Abbasqulu ağa Bakıxanovun tarix fəlsəfəsi - Nizami Cəfərov

 

Azərbaycan tarixşünaslığında tarixə yalnız müxtəlif hadisələrin xronoloji ardıcıllığı kimi baxmaqla kifayətlənməyib, həm də ondan müəyyən sosial-fəlsəfi nəticə çıxarmaq təşəbbüsü, görünür, "Gülüstani-İrəm" müəllifi Abbasqulu ağa Bakıxanovdan başlayır. Və bu təşəbbüsün bir məziyyəti də ondadır ki, mövcud ümumi tarixşünaslıq ənənəsini də inkar etmir.

M.Şərifli yazır:

"A.Bakıxanov "Gülüstani-İrəm" əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn-əl Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və b. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.

A.Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. "Gülüstani-İrəm"in mətnindən anlaşılır ki, A.Bakıxanov yuxarıda adları çəkilən mənbələrdən başqa, qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, "Gülüstani-İrəm"in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur".

Əlinə qələm alıb tarix yazan hər bir şəxsin (əgər o, həm də bir mütəfəkkirdirsə!) borcudur ki, özünün kim olduğu, hansı "məzhəb"ə qulluq elədiyi barədə aydın təsəvvür yaratsın ki, yazdığı tarixlə mükaliməyə girənlər də öz həddi-hüdudlarını bilsinlər.

Abbasqulu ağa Bakıxanov tarixin xaosuna bütün miqyası ilə müdaxilə etməkdən çəkinmədiyi kimi, öz mütəfəkkir şəxsiyyətini mütəvaze bir təfsilatla bəyan etməkdən də imtina eləmir:

"Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır... Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım".

Və müasir Azərbaycan tarixşünaslığının "atası" "Gülüstani-İrəm"in sonunda özünün kim olduğunu, əsil-nəcabətini, hansı həyat yolu keçdiyini, kimlərlə oturub-durduğunu bir daha xatırladır.

Əsərin kifayət qədər sadə (və eyni zamanda mükəmməl) quruluşu var: "Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqında" ətraflı məlumat verən müqəddimədən sonra "islam dövlətinin zühuru"ndan başlayaraq "Gülüstan" adlı yerdə... sülh müahidəsi"nin bağlanmasına qədərki min ildən artıq bir tarix beş müfəssəl fəsildə təqdim olunur. Və hər şeydən əvvəl diqqəti çəkən cəhət odur ki, müəllif istər Şirvanda, istərsə də Dağıstanda baş verən (və xeyli dərəcədə xaotik) hadisələrin təfərrüatına nə qədər varsa da, "Gülüstani-İrəm" hər fəslində açıq-aydın hiss etdirir ki, həmin hadisələr qlobal tarixin bilavasitə tərkib hissəsi kimi, demək olar ki, heç bir muxtariyyətə və ya müstəqilliyə malik deyil. Odur ki, fəsillərin adlarında da məhz qlobal tarixin "addımlar"ı əks olunur: 1) islam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər; 2) ərəb qoşunlarının Azərbaycana gəlməsindən moğolların istilasına qədər; 3) moğol istilasından səfəvilərin zühuruna qədər; 4) səfəvilərin zühurundan Nadir şahın vəfatına qədər və 5) Nadir şahın vəfatından "Gülüstan" sülh müahidəsinə qədər.

Abbasqulu ağa Bakıxanov əsərin həm quruluşu, həm də "təhkiyeyi-kəlam"ı ilə hər cəhətdən nəzərə çatdırır ki, istər Şirvanda, istərsə də Dağıstanda baş verən hadisələrin xronologiya, yaxud gedişatını yalnız şərti mənada "tarix" adlandırmaq olar. Və bu, əslində, dərəbəylik xaosudur ki, hərdən bir tarix yaratmağa cəhd edən tək-tək böyük şəxsiyyətlər (məsələn, Şirvanşah İbrahim və ya qubalı Fətəli xan kimi) ortaya çıxırsa da, bütövlükdə, tarix adlandırılmağa layiq olan hadisə-münasibətlərin (xüsusilə İran-Türkiyə-Rusiya maraqlarının) diktəsi altında baş verir.

Lakin məsələ burasındadır ki, "Gülüstani-İrəm" müəllifi həmin xaosun hər bir detalını, epizodunu xüsusi həssaslıqla təsvir edir. Məsələn:

"Nadir şahın vəfatından sonra, İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu, Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanında bu ölkənin özbaşına qalan bir çox mahalını itaətə məcbur etdi.

Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu xanlığa seçdilər.

Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nəbi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əskər bəy Allahverdi bəy oğlu Sərkarın oğlanları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxalı Hacı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".

Və bu təsvir "analitizm"i hər cür çapqınçılıq-soyğunçuluğun, qətl-qarətin təsbitinə qədər "dərinləşir":

"Əmir Həmzə üsmi 3000 igid qoşunla Dərbənd, Quba və Şirvan ölkələrindən keçib Ərdəbilə getdi. Buraları çalıb-çapdıqdan sonra Qarabağdan keçib Gəncəyə gəldi. Buranı da Ərdəbildən daha pis qətl-qarət etdi, hədsiz qənimətlə Şəki, Axtı və Kürədən keçib öz mülkünə döndü. Adıçəkilən ölkələrin əmirləri ona qarşı durmağa cürət etmədilər. Bunlardan bəzisi hədiyyə göndərmək vasitəsilə özünü onun şərrindən qurtarmaq istəyirdi".

Abbasqulu ağa Bakıxanovun tarix fəlsəfəsi "Gülüstani-İrəm"in "Nəticə"sində birbaşa ifadə olunur ki, burada müəllif belə bir qənaətə gəlir: "Əgər bu ölkə əhalisinin təbii istedadını inkişaf etdirmək üçün lazım gələn asayiş və tərbiyə üsulları yaradılsaydı, o zaman bunlar nə böyük tərəqqiyə nail olardılar!" Və o əmindir ki, orta əsrlərdə Şirvani, Gəncəvi, Bakuyi, Beyləqani ünvanları ilə məşhur olan onlarla görkəmli mütəfəkkirlər dərəbəyliyin hökm sürdüyü şəraitdə yetişmişlərsə, əgər "asayiş və tərbiyə üsulları" olsaydı "bu ölkə əhalisinin təbii istedadı", yəqin ki, daha zəngin bir tarix yaradardı... Düşünmək olarmı ki, Gülüstan müqaviləsinin ölkəyə asayiş, əmin-amanlıq və mütərəqqi idarəçilik üsulu gətirdiyinə inanan Abbasqulu ağa Bakıxanov ən müxtəlif səbəblərdən məhz Rusiya tərəfdarı kimi çıxış edir? Və ona görə də öz əsərində Azərbaycanın Şimalını Cənubundan "ayırır"?.. Bu suala birbaşa cavab vermək çətindir. Ancaq bir məsələ var ki, "Gülüstani-İrəm" müəllifi Şirvanla Dağıstan tarixindən söhbət açsa da, əlaqədar hadisələr onu məcbur edir ki, çox hallarda Azərbaycanın bütün coğrafiyasını əhatə eləsin.

Lakin məlum səbəblərə görə, "Gülüstani-İrəm" müəllifi mərkəzləşmiş Azərbaycan dövlətçiliyinin əsası Şah İsmayıl Səfəvi tərəfindən hələ XVI əsrin əvvəllərində qoyulmuş bütövlüyü təsəvvürünə ya malik deyil, ya da həmin təsəvvürü əsərinin mərkəzi ideyası kimi təqdim etmək iqtidarında olmamışdır.

XIX əsrin ilk illərində Azərbaycanda elə hadisələr baş vermişdi ki, Abbasqulu ağa Bakıxanov onları siyasi mahiyyətinə varmayıb, sadəcə, Rusiya imperiyasının maraqları nöqteyi-nəzərindən qeydə almaqla kifayətlənmişdi. Məsələn, ruslarla döyüşən Cavad xanın, yaxud ruslara sığınan İbrahim xanın aqibəti barədə bəhs edərkən onların hər birinin kiçik də olsa bir dövlətin başçısı olduğunu, siyasi status daşıdığını lazımınca dəyərləndirməyib üstündən keçir. Və bunu "tarix yazmaqda lazım gələn qaydalara riayət" hesab edir.

Əsərin "Müqəddimə"sində "tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricən diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim" deyən Abbasqulu ağa Bakıxanov sonda göstərir ki, "bu həqir müəllif fəzilət və şöhrət iddiası ilə deyil, bəlkə, bu ölkəyə mənsubiyyət etibarilə fəxr etmək üzündən öz tərcümeyi-halını da bəyan edir:

Beyt

Başqaları qızılgül və yasəmən,

Biz isə tikan olsaq da,

                       bir gülzarın pərvərdəsiyik".

Və "Gülüstani-İrəm" müəllifi gənc yaşlarından ruslarla "işlədiyini" - "İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) böyük əmir Paskeviçin yaxın adamlarından biri" olduğunu da gizlətmir. Ancaq onu da qeyd edir ki, "şəxsi ləyaqət olmadan nəsəb və sülalə şərafəti qürbətdə naməlum, vətəndə isə məzəmmətə məruzdur. Bunlara təkyə etmək mənasızdır, etibar ediləcək və arxalanacaq bir dövlət varsa, o da hər bir halda elm və adabdan ibarətdir...".

Bununla belə, ruslarla "işləmə"si Abbasqulu ağa Bakıxanovun həm dünyagörüşünə, həm də tarixçi "üslub"una hər halda təsir göstərmişdir.

Ümumiyyətlə isə, "Gülüstani-İrəm"in (və Abbasqulu ağa Bakıxanovun) tarix fəlsəfəsi ən azı üç bünövrə üzərində qərar tutur ki, bunlardan birincisi mövcud şərait daxilində mümkün qədər obyektiv, ikincisi təvazökar milli təəssübkeşlik, üçüncüsü isə ölkənin (və millətin) gələcəyinə bəslənən ümidlərdir ki, sonuncunun əsas şərti olaraq siyasi-ictimai əmin-amanlığa, təhsil-tərbiyəyə böyük önəm verilir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!