“Orhan gibi vaktinde gitmek varken…” - Azər Turan - Azər TURAN

Azər TURAN

On doqquz yaşlı Cahit Sıtkı Tarançı ədəbiyyata "Gediyorum" şerilə gəldi:

Çölde bir yolcu gibi yalnızlığım içinde
Kavrulup gidiyorum.
Serseri bir rüzgar gibi hep ganimet peşinde
Savrulup gidiyorum.
Serçe kadar pervasız, bir günden ötekine
Atlayıp gidiyorum.
Bütün kumaşlarını açtığım gibi yine
Katlayıp gidiyorum.
Bir kış güneşi gibi ben keyfimin esiri
Görünüp gidiyorum.
Ne belli yerim var, ne de sevdiğim biri
Sürünüp gidiyorum.

Dünya poeziyası "Meditations"dən "Les Fleurs du mal"a birbaşa keçid edir.  Romantizmdən dekadansa, başqa sözlə, Lamartindən Bodlerə sıçrayış bir göz qırpımında baş verir.

"Fransız şairi Lamartin "Yas" şeirində deyir ki, "Tanrı yer üzünü  xəlq etdikdən sonra öz qüdrətli əsərindən məmnun olmadı. Olmadığı üçün ona bir təkmə vurub, üzünü çevirdi. Bu surətlə Tanrının hifzindən məhrum olan küreyyi-ərz fəzanın sonsuzluğu içində yuvarlanaraq, bəla qartalının  sərbəst hücumlarına məruz qaldı!.." (Əli bəy Hüseynzadə).

Ədəbiyyat bu mənada Tanrıya (yaxud Yer üzünə) yardım etmək istəyir. Dünyanı sonsuz fəzalardan çəkib öz məhvərinə gətirmək, ona dünya olduğunu, fəzalara deyil, yerə aid olduğunu xatırlatmaq istəyir. Romantiklə dekadansın eyni vüsətlə  - birinin mələk qiyafəsində göydən, digərinin məzar kabusu olaraq yerdən zühuru buna görə baş verir.

Əvvəldə isə "Şər çiçəkləri"ni ədəbiyyat gülzarına çevirən Bodler var idi.   

"Şər çiçəkləri" bu istəyin ilk əsəriydi. "Şər çiçəkləri"ndə gözəllik ilahəsi Veneranın mifoloji rayihəsini hərarətli və əsmər Veneranın ekzotik parfümü - səmada və Olimpdə deyil, yaxında və yataqda olan Janna Dyuvalın sinəsindən yayılan mistik ətir əvəz edir… Cahit Sıtkı Tarançı barədə düşüncələrimin bu qədər uzaqlara və özəlliklə Bodlerə yönəlməsi təbiidir. Çünki Cahit Sıtkı şeirlərini hər nə qədər Əhməd Həmdi Tanpınarın dediyi kimi, türkcənin "məhrəmiyyət havası"nda yazıbsa da, bəlkə də ondan daha artıq - ömrünün sonuna qədər Bodler əfsunundan qurtula bilməyib. Bodler Tarançının ruhunda ömrünün sonuna qədər qımıldanıb. Gəncliyində qatı bir Bodlerpərəst olan və Tarançıya görə "türk şeirinə qüsursuzluğun zövqünü dadızdıran" Yahya Kamal bu tilsimdən tez çıxa bildi. Amma Tarançı bunu bacarmadı. Az qala, bütün şeirlərində və bütün metaforalarında, bütün obrazlar sistemində Bodlerpərəst olaraq qaldı: "Məndə ədəbiyyata və özəlliklə şeirə qarşı gerçək və köklü deyilə biləcək ilk ilgi Bodlerlə başlar. Bu dev fransız şairini içimə sindirə-sindirə oxuduqdan sonradır ki, şeir yazmaq mənim üçün bir nəfəs almaq, yemək, içmək qədər təbii bir yaşam tərzi oldu… Bodler əlində tutduğu canlı məşəllə mənə gedəcəyim, getməli olduğum yolu göstərdi. Bodler mənə suyun dibinə enməyi öyrətdi. İçimlə dışım arasındakı fərqi "Şər çiçəkləri"ni oxuduqdan sonra anladım..."

Bodler Parisi dünya poeziyasının modernist qibləsinə çevirməyi bacardı. "Hər zövqü min haram olan əfsunlu cənnət"in nə ecazı varmışsa, Cənab Şəhabəddinin də, Əhməd Haşimin də, Yahya Kamalın da, Orxan Vəlinin də... və onlar kimi Cahit Sıtkı Tarançının da ədəbiyyat yönü sona qədər üzü Parisə tərəf oldu.

Tarançı, Bodlerin əfsunundan çıxa bilmədi, amma bilməsə də, bəzən böyük şairliyinin doğurduğu qeyri-adi poetik enerji ilə Bodlerin təyin etdiyi hüdudları aşıb-keçməyi də bacardı.

Şaşırdım kaldım nasıl atsam adım;
Gün kasvet gece kasvet.
Bulutlar, sisler içinde bunaldım;
Gök mavisine hasret.
Olmuyor seni düşünmemek Tanrım,
Ummamak senden medet.
Suyun dibine vardı ayaklarım;
Suyun dibinde zulmet.
Kalmadı ümidin soluk ve cılız
İşığında bereket.
Ve ölüm, kapımda kişner, sabırsız
Bir at oldu nihayet.

Cahit Sıtkı poeziyanın bu məqamında estetik təmayülləri tamam ayrı olsa da, Orxan Vəli ilə eyni fikir, eyni düşüncə, eyni dərd ortamını paylaşır: "Çocuklukları Birinci Dünya müharibəsi, İstiqlal savaşı və inqilab illəri içində keçən bu nəsil, türk cəmiyyətinin alt-üst olduğu, ictimai dəyərlərin tam bir anarxiyaya uğradığı bir dövrün sarsıntılarını dərindən duymuşlar; tarixə, dinə, ailəyə olan bağlılıqlarını qeyb etmişlər; tənhalıq, can sıxıntısı, boşluq duyğularından qurtulmaq üçün təsəllilərini bir az Paris təqlidi olan bohem həyatında… aramışdılar" (Mehmet Kaplan). Bu nəsil türk ədəbiyyatşünaslığında həm də idealsızlıqdan əziyyət çəkən nəsil olaraq səciyyələndirilir.

Yanaşmalar fərqlidir. Məsələn, Avropada heç kəs Bodlerin günahkar olduğunu danmır, danmasa da, "Şər çiçəkləri"nin müəllifi idealsızlıqda qınanmır. Hətta iyrəncliyi, əxlaqsızlığı belə etiraf olunsa da, Bodler Avropa üçün  əzizdir. "Misralarının qanadları üstündə işıqlı bir xəyal görən bütün insanlar üçün çəkici bir gözəllikdir… Bu adam iyrəncdir, fəqət bir şairdir, bu səbəbdən tanrısaldır". Yaxud "Pol Verlen əlbəttə, dəlidir, fəqət, unutmayın ki, bu ağılsız adam yeni bir sənət yaratmışdır. Zamanın ən gözəl şairidir" (Anatol Frans). Avropa öz dəyərləri barədə belə düşünür və onlara belə sahib çıxır. 

Türkiyədə isə Orxan Vəlinin, Cahit Sıtkının içkili, sərxoş, sərsəri həyatları idealsızlıqla suçlanır. Nə olsun ki, divan ədəbiyyatının "varlığı aşma" fəlsəfəsi bu nəslə yad olub. Yad ola bilərdi. Varlığın nəyi aşılacaqdı ki… Gerçəklər gerçək olaraq qalırkən, həyat "röyadan və xülyadan" daha gerçək ikən, "gerçəklərin əllə tutulması" belə mümkünkən varlığı aşmaq fəlsəfəsi nəyə yarayardı?

Cahit Sıtkı isə Mehmet Kaplanın qənaətinə rəğmən, Divan yaxud təsəvvüf ənənəsinə heç bir halda arxa çevirmir. Bodlerdən, Verlendən öyrəndiyi qədər də Nədimdən təsirlənir. XIII yüzilin Divan şairəsi Ərzurumlu Rabianın "Men ta senin yanındayken hasretim sana" misrasını XX yüzilin fransız ədəbiyyatşünası, ilahiyyatçı modernist Anri Bremondun saf şeir anlayışına örnək göstərir. Yaxud "Yunus Əmrə az şeymi? "Bir mən vardır məndə məndən içəri" Bodleri belə qısqandıracaq bir misradır" - deyə yazır.

Əslində, bu dönəmin idealsızlıqda suçlanan nəsli 1937-ci ildə Peyamı Səfanın dediyi kimi, "Birinci Dünya hərbi sırasında ürəyindən vurulmuş, lakin ölməmiş, şüurunun məhvərini şaşırdan, kabuslar içində qalan, dəliliyə gülümsəyən" və həm də "yağmur baxışlı insanlara şən dəlilərin gülümsəməsindəki sirri öyrətmək istəyən" (Cahit Sıtkı Tarançı) bir ədəbi nəsil idi.

Ne doğan güne hükmüm geçer,
Ne halden anlayan bulunur;
Ah aklımdan ölümüm geçer;
Sonra bu kuş, bu bahçe, bu nur.

Ve gönül Tanrısına der ki:
- Pervam yok verdiğin elemden;
Her mihnet kabulüm, yeter ki,
Gün eksilmesin penceremden!

"Balkon"da "ciyərində qanının qoxusunu hiss edib" sevişdiyi "sevgililər sultanı, xatirələr annəsi" ilə xəyali söhbət edən fransız dekadans şairi Bodler "Annə, nə yapdın" şerində anasına xitab edən iyirmi bir yaşlı türk simvolisti Tarançıdan daha az dekadans və daha az hüznlüdür. Hüznlərin, çöküşün miqyası bəzən heç müqayisəyə belə gəlmir:

Anne, sana kim dedi yavrunu doğurmayı?
Sanki karnında fazla yaramazlık mı ettim?
Senden istemiyordum ne tacı, ne sarayı
Karnında yaşıyordum kafiydi saadetim.

Bir kere doğurdunsa sonra niçin büyüttün?
Kundakta beşikte de bir zahmetim mi vardı?
Koynundan niçin attın yavrunu bütün bütün.
Bilmiyor muydun ki o yalnızlıktan korkardı?

Sütünden tatlı mıdır anne sanki bu hayat?
Bana sorsana anne yaşamak bir hüner mi?
El aç yalvar gündüze geceye boyun uzat
Bu uğurda bir ömür çürütmeye deger mi?

Karnında yaşıyordum kafiydi saadetim
Anne, istemiyordum ne tacı ne sarayı.
Anne, karnında fazla yaramazlık mı ettim?
Anne, sana kim dedi yavrunu doğurmayı?

Şeiri şirin bir bəla, ilk "göz ağrısı", ilk və son eşq, nəfəs almaq səadəti, ehtiraslı qəlb çırpıntısı, oxucunu dəlixanalıq edə biləcək bir vəsvəsə hesab edən Cahit Sıtkı şeirlərini daha çox intibaların çağırışdırdığı bir dillə, əfsunlu bir ahənglə, türkcə sözlərin ən kübarını və onların da ən incəsini və ən həssasını seçib yazırdı. Cahit Sıtkının şeirlərində Əhməd Haşimin palitrasındakı rənglər yoxdur. Cahit Sıtkının dili Yahya Kamalın rəqs edən dili ilə də qiyas edilə bilməz. Cahit Sıtkı şeirin dilini şairanədən arındırmış Orxan Vəli kimi də deyil. Cahit Sıtkının ilham pərisi - Eol arfası kimidir. Fikri intibalardan, ruzgar əsimlərindən, xəyalların, hisslərin, hətta cismlərin ən xəfif titrəyişindən, ürpərişindən səslənir:

Bir kadın göğsü,
Başlarsa konuşmaya,
En güzel deniz olur;
En sakin demiyorum.
Başın döner dalgasından,
Nereye gittiğini unutup,
İntihar etmek istersin,
Baktıkça bu muhteşem denize.
Vapurdan atlayanlara selam…

"Türkcənin səs vəkaləti bizim üzərimizdədir" deyən Tarançıya görə "şairin məsuliyyəti və şərəfi səslə başlar, səslə bitər... Şerin panteonu səsdir". Bu halıyla Tarançı Bodlerdən daha çox Pol Verlenə bənzəyir. Onun da ruhunda Verlendə olduğu kimi bir musiqi var. O da özündən öncə heç kəsin eşitmədiyi səsləri eşidir. O da "Tanrım, beni aşkla yaraladın... Dua hıçkırıklarıyla sönmək için... Bu günah yıldızları gözlerim işte" deyən Verlen kimi, "Belli ne birdir, ne iki... Günahım başımdan aşkın" deyə biləcək qədər "intimizmə" (Tanpınar) enməyi bacarır.

Tarançıya görə, şeirdə həm də şəkil önəmliydi. Şair sərbəstdə də, hecada da dilə, dilin məhrəmiyyətinə, səslərə, səslərin oluşdurduğu sözlərin canlı və duyğulu bir varlıq olduğuna sayğı duyaraq yazacaqdı. "Sözlərlə gözümüz, qulağımız, əlimiz, ayağımız imiş kimi davranmalıyıq, onları bədən üzvlərimizin parçaları olaraq qəbul etməliyik... Sözlərlə bu qədər içli-dışlı olduqdan sonra hansı hissin mübhəm söylənməsi, hansı fikrin qüvvətlə ifadə edilməsi, hansı xəyalın sınıq-sökük anladılması gərəkdiyini sezmək və ona özlədiyi formanı bəxş etmək" artıq şairin diqqətinə və həssasiyyətinə bağlı məsələ olmalıydı. Şeir "gözəl sözlərlə gözəl şəkillər qurma sənətidir... Şair şeirin istədiyi vəzni kəşf edə bilən adamdır. Heca vəzniylə yazılmış elə şeirlər vardır ki, "kaş ki, sərbəst vəznlə yazılsaydı" - deyirik. Buna qarşılıq sərbəst vəznlə yazılmış elə şeirlər vardır ki: "mənim vəznli, qafiyəli yazılmam gərək idi" deyə bar-bar bağırır".  Cahit Sıtkıya görə "vəzn, istənilən səslərin çıxarılmasında yardımçı bir ünsürdür".

Cahit Sıtkı yazdığı şeirlərə canlı varlığının bir üzvü, əzasının bir parçası olaraq yanaşır və şeirdə forma məsələsinə bu qədər takılıb qalmasını da özünün fiziki çirkinliyi ilə əlaqələndirirdi. Etiraf edirdi ki, "İnsan məhrum olduğu şeyin qiymətini və mənasını daha gözəl anlaya bilir. Formasız da gözəllik olmayacağı, ola bilməyəcəyi bəllidir". Cahit Sıtkı gerçəkdənmi zahirən eybəcərmiş? Bilmirəm. Amma Əhməd Həmdi onun gözlərinin heyranıdır: "Cahit Sıtkını tanıyanlar onun gözlərini mütləq xatırlarlar. Kiçik, qarayanız, çilli üzü daha ziyadə bu gözlərlə, onun baxışlarıyla canlanır, onlarla yaşayır, danışır, dinləyir, hətta bəzi anlarında əcaib və dadlı,  son dərəcə təsirli, sanki... bir çeşid mələk gözəlliyi qazanırdı. Cahit bu baxışlarla sizə gəlir, içinizdə bir şey kimi yerləşir, sizdən bir parça, hətta bir az da əzablı bir şey olurdu. Çünki az münaqişə edən, əsəbləşməyən, darılmayan Cahidin gözlərindən bəzən də sizə bilmədiyiniz günahları yükləyən parıltılar keçərdi".

On doqquz yaşlı Cahit Sıtkı Tarancı ədəbiyyata "Gediyorum" şerilə gəldi.
46 yaşlı Cahit Sıtkı dünyadan "Qorxunc gözəl" şeiri ilə getdi:  

Orhan gibi vaktinde gitmek varken
Değer mi oyalanmana?…

Vaxtındamı getdilər?
Sartrın Bodler barədə kitabı bu sözlərlə başlayır: "Haqq etdiyi kimi yaşaya bilmədi".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!