Saçları səməni oğlan... - Vüqar Haqverdiyev - hekayə

 

Novruz bayramına sayılı günlər qalırdı. Bütün uşaqlar kimi, balaca Ayan da bayramı çox səbirsizliklə gözləyirdi. Bəs necə? Axı bayramda anası həmişə dadlı şəkərbura, paxlava, qoğal bişirir, yumurta boyayır, onu Novruz şənliklərinə aparırdı, hələ üstəlik Kosa və Keçəl ona qəşəng hədiyyələr verirdi. Bütün bunlar Ayanın çox xoşuna gəlirdi. Ancaq bu il qız bir şeyi yadından çıxarmışdı... Səməni cücərtməmişdi. Heç keçən il də cücərtməmişdi. Lakin özünə söz vermişdi ki, gələn il mütləq cücərdəcək. İndi axır çərşənbəyə bir gün qalmışdı, onun isə səmənisi yox idi. Ona görə də çox qəmgin idi, otağına çəkilib fikir eləyirdi.

Ayan bala fikir eləməyində olsun, sizə kimdən deyim, Novruz baba ilə Bahar nənədən. Baba və nənə sehrli güzgüdə uşaqların bayrama necə hazırlaşdıqlarına baxırdılar. Birdən gördülər ki, bütün uşaqlar səməni cücərdiblər, ancaq Ayanın bu, yadından çıxıb. Qız da buna görə çox kədərlənib, otağına çəkilib heç kimlə danışmır, yemək yemir, su içmir. Bahar nənənin ürəyi buna dözmədi. Tez Novruz babanı göndərdi ki, dəyirmandan bir ovuc buğda gətirsin. Baba gedib bir ovuc buğda gətirdi. Nənə buğdaları balaca bir kisəyə tökdü. Sonra bir ovsun oxuyub qaranquşa çevrildi, kisəni dimdiyinə alıb  Ayanın yanına uçdu.

Qaranquş Ayanın pəncərəsinin ağzına qonub şüşəni taqqıldatdı. Qız quşu görəndə tez qaçıb pəncərəni açdı. Qaranquş dimdiyindəki kisəni Ayanın ovcuna qoydu və uçub getdi. Qız kisəni açıb gördü ki, içindəki buğda dənələridir. Anasını çağırıb qaranquşun ona buğda gətirdiyini dedi. Anası çox təəccübləndi, ancaq təəccübünü gizlədib dedi:

- Qızım, yəqin, qaranquş sənə buğda gətirib ki, səməni qoyasan.

Ayan çox sevindi, anası ilə gedib mətbəxdən balaca bir nimçə götürdü, kisədəki buğdaları qaba boşaltdı, üstünə azacıq su çilədi. Sonra qabı aparıb otağında masanın üstünə qoydu, buğdalara baxa-baxa yavaşcadan pıçıldadı:

Səməni, ay səməni,

Eşidirsənmi məni?

İstəyirəm cücərəsən,

Tez yetişib göyərəsən!

Ayan elə bunu demişdi ki, birdən nimçədəki buğdalar tərpəndilər, yerlərində fırlandılar, sonra şişib çırtladılar, cücərtilər bir andaca boy atıb göyərdilər. Ayan təəccüblə əlini səməniyə çəkdi. "Bu necə baş verdi?", - deyə öz-özünə fikirləşdi. Birdən səmənidən səs gəldi:

- Qız, sən istədin ki, səməni tez cücərsin, mən də cücərib göyərdim.

Ayan qorxub geri çəkildi:

- Yox, bu ola bilməz, belə şeylər ancaq nağıllarda olur!

Birdən danışan səməni hərəkətə gəlib nimçədən qalxdı, altında bir oğlan uşağı göründü. Bu oğlanın boyu balaca, saçları səməni, qaşları bitişik, gözləri isə yaşıl idi. Əynində sarı zolaqlı köynək, qısa qara gödəkcə, boz şalvar və ayağında naxışlı çarıq vardı. Belinə doladığı qırmızı məxməri qurşağa başında ulduz olan, bəzəkli bir çubuq keçirmişdi.

- Boyu balaca, saçları səməni oğlan?! Deyəsən, mən ağlımı itirirəm?! - Ayan  az qaldı huşunu itirsin.

- Ey, nə oldu sənə, özünə gəl, - deyə saçları səməni oğlan boş nimçəni götürüb yelpik kimi qızın üzünü yellədi. - İşə düşdüm ey! Özü dedi "tez cücər!" İndi də özündən gedir!

Üzünə dəyən sərin mehdən qız ayıldı. Saçları səməni oğlan dedi:

- Qız, məndən qorxma, mən gəlmişəm ki, səninlə dost olaq!

- Dost olaq, ancaq mən səni tanımıram, sən çox qəribəsən, boyun iki qarışdır.

- Mənim boyumun balaca olmasına baxma, mən sehrbazam!

- Sehrbaz?! Ciddi deyirsən?

- Əlbəttə, ciddi deyirəm!

- Bəs sənin adın nədir?

- Mənim adım, mənim adım... - balacaboy oğlan səməni saçlarına sığal çəkdi. - Mənim çox adım var, ancaq sənin üçün olsun Səməndər!

- Səməndər?! Qəşəng adın var, özünə yaraşır.

- Təşəkkür edirəm! Bəs sənin adın nədir?

Ayan balacaboy dostunu sınamaq istədi.

- Səməndər, sən ki sehrbazsan, özün tap.

- Sənin adın, sənin adın... sənin adın, - oğlan var-gəl edərək masanın üstündəkiləri  diqqətlə nəzərdən keçirdi.

- Nə oldu, sehrbaz, tapa bilmirsən?!

- Sənin adın, sənin adın... sənin adın, - Səməndər əlini çənəsinə qoyub dayandı, diqqətlə qıza baxdı. - Sənin adın Ayandır.

Ayanın heyrətdən ağzı açıla qaldı.

- Necə tapdın? Bu sirri mənə də öyrət.

- Yox, mən bunu deyə bilmərəm.

- Tez ol de, deməsən səninlə dost olmayacağam.

- Yaxşı, yaxşı, küsmə, deyirəm. Ancaq söz ver ki, bir də mən sehr göstərəndə, sirrini soruşmayacaqsan.

- Söz verirəm, de!

- Dostum, həmişə diqqətli olmaq lazımdır, onda bütün sirlər sənin əlində olar, - saçları səməni oğlan masanın üstündəki fincanı götürdü. - Bax, bu fincan kimi.

Üstündə öz adı olan fincanı görəndə Ayana hər şey aydın oldu.

- Ay səni hiyləgər, başa düşdüm, başa düşdüm. - Qız fincanı oğlanın əlindən aldı. - Yox, yox, bu, hesabdan deyil.

- Biz şərt kəsmişik!

Ayan dodağını büzdü.

- Yaxşı, onda başqa bir sehr göstər, heç nə soruşmaram.

Bu zaman mətbəxdən Ayanın anasının səsi gəldi.

- Ayan, yaxşı kökə bişirmişəm gəl ye, bu qədər ac qalmaq olmaz!

Kökə adını eşidəndə Səməndərin gözləri parladı.

- Əla! Tez get, kökələrdən gətir, acından ölürəm. - Səməndər qarnını sığalladı. - Acqarına sehr göstərə bilmərəm, gücüm azalıb.

Qız gedib isti kökələrdən gətirdi. Səməndər kökələri elə acgözlüklə yedi ki, Ayana heç biri də qalmadı. Qız ağzının suyunu axıda-axıda qaldı.

- Bu balaca qarnına bu qədər kökə necə sığışdı?

- Hələ bu nədir ki, mən bütöv bir quzunu da yesəm doymaram, - deyə Səməndər köynəyinin qolu ilə ağız-burnunu sildi, sonra qurşağındakı bəzəkli çubuğu çıxartdı. - Ayan, indi nə sehr göstərim, səninçün?

- Nə isə maraqlı bir şey olsun.

-  "Albanino, malbabino" - deyib oğlan çubuğu boş nimçəyə vurdu. Qabda yenə buğdalar peyda oldu. "Albanino, malbabino" - deyib bir də vurdu, buğdalar yerlərində oynayıb fırlandılar. "Albanino, malbabino" - deyib yenə vuranda buğdalar çırtlayıb cücərdilər.

 

- Super! Səməndər, sən əsl sehrbazsan! Bəs bunun altında görəsən kim var?! - Ayan əlini uzadıb səmənini nimçədən qaldırmaq istədi.

- Onun altında qorxunc çəyirtkə var.

Ayan qorxub əlini çəkdi.

- Qorxma, zarafat edirəm, - deyə Səməndər bic-bic güldü. Sonra dedi: - Dostum, istəyirsən səni nağıllar aləminə aparım?

- Doğrudan?!

- Əlbəttə! - saçları səməni oğlan əlindəki çubuqla otağın divarında qapı şəkli cızdı. "Albanino, malbabino" - deyən kimi, qapı açıldı. - Buyur, yol qızlarındır!

- Yox, birinci sən, mən qorxuram!

- Dostum, qorxma, mən sonda qapını bağlamalıyam!

- Bəs məni axtarsalar?!

- Mən bir sehr oxuyacam, heç kim səni axtarmayacaq, ürəkli ol!

Ayan gözlərini yumub, sol ayağını ehtiyatla qapıdan içəri basdı və dişlərini sıxıb beləcə dayandı.

- Hə, cəsarətli ol, bir addım da irəli!

Ayan sağ ayağını da içəri basdı.

- Əla, bir az da ürəkli ol, bir addım da irəli, - saçları səməni oğlan da qızın arxasınca bir addım atdı, sehrli çubuğu otağa tutub fırladı. - "Albanino, malbabino", biz gələnə kimi, heç kim bizi axtarmasın.

Bunları deyib Səməndər içəri girdi, qapı bağlandı.

- Əla! Səyahət başladı!

Alaqaranlıq tuneldən keçib, işıqlı bir yerə çıxdılar. Qabaqda qalın meşə gördülər. Meşənin kənarında taxta bir koma vardı.

Səməndər dedi:

- Heç bilirsən o evdə kim yaşayır?

- Yox, kim?

- Kosa ilə Keçəl.

- Doğrudan?! Bu ki, əladır, gedək görüşək.

Evə yaxınlaşanda Səməndər dedi:

- Nədənsə, çox sakitlikdir. Həmişə onların səs-küyləri aləmi götürürdü.

Evə çatıb qapını döydülər, yenə səs gəlmədi.

Səməndər qapını yoxlayıb dedi:

- Qəribədir, qapı içəridən bağlıdır, burda nə isə sirr var.

Ayan dedi:

- Səməndər, gəl qayıdaq, mən qorxuram.

- Yaxşı, qorxursansa, qayıdaq.

Ayan çönüb geri qayıtmaq istədi, ancaq birdən dayandı.

- Bəlkə, onların başına bir iş gəlib, biz onlara kömək etməliyik!

- Düz deyirsən, heç kimi darda qoymaq olmaz.

Saçları səməni oğlan atılıb evin bacasından içəri girdi. Bir azdan qapını içəridən açıb dedi:

- Evdə heç kim yoxdur, onları oğurlayıblar.

- Oğurlayıblar?! Nə bildin?

- Gəl bax, özün görəcəksən.

Ayan içəri girib gördü ki, ev baxımsız halda qalıb, dəhlizdə tavandan hörümçək torları sallanır, divardakı köhnə güzgü, yerdəki həsir də toz içindədir.

- Burada elə bil, heç kim yaşamır, - deyə Ayan evin otaqlarına göz gəzdirdi. Birdən qışqırdı: - Səməndər, Kosanın papağı ilə torbası masanın altına düşüb. - Tez qaçıb onları götürüb dəhlizə çıxdı. - Səməndər, düz deyirmişsən, onları oğurlayıblar.

- Keçəlin çuxası da bu otaqda yerə düşüb, - Səməndərin səsi gəldi. Əlində çuxa o biri otaqdan çıxdı. - Görünür, onları çoxdan oğurlayıblar, səhər bayram Kosasız, Keçəlsiz keçəcək.

- Səməndər, nə danışırsan? Kosasız, Keçəlsiz bayram olar?!

- Neyləmək olar, özün görürsən ki, onları oğurlayıblar.

- Biz onları tapıb azad etməliyik.

- Necə tapaq?

- Səməndər, məgər sən sehrbaz deyilsən, bax gör hardadılar?

Oğlan sehrli çubuğunu çıxartdı.  "Albanino, malbabino" - deyib divardakı güzgüyə vurdu. O saat güzgüdə görsəndi ki, Keçəllə Kosa bir şaxta vurmuş evdə, ayaq üstə buza dönmüş halda tərpənməz dayanıblar.

- Vay, vay, yazıqlar! - Ayan hər iki əlini üzünə tutdu. - Kim onları buza döndərib?

- Bu, cadugər Noslu qarının işidir. O, istəmir ki, bu il qış öz yerini bahara versin, yaz gəlsin, Novruz bayramı şən keçsin, uşaqlar hədiyyə alsınlar, sevinsinlər. Ona görə də Kosa ilə Keçəli buza döndərib.

- Bu Noslu qarı nə yaman pis adam imiş?! Səməndər, tez bir sehr göstər Keçəllə Kosa xilas olsunlar!

- Bu mümkün deyil.

- Necə yəni mümkün deyil?! Əlindəki çubuğu fırla, "Albanino, malbabino" de, azad olsunlar.

- Dostum, cadugərin tilsimi çox güclüdür, mən onu qıra bilmərəm. Həm də qarı bizi görsə, o dəqiqə buza döndərər.

- Bəs biz neyləyək?

- Heç nə, donub buza dönmək istəmirsənsə qayıdaq geri, - deyə Səməndər sınayıcı nəzərlə Ayana baxdı.

- Yox, biz onları azad etməliyik.

- Ayan, bizim buna gücümüz çatmaz. Həm də mən Noslu qarının harada yaşadığını bilmirəm. O, hər il yerini dəyişir. Yaxşısı budur, qarı nə qədər ki, bizi görməyib, qaçıb canımızı qurtaraq.

- Yox, Səməndər, sənin bu qədər qorxaq olduğunu bilmirdim. Mən onları xilas etməmiş geri qayıdan deyiləm! - deyə Ayan ayağını döşəməyə elə vurdu ki, həsirin üstünə yığılmış toz kütləsi qalxıb Səməndərin ağız-burnuna doldu.

Səməndəri asqırmaq tutdu, dalbadal bir neçə dəfə asqırdı, burnunun suyunu qolu ilə silə-silə dedi:

- Yaxşı, yaxşı, bir şey fikirləşərik. Gəl çölə çıxaq, burnum deşildi asqırmaqdan.

Eşiyə çıxıb üst-başlarını təmizlədilər. Səməndər evdən tapdıqları papağı, çuxanı Kosanın torbasına qoyub çiyninə atdı. Birdən Ayan həyəcanla Səməndərin qolundan tutub meşənin qırağındakı kolu göstərdi. Ora bax, ora bax, o kol tərpənir, deyəsən, orda kimsə gizlənib. Səməndər o tərəfə baxıb dedi:

- Sənə, elə gəldi, kol tərpənmir.

- Yox, tərpəndi, mən gördüm. Gedək görək orda kim var?

Yaxınlaşıb kolu araladılar. Bir boz dovşan gördülər. Dovşan onlara elə baxırdı ki, sanki nə isə demək istəyirdi. Saçları səməni oğlan dovşanı görən kimi salamladı:

- Ooo... köhnə dost Boni, xoş gördük səni!

Dovşan adam kimi dil açıb danışdı:

- Sağ ol dostum, yəqin, bilirsiz də Keçəllə Kosanı cadugər Noslu qarı oğurlayıb?!

- Hə, bilirik, biz onları xilas etmək istəyirik, ancaq yerlərini bilmirik. - Səməndər dedi və sonra qızı dovşanla tanış elədi. - Tanış ol, bu Ayandır.

Dovşan dedi:

- Ayan, xoş gördük. Sən Noslu qarıdan qorxmursan ki?

- Yox, o nə qədər qorxulu olsa da, biz ona qalib gəlib Keçəllə Kosanı xilas etməliyik.

- Görürəm çox qorxmaz qızsan. Mən də sizinlə gedirəm. Mən onların yerini bilirəm, gəlin arxamca.

Dovşan Boni qabağa düşüb meşəyə girdi. Ayanla Səməndər onun dalınca getdilər. Bir az getdilər gördülər hava getdikcə soyuyur.

- Bu, Noslu qarının işləridir. İstəmir ki, qış getsin, bahar gəlsin, - deyə Dovşan üzünü Ayana tutdu. - Dostum, burdan o yana çox soyuq olacaq. Bəlkə, sən getməyəsən, burda gözləyəsən?

- Yox, dostlar biri-birini yarı yolda qoymaz.

- Onda götür bunlara bürün, - deyə Səməndər  çiynindəki torbanı qıza verdi.

Qız Kosanın papağını başına qoyub, Keçəlin çuxasına büründü, torbanı da boğazına şərf kimi doladı.

Dovşan dedi:

- Əla, heç bir şaxta sənə təsir edə bilməz. İrəli!

Dostlar üstlərini qırov bağlamış çılpaq ağacların arası ilə az gedib, çox gedib, gəlib Noslu qarının soyuq daxmasına çatdılar. Evin açıq pəncərəsindən baxıb gördülər ki, pırpız saçlarından, burnundan, qulaqlarından buzlar sallanan Noslu qarı otaqda var-gəl edə-edə buza dönmüş Keçəllə Kosaya deyir:

- Sizə bu da azdır, daha Novruz bayramı olmayacaq. Mən bayramı ləğv edirəm!

Bu zaman Ayan özünü saxlaya bilməyib pəncərədən içəri atılıb qısqırdı:

- Bayramı ləğv etməyə çox uğursuz vaxt seçmisiniz! Nə qədər gec deyil, tez Keçəllə Kosanı azad edin!

Qarı diksinib arxaya çöndü. Qorxunc gözlərini bərəldib Ayanın üstünə yeridi.

- Əzizim, səhv edirsən. Haqq-hesab çəkmək üçün bu gün çox uğurlu gündür!

Saçları səməni oğlan və dovşan Boni pəncərədən atılıb qarının qabağını kəsdilər. Səməndəri görəndə Noslu qarı sevincək əllərini bir-birinə sürtüb dedi:

- Aha, balaca civirtdək, sən də burdasan?! Sən hər il mənə mane olursan! Sənin əlindən çoxdan bezmişəm. İndi sizin üçünüzü də buza döndərəcəm! Özü də yavaş-yavaş!

Qarı ağzını geniş açıb onlara sarı üfürməyə başladı Onun ağzından çıxan şaxtalı hava axını dostları bürüməyə başladı. Dostlar az qalmışdı ki, donsunlar, birdən pəncərədən möhkəm uğultu gəldi, ilıq, sonra isə istiyə çevrilən güclü yel otağa doldu. Gurultulu səs eşidildi:

- Noslu qarı, uşaqlarla işin olmasın!

Novruz baba ilə Bahar nənə köməyə gəlmişdi. Səməndər onları görüb çox sevindi.

- Dostlar, biz xilas olduq!

- Mənim dəcəl nəvəm, sənə deməmişəm ki, bizdən xəbərsiz işlər tutma! - Bahar nənə yaxınlaşıb Səməndərin qırov bağlamış səməni saçlarını  sığalladı.

Novruz baba əlindəki çomaqla Noslu qarını hədələyib dedi:

- İstəyirsən hər şey yaxşı qurtarsın, Keçəllə Kosanın donunu aç!

Noslu qarı dedi:

- Bir şərtlə... əgər sehrini mənə versən.

- Mənim sehrim bu çomaqdadır, - deyə Novruz baba əlindəki çomağı qarıya uzatdı. - Al, götür!

Noslu qarı çomaqdan ikiəlli yapışıb babanın əlindən aldı və qalib kimi qışqırdı:

- Axmaq qoca, sənin sonun çatdı. İndidən sonra bayram olmayacaq! - Elə bunu demişdi ki, qəfildən çomaqdan od çıxıb qarının canına keçdi. Noslu qarı bir göz qırpımında əriyib suya döndü, sonra da buxarlanıb yox oldu. Cadugərin yox olması ilə hər tərəfi gözəl yaz havası bürüdü, təbiət canlandı. Keçəllə Kosanın donu açıldı. İkisi də onları xilas etdiklərinə görə Ayana, Səməndərə, dovşan Boniyə, Novruz babaya və Bahar nənəyə çoxlu təşəkkür etdilər. Ayan Kosanın papağını və torbasını, Keçəlin isə çuxasını qaytardı. Novruz baba çomağını yerə vurub ucadan elan elədi:

- Yurdumuza Bahar gəldi!

Hamı əl çalıb "ura!" qışqırdı və birlikdə oradan çıxıb Keçəllə Kosanın komasına gəldilər. Sonra Bahar nənə Səməndərə dedi ki, Ayanı evlərinə yola salsın. Keçəllə Kosa qıza söz verdilər ki, səhər bayram şənliyində ona qəşəng hədiyyələr verəcəklər. Dovşan Boni də onlarla olacaq, uşaqlar üçün fokuslar göstərəcəklər.

Ayan hamı ilə sağollaşıb ayrıldı. Səməndər onu gəldikləri yolla da öz otağına gətirdi. Sehrli çubuğunu qıza bağışladı və dedi ki, bundan yalnız yaxşı işlər üçün istifadə etsin. Sonra divarda açılmış yolla yenidən nağıllar aləminə qayıtdı. Qız "Albanino, malbabino" deyib çubuğu divara vurdu, o saat divar birləşib əvvəlki vəziyyətinə gəldi. Çubuğu gəzmək çantasına qoyub ağzını bağladı. Sonra masanın üstündəki cücərmiş səmənini pəncərənin ağzına qoyub anasını çağırdı: 

- Ana, mənim səmənim cücərib!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!