Qaş düzəldən yerdə... - Aləm Kəngərli - hekayə

Dekabr ayının sonuncu cüməsi idi. Beşmərtəbəli binanın sakinləri həyətdə öz əlləri ilə tikdikləri xeyir-şər evində domino oynayırdılar. Növbəyə duran çox idi. Səs-küydən qulaq tutulurdu. Uduzan cütlük oyunu tərk edir, yerinə başqa cütlük daxil olurdu. Səhv gedişlər olanda ara daha da qızışır, mübahisə son həddə çatırdı. Dominonun daşlarını elə qeyzlə çırpırdılar ki, səsi yaxınlıqdakı mənzillərdə də eşidilirdi.

Burada hamı bərabər idi. Heç kim bir-birindən üstün deyildi. Müəllimi də, alimi də, fəhləsi də eyni adı daşıyırdı - qonşu. İndi onları bir araya gətirən domino idi. Ümumilikdə götürəndə pis qonşu deyildilər. Xeyir işlərdə tam olmasa da, yas mərasimlərində hamılıqla bir-birinə həyan olur, yaxından köməklik edirdilər.

Dekabr ayı olsa da, içəri isti idi. Bir tərəfdə odun peçi yanır, o biri tərəfdə samovar qaynayırdı. Uduzan tərəf masadan qalxandan sonra həm də çayları təzələməyə borclu idi.

Sıra şirkət rəhbəri işləyən Cəbrayıl müəllimə çatanda səs-küy bir qədər səngidi, oyuna böyük nüfuzu olan adam qoşulduğu üçün zarafatlar, deyib-gülmələr də kəsildi. Cəbrayıl müəllim yerini rahatlayıb cütdaşına dedi:

- Bəhlul, qonşu, bir az diqqətli ol ki, ogünkü məğlubiyyətin əvəzini çıxaq.

- Baş üstə, - deyə həyətdəki marketdə gözətçi işləyən qapıbir qonşusu Bəhlul kişi cavab verdi.

Məhəllədə Cəbrayıl-Bəhlul cütlüyü ən güclü komanda sayılırdı. Hər ikisi İqtisad Universitetini bitirmişdi. Gedişləri sonacan hesablayır və oyunu əzbər bilirdilər.

İlk oyun maraqlı keçdi. Cəbrayıl müəllimgil qalib gəlib keçən dəfəki məğlubiyyətin qisasını ala bildilər. Ancaq növbəti oyunda əlləri gətirmədi. Oturmaqları ilə durmaqları bir oldu.

Meydan bərk qızışmışdı. Nə çay istəyən vardı, nə də çay gətirən. Bəhlul kişi qanı hədsiz qaralan Cəbrayıl müəllimin bayıra çıxdığını görüb, ''Heç bu uduzmaq yerinə düşmədi'', - deyə düşündü. Amma fürsəti də fövtə vermək olmazdı, Cəbrayıl müəllim bir də haçan rastına çıxacaqdı? Tez onun dalınca yüyürdü. Və qonşusuna çatan kimi də üzrxahlıqla söhbətə başladı:

- Siz Allah, üzrlü sayın, mən əlimdən gələni elədim. Nəsə bizimki gətirmədi...

- Boş ver, əşşi, adam udar da, uduzar da, - deyə Cəbrayıl müəllim cavab verdi.

Bəhlul kişi aralarındakı mehriban münasibətdən istifadə edib üzünə üz bağladı:

- Cəbrayıl müəllim, demişdiz, münasib iş olsa, məni götürəcəksiz.

- Yadımdadı, qonşu, - Cəbrayıl müəllim dedi, - Hələ ki boş yer yoxdu. Bir az səbirli ol. Mən sözümə əməl edən adamam.

- Bilirəm, qardaş. Allah sizi bizlərə çox görməsin, - deyə Bəhlul kişi minnətdarlığını bildirdi.

İçərinin istisindən sonra çöldə dayanmaq heç də xoş deyildi. Soyuq külək adamın üzünü qarsayırdı. Bəhlul kişi qonşusunu çox narahat etməsin deyə, sağollaşıb getmək istəyirdi. Amma bu vaxt Cəbrayıl müəllim nə fikirləşdisə, üzünü Bəhlul kişiyə çevirib dedi:

- Qonşu, sabah, birigün nə iş görəcəksən?

- Necə ki, qağa? Uşağa deyərəm, əvəzimnən marketdə dayanar. Nə əmriniz varsa, buyurun. Mən hazır.

- Yox, əşşi. Əmrim-zadım yoxdu. Çoxdandı kənara çıxa bilmirəm. Sabah arvadı da götürüb Qubaya getmək istəyirəm, Qəçrəşdə istirahət etməyə. İstəsən, sən də arvadı  götürüb bizə yoldaş ola bilərsən. Kampaniya ilə getmək daha maraqlı olur.

Bəhlul kişi bu gözlənilməz təklifdən çox sevindi. Cəbrayıl müəllimlə birlikdə yola çıxmaq onun üçün böyük şərəf idi. Odur ki, fikirləşmədən dedi:

- Nə deyirəm, qonşu. Böyük məmnuniyyətlə. Ancaq bir xahişim olacaq, gərək inciməyəsən.

- Buyur.

- Bizim xərcimizi özüm çəkəcəm.

- Əşşi, rəhmətliyin oğlu, orada nə xərc var ki, sən çəkəsən, - deyə Cəbrayıl müəllim cavab verdi.

Bəhlul kişi tez dedi:

- Yox, yox. Elə deməyin, başınıza dönüm. Əlimi cibimə salmalıyam. Yoxsa rahat olammaram.

Səhər saat doqquzda qonşular evlərinin kandarında çantaları əllərində hazır vəziyyətdə idilər. Cəbrayıl müəllim çox təkid etdisə də, Bəhlul kişi onların təzə "Jeep" maşınına oturmaq istəmədi. "Adama üz verəndə astar da istəməz ki…" - deyə Bəhlul kişi düşündü. Və üzünü Cəbrayıl müəllimə tutub dedi:

- Qonşu, siz narahat olmayın e. Uzaq yol deyil ki. Ayrı-ayrı getsək, yerimiz də rahat olar. Üstəlik, mənim "Jiquli"min də eyni bir az açılar. Hələ indiyə kimi onu şəhərdən qırağa sürməmişəm.

Cəbrayıl müəllim maşını sürətlə sürməyi sevməzdi. Həmişə deyərdi ki, qoy beş dəqiqə gec çataq, ancaq salamatçılıq olsun. Onun bu xüsusiyyəti Bəhlul kişinin xeyrinə idi. Çünki maşını çox köhnə idi. Bununla belə, salamat idi. Hələ indiyə kimi bir dəfə də olsun sahibini yolda qoymamışdı. Bəhlul kişi Allaha yalvardı ki, yolda maşınına bir şey olmasın. Yoxsa Cəbrayıl müəllimi məyus etmiş olar.

Qonşular Qəçrəşə çatandan sonra asfalt yoldan çıxıb maşınları sıx meşə qatı ilə örtülü olan dağın üstündəki "Ulduz" hotelinə sürdülər. İşçilər qonaqları görən kimi qabağa yüyürdülər. Cəbrayıl müəllim əl verib onlarla görüşdü:

- İşlər necədi, qoçaqlar?

- Sağ olun, müəllim, - deyə öndə olan oğlan cavab verdi. - Hər şey qaydasındadı. Otaqlarınız da hazırdı.

Bəhlul kişi anladı ki, Cəbrayıl müəllim yola çıxmazdan əvvəl zəng edib yerləri sifariş verib.

İki mehriban ailə hoteldə də qonşu düşdü. İntəhası şəhərdəki evlərindən fərqli olaraq, burada qapıları üzbəüz deyil, yanaşı idi. Qonşular otaqlarına keçib rahatlandılar. Təxminən bir saat sonra Cəbrayıl müəllim dəhlizə çıxıb qonşusunun qapısını yavaşca döydü. Elə bil Bəhlul kişi qapının arxasında dayanmışdı. Qapının döyülməsi ilə açılması bir oldu.

- Buyurun, qağa, eşidirəm, - deyə Bəhlul kişi tez dilləndi.

Cəbrayıl müəllim dedi:

- Qonşu, vaxtdır. Gedəyin, bir tikə çörək yeyəyin. Bunların yaxşı kababları olur.

- Qağa, and olsun Allaha, aclığımız yoxdu, - deyə Bəhlul kişi tez cavab verdi. - Səhər evdən tələsik çıxmışdıq deyə, yemək yeyə bilməmişdik. Bura çatan kimi gupadıq getdi. Nuşi-canınız olsun, siz gedin yeyin.

Cəbrayıl müəllim qonşusu ilə razılaşmaq istəmədi:

- A kişi, sən nə danışırsan? Hər gün kabab yemirik ki! Bir tikə kababla heç nə olmaz. Yığışın, gedəyin. Mən qonaq eləyirəm.

- Üz vurmayın, ay qağa. Başınıza dönərəm. Utanmırıq ki. Ac olsaq, gedərdik.

Qar yağmasa da, hava əməlli-başlı soyuq idi. Cəbrayıl müəllimlə həyat yoldaşı hotelin yan tərəfində yerləşən restoranın geniş, işıqlı salonunda oturub yemək yeyirdi. Ər-arvad ətrafa nəzər salır, nəyi isə müzakirə edir, deyib-gülürdü.

Cəbrayıl müəllimin işi çox olduğundan şəhərdən kənara çıxıb istirahət etməyə heç cür vaxt tapa bilmirdi. Odur ki, bugünkü səfərindən o qədər məmnun idi ki, heç olmayan kimi. Şəhərin səs-küyündən uzaqlaşmış, mobil telefonunu da söndürmüşdü. Baş-beyni dincəldikcə canında bir rahatlıq hiss edirdi. Bəhlul kişini yol yoldaşı seçmişdi ki, darıxıb-eləsə, arada onunla söhbətləşib fikrini dağıtsın. Amma Bəhlul kişinin də keçməyəsən bu xasiyyətindən. Heç kampaniya adamı deyilmiş. İndi qonşusunu öz həyat yoldaşı Ləman xanım əvəz edirdi.

Bəhlul kişigil otaqda nə edirdilər, bilən yox idi. Axşama kimi bir dəfə də olsun qapıları açılmadı. Nə otaqdan çölə çıxan oldu, nə də içəri girən. Şam yeməyinin vaxtı çatanda Cəbrayıl müəllim yenidən qonşularının qapısını döydü. Heç iki saniyə keçməmiş Bəhlul kişi qapını açdı:

- Buyurun, qardaş. Xoş gəlmisiz, keçin içəri.

- Yox, keçmirəm. Bu gün heç çölə çıxmadın. Dedim, görüm, neyniyirsən.

- Sizin sağlığınız. İçəridə arvadla özümüz üçün mırt vururduq, - deyə Bəhlul kişi cavab verdi.

Cəbrayıl müəllim məsləhətindən qalmadı:

- A kişi, çıxın bir təbiətə, görün nə var, nə yox. Bu havadan Bakıda tapmıyacaqsız. Söhbəti evdə də edərsiz də.

- Düzü, qorxduq xəstələnib-eliyək, ona görə çıxmadıq. Bilirsiz də, dərmanlar od qiymətinədi.

Cəbrayıl müəllim başını bulayıb mövzunu dəyişdi:

 - Di yaxşı, hazırlaşın, gedək şam yeməyinə. Naharda da qoşulmadız bizə.

Bəhlul kişi tez qonşusunun qolundan yapışıb cavab verdi:

- Müəllim, bəlkə, siz bizə qonaq olasız? Arvad yaxşı dolma bişirib gətirib. Kələm dolması.

Cəbrayıl müəllim hiss etdi ki, qonşuları onlara heç nədə yük olmaq istəmirlər deyə,  yoldaşlıqları baş tutmayacaq.  Odur ki, söhbəti çox uzatmadı:

- Bəhlul, biz kabab yemək istəyirik. Hinduşka kababı. Sizi də dəvət edirəm. İstəsəniz, gələrsiz.

***

Artıq axşam geridə qalmışdı. Başqa müsafirlər kimi, qonşular da öz isti otaqlarına çəkilib gecəni rahatca uyudular. Yuxudan ayılanda isə gözlərinə inana bilmədilər. Səhərə qədər yağan aramsız qar hər tərəfi ağ örpəyə bürümüşdü.

Bəhlul kişinin kefi tamam pozuldu: "Evim yıxıldı! Bu zıppıltıda maşını necə çıxaracam, Bakıya necə gedəcəm?" - deyə qarnını ovuşdurmağa başladı.

Cəbrayıl müəllimsə qarı görüb uşaq kimi sevindi:

- Bəxtimizi görürsən, arvad? Heç ağlına gələrdimi belə zərif, belə gözəl qar  görəcəyik?

- Yox, gəlməzdi, - həyat yoldaşı Ləman xanım sevincək halda cavab verdi.  Və zarafatından da qalmadı, - Bilsəydim, evdən termos gətirərdim, uşaqlara da qar aparardıq.

Bu dəfə Cəbrayıl müəllimgilin qapısı döyüldü.

- Qağa, hər tərəfi qar basıb, burdan necə çıxacayıq? - deyə Bəhlul kişi həyəcanlı halda soruşdu.

Cəbrayıl müəllim ona təsəlli verərək dedi:

- Narahat olma, qonşu. Bir çarə tapılar.

Saat on ikiyə az qalırdı. Qar hələ də yağmaqda davam edirdi. Bəhlul kişini fikir aparmışdı. Arvadı Səhnə xanım ərinin təşviş içində olduğunu görüb dedi:

- Kişi, niyə narahat olursan? Məcbur deyilsən ki, maşını minib çapasan. Yavaş-yavaş sürərsən, gedərik də.

- Sən nə danışırsan, ay arvad?! Qəpik-qəpik artırıb iyirmi ilə köhnə bir maşın almışıq, deyirsən, onu da dərələrə yem eləyək? Keçəl təkərlərlə bu yoxuşu enməkmi olar? Maşın sürüşüb ağaclara, dağa-daşa dəysə, əzilib şil-küt olmazmı? Necə təmir edərik, artıq pulumuz var?!

- Bəs onda neyniyək? - arvadı soruşdu.

- Heç nə. Piyada aşağı enib yol maşınları ilə gedərik. Qar əriyənnən sonra gəlib maşını apararam.

Cəbrayıl müəllimgil də yola düşməyə hazırlaşırdı. Ləman xanım dedi:

- Cəbi, yollar  buz bağlayıb. Bəlkə, maşın qalsın, piyada enək? Aşağıdan bir maşın tutub gedərik.

- Sən nə danışırsan, ay arvad? - Cəbrayıl müəllim narahat oldu. - Deyirsən, yıxılaq, qol-qabırğamız sınsın? Maşındı da, əzilir, əzilsin. Təki canımıza xətər dəyməsin.

 Otaqlarının pulunu gizlində gedib ödəyərək Cəbrayıl müəllimi xeyli dilxor edən Bəhlul kişi çox çalışsa da, Cəbrayıl müəllimin maşınıyla getmək təklifini poza bilmədi.

...Qonşular gəlib sağ-salamat çatdılar evlərinə.

Bəhlul kişi heç özündə deyildi, fikri maşınının yanında qalmışdı.

Cəbrayıl müəllim, kefi kök olsa belə, qonşusunun nigarançılığını görüb bu işdə özünü günahkar sayır, Qəçrəş səfərinin peşmançılığını da yüngülcə yaşayırdı.

***

Bəhlul kişinin səbri tamam tükənmişdi. İki həftə idi ki, maşını dağın üstündə onu gözləyirdi. Qaldıqları hotelə zəng edib oradakı vəziyyətlə hər gün maraqlanırdı. Qar isə ərimək bilmirdi ki bilmirdi. Gözləmək lazım idi, başqa çarə qalmamışdı. Daha bir həftə keçdi. Amma qar ərimək əvəzinə yenidən və daha çox yağdı.

Növbəti domino oyununda Bəhlul kişinin hədsiz qanqaraçılığını görən Cəbrayıl müəllim gözlənilməz bir təklif etdi:

- Qonşu, bu rəqiblər keçən dəfə bizə qan uddurublar. Bax, yaxşı oynasan, onları udsaq, maşınını Qəçrəşdən evakuatorla gətizdirmək mənim boynuma.

Təklifdən Bəhlul kişinin çiçəyi çırtladı. Özünü ələ alıb tam toparlandı. Sanki adi domino oyununa deyil, ölüm-dirim savaşına çıxacaqdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!