Krılov baba - Rüstəm Kamal yazır

Rüstəm KAMAL

 

Məəttəl qalınası haldır...

XIX əsrin ortalarında Avropada təmsil tamam tənəzzülə uğrayır.  Dünyada materialist təlimlər təntənə edir. Darvinin, Marksın, Freydin, Pavlovun elmi nəzəriyyələri dəbdədir.

Azərbaycanda isə Krılov təmsilləri yalnız milli pedaqoji fikrin, maarifçiliyin gərəkli janrı kimi nüfuz qazanmır, həm də poetik dilin və üslubun təcrübə - sınaq imkanı kimi böyük maraq doğrurur. Azərbaycan şairinin yaradıcılıq mifologiyası rus təmsilinin doğma janr intonasiyasını lap tez "tutur".

Krılov təmsillərinin tərcüməsi yeni deyim tipi kimi oxucu və şairin şüur və ya təhtəlşüur aparatına qoşulur. Ənənəvi Şərq hekayələrinə, mənzum alleqoriyalara vərdiş etmiş oxucu fərqli deyim tipinin (M.M.Baxtinin fikridir: "Janr tipik bütöv bədii deyimdir") mənimsəməli olur. XIX əsrin sonlarında poeziyada çoxdillilik böhran keçirirdi. İki, üç dildə yazıb-yaradan şairlərin zamanı keçmək üzrə idi. Rus təmsili divan şeirinin statik sistemi ilə toqquşmalı olur. Şərq poeziyasının ali formalarını (qəzəl, müxəmməs, müstəzad...) "dişinə vurmuş", irfan simvolikasını dilinə dərindən bələd olan şairlərin rus təmsilnəvisinə, poeziya əlamətləri məhdud olan bir janra kütləvi vurğunluğu doğrudan da bir "sirri-xudadır".

Poetik dilə yeni "donor" lazım olur - bu da başqa ədəbiyyatla, başqa dillə dialoqda mümkün idi. Və ilk ciddi təmas - dialoq nədənsə rus ədəbiyyatı qarşısında böyük xidmətləri olan Derjavin, Lomonosov, Puşkin, Lermontov, Jukovski kimi şairlərlə deyil, rusların  "deduşka Krılov - "Krılov baba" dedikləri təmsilnəvislə baş verir: "Krılov baba" hamı mütəmmədin millətlərdə məşhurdur.

Buna "baba" qocalığına görə demirlər, bəlkə, dünyagörmüş bir nəsihətçi olduğuna görə deyirlər" (N.Nərimanov. "Həftə fəryadı"). Təsəvvür edin: Tiflisdə M.F.Axundzadə millətin inkişafını elmdə görür, Avropa filosofları ilə dərindən maraqlanır. Naxçıvanda Məhəmməd Tağı Sidqi isə Krılovu "rus şairlərinin səramədi" kimi şərəfləndirir.

Bu o Krılovdur ki, 1838-ci ildə ədəbi fəaliyyətinin 50 illiyi şərəfinə Peterburqda yüksək törən keçirilir. Krılovun özünü çar kimi qarşılayıb, "taxta" oturdurlar, başına dəfnə çələngi qoyurlar, ona ildə 1400 rubl məvacib kəsilir.

Həmin törənə imperator başının əsabələrilə - nazirlərlə təşrif gətirir. Bu o Krılovdur ki, təmsillərinin ibrət dərsləri ilə həyat fəlsəfəsi tərs mütənasib idi. Təmsil onun "ədəbi maska"sı idi.

Təmsil Azərbaycan maarifçilik estetikasının və tərcümə prosesinin "əsas qəhrəmanına", ədəbi-publisistik  ünsiyyət sferasının ən fəal nitq janrına çevrilir.

Krılov təmsilləri yeni dövrün ədəbi hadisəsi kimi deyil, "nitq" hadisəsi kimi hiss olunur.  İstənilən şairin təmsili və mənzum hekayəsi Krılovla müqayisə olunurdu və qiymətləndirilirdi. F.Köçərlinin Zakirin təmsilləri ilə bağlı qənaəti də belədir: "və ola bilər ki, bu Azərbaycan şairi elə onu təqlid etmişdir" (F.Köçərli. "Azərbaycan ədəbiyyatı").

A.Şaiq "Cırcırama və qarışqa"nı hecada - rus xoreyinə yaxın vəzndə necə səsləndirib! Uşaqlığımızın yaddaşında hələ də Şaiq əfəndinin şeiri kimi qalıb.

Bəzən bir təmsilin bir neçə tərcümə variantı da yaranır. "Kvartet" ("Sazandalar") təmsilini həm A.Səhhət, həm də R.Əfəndiyev - hərəsi öz vəznində, öz ritmində tərcümə edir. Amma A.Səhhətin tərcüməsi o qədər uğurlu alınıb ki, onu əsərin müəllifi kimi qəbul etmək olar.

Həmin "Sazandalar" təmsilini Məhəmməd Əmin Rəsulzadə İranda mühacirətdə olarkən "Heyvanların konserti" adı ilə fars dilinə tərcümə edir, redaktoru olduğu "İrani-nou" qəzetində dərc etdirir "Böyük məzmun daşıyan bu tərcümə nəinki ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, hətta İran hakimiyyət dairələrində bərk narahatlığa səbəb olmuşdur" (Sultanlı V. "İstiqlal sevgisi").

Əbdürrəhim bəy Haqverdiyev ilk qələm təcrübəsini İ.Krılovun təmsillərini dilimizə tərcümə etməklə sınaqdan keçirir.

M.Ə.Sabir Krılovun cəmi bir təmsilini - "Qarğa və tülkü"nü tərcümə edir.

Azərbaycan maarifçisi Rusiyanın obrazını, rus insanın obrazını, "rus lisanını, rus şivəsini" Krılov təmsili ilə dərk etməyə çalışır... "Çünki o, rus kimi duyur, rus kimi düşünür. Lisanı da, lisanın şivəsi də tamamilə rus lisanı, rus şivəsidir" (Əhməd bəy Ağaoğlu).

Krılovun Azərbaycanda "ədəbi fantoma", ədəbi kulta çevrilməsinin bir səbəbi, heç şübhəsiz, Qori seminariyasının tədris proqramı ilə bağlı idi. Qazax seminariyasında Krılov təmsilləri vasitəsilə tərbiyə aktları ritual dram kimi həyata keçirilir. Mehdixan Vəkilov həmin illərin bir epizodunu belə xatırlayır: "Seminariyada Krılovun təmsilləri əsasında səhnəciklər qurulur. "Bir dəfə Firidun bəyin təqdimatı ilə Krılovun "Sazandalar" təmsilində "Dəcəl meymun" rolunu Səməd ifa etdi. Mənə ayı, Aslan Əfəndiyevə isə uzunqulaq rolu tapşırılmışdı. Müəllimlərimizlə bərabər bizim atamız, hətta Badisəba xanım da tamaşaya baxıb və uğunub gedirdilər" (M.Vəkilov. "Ömür bir karvan yolu").

XIX əsrin sonlarında yaranan dərsliklərdə ("Vətən dili", 1893; "Uşaq bağçası", 1898) Krılovdan tərcümələr başda gəlir. "Vətən dili"ndə verilmiş məqalələrin, hekayələrin, təmsillərin hamısı başlıca olaraq rus ədəbiyyatından, özü də ən çox Krılovdan və Puşkindən (?) edilmiş tərcümə və ya iqtibas xarakterli əsərlərdi" (F.B.Köçərli. "Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə", 1910).

Həqiqət rejimi Krılovdan sitat rejimi ilə müəyyənləşir. XX əsrin əvvəllərində Krılov təmsilləri Azərbaycan ziyalılarının dilində zərb-məsəl, məqalələrdə sitatlara çevrilir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində deputat (S.M.Qənizadə, M.Ə.Rəsulzadə...) çıxışlarının təsir effekti Krılov babaya istinadlarla gücləndirilir.

N.Nərimanov ona edilən haqsız hücumlara qarşı Krılovun bir təmsili ilə cavab verir: "Bu gün məşhur rus şairlərindən Krılovun "Abirin və gilab" ünvanında olan hekayəsi xatirimə gəlibdir. Çox pürməna bir hekayədir!" ("Həyat" qəzeti, 11 avqust 1906-cı il). 

F.Köçərli "Qaranlıqda qalanlarımız" (1906) məqaləsini Krılovun "Ağacın yarpaqları və kökləri" təmsili üzərində qurur. ("İrşad" qəzeti, 2 mart 1906).

Lütfən, bir anlığa kiçik bir müqayisə aparaq: XIX əsrdə gürcülər (A.Çavçavadze, Q.Orbeliani, V.Orbeliani, A.Razmadze və b.) şahzadə knyaz Teymuraz Baqrationinin tövsiyəsi ilə A.S.Puşkinin şeirlərini tərcümə edib, XIX əsr rus şeirinin romantik havasına girirlər. Bu tərcümələrin gürcü simvolist poeziyası dilinin formalaşmasına təsiri oldu, poetik dilin ezoterikliyini qoruyub saxladı. Gürcü şairlərini XIX əsr rus poeziyasında müəllif "mən"inin, lirik "mən"in  güclü olması cəlb edirdi.

Gürcü knyazı Aleksandr Çalçavadze Puşkinin "Mələk" şeirini tərcümə edir. Puşkinin ailəsində qonaq olmuş, bacısı Olqa ilə şirin ixtilatlar etmiş Abbasqulu ağa Bakıxanov isə Krılovun "Eşşək və bülbül" təmsilini çevirir, özü də fars dilinə...

Krılovdan tərcümələr divan şeirinin dilini qeyri-adilikdən çıxarıb profanlaşdırdı (adiləşdirdi). Ən yaxşı halda - uşaq şeirlərinin təhkiyə ritmini yaratdı.

Buna görə də Krılov babaya təşəkkürlər...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!