Dirilər... - Aqşin Babayev - HEKAYƏ

Əlimərdan müəllim kartı bankomata saldı. Yenə pul yox idi. Birinci dəfəydi ki, əməkdarlığın pulu belə gecikirdi. Pul göndərən idarənin telefonunu bilmirdi, amma yerini tanıyırdı. Mindi avtobusa, gəldi pul verən yerə. İçəri girib "salam" verdi. Otaqda üç qız vardı. Ancaq onun salamını biri aldı. Salam alan qız soruşdu: "Nə lazımdır, dayı?"

Əlimərdan əlli beş ilin müəllimiydi. Bu "dayı" sözündən zəhləsi gedirdi. Tərs kimi dərs dediyi universitetdən  başqa, hər yerdə ona "dayı" deyirdilər.

Qız sualını bir də təkrarladı. Əlimərdan müəllim dərsini bilməyən uşaq kimi tutuldu. Amma tez özünü toparlayıb utana-utana dedi:

- Bu əməkdarlığın pulunu həmişə vaxtında alırdım. Amma bu dəfə gəlməyib.

Qız başa düşdü məsələni və amiranə şəkildə soruşdu:

- Adınız, soyadınız?!

Əlimərdan müəllim adını və soyadını dedi. Qız kartotekaya baxdı.

- Səksən yaşınız var, hə?

- Bəli, qızım.

- Maşallah, dayı...

- Çox sağ ol, qızım.

- Bilirsiz, dayı... Siz, gərək ildə, heç olmasa, iki dəfə gələsiz bura. Mütləq!

- Niyə ki, qızım?

- Axı yaşınız çoxdur. Biz məsələn, hardan bilək ki, siz... sağsınız, ya da... İnciməyin a, dayı.

- Yox, niyə inciyirəm ki...

- Bizdə qayda belədir, fəxri adı olanlar, xüsusən əməkdarlar... yetmiş yaşından sonra ildə iki dəfə gəlib deməlidirlər ki, mən sağam. Belə hallar olub ki, adam ölüb, ailəsi bizdən gizlədib, ölən adamın pulunu bir il alıb yeyiblər. Sonra xəbər tutmuşuq ki...

Əlimərdan müəllim darıxdı, qızın sözünü ağzında qoydu, çıxıb getmək üçün söhbətə nöqtə qoymaq məqsədi ilə dedi:

- Qızım, indi gördüz də, mən sağ-salamatam. Yaxşı, gedə bilərəm?

- Gedə bilərsiz, əlbəttə... Amma şəxsiyyət vəsiqəsinin surətini işə tikməliyik biz.  Yanınızdadır?

- Yox, evdədir.

- Onda sabah gətirərsiz. Bir də əməkdarlığın vəsiqəsini də gətirərsiz, dayı, zəhmət olmasa...

- Axı bunları vermişəm mən sizə.

- Təzələmək lazımdır sənədləri, dayıcan.

Əlimərdan evə bikef gəldi. Amma asılqanın yanında üst-üstə qalanmış kitablarını görəndə sevindi. Yenicə çap olunmuş elmi əsəri idi.

- Tahir gətirdi bunları? - deyə arvadından soruşdu.

Tahir Əlimərdan müəllimin aspirantı idi.

- Yazıq uşaq əldən düşdü bu qədər kitabı daşıyanacan, - dedi ömür dostu və əlavə etdi:

- Öldün acından, keç mətbəxə.

- Yox, - dedi Əlimərdan müəllim. - Sən ki, mənim xasiyyətimi bilirsən, əvvəlcə internetə girim, beş-on dəqiqəlik baxım, görüm nə var, nə yox. Sonra yemək yeyərəm.

Elə bil Əlimərdan müəllimin ürəyinə dammışdı ki, öz səhifəsini açan kimi sevinəcək. Bəli, sən demə bugün səhər Mərkəzi şəhər kitabxanasında onun səksən illiyi ilə əlaqədar xüsusi sərgi açılıb. Bu barədə geniş məlumat da verilib. Şəkli böyütdü, kitablarına baxdı, fərəhləndi, ömür dostunu ucadan səslədi:

- Ay qız, bir gəl bura bax ey... Sərgi açıblar mənimçin...

Birlikdə dönə-dönə baxdılar. Uşaq kimi sevindilər. Amma "Bəs görəsən məni niyə çağırmayıblar sərginin açılışına?" sualı sübhə qədər Əlimərdan müəllimə rahatlıq vermədi, ürəyi sancdı. 

Sabahı gün dərsi yox idi. Çayını içəndən sonra təzə kitablarından dörd nüsxə götürüb üz tutdu həmin kitabxanaya. Qapıda pəzəvəng bir kişi dayanmışdı. Onun qabağını kəsdi və:

- Hara gedirsən, dayı?! - deyə Əlimərdan müəllimin sadə geyimini, pırtlaşıq saçlarını, ağ, lopa bığlarını nə üçünsə, şübhə ilə süzdü.

- Müdürinizin  yanına gedirəm, oğul.

- Müdir xaricdədir, dayı - dedi qapıçı.

Birdən qapıçının arxasında bir qız göründü.

- Kimsiniz? Nə lazımdır, sizə?

Əlimərdan müəllim bir nəfəsə dedi:

- Kitab gətirmişəm. Dörd nüsxə. Bilirəm kitabxanaya  dörd nüsxə vermək lazımdır. Təzə əsərimdir. Siz mənim sərgimi açmısız. Çox sağ olun. Amma məni niyə çağırmamısız? Mən Əlimərdan Ağayevəm, Əlimərdan Ağayev! Fizika-riyaziyyat elmləri doktoru...

Qız qapıçını itələyib Əlimərdan müəllimə yol verdi:

- Buyurun, buyurun, Əlimərdan müəllim. Buyurun... kitabları verin mənə. Gedək sərginizə baxın. İkinci mərtəbədədir sərgi. Biz Allah haqqı, bilmirdik ki siz...

Qız sözünün dalını demədi. Desəydi də, Əlimərdan müəllim qızın dediklərini eşitməyəcəkdi, çünki fikri-zikri sərgidə idi. İkinci mərtəbəyə qalxdılar. Burada onun həm Azərbaycanda, həm də xarici ölkələrdə çap olunmuş kitabları sərgilənmişdi. Xeyli baxdı, baxdı... Sonra üzünü qıza çevirdi, uşaq məsumluğu, uşaq sadəlövlüyü ilə soruşdu:

- Məni niyə çağırmadınız açılışa?

Qız tutuldu. Əvvəlcə bilmədi nə desin. Sonra ürəkləndi.

- Vallah kimsə dedi ki, siz... həyatda yoxsunuz, bağışlayın. Dedilər ki, rəhmətə getmisiniz...

Əlimərdan müəllim heç nə demədi, qızın üzr istəyən baxışlarından və qapıçının təəccüb dolu gözlərindən ayrıldı. Kitabxananın pillələrindən enəndə mobil telefonu zəng çaldı. Salyandan keçmiş tələbəsi Gülarə idi. Ağlaya-ağlaya soruşurdu:

- Əlimərdan müəllim, sizsiniz?! Sizsiniz! Ah, nə yaxşı... Eşitdim rəhmətə getmisiniz, Əlimərdan müəllim. İndi necəsiz?

Əlimərdan müəllim "yaxşıyam" deyib telefonunu söndürdü, yan cibinə qoydu, avtobus dayanacağına doğru irəlilədi. O, həm gülmək istədi, həm də... ağlamaq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!