırmadı.

Xatirənin toydakı susqunluğu, heç kimə heç nə deməməsi anası Sumarənin ürəyinə daş kimi dəymişdi. Tez-tez zənbil hazırlayıb qızına dəyməyə gedirdi. Amma ələk üstünə bir şey çıxmadı. Xatirə susurdu ki, susurdu.

Sonuncu qızı Lətifədən başqa, bütün qızlarını köçürmüşdü Qədir kişi. Oğlunun da birini evləndirib ayırmışdı, biri dururdu. İşi-gücü arvadı Sumarəni də yanına salıb uşaqları yoxlamaq idi. Hansının nə çətinliyi olurdusa, yerindəcə yoluna qoyurdu. Təkcə Xatirənin bilinməyən dərdinə əlac eləyə bilmirdi. Əgər Xatirə danışsaydı, dərdini-sərini dilə gətirsəydi, bəlkə də onu da yerindəcə həll edərdi. Daldalığa salıb nə qədər qızına təpinirdisə, xeyri yoxuydu. Xatirə heç nə demirdi. Elə deyirdi ki, hər şey yaxşıdır, narahat olma. Amma narahat olunası məsələydi, qız quruyub çöpə dönmüşdü. Nə ağ dinirdi, nə qara.

Xatirənin həyat yoldaşı Yaşar Rusiyaya gedib-gəlirdi, hündürboy, yaraşıqlı kişiydi. Pula pul demirdi. Üç aydanbir gəlib kənddə beş-on gün dincəlirdi. Qazancının çoxunu bacılarına, qardaşına xərcləyir, Xatirəyə çöp də almırdı.

Yaşar öz əmisi oğlu Fitatxanla bacanaq idilər. Fitatxan Xatirədən bir yaş kiçiyini - Çibnazı almışdı. Qədir kişiylə Sumarə arvad Xatirənin dərdini, necə yaşadığını Çibnazdan öyrənmək istəyirdilər. Nə də olmasa, iki qardaşın gəlinləriydi. Amma Çibnaz ərinin namını atasına, anasına vermədi. Xatirə haqqında elə danışdı ki, elə bil çöpə dönmüş qız yağ-bal içində yaşayır.

Novruz bayramında Qədir kişi arvadını da yanına alıb yenə də qızlarını yoxlamağa getdi. Şəhərə köçən qızı Almazdan başqa, hamısına bayram sovqatı apardı. Xatirəgilə gedəndə kişinin gözləri az qaldı təpəsinə çıxa. Elə bil yas yerinə gəlmişdi. Qızının qayınatası Fətan kişi soğan-çörək yeyirdi. Qayınanası Xanım arvad yerdən sərilmiş süfrəyə dalını çevirib uzanmışdı. Baldızları hərəsi bir küncdə mıcıllanırdılar. Əri Yaşar hələ də Moskvadaydı. Özü isə qapının ağzında göz yaşlarını sel eləmişdi.

O vaxt Xatirə ayın-günün içindəydi. Bu gün, sabah doğacaqdı. Hamilə qızının bu vəziyyəti Qədir kişini cin atına mindirdi. Hirsindən qızını da götürüb evə qayıtdılar. Onlar həyətdən çıxanda heç kimin qılı tərpənmədi. Elə bil Xatirənin gedişi ürəklərindən imiş.

Fətan kişinin evində bayram nədir, bilinmirdi. Sanki hamısı zombiləşmişdilər. Deyilənə görə, hərdən Xanım arvad qızlarını da başına yığıb Fətan kişini döyür, gün verir, işıq vermirmiş. Həqiqətən də kişinin günü-güzəranı yox idi. Ona görə də bütün günü mal tövləsindən çölə çıxmırdı. O qədər tövlədə qalırdı ki, inəkdən betər iy verirdi.

Qədir kişi evə çatar-çatmaz qırğın saldı. Arvadını qızına qatdı, qızını oğluna. Səsi otağı bürümüşdü. Hirsindən partlayacaqdı. Qonşuluqda olan böyük qızı Şahnazı çağırtdırdı. Böyük oğlu Malikin dalıyca uşaq göndərdi. Təkbaşına qərar verə bilmirdi. Həm də Xatirəni ancaq bu adamlar danışdıra bilərdi.

Şahnaz gəldi, nə gəldi? Bir dizinə, bir üzünə vura-vura, "canın ölsün, ay canım" deyə-deyə heyifsilənir, Xatirənin üzünün qızartısına, əllərinin göyərtisinə baxıb deyinirdi. Malik heç nə olmamış kimi keçib yuxarı başda dirsəkləndi. Bircə onu dedi ki, adamı əri döyər də, söyər də. Amma Xatirənin üzünə baxanda görürdün ki, onu təkcə əri döyməyib. Elə bil hamilə gəlin indicə rinqdə uduzmuşdu.

Axır ki, Xatirənin dilini açdılar. Məlum oldu ki, əri ona toy gecəsi yaxınlaşandı. O vaxtdan bəri bir yastığa baş qoymayıb, kəlmə də kəsməyiblər. Yazıq qızı hər gün qayınanası döyüb baldızlarına verirmiş, baldızları döyüb qayınatasına. Hələ bir ay öncə böyük baldızı Tahirə onun başını divara elə çırpıb ki, neçə dənə dişi qarnına gedib. Qorxularından yerinə qızıl diş qoydurublar. Hamı da elə bilirdi ki, Xatirə bəxtəvərdi, qızıl diş-zad qoydurur.

Həmişə pis xəbər tez yayılır. Xatirənin acıq eləyib atasıyla gəlməsi xəbəri kəndlə bir oldu. Hamı gözləyirdi ki, Qədir kişi Fətanın evini başına yıxacaq. Hamilə qızına işgəncə verən baldızlarını polisə verəcək. Ancaq Qədir kişi hələ də susur, haya gələn qızlarını bir-bir dinləyir, nələrsə düşünürdü. Xatirənin Qazaxıstanda yaşayan bacısı Ədiləyə də xəbər yetişmişdi. Zəng eləyib Yaşarda dədə-nənə, əbi-əjdad qoymadı, söydü.

Xatirənin ürəyi açılmışdı. Hər şeyi danışırdı. O danışdıqca anası Sumarə qohumu Xanım arvadın ölü-dirisini yağlayırdı. Qız ağladıqca göz yaşları dayanmırdı. Necə ki, dedi  - "mənə quru çörək vermirdilər, acından ölürdüm, bir əlcə çörək oğurlayıb tualetə getdim, orda tələsik yedim, ətəyimi də açdım ki, qırıntılar yerə tökülməsin, bilib məni öldürər baldızlarım", - Qədir kişinin saqqalı islanmağa başladı. Elə bil indicə dəstəmaz almışdı.

Yaşar kəndə gələndə, sanki heç nə dəyişməmişdi. Heç soruşmadı ki, Xatirə hardadır. Gətirdiyi pay-parçanı həmişəki kimi qardaşına, bacılarına bölüşdürdü. Elə bil heç vaxt evlənməmişdi, yaxında balası doğulacaq kişi bu deyildi.

Yaşarın kiçik bacısı Fiqurə bulaqda ağzından qaçırmışdı ki, Xatirə bizə lazım deyil. Onsuz da qardaşım Rusiyada evlənib, bir oğlu da var, gül parçası. Hamının dərdinə şərik olub dərman eləyən Qədir kişi öz dərdinə eləcənə susurdu. Əlindən gəlirdi ki, Yaşarı tutdursun, döydürsün, Fətanı öz kəndlərində biabır eləsin. Ancaq, nədənsə, dilini udmuşdu. Sanki böyük bir plan haqqında düşünürdü.

Malik işıq idarəsinin müdiriydi deyə, sözü keçirdi, tapşırmışdı Yaşargilin kəndinə - Lallara işıq verməsinlər. Bacısının qisasını belə alırdı. İşıqsız qalan Lallar kəndinin camaatı Fətan kişiyə narazılıq edirdi. Çox çək-çevirdən sonra kənd ağsaqqallarından biri Yaşarın qardaşı Elşadı da götürüb Qədir kişinin evinə gəldi. Öncə Fətan kişini gətirmək istəyirdi, Tahirəylə Fiqurə aman vermədi. Kənd bir yana oldu, iki qız bir yana, qoymadılar ataları Xatirənin dalıyca gəlsin. Fətan kişi qızlarından qorxurdu, dəfələrlə döymüşdülər onu. Yaşarın qardaşı Elşad susduqca yanında gələn ağsaçlı adam danışır, Qədir kişi qulaq asırdı.

Xatirənin bütün bacıları gəlib tökülmüşdülər, uzaqda yaşayanlar telefona sarılmışdı. Hər ağızdan bir hava gəlirdi. Sumarə arvad adətə sığınıb Qədir kişinin qərarını gözləyirdi. Cəmil tövlədən çıxmırdı. Malik tezdən işə gedən idi. Son söz Qədir kişinin boynuna düşmüşdü. Xatirəni çağırtdırdı otağa. Qaynı Elşadın qabağına şərtlər qoydu. Söhbətə görə bundan sonra Xatirə ac qalmayacaqdı, döyülməyəcəkdi, əziyyət çəkməyəcəkdi. Elşad dilucu razılaşdı, yanındakı ağsaqqal Qədir kişinin şərtlərinə görə gəlməyinə peşman kimiydi. Hamı bilirdi ki, Qədir kişi "nemes" kimi adamdır, tək ayağıyla bir məsələnin üzərinə yeridisə, çəliyinin qabağında dağ da dayanmaz.

Xatirə ər evinə çatar-çatmaz Lalların işıqları yandı. Elə bil özüylə hər evə işıq gətirmişdi. Ancaq bir təşəkkürə, xoş gəldinə dəymədi. Sanki belə də olmalıymış. Fətan ailəsinin soyuqluğu bütün kəndə yayılmışdı. Adamların bir-birini görməyə gözləri yoxuydu. O qədər sevgisiz yaşamışdılar ki, robota dönmüşdülər.

Qədir kişi dünya görmüş adam idi. Bilirdi ki, belə getsə, Xatirənin ailəsi dağılacaq. Ona görə nəsə eləməyə çalışırdı. Çox götür-qoydan sonra bir qərara gəlmişdi. Ancaq qərarını uşaqlarıyla bölüşməkdən çəkinirdi. Qorxurdu ki, sözü yerə düşər, Xatirənin yeri daha da pis olar.

Çibnaz atası evinə gəlmişdi. Qədir kişi fürsət bilib qızını tinlədi. Xısıldadı ki, hal-qəziyə-iş belə: mən istəyirəm Cəmil Xatirənin baldızlarından birini qaçırsın. Qız-qıza eləyək. Bəlkə onda uşağın yeri yaxşı oldu. Əgər Xatirəylə yenə də pis davransalar, biz də onların qızını incidərik.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!