"Vəsiyyət" pyesi haqqında... - İslam Qəribli

Bədii, publisistik və elmi əsərləri ilə təkcə respublikamızda deyil, ölkə hüdudlarından kənarda da yetərincə tanınan Hüseynbala Mirələmov gözəl roman, povest və hekayələr, "Heydər Əliyev", "İlham Əliyev", "Zərifə Əliyeva", "Missiya" kimi siyasi-publisistik əsərlərin müəllifi  olmaqla yanaşı, həm də pyesləri səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulan, tamaşaçı rəğbəti qazanan dramaturqdur. Nəsr və publisistikasında olduğu kimi, dram əsərlərində də H.Mirələmovu düşündürən ən başlıca problem Azərbaycan xalqının varlığı, birliyi, müstəqilliyi və özgürlüyü məsələsidir. İstər tarixi, istərsə də müasir mövzularda yazdığı dram əsərlərində biz yazıçını daima xalqın,  millətin istək və arzularının, adət-ənənələrinin, duyğu və düşüncələrinin tərcümanı kimi görürük.

H.Mirələmovun son illərdə yazdığı və  Akademik Milli Teatrın səhnəsində oynanıb tamaşaçı rəğbətini qazanan əsərlərindən biri də "Vəsiyyət" pyesidir. Hadisələrin bir ailə çərçivəsində baş verdiyi və əvvəlki adı "Axirətdən gələn zəng" olan pyesi müəllif yenidən işləyərək süjeti saxlamaqla məzmununda dəyişiklik   etmiş, obrazların daha canlı və müasir çıxması üçün müəyyən işlər görmüşdür ki, bunlar ən çox obrazların daxili aləminin açılışına xidmət edən söz, ifadə, bəzən də bütöv dialoq və monoloqlarda özünü göstərir.

Oxucu və tamaşaçıları günümüzün reallıqları ilə tanış edib onları düşünməyə və "İnsan, sən niyə beləsən?" sualına cavab axtarmağa cağıran bu fəlsəfi-əxlaqi əsərin ən dəyərli cəhəti, heç şübhəsiz ki, yüksək sənətkarlıqla yazılması ilə yanaşı, ideyasının müasirliyində, ümumbəşəri mahiyyət   daşımasındadır. Uzun-uzadı  monoloq və cansıxıcı dialoqlara yol verilməməsi də, əsərin bədii cəhətdən mükəmməlliyini şərtləndirən amillərdəndir.

Pulun, var-dövlətin əndazəsiz olaraq artması, külli miqdarda kapitalın bir nəfərin, yaxud bir qrupun əlində cəmlənməsi və bu kapitala nəzarət mexanizminin yoxluğu bir qrup insan üçün dırnaqarası səadət, əslində, əgər belə demək mümkünsə, fəlakətdən başqa bir şey deyil. "Vəsiyyət" tragikomediyasını oxuyarkən, ilk olaraq bizim yadımıza düşən, fikrimizi işğal edən düşüncələr  yuxarıdakılar oldu və bəri başdan deyək ki, düşüncələrimizin doğurduğu sualları və həmin suallara cavabları da bu əsərdə tapdıq.

Rəqibi ən iyrənc vasitələrlə aradan götürmək, var-dövlətə əsir olmaq, ərinə xəyanət, vəzifədə olub külli miqdarda sərvət qazanan və bu sərvətdən qohum-əqrəbasına pay ayıranların  qarşısında boyun burub hər sözünə ləbbeyk etmək, şöhrət pilləsindən kəlləmayallaq olandan sonra onu saya salmamaq bütün cəmiyyətlərin arzuolunmaz halıdır və bu mövzularda həm dünya, həm də Azərbaycan ədəbiyyatında xeyli əsərlər yazılıb.  Xislətində əbədi olaraq xeyirlə şərin mübarizə apardığı insan, görünür,  tarixin heç bir dönəmində, heç bir inkişaf mərhələsində fitrətindəki bu ikili xarakterdən qurtula bilməmiş və qurtula da bilməyəcəkdir. Ən əsas vəzifələrindən birincisi, insanı tərbiyə etmək, ikincisi, ona zövq vermək olan ədəbiyyat, təbii ki, yuxarıda haqqında mülahizələrimizi  bildirdiyimiz bu əzəli və əbədi mövzuları  daim  gündəmə gətirməyə məcbur və məhkumdur və bəşəriyyətin labüdlüyü, əbədi yaşayışını təmin edən başlıca şərtlər də, heç şübhəsiz ki, xeyirlə şərin mübarizəsi və bu mübarizədən xeyrin qalib ayrılmasıdır. 

Müəllifin "Qara komediya"  adlandırdığı əsəri biz tərəddüd etmədən, məhz bu ümumbəşəri və əbədi-əzəli problemin işıqlandırılması və  həllinə yönəlməsi səbəbindən faciəli komediya - tragikomediya adlandırırıq. Bu qənaətdəyik ki, əsərdə bədii həllini tapan məsələlər bir qədər gülüş, həm də düşündürücü ironiya doğursa da, əslində, faciə, həm də təkcə milli faciə yox, bəşəri faciədir.

Obrazların xarakterinin təqdimatı üçün dramaturq yaxşı və ustalıqla düşünülmüş bir ədəbi priyomdan istifadə edir. Birinci pərdənin ilk remarakası gələcəkdə nələrin baş verəcəyi və  hadisələrin  hansı məcrada  inkişaf edəcəyinə bəri başdan oxucuda təsəvvür yaradır. Zəngin, hər şeyi yerində, avropasayağı bəzənmiş olan  bir təsvir olunur. Evin  xanımı Röya ilə stilisti Timurun dialoqu ondan xəbər verir ki, bəzək-düzək hərisi olan xanım özünü xoşbəxt kimi göstərməyə çalışsa da,  taleyindən  razı deyil.  Birinci əri, sevərək qoşulub qaçdığı Fərhadın müəmmalı şəkildə yoxa çıxdıqdan sonra  Dövrana yarızor, yarıxöş ərə verilib.  Məhəbbətdən savayı hər şeyi var və onun həyatı, sanki örtülü pərdəyə bürünüb.

Bu gün bu evdə qonaqlıq olacaq. Səbəb evin kişisi Dövranın 60 yaşının tamam olmasıdır. Qonaqlarn sayı məhduddur, cəmi altı nəfər. Bunun da səbəbi var. Ev sahibi hamıdan gizli saxladığı bir sirri bunlara açmaq qərarına gəlib. Nədir bu sirr? Dövran varidatının  qohumları arasıında hansı şəkildə bölünməsi  barədə vəsiyyətnamə yazıb və onu bu gün, ad günündə onlara elan edəcək.

Dövran - yeni zamanın bədbəxt milyonçusu sağlığında ətrafındakı bir qrup adam üçün büt, arvadı Röya və əmisi nəvəsi Samir üçün oyuncaq, qazanc mənbəyidir. Əsərdə az iştirak etsə də, hadisələrin biavasitə onunla bağlı və onun ətrafında cərəyan etməsini nəzərə alaraq, biz bu obrazı pyesin əsas, aparıcı surəti kimi qəbul edirik. Doğrudur, müəllif Dövranın kimliyi, hansı peşə və məslək sahibi olduğu barədə tanıtma xarakterli məlumatlar vermir. Lakin Dövranın kimliyi əsərin digər iştirakçılarının danışığından və mətndəki remarkalardan qismən də olsa, aydınlaşır.  Belə məlum olur ki, bu altmış yaşlı, 160 milyon manat varidatın sahibi olan adam Röyanı görüb ona vurulandan sonra arvadını boşayıb onunla ailə qurmuş, diribaş, zəmanənin nəbzini tutmağı bacaran iş adamıdır. Hansı işin sahibi göstərilməyən Dövran hər nə qədər var-dövlət yığıb əqrəbalarının yanında özünü ağsaqqal kimi aparıb onları ətrafında birləşdirməyi bacarsa da,  zahirən xoşbəxt görünsə də, əslində, bədbəxt adamdır. Bədbəxtliyi o dərəcədədir ki, yağ içində böyrək kimi bəslədiyi, hər sözünə ləbbeyk dediyi arvadı evinin içində ona xəyanət edir, onun əmisi oğlunun məşuqəsinə çevrilir. Evlərində qulluqçuluq edən  filippinli Delisayla qeyri-qanuni evlilikdən dünyaya gələn oğlunun varlığını, qardaşı Bayramı çıxmaq şərti ilə hamıdan gizlədir, daha doğrusu, zahirə çıxarmağa cəsarəti çatmır. Yalnız vəsiyyətmanəsindəki beş milyon manatın kimə veriləcəyi mübahisəsinə aydınlıq sonra məlum olur ki, onun Delisaydan Dodi adlı  altı yaşlı oğlu var və bu oğlan Filippində, Delisayın anasının yanında yaşayır. Arvadının qorxusundan uşağı Filippində "gizlədən" Dövranın məqsədi var ki,  oğlu yeddi yaşına çatanda onu İngiltərəyə göndərsin.

Burada başqa bir məqama da diqqət edilməlidir. Pulun-paranın çoxluğu Dövran və Dövran kimilərini əndazədən o qədər çıxarıb ki, onlar evlərindəki qulluqçulara təcavüz edə, hətta ondan uşaq da dünyaya gətirə bilirlər.

Əvvəlki əri, ata-anasının razılığı  olmadan  qoşulub qaçdığı Fərhadın qəfildən və müəmmalı şəkildə "qeyb" olmasından sonra Dövranla ailə qurmağa məcbur olan Röya H.Cavidin "Maral" faciəsindəki Maralın xələfidir. Turxan bəyin gənc arvadı Maral Turxan bəyin qohumu Arslanla eşqbazlıq edirdisə, Röya - bu maddi cəhətdən hər cür təmin olunmuş  orta yaşlı ərli qadın Samirin məşuqəsidir. Samir - bu mənəviyyatsız qohum ona tapşırılmış, etibar edilmiş əmanəti - əmizadəsinin namusunu tapdalamaqdan çəkinmir, qadının altmış yaşlı ərinə olan sayğısızlığından istifadə edərək  ondan həm cismani, həm də  maddi cəhətdən istifadə edir.

Əsərdəki obrazların hər biri cəmiyyətin reallıqlarını əks etdirir və müəllif onların iç dünyasını öz sözləri və bir-birlərinə atdıqları atmacalarla məharətlə açır. Timur  tərifdən ləzzət alan Röyaya  bir stilist kimi xidmətindən daha  çox, söylədiyi komplimentlərlə onun saqqızını oğurlayıb sirlərinə vaqif olur. Hətta onun dilindən ərinə sevgisinin olmadığını belə qopara bilir. Düşünür ki, nə vaxtsa, bu sirləri əlində əsas tutaraq qazanc əldə bilər. 

Dövranın bacısı Ceyran maskalanmağı bacaran ikiüzlü qadın təsiri bağışlayır. Üzdə Röyaya hörmət bəslədiyini göstərsə də, əslində, ona nifrət edir. Əri Pirim Dövrandan asılı olduğu üçün onu aşağılamaqdan belə çəkinmir.

Pirim arvaddan çəkinən, cəsarətsiz, müftə yemək-içmək ölüsüdür. Müəllif onun xarakterini aşağıdakı cümlələrlə ustalıqla açır: "Ağaqayın möhkəm-möhkəm tapşırıb ki, hamı bu arada olsun. Deməli, bu gün yaxşı-yaxşı vuracağıq. Lap dədəm də ölsəydi, yasını qoyub bura gələcəkdim...".

Bayram  qardaşına sadiqdir, ən azından ona görə ki, nə qədər məcbur eləsələr də, onun Delisaydan oğlu olduğunu heç kəsə açmır.

Samir şərəfsiz, xəyanətkar birisidir. Çörəyini yediyi, yanında işlədiyi əmisi oğlu Dövranın arvadı ilə eşqbazlıq edir.

Delisay işinin ustası, dilini dinc saxlamağı bacaran bir adamdır. Hamı onu lal hesab edir. Dövranın qəfil ölümündən sonra aydın olur ki, o, nəinki öz dilində, hətta Azərbaycan dilində də sərbəst danışır.

Əsərdə Dövranın qohumları və dostları kimi təqdim olunan surətlərdən ikisi - qardaşı Bayramın arvadı Zöhrə və Dövranın yaxın dostu Elman qibtəediləsi obrazlardır. Zöhrə mümkün qədər iman və inancı, Elman isə dostluğa sədaqəti ilə seçilir.

Müəllif  Dövranın yaxın ətrafının daxili aləmini çox böyük məharət və ustalıqla şərti olaraq "Vəsiyyətnamə" adlandırdığımız   səhnədə açır. Özünün ad günündə qohumlarına vəsiyyətnamə yazdığını, vəsiyyətnaməsinin bir nüsxəsinin seyfində, digər nüsxəsinin notariusda olduğunu bildirən Dövran onların hər birinə sərvətindən müəyyən pay ayırdığını söyləyir. Qohumları maraq bürüyür, hamısı, xüsusilə bacısı Ceyran ayrılmış məbləğin miqdarını öyrənməyə cəhd edir. Təkcə Zöhrə və Elman, demək olar ki, məbləğlə, bəlkə, vəsiyyətnamə ilə belə maraqlanana oxşamır.

Dövranın təsadüfi elektrik vurmasından dünyasını dəyişməsindən sonra  vəziyyət dəyişir.

Hər kəs közü öz qabağına çəkməyə çalışır. Təbii ki, hər bir fərd qohumluq əlaqələrini və qazanılmış milyonların iştirakında rolunu nəzərə alaraq iddiasını dilə gətirir və Dövranın bölgüsü  bəzilərini çıxmaqla,  onların ürəyincə deyil. Ceyran inciyir ki, qardaşı doğma bacısını qoyub gəlinlərinə, qeyri qohum və dostlarına daha çox pay ayırıb. Samir ona ayrılan paydan narazı olsa da, Röyaya ayrılmış 50 milyon manata və mülkə görə özünü sakit aparır. Düşünür ki, Röya ilə evlənəcək və bu qədər varidata, əslində, o  sahib olacaq. Əsl mərəkə Dövranın qardaşı  Bayrama əlavə olaraq ayırdığı və ünvanı ona, Bayrama, bir də evində qulluqçu kimi saxladığı filippinli qadın Delisaya məlum olan beş milyonla əlaqəli olaraq meydana çıxır. Bayram bu məbləğin ona əlavə olaraq nə üçün ayrıldığının səbəbini qətiyyətlə inkar etsə də, bunun qardaşı ilə arasında bir sirr olduğunu bildirsə də, qohumlar ondan əl çəkmir. Nəhayət, Delisay meydana çıxıb bildirir ki, bu pul Bayrama yox, ona, onun Dövrandan olan altı yaşlı oğlu, hazırda Filippində Delisayın anasının yanında yaşayan oğlu Dodiyə ayrılıb. Bu gözlənilməz və Bayramın da təsdiq etdiyi xəbər qohumlar arasında çaşqınlıq yaratdığı bir məqamda gizli nömrədən edilən telefon zəngi onların əhvalını daha da qarışdırır.

Zəng edən Dövrandır və heç kəs buna inanmaq istəmir. Ölünün dirilib Röyaya, Bayrama, Elmana zəng çalması, Ceyran və Samirlə danışması onlara bir qarabasma, yaxud bir başqasının onlara sataşması kimi  görünür. Elman Dövranın qızıl korpuslu telefonunun təsadüfən Dövranın qəbrinə düşüb orada qaldığını bildirəndə vəziyyət bir qədər də mürəkkəbləşir.  Elman inanır ki, Dövran elektrik vurmasından ayılıb və torpağın altından - qəbirdən zəng edib onu xilas etmələrini xahiş edir. Elman ona ayrılan on milyon manatdan imtina edib dostunu xilas etməyə tələsir. Qohumlar isə buna imkan vermir. C.Məmmədquluzadənin "Ölülər" əsərindəki Şeyx Nəsrullahın ölüləri diriltmək istəməsi zamanı qəbiristanda yaranan səhnəyə bənzər bir səhnə burada da yaranır. Qohumlar, hər nə qədər "ölü dirilməz, xortlamış ölüyə nə deyərlər?" - deyib Elmanın qəbiristana getməsini əngəlləsələr də, əslində, məqsəd Dövranın dirilməsinə mane olmaqdır. Çünki Dövran dirilib gəlsə, onlara vəsiyyət edilmiş milyonlar əllərindən çıxa bilər.

Bu qohumlar üçün sərvətin insandan irəli olduğu qənaətinə gələn müəllif  kəfənə bürünmüş halda səhnəyə gətirdiyi Dövranın əli ilə yazdığı vəsiyyətnaməni onun öz əli ilə parça-parça etdirməklə bir daha cəmiyyətə, insanlığa belə bir mesaj göndərmiş olur: Düzlük, həqiqət, əxlaqi dəyər və milli ənənələrə sadiqlik, insanlıq və humanistlik bəşəriyyəti və cəmiyyəti  xilas edəcək ən doğru yoldur.

26 aprel 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!