Rəsul Rzanın "Rənglər"i və lallıqdan qurtulmaq problemi... - Niyazi MEHDİ

 

Niyazi Mehdi

Fəlsəfə elmləri doktoru

 

Mən gəncliyimdə Andre Bretondan, - sürrelizmi yaradanlardan biri (birincisi?!) olan bu yazardan  götürdüyüm deyimin təsirini indi də özümdə duyuram: poeziya var ki, səslərin "musiqisindən" doğur, poeziya da var ki, yaratdığı şəkillərin effektindən bədiliyini alır. Bretona görə, gələnəksəl poeziya səslərin poeziyasıdır, çağdaş poeziya isə Pikasso şəkilləri  kimi ifadəli görüntülərin törəməsidir. Bu deyimdən itələnərək Rəsul Rzanın "Rənglər" poemasına yanaşsaq və "o niyə şeirdir?" sualına cavab axtarsaq, düşüncəli söhbətə açıla bilərik.

"Rənglər" qafiyənin, vəznin verdiyi səslərin musiqisində deyil ki, ənənəvi şeir kateqoriyasına düşsün.

"Rənglər"də ritm var, ancaq heca vəzninin qəliblərində döyünən ritm deyil ki, gələnəksəl anlamda şeir duyğusunu yaratsın. Onun ritmi vəzn qəlibində olmadığı üçün səs musiqisini yox, yüngülcə, orda-burda vurulmuş musiqi xallarını andırır. Belə "yarımçıq musiqidən", "musiqisayaq" avazdan vaizlər istifadə edirlər.

İndi isə "niyə şeirdir?" sorusunun cavabı üçün başqa qatlara keçim. Bizim hamımızın dünya ilə bağlı lallıq problemimiz var. Biz dünyadan danışmaq istəyəndə lallığın ardınca kəkəlləmə gəlir. Kəkəlləyəndə necə zorla hecadan hecaya keçirsən, eləcə də dünyadan kəkəlləyəndə zorla bir ilginc nəsnə, cizgi tapıb, zorla da o birisinə keçirsən. Şairlər də, yazarlar da, filosoflar da bizim kimidirlər. Onlar dünyadakı nələrləsə ilgili lallıqdan çıxmağı bacaranda şair, sənətçi olurlar. Bunun üçün dünya nəsnələrini dindirməyi, danışdırmağı bacarmalıdırlar. Ancaq elə ki onun seçdiyi dünya nəsnəsi hamının qulağına gələn danışıqla danışdı, həməncə şeiriyyət ölür. İndi Rəsul Rza da haçansa rənglərlə bağlı lallığına qalib gəlmək üçün onları danışdırmağa başlamışdı. Neçə on illər keçib. İndi növbə mənə çatıb, Rəsul Rzanın "Rənglər" şeiri ilə bağlı lallığıma qalib gəlib onu danışdırmaq növbəsi. Necə danışmaq? Bir yolu "Rənglər" necə qurulub, necə düzəldilib?" vektorunu tutub irəliləməkdir.

Bunun üçün fəlsəfədən aldığım bir düşüncə alqoritmini söyləyim. Onu ilk dəfə Aristotel açmışdı: düşünmək nələrisə birləşdirmək, nələrisə ayırmaqdır. Rəsul Rzada bu alqoritmlə işləyən misralardan bəziləri:

Ağ, qara, sarı, qırmızı;

Hərəsi bir sınaqla bağlıdır.

...

Qara - matəm,

Qırmızı - bayram.

Bu parçada Rəsul Rza eyniləşdirmə eyləmini sadaladığı rənglərlə "sınaq növləri" arasında aparır: konkretləşdirəndə alınır qara matəmdir, qırmızı bayramdır. Aristotel "alqoritmindən" itələnsək Rəsul Rza azərbaycanlı düşüncə və mədəniyyət sxemini  verən eyniləşdirməni görükdürür. Bu zaman o heç bir yenilik etmir, sadəcə, azəri alışqanlığını baza situasiyası kimi verir. Burada nələrsə nələrləsə birləşdirildiyi üçün düşüncə var. Ancaq bu düşüncə maraqlı deyil, çeynənmişdir, qəlibdir, Rəsul Rzaya başlanğıc hal kimi gərəkdir. Şeir ondan fərqlərə çıxa bilməsə şeir də olmaycaq, necə ki sevgini min dəfə həsrətlə eyniləşdirəndən sonra bu sevgi şeiri dadını itirir.

Düşünmə nələrisə nələrdənsə ayırmaqdır. Görək bu eyləm Rəsul Rzada özünü necə göstərir.

Qara matəm rəmzi də ola bilər,

Məhəbbət rəmzi də.

Nifrət rəmzi də.

Ağ gözümüzü nurdan sala bilər...

Bu misralarda Rəsul Rza birləşdirmənin (eyniləşdirmənin) tərs üzü olan ayırmanı (fərqləndirməni) sərgiləyir. Matəm rəmzi olan qaradan (eyniləşdirmədən) məhəbbət rəmzi ola biləcək qaranı ayırır, aydınlıqla eyniləşən ağdan korluğa gətirən ağı fərqləndirir.

Beləcə, Rəsul Rza  situasiyaları sərgiləməklə mədəniyyət stereotiplərini, kültür alışqanlıqlarını sadalayır ki, sonra bunları dağıdan şəkillər silsiləsinə çıxsın. Beləcə, səsin musiqisindən fərqlənən poeziya tipində şeir yapsın. Yapsın ki, rəngərlə bağlı lallıqdan çıxsın və bizi də çıxarsın. Necə? Buna da baxaq.

Düşüncə hamının birləşdirdiyini birləşdirəndə, hamının ayırdığını ayıranda düşüncə olsa da maraqsız düşüncə olur. Bunu mən ilk dəfə Anarın çıxardığı "Qobustan"da yazmışdım. Təxminən 40 il qabaq bunu yazanda və Anar onun çapına razı olanda nə onun, nə mənim ağlına gələrdi ki, bu qədər ildən sonra həmin ideya Rəsul Rza poeziyasını anlamaq üçün mənim əlimdən tutacaq. O yazıda daha sonra mən söyləmişdim: maraqlı, qeyri-trivial düşüncənin prinsipi budur ki, hamının birləşdirdiyini ayır, hamının ayırdığını birləşdir.

"Rənglər" silsiləsi vizual və başqa qeyri-triviallığını bu axırıncı aktdan, eyləmdən alır. Ağ rənglə bağlı belə alır:

İnsan səadətinə səbəb olan hər şey...

hətta...

Təsəlli üçün deyilmiş yalan.

Bu misralarda yalanın insana mutluluq gətirən hər nəsnə ilə birləşdirilməsi söylədiyim qeyri-triviallıqdır.

Gümüşü rəng haqqında:

Yaraqların

Yararsızlığı.

Dəbdən düşmüş

Kişi bığı.

Burada, adətən, poeziya tarixində bahalı metalla, bəzəklə bağladılan "gümüşü" rəng onlardan qopardılıb yararsız yaraqla bağladılır. Heç kim yüksək poeziyaya "dəbdən düşmüş bığı" gətirməzdi, Rəsul Rza isə gətirib effektli poetik şəkil alır.

Məncə, söylədiyim alqoritmdən çıxış edib "Rənglər" silsiləsinin necə qurulmasını bircə-bircə göstərməyə gərək yox. Örnəklər yetərlidir. Gerisini özünüz tapa bilərsiniz. Ancaq "Budurmu poeziya?" sorusuna cavab vermək elə də asan deyi. Biz söyləyə bilərik ki, "Rənglər"də Rəsul Rza göstərdiyim vasitə ilə səslərin musiqisinə (oynaqlığa. axıcılığa) söykənməyən başqa poeziya tipini yaradır və bununla sərbəst şeirin Azərbaycan variantını yaradır..

Bundan başqa Rəsul Rza Azərbaycan dilində elə bil diskurslar diskursu (deyimlər deyimi) yaratdı ki, paradiqmaya çevrildi. Bu axırıncı termin, adətən başqalarına necə yazmaq, necə yapmaq, necə düşünmək, neçə söyləmək modelini verən nəsnələrə deyilir. Azərbaycan poeziyasında mədəniyyətimizdə, əxlaqımızda, düşüncəmizdə hamının birləşdirdiklərini ayırmaqla, hamının ayırdığını birləşdirməklə paradokslar töərədib onlarla oynayan necə-neçə şeirin əsasında "Rənglər" paradiqması durur. Ancaq bütün bu söylədiklərim mətnin anatomiyasına aiddir. Bəs şeiriyyatı? Onunla bağlı lallıqdan çıxmaq çətindir. Rəsul Rzanın "Rənglər"i ilə bağlı mən də lallıqdan çıxmadım, olsa-olsa kəkəllədim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!