Nadin QORDİMER - Köhnə-kürüş... - hekayə

ƏDƏBİYYAT ÜZRƏ 1991-Cİ İLİN: NOBEL mükafatçısı Nadin QORDİMER. 1923-cü il, 20 noyabrda CAR-da, yəhudi ailəsində anadan olub. İlk qələm təcrübələrini 9 yaşı olanda yazmağa başlayıb, bir il sonra onda ürək xəstəliyi aşkar edilib və Nadin təhsilini evdə davam etdirib. 16 yaşında ikən Yohannesburqda nəşr olunan "Forum" jurnalında "Sabah bir də gəl" adlı ilk hekayəsi çap olunub. "Üz-üzə" adlı ilk kitabı 1949-cu ildə işıq üzü görüb, 1953-cü ildə isə ilk romanı - "Yalançı günlər" ilə oxucuların qarşısına çıxıb. Ona dünya şöhrəti qazandıran "Culaya xalqı" romanı 1981-ci ildə çap olunub. Daha sonra bir-birinin ardınca çıxan onlarla kitabı ilə Nadin Qordimer XX əsr dünya ədəbiyyatının ən tanınmış simalarından birinə çevrilib. Bu cür rəngarəng ədəbi fəaliyyətinə və insanlığa xeyir gətirən möhtəşəm əsərlərinə görə yazıçı 1991-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Yazıçı 2014-cü ilin 13 aprelində CAR-da vəfat edib.

 

Beril Fels adlı qadının bit bazarından aldığı qədimi dəmir sandıqçada hədiyyə olaraq məxmər və zər-bafta parçalar vardı. Evdə açıb baxanda parçaların altında bir dənə də "hədiyyə" gördü - məktublar.

Ezamiyyətə gedəndə, ya da uşaqları zökəm olanda etdiyi kimi, yenə dostlarına zəng vurub onlardan məsləhət istədi:

- Normal adam özgə məktubları tapanda nə edir?

- Sahibinə qaytarır. 

Axmaq məsləhətdir! Kimə qaytarasan? Yəqin, köhnə-kürüşçü bu məktubların kimə aid olduğunu bilmir. Belə adamlar onun-bunun şey-şüyünü satmaqla dolanırlar, lombardları gəzir, əlimyandıda pula ehtiyacı olanların köhnə-kürüşünü alıb satırlar.

- Siz oxuyun da onları. Əlbəttə, oxyuyacaqsız!

Tanış kitab alverçisi, əntiq mallardan başı çıxan adamdır, o dəqiqə rola girdi. Söhbət 40-45 yaşlarında, ömrü boyu şəngülüm ovqatında olan homoseksualist, bibliofildən gedir. Beril Fels onunla bir yerdə ideal cütlük kimi teatra, avanqard filmlərə tamaşa etməyə gedirdi.

- Yəqin, yandırırlar gedir, başqa neyləmək olar? - rəfiqələrindən biri, dünyanın ən prinsipsiz qadını deyir. Övladlarının telefon danışıqlarını dinləməkdən iyrənməyən adam.

- Dəmir sandıqça sənin nəyinə lazımdır? - başqa bir tanışı soruşur. Bu adam şənbə günlərində xırdavat almaq üçün şəhəri dolaşmaqdan, hansısa mağazadan nəsə qeyri-adi pendir, ya da çox baha olmayan yaxşı şərab axtarmaqdan zövq alır.

Məktubların hamısı eyni qadının bir şəhərdəki abunə yeşiyi ünvanına, ya da tələb olunanadək qeydi ilə müxtəlif şəhərlərə və hətta ölkələrə ünvanlanmışdı. Berilin özünə gəlincə, yüz il qala sandıqçadan məktubları saxlamaq üçün istifadə etməyi ağlından keçirməzdi. Özü də... nə qədər! 307 məktub, 9 açıqca saydı. Üstəlik, xeyli teleqram da vardı - bəziləri heç şəffaf zərflərin içindən çıxarılmamışdı. Teleqramları saxlamaq ha - nəsə qəribə işdir... Əlinə keçənlərdən birini oxumağa qərar verdi; əşşi kimdir ey orda intim şeylərdən yazsın. Poçt işçisi də sözləri hesablayanda mətni oxuyur!

Teleqram qısa və imzasız idi. Yalnız tarix, nömrə - yəqin, dəmiryol platformasının nömrəsi idi, -  üstəlik, mətni də çətin başa düşmək olurdu. "Hə, hə, hə", - yəqin, eşqə düşənin hisslərinin təsdiqi idi. Eşqə düşmədən 307 dənə məktub yazmaq olar? Berilin ağlına qəribə bir fikir gəldi, sanki məktubları sandıqçaya onların sahibi yox, kimsə bir başqası yığıb gizlətmişdi: məktubların bəzisi elə bil başqa şeylərin arasında qalıb əzilmişdi. Görünür, onları kimsə tapıb necə gəldi sandıqçaya atmışdı - lap altda təlimat kimi bir şey yazılmış adi vərəq vardı; elə güman etmək olardı ki, məktub sahibi bu kağızı qutunu ilk açacaq adama ismarış kimi yazıb. "Ölümümdən sonra bu məktubları 20 il ərzində açıb oxumadan qoruyub saxlamaq lazımdır, sonra kitabxanaya, ya da arxivə təhvil vermək olar". Altından da zərflərdə olan imza. Poçt ştapmlarındakı ən son tarix 1940-cı ilə aid idi (demək, teleqramlardakı rəqəmlər aviareysə deyil, doğrudan da dəmiryol platformasına aiddir) - yəqin, embarqo qüvvədən düşmüşdü. Qadın sağ olsaydı, məktubları başqasının əlinə keçməkdənsə, onları yandırardı. Beril Fels onları səhər qəhvə içə-içə oxudu. Yazılan məktubların əksəriyyəti qadının yeni çapdan çıxmış kitabının tərifləndiyi dövrə təsadüf edirdi. Görünür, bu fikirlərdə onun romanının qəhrəmanları nəzərdə tutulurdu: dedim axı, qadın yazıçı idi. 

Qadınsa, öz növbəsində, onunla bağlı saf arzularını dilə gətirir, nə vaxt mükafatlandığını, nə zaman tərifə layiq görüldüyünü unutduğunu deyirdi. Bu fikirlər onun abzaslarında açıq-aydın görünürdü. Hiss olunurdu ki, bu sözlərlə onun toz basmış fikirlərini sahmana salmağa, onun istedadlı adamların, mükafatlardan uzaq qalan adamların qarşılaşdığı bu haqsızlıqlara daha ayıq başla yanaşmağına çalışır. O, çirkab kimi ətrafa yayılan, ləyaqətdən uzaq yollarla uğur zirvəsinə qalxan adamalara qəzəb yağdırırdı. O, çox nəzakətlə fikir bildirir və yanlış fikirlərdən qaçırdı, - yəqin, öz qiymətini bilib də, - əmin idi ki, başqalarının haqqına girməklə qazanılan zavallı sədəqələrdən bir şey çıxmaz, onun özünü isə yeri gəlsə, lap Nobel mükafatı gözləyir.

Görünür, o, doğrudan da, öz fərqliliyinin yüksək qiymətini bilib: sevgi nəvazişi ilə süslənmiş qürur nümayiş etdirmək onun üçün hardasa yeni xüsusiyyətdir.

Məşhur qadın aşiq olduğu kişinin mükafatlanacağı mərasimə qatılmaq istəyirdi. Kişi onu bu fikirdən daşındırmaq üçün bir ay sərasər dilə tutmuş, daha sonra hərfi mənada yalvarmışdı. "Hətta sən Ebenşteyn vasitəsilə Freyzerə çıxa bilsən belə, elə güman edirsən ki, o, torbada pişik olduğunu bilməyəcək? Sənin altdan-altdan iş görməyin də varmış! Yox, düz sözümdür, sevgilim. Tədbirə yalnız elmi cəmiyyət üzvləri ilə xanımlarını buraxacaqlar. Mətbuatı deyirsən? Onlar belə tədbirlərə gəlmirlər. Axı bu, dünya əhəmiyyətli bir şey deyil. Sonra laureatların siyahısı dərc olunmuş press-reliz çap olunacaq. Bir də axı sən nə vaxtdan bəri özünü jurnalistlər gildiyasına aid edirsən? Birdən-birə səndə cəmiyyətin fəaliyyətinə maraq haradan yaranıb? Şəklini kitab cildində görənlər o dəqiqə tanıyacaqlar. O ki qaldı bizə, necə özümüzü bir-birini tanımayan adamlar kimi apara bilərik?..".    

 Görünür, onun məyusluğu keçirdiyi sarsıntı ilə bağlı idi, çünki növbəti məktubunda bu mövzunu inkişaf etdirməyə məcbur olmuşdu: "Elə şeylər var ki, onu özümüzə rəva bilmirik. Özün demişdin axı: biz elə bir xəzinəyə sahibik ki, başqaları onu xəyallarına belə gətirə bilməzlər. Gözə gələrik deyə, bunu dilə gətirməyə də qorxuram. Bu, sadəcə, "biz"im varlığımızdan asılı deyil, bu, sadəcə, bizim möhtəşəm dostluğumuzun və yaxınlığımızın böyüklüyü ilə bağlı deyil, bu həm bizim yaradıcı uğurumuzun təzahürüdür. Tam səmimi deyirəm, əzizim: yaxın zamanlarda sənin adın zəmanəmizin ən tanınmış adamları ilə bir sırada çəkiləcək... Təəssüf, əgər biz birlikdə ən adi məişət qayğılarından  qurtula bilmiriksə, o zaman bir-birimizin uğuru ilə açıq-aydın qürurlanmağa dəyməz. Bu - evli cütlüklərin haqqıdır və deyərdim ki, yeganə haqqıdır. Özünü mənim arvadım kimi, universitet illərindən qalmış arvad rolunda qələmə vermək sənin nəyinə lazımdır? Elə bir arvad ki, əri onunla nəinki yatmaq, hətta üz-üzə gəlib danışmaq belə istəmir və qadın da, sadəcə, ətrafa gülümsəməkdən, ya da şlyapa yelləməkdən başqa çarə tapmır...".

Növbəti dəfə qadın ona daha bir kitab həsr etmək istədiyini bildirdi. Kişi acı təəssüflə bunu qeyri-mümkün yazır. "Adlarımızı nə qədər şifrəli və gizli təxəllüslərlə göstərməyə çalışsan da, belə getsə sirrimiz hər yana yayılacaq - növbəti etiraf buna yetər. Gəl, 5 il sərasər gizli saxlaya bildiyimiz kimi, yenə sirrimizi gizli tutmağa davam edək. Bu - xoşbəxtliyin dəyəridir. Qoy kütləvi informasiya vasitələrinin başı tapmaca tapmağa qarışsın, amma mən onsuz da bilirəm ki, bu kitab - mənim əbədiyyətə ümidimdir".

Gecə saat 5-də Beril Fels son məktubu oxuyub qurtardı.

Beril Fels masa arxasından qalxdı. Mədəsi quruldadı; foksun kəskin dəyişməyi ilə otaqdakı cizgilər bulanıq və yayğın göründü. Külqabıda - gic kimi saydı - düz 13 dənə siqaret kötüyü vardı. Hər tərəfdə səpələnmiş şənbə qənimətləri onu real həyata, öz varlığına qaytardı. Məktəb direktoru kabinetindəki sarı ağacdan düzəldilmiş masaya oxşar bir şeyin arxasında olduğunu görəndə bir anlıq özünü itirdi, sanki öz dünyasını yırtıb keçərək, yad adamların keçmişinə soxulmuş - düzbucaqları və hamar səthi olan dünyadan sevinc dolu, lakin qadağan olunmuş uşaq səs-küyü ilə yüklənmiş bağçanın bir küncünə düşmüşdü. O, ani bir hərəkətlə əllərini üzünə aparıb, uşaq kimi qoxladı.

Yerindən qalxıb, vanna qəbul etdi, tənha çarpayısını açıb, şalvarla geyməyə alışdığı ipək köynəklərindən birini seçdi, - bir sözlə, həmişəki ayinlərinə qayıtdı. Təəssüf ki, bazar günüydü, yoxsa şəhər kitabxanasına zəng vura bilərdi - bəlkə onlarda həmin qadının kitablarından vardı? Əntiq şeylərdən başı çıxan dostuna zəng vurdu, amma o, hər bazar günü olduğu kimi, hansısa qonaqlıqda idi. Səbirsizliklə bazar ertəsini gözləmək qalırdı.

Bazar ertəsi əntiqçi dostuna və iki yaxın tanışına - şəhər və universitet kitabxanası müdirlərinə müraciət etdi. Onun dediyi yazıçı qadın haqqında heç birinin məlumatı yox idi. Hər üçü peşə bacarıqlarının bu qədər bəsit olduğunu anlayıb, həvəssiz şəkildə aradan çıxmağa çalışdı. Ola bilsin həmin yazıçı qadın "yazıçılar üçün yazıçılar" zümrəsinə aid olub və yalnız özünü sənətə həsr edənlər arasında tanınıb. Üstəlik, kitabxana kataloqunda onun bircə dənə də olsa kitabının adı tapılmadı.

Başladığı işi qətiyyətlə sona çatdırmaq istəyən Beril Fels bir tanışından onu nüfuzlu universitet professoru ilə görüşdürməyi xahiş etdi. Beril tapıntısını ona göstərmədi, lakin məşhur aşiqin şəxsiyyətini üzə çıxarmağa kömək edə biləcək bütün faktları açıb tökdü. Yenə bir şey alınmadı. Həmin dövr üçün ölkədə elmin müvafiq sahəsi ilə (söhbət geofizikadan gedirdi) məşğul olmuş və böyük uğur qazanmış heç bir tanınmış alim bu söhbətə uyğun gəlmirdi. Hər ehtimala qarşı heç Nobel mükafatçıları siyahısında da belə bir uyğun adam tapılmadı.  

Əntiq bilicisi hər ehtimala qarşı məktubları qoruyub saxlamağı məsləhət bildi.

- Nəvələrimiz üçün...

O, öz məşhur naharlarının birində tez-tez saata baxaraq, "zalın dirçəlməyini" gözləmiş və belə bir nitq söyləmişdi.

- Hətta kənar adamların məktubları belə, dəyərlidir, sadəcə, onları 50 il qoruyub saxlamaq lazımdır. Üzərində kurort şəkilləri olan köhnə açıqcalar, camaşırxana qəbzləri... Bu sizin üçün yenilikdir? Başqa cür olsaydı, mən sizin üçün belə bir süfrə aça bilərdimmi? 

Sonra da ciddi görkəm alıb, sözünü yekunlaşdırmışdı:

- Eh, adamlar ağıllarına gələn hər şeyin kolleksiyasını toplayırlar!

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!