Sirlərin sərgüzəşti... - Kamal Abdulla - Romandan parçalar

Əvvəli: http://edebiyyatqazeti.az/news/diger/3532-sirlerin-serguzesti

"Payız" fəsli

Biriminci sirr

Uzaq məmləkətin bir kəndində Əhməd adlı bir kişi yaşayırdı və o öz ailəsini dolandırmaq üçün hər gün yaxınlıqdakı Ala dağın ətəyinə gələn meşəyə gedər, orada odun qırar, şəhərə aparıb bazarda satardı. Sonra da ayın-oyundan alıb evinə qayıdardı. Günü-güzəranı bu minvalla ötüb-keçərdi. Arvadı kənd əhlinin xəstəsinə baxar, dava-dərmanını verər (hətta qonşu kəndlərdən əlac üçün onun yanına gələnlər var idi), iyirmi yaşına çatmış oğlu Məhəmməd onun-bunun qoyun-quzusunu otarmaqla məşğul olardı.

Günlərin bir günü Əhməd kişi yenə sübh tezdən evdən çıxıb meşəyə getdi. Amma bu dəfə getməyilə evə qayıtmağı bir oldu. Arvadı evdə tək idi. Əlindəki işini buraxıb gəldi ərinin yanında oturdu və nəvazişlə sual sual dalınca ondan soruşdu:

- Noldu, evə tez qayıtdın, həyatım?! Niyə qəmlisən?! Nə üçün kədərlisən? Gözlərin niyə nəmdi? Başına bir işmi gəldi? Nə dərdin var, aç ürəyini, mənə söylə, mənə söyləməsən, kimə söyləyəcəksən?

Əhməd kişi arvadına tanımadığı bir adama baxan kimi baxıb ürəyində "eh" elədi, istədi ki, əhvalının əsl səbəbini ondan gizlətsin:

- Bir şeyim yoxdu. Yorğunam. Bir az dincəlim, sonra təzədən oduna gedəcəyəm.

Əhmədin bundan xəbəri yox, arvadı cadugər idi. Onu aldatmaq mümkün deyildi. Zənni həmişə ona doğru olanı deyirdi. Bu dəfə də arvad baxıb gördü ki, kişisi ondan nə isə gizlədir, o dəqiqə duyuq düşdü ki, ərinin başına meşədə nə isə bir iş gəlibdi, ona kimsə cadu edibdi. Bu səbəbdən Əhmədin halı belə pərişandı. Arvad bu sirri öyrənmək istədi. Amma orası vardı ki, arvad Əhmədin özündən bəzi şeyləri eşidib biləndən ancaq sonra cadunu kimin etdiyini öyrənə bilərdi. Ona görə də səsinin qılıq yerinə salıb dübarə Əhməddən soruşdu:

- Əhməd, gözümün işığı, başımın taxtı. Meşədə bu gün kimi görmüsən, kiminlə danışmısan?

Əhməd tərsliyinə salıb düz-əməlli bir cavab vermədi:

- Heç kimi görməmişəm, bir kimsənə ilə də danışmamışam.

- Mənə yalan deyirsən?..

- Mən yalan demirəm. Yox, mən yalan deyirəm...

Arvad artıq cadusunu işə salmışdı. Cadunun gücü belə idi ki, Əhməd nə bilirdisə, olduğu kimi ona danışacaqdı. Ancaq həqiqəti öyrənəndən sonra (özü də Əhmədin dilindən) Əhmədə kömək eləmək, onu meşədəki cadudan təmizləmək mümkün olardı.

Arvadının təsiri ilə Əhməd tutuquşu kimi dil-dil ötməyə başladı, hər nə vardısa, olduğu kimi arvadına danışdı:

- Meşəyə çatdığım idi ki, bir cökə ağacını gözaltı eləyib baltanı torbadan çıxardım və ucunu başladım itiləməyə. Elə itiləyib qurtarmışdım ki, "ya Allah" deyib ağacın kökünə baltanı saplamaq üçün başımın üstünə qaldırmağımı gördüm. Bu zaman həmən cökə ağacı dərindən, bütün qol-budağı ilə silkələnib canlandı və insan kimi dil açıb mənə yalvarmağa başladı:

- Əhməd, Əhməd, - dedi. - Gəl sən bu daşı ətəyindən yerə tök, gəl sən mənə qıyma. Mən bir gənc, gözəl qızam, mənə cadu edib bu hala salıblar. Gəl sən mənə rəhm elə. Əvəzində  mən də sənə tükənməz sevgi, bir dünyalıq məhəbbət verərəm. Dünya malından səni qane edərəm.

Canımda qanım dondu. Ayağımın altından yer qaçdı. Az qala səndələyib düz ağacım altına yıxılacaqdım. Balta əlimdən yerə düşdü. Ağac yenə insan kimi danışmağa başladı:

- Görürəm, mənə inanmırsan... İstirsən, bir anlıq sənin gözünə əsl qiyafətimdə görünüm ki, mənə inanasan. İstirsən? Sən Allahın, "yox" demə.

Handan-hana özümdə güc tapıb "istirəm" - dedim.

Cökə ağacı bir daha dərindən silkələnib yarpaqları, budaqları bir-birinə qarışdı və o, gözümün önündəcə qəfildən insan cildini aldı, gözəl bir qıza çevrildi. Mən heyrətdən durduğum yerdəcə donub qalmışdım. Qızın gözəlliyi məni həqqən valeh eləmişdi. Bir xeylaq beləcə sükut içində qız mənə, mən ona baxdım. Əlbəttə ki, daha nəinki onu, heç bir başqa ağacı da kəsə bilmədim və kor-peşman evə qayıtdım. Qız yenidən çevrilib cökə ağacına döndü və mən o yerdən uzaqlaşdıqca yarpaqlarının xışıltısı ilə arxamca mənə dualar oxudu. Səsi özündən gözəl idi, özü-səsindən. Başıma gələnlər bunlardır.

Arvadı Əhmədi dinlədikdən sonra daha şəkk-şübhəsi qalmadı ki, meşədə ona cadu ediblər. Əri bir könüldən min könülə qız bildiyi həmən cökə ağacına aşiq olub. Cadu edən də həmən ağacın elə özüdü ki var. Ərini bu cadudan qurtarmağın yeganə yolu gedib o ağacı kəsməsi idi, özü də Əhməd gərək ağacı öz istəyilə kəsəydi. Amma arvad bunu ona necə deyəcəyini bilmirdi. Ərinin bu işi görməsi üçün gərək idi ki, ona öz sirrini açıb özünün cadugər olduğunu deyəydi. Bunu isə arvad istəmirdi. Ərindən çox oğlundan qorxurdu. Qorxurdu ki, bu ikisi birləşib onu evdən qovarlar. Arvadın cadusu oğluna təsir etmək gücündə deyildi. Bunun üçün də o, xüsusilə, oğlu Məhəmməddən ehtiyat edirdi. Çünki onu çox istirdi. Hətta nə zamansa cadugərliyini ona buraxmağı düşünürdü. "Adamlara xeyri dəyər, dərdi olanı, xəstəliyi olanı sağaldar" düşünürdü. Arvadı Əhmədə dedi:

- Dur, yerini salım, yat, daha bu gün heç hara getmə. Mən axşama yemək hazırlığı görərəm.

Əhməd könlü istəməyə-istəməyə durub içəri otağa keçdi, alabəzək yorğan-döşəyə girib gözlərini yumdu. Elə o dəqiqə meşədə cökə ağacına çevrilmiş gözəl qız gözləri önündə yenidən canlandı. Əhməd bu qıza baxdıqca onun hüsnü-camalından doymurdu, qızın şabalıd rəngli saçı, qıpqırmızı yanaqları, qapqara gözləri elə bil, ona "hardasan, gəl, gəl yanıma, mən ki səni sevdim, məni buraxma, məni burda tək-tənha qoyma, gəl, gəl..." deyirdi. Əhməd ha istəyirdi yataqdan qalxa, durub gedə meşədə o ağacı tapa, onun sıx budaqları arasında itə, elə itə ki, heç kim gəlib daha onu tapa bilməyə, amma bacarmırdı, çünki yerindən qalxmaq istədikcə Əhmədin anlamadığı bir qüvvə onu təzədən döşəyə pərçim edirdi. Bu qüvvə Əhmədin arvadının cadusu idi.

Hacı Mir Həsən ağa Səyyah bura qədər dayanmadan yazdıqdan sonra nəfəsini dərdi. Əhmədin hekayəsi bir qəmli və sirli hekayə idi. Bu hekayənin sirri onda idi ki, sənin sirr kimi bildiyin bir şey, əslində, sirrilikdən çıxmışdı. Artıq bunu onun arvadı bilirdi. Əvvəlcə Əhməd başına gələnləri arvadına danışmağı ağlına belə gətirmirdi. Onu danışdıran arvadının cadusu olmuşdu. Və Əhməd elə güman edirdi ki, onun sirrini, yəni meşədə bir qollu-budaqlı cökə ağacına vurulmağını ondan başqa bir kimsənə bilmir.

Amma bir sirr ki, üçümüncü adam onu bildi, deməli, faş olma ehtimalı hər an artır. Deməli, sirr heç əvvəldən sirr kimi yaranmayıb. O, sirr deyil, o, bir müəmmadır. Sirlə müəmma arasında fərqi isə Əhməd ha fikirləşdi, öz isti və qalın yorğan-döşəyində o tərəf, bu tərəfə çevrilə-çevrilə ha götür-qoy elədi, tapa bilmədi. Fərqin olduğunu isə Əhməd bütün qəlbi ilə hiss edirdi.

Beləliklə, günlər keçir, Əhməd hər gün, hər saat, hər dəqiqə meşədəki qızın (cökə ağacının) həsrətilə yanıb-qovrulur, yataqdan qalxmır (qalxa bilmir) və gündən-günə rəngi-rufu solur, bayırda tüğyan edən payız küləkləri kimi get-gedə daha bədbin və kədərli olurdu. Hər səhər Əhmədin bu halını qəmli-qəmli seyr edən oğlu Məhəmmədin bir gün ürəyi daha dözmədi və o, atasına belə dedi:

- Ey mənim mehriban və əziz atam, gözümün işığı. Bir müddətdir ki, sən gözümüzün önündə damla-damla əriyib gedirsən. Dərdin nədir? Əlacın nədir? Bəlkə sənin dərmanın uzaq-uzaq ölkələrdədi, söylə mənə, ayağıma dəmirdən çarıq geyərəm, əlimə dəmirdən çomaq alaram, mən sənin dərmanını gedib yerin deşiyindən olsa da tapıb gətirrəm.

Əhməd uzandığı yerdə susqun halda gözlərini tavana dikib qalmışdı. Bu sözləri eşidib onun gözləri yaşlandı.

Məhəmmədin cadugər anasının ürəyi dözmədi, üzünü oğluna tutub o da belə dedi:

- Ey əziz oğlumuz Məhəmməd. Atanın dərdi varsa, dərmanı da var. Bu dərman uzaqda deyil. Dərman Ala Dağın ətəyindəki meşədədi. Atanı meşədə bitən bir cökə ağacı bu hala salıbdı. Dərd də odu, dərman da odu.

- Bu necə ola bilər? - Məhəmməd soruşdu.

- O meşədə bitən cökə ağacı atana sehr edib, gözünə qız cildində görüküb və özünü ona sevdirib. Sənin atan o ağaca bir könüldən min könülə aşiq olub.

Məhəmməd təəccüb dolu baxışla atasına baxır, atası məlul-məlul Məhəmmədə baxır. Məhəmməd anasından soruşur:

- Bə sən bunu hardan və necə bilibsən?

Anası anlayır ki, daha sirri açıb söyləmək zamanı gəlibdi. Odur ki, ürəyində qan ağlaya-ağlaya oğluna belə deyir. Amma elə deyir ki, Əhməd onları eşitsə də başa düşməsin:

- Oğul, Məhəmməd. Mən özüm də bir cadugərəm və bu sənət mənə anamdan yadigar qalıbdı. Odur ki, atanın başına nə gəldiyini, necə gəldiyini gözəl bilirəm.

Təəccübdən Məhəmmədin gözləri dörd olur. Nitqi quruyur. Anası davam edir:

- Bəli, oğul, heç təəccüb etmə. Mən, həqiqətən, bir cadugərəm. Atanı mən də vaxtilə caduya salıb özümü ona sevdirmişəm. Başqa əlacı  qalmamışdı mənə aşiq olmaqdan qeyri. Amma mən bir göyərçin idim, bir bəni-adəm məni sevib halallığa qəbul edəndən yalnız sonra mən birdəfəlik insana çevrilə bilərdim. O bəni-adəm də bura qədər olanları unutmalı idi. Amma əgər günlərin bir günü halalımı itirsəm, o məndən üz döndərsə, mən yenə də qayıdıb göyərçin olacam. İndi ki, sən mənim sirrimi bildin, qərar sənin qərarındı. Necə desən elə də qoy olsun.

Məhəmməd bir xeyli fikirləşdi. Nəhayət, qərarını belə verdi. Anasına dedı:

- Mən atamı sən deyən kimi o meşəyə aparacağam. Qoy həmən ağacı tapıb baltalasın. Mənim yanımda ağac ehtiyat edib adam cildinə girməz. Əgər girərsə, mən varam, o var!

Elə haman gün vaxt itirmədən ata və bala meşəyə yola düşdülər.

Həsən müəllim gözlərini açıb bir müddət evdəki qulaqdeşən sükutu dinlədi. Nə onun kabinetindən, nə də yan otaqlardan səs-küy gəlirdi. Durub Nuh əyyamından qalma xətli pijamasını geyindi, ürəyinə nə damdısa, əvvəlcə arvadının yataq otağına keçdi. Burada gördü ki, bir cavan qadın arvadı Bəyimin yerində uzanıb, özü də şirin yuxuya gedib. Bu qadını o tanımadı. Amma axır vaxtlar hər gün gördüyü həmin qadın olduğunun fərqinə vardı. O isə Həsən müəllimin qızı Həlimə idi. Həsən müəllim başını təəccüblə bulayıb ("Bu qadının bu otaqda nə işi var?!") kabinetə keçdi. Otaq onun alışmadığı tör-töküntü (əsl dağıntı) içərisində idi. Hansısa müharibə sonucunda məğlub olmuş Tutuquşunun müqəvvası elə yazı masasının üstündəcə böyrü üstə yıxılıb qalmışdı, stulların yeri dəyişmişdi. Yazı masasındakı dəftər, kağız bir-birinə qarışmışdı. Dəcəl uşaqlar tərəfindən həyata keçirilən "istilanın" bu otaq üçün ağır nəticələri Həsən müəllimin qanını əməlli-başlı qaraltdı.

O, ilk əvvəl Tutuquşunun alabəzək müqəvvasını götürüb yenə də öz yerinə - divardakı kitab dolablarının arasına yerləşdirdi. Sonra otağı diqqətlə gözdən keçirdi, yerdən yaşıl cildli sevimli kitabını ("Əsrlərin müqaviməti" adlı bu kitab, əslində, bir nüsxədən ibarət əlyazma idi) əyilib qaldırdı, təkrar yazı masasının üstünə qoydu. Ən xoşagəlməz hal isə yazı masasının üstündəki kağızlarla bağlı idi - onlar bir-birinə qarışmışdı, bəzisi yerdə idi, bəzilərindən isə dəcəl uşaqlar uçan quş düzəltmişdilər, elə bil, bu uçan quşlar (əslində, kağızlar) hansısa uzaq-uzaq yerlərdən uçub gəlib bu otağa düşmüşdülər. Hərəsi bir tərəfə atılıb qalmışdı. Həsən müəllim dərindən bir "ah" çəkdi, ürəyində otağı bu günə qoyanların dalınca xeyli deyindi. "İndi  mən buraları necə səliqəyə salacağam? Aləm qarışıb bir-birinə. Bəyimin (arvadının) yatağında yatmış qadından xahiş eləsəm, görəsən, pis çıxmaz?! Belə də iş olar, mən düşdüm?!".

Həsən müəllim bu fikirləri beynindən keçirə-keçirə getdi durdu Tutuquşunun müqəvvasının önündə və diqqətlə ona tamaşa eləməyə başladı. Elə bil, o, Tutuquşunun lal baxan gözlərinin dibində nə isə axtarır, axtarır, (bəlkə suallarına cavab axtarırdı?), tapa bilmirdi. Elə bil, gözlərilə onu yemək istəyirdi. Baxıb-baxıb birdən Həsən müəllim Tutuquşuna belə bir sual verdi:

- Bu işin axırı necə oldu? Odunçu tilsimdən çıxa bildi?

Müqəvva da, öz növbəsində, diqqətlə Həsən müəllimə baxırdı. Müqəvva susurdu. Həsən müəllim sualını təkrar elədi:

- Bu işin axırı oldu? Odunçu tilsimdən çıxa bildi??

Həsən müəllim artıq cavab gözləmədiyindən keçib öz yerinə getmək istədi. Qəflətən müqəvva, elə bil, canlandı, tərpəndi, gözləri parıldadı və o, Həsən müəllimin sözlərini əsl Tutuquşu kimi yorulmadan təkrar eləməyə başladı. Amma Həsən müəllim dediyi cümlədəki intonasiyanı dəyişdi:

- Bu işin axırı oldu...  Oduncu tilsimdən çıxa bildi... Bu işin axırı oldu...

Həsən müəllim rahatlıqla köksünü ötürdü və ağır addımlarla kabinetdən çıxıb (daha burda qalmağı lazım bilmədi) öz yataq otağına geri döndü.

Tutuquşu susdu, amma gözlərindəki parıltı hələ uzun müddət sönmədi.

***

Ata və bala meşəyə yaxınlaşdıqda artıq qaranlıq ətrafı bürüməyə başlamışdı.

- Ata, sən o ağacı görsən, tanıyarsan, ya necə? - Məhəmməd atasından soruşdu.

- Tanıyacam, oğul, tanıyacam. - Əhməd kişinin səsi, elə bil, quyunun dibindən gəldi.

Meşənin içinə doğru bir-iki addım atmışdılar ki, Əhməd kişi həmin cökə ağacını gördü. Görən kimi də tanıdı. Ağac bütün budaqlarıyla, artıq saralmaqda olan yarpaqları ilə (meşənin içində də çölündəki kimi payız fəsli idi) qədd-qamətini dik tutub durmuşdu. Cökə ağacı bildi ki, Əhməd kişi və oğlu onu kəsməyə gəliblər. Sıx yarpaqları xışıltı saldı, şah budaqları tərpəşdi və bu qədd-qamətli ağac yenə də adam kimi danışmağa başladı. Onun nə dediyini ancaq Əhməd kişi anladı, oğlu Məhəmməd ağacın məşum xışıltısından başqa bir şey eşitmədi. Ağac deyirdi:

- Axır ki, gəldin, Əhməd. Bə niyə belə gec gəldin? Yolunu gözləməkdən yarpaqlarım saraldı (əslində, yarpaqlar meşədəki başqa ağaclardakı kimi payız gəldiyi üçün saralmışdı). Gəldin ki, məni kəsəsən, bilirəm. Nə üçün gəldinsə, ləngimə, çıxar baltanı. Mən bezdim ağac ömrü yaşamaqdan. İşini gör, qurtar. Mən bezdim səni gözləməkdən, səni uzaqdan-uzağa seyr eləməkdən. Mən bezdim səni sevməkdən (Əhmədin ürəyi şiddətlə vurdu: sən demə, ağac da onu sevirmiş...). Amma sən bezməyəcəksən. Ömrün boyu əzabla, məşəqqətlə məni anacaqsan. Mən sənin zülmün olacağam. İki yolun var, biləsən. Biriminci yol məni baltalayıb sevgimizi məhv eləməyin yoludu. İkiminci yol isə... Bu bir vüsal yoludur. Mənim qollarımın (budaqlarımın) arasına girsən, biz əbədiyyən səninlə bir yerdə olacağıq. Sevgi, hüzn, rahatlıq dolu bir aləmdə ömrümüzü başa vuracağıq. Mən sənə ağac ömrü bəxş edəcəyəm. Sən də mənim qədər yaşayacaqsan. Seç. Seçim sənindir. Mən sənin üçün ölməyə hazıram. Sən mənim üçün yaşamağa hazırmısan?

Xışıltı səsi kəsildi. Əhməd kişi artıq qarşısında bir ağac deyil, yenə öz sevgilisi olan o gözəl qızı görməyə başlamışdı. Qəflətən Əhməd kişiyə bir həqiqət əyan oldu. Ona  əyan oldu ki, bütün ömrü boyu (əslində, əqli kəsəndən, evlənəndən bu yana) o, bir cadu içində olub. Əhməd kişi gözlərini bərk-bərk yumdu, damarında qanı dondu. O, həyatında ilk dəfə uzaq zamanda baş vermiş bir görüşü xatırladı. Əhmədin xatırladığı o görüş gözəl bir göyərçinlə idi. O zaman hardansa uçub gəlmiş o göyərçin də eynən bu ağac kimi sehrdən çıxıb bir qıza dönmüşdü və ona nələr vəd etməmişdi. Amma onunla evləndikdən sonra Əhməd kişi hər şeyi unutmuşdu. Ailəsini dolandırmaq, gününü, güzəranını keçirmək üçün hər sabah axşamadək çalışmalı olmasından (və çalışmasından) başqa hər şeyi unutmuşdu. İndi isə bu cökə ağacı onu öz içinə səsləyir. Ona ölümsüzlük vəd edir. Əhməd kişinin beynindən bu sözlər (əslində, arzu) keçdi: "Bu ağacın içində məni gizlədəydilər, gəlib axtarsa da heç kim daha tapa bilməyəydi...".

Məhəmməd göz yumub açmağa macal belə tapmadı. Bir də gördü ki, ağacın içindən gələn işığın altında budaqlar aralanıb atasına yol verdi və atası gedib girdi ağacın  işıldaşan budaqlarının arasına. Budaqlar yenidən birləşib Əhməd kişini qucaqladılar və Əhməd kişi budaqların arxasında gözdən itib yox oldu. Meşədəki digər ağacların da heyrətli və məşum xışıltısı ətrafı bürüdü. Məhəmməd cökə ağacının ətrafına dolana-dolana nə qədər "Ata, ata! Sən axı hara qeyb oldun? Xəbər versənə!" qışqırdısa da, bir faydası olmadı. Əhməd kişi həqqən qeyb olmuşdu. Əslində, Əhməd kişi qeyb olsa da, həm vardı, həm də yoxdu. Onun üçün də ağaca balta vurmağa Məhəmməd ürək eləmədi. Düşündü ki, balta təkcə ağaca yox, atasına da zərər gətirər.

Atasını bu sayaq işıldayan cökə ağacının içində itirəndən sonra kor-peşman evə dönən Məhəmməd istədi ki, bu sirri açmasını cadugər anasından rica etsin. Ancaq nə qədər axtardısa anasını heç yerdə görmədi. Hardansa evlərində peyda olub sağa-sola səkə-səkə yeriyən bir göyərçindən başqa, evdə daha heç bir canlı yox idi.

Bu sirli vaqeə buradaca bitir.

Risalə beləliklə, bu cür başladı və Səyyahın yazdığı kimi, davamı bizi hələ çox-çox daha qədim dövrlərə aparıb çıxaracaqdı.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!