Üçüncü minilliyin ədəbiyyatı..."Ustad" dərsləri... - Cavi DAN yazır

 

Üç il bundan əvvəl ölkənin məşhur kino şirkətlərindən biri mənə gündəlik teleserial üçün ssenari yazmağı təklif etmişdi. Çoxdankı arzum idi deyə, dərhal razılaşdım. Sonra isə işin şərtləri, prosesin gedişatı mənə gözləmədiyim şok və pərişanlıq yaşatdı. Mən birdən-birə istedadımı, yazı bacarığımı ciddi və kübar tərəfində gördüyüm ədəbiyyatdan müvəqqəti də olsa (ssenari yazılışı boyunca) uzaq düşməyə məcbur olduğumu anladım. Artıq, sadəcə, böyük bir konveyerin fasiləsiz işləməyə məhkum edilmiş hissəsi idim, vəssalam. Burada nə mənim illərlə qazandığım imzam (hətta məhz o imzama görə məni axtarıb tapmışdılarsa belə), nə ədəbiyyat bilgilərim, nə nəsr, nəzm yazmağım əhəmiyyət daşımırdı. Hər şey şəffaf bir divarın o üzündə qalmalıydı və mən bu böyük riski etdim. Etdim ki, qonorarımı toplayıb bir gün kitablar çap etdirə bilim özüm üçün. Ədəbiyyatın xatirinə ədəbiyyatdan müvəqqəti imtinam idi bu. Xəyanət deyək.

Yox, söhbəti sentimental məqamlara çəkmək fikrim yoxdur, amma nə edək ki, "sözün sözü çəkdiyi" yolun bütün yolçuları kimi, mən də söhbətin cığırından çıxdım azacıq.

Söhbət isə ondan ibarətdir ki, mənə həmin ərəfədə ssenari yazmağın ən praktik yollarını təcili olaraq öyrənmək üçün dərslər lazım oldu. Lakin internet məkanında bircə azərbaycandilli resursa belə rast gəlmədim. Nə yaxşı ki, rus dilini bilirmişəm. Rusca axtarış edərkən qarşımda saysız-hesabsız ssenari və yazıçılıq kursları, onların video və yazı mətnli saytlarını gördüm. Hələ dünyanın digər dillərindən ruscaya tərcümə etdikləri məşhur ssenaristlərlə müsahibələri demirəm. Müasir rus yazıçı və ssenaristlərinin sosial şəbəkələrdəki fəaliyyəti isə əməlli-başlı həsəd hissi oyadırdı. Onlar öz ustad dərsləri üçün qruplar toplayır, dəvətlər edir, mühazirələr oxuyur, canlı efirlə seminarlar aparır, bunların hamısından da pul qazanırdılar. Disklər, kitablar, iş təminatları reklamları... "Axı niyə bizdə yoxdur? Niyə olmasın?" sualları eqomu incidirdi. Lakin həsədin və əzabın vaxtı deyildi, işi öyrənməliydim! Beləliklə, düz iki ay ərzində gecə-gündüz sözün həqiqi mənasında ustad dərsləri aldım internetdə. Və sonra sakit vicdanla işlədim.

Arada bildiklərimi kitabça şəklində yazmaq istədim, videoseminarlar hazırlamağı düşündüm, gah da özüm ssenari və yazı kursları açmağa qərar verdim. Hətta Lənkəranda mənə dəstək olmaq istəyənlər də vardı. Lakin ssenari bitər-bitməz kitab redaktələri alırdı vaxtımı, qonorarlar kitab çapı üçün yığılıb bəs etməsə də, onlardan imtina etmək lyuksum yox idi deyə, yenə də ədəbiyyata həsrət qalırdım.

Hərdənbir nəfəslik kimi sosial şəbəkədəki həmkarlarıma baxanda isə onların bir-birlərinə yeri gəldi-gəlmədi "ustad" deyə müraciət etdiklərini görürdüm. Əsasən gənc istedadlar deyir belə sözləri. Özlərindən əvvəl yazmağa başlayan orta yaşlı yazarlara deyirlər. Ustad! Ustad. Ustad... Belə vaxtlarda "ustad" deyənlərin səhifələrinə baxırdım, hər baxanda bəlkə, bu dəfə "ustad dərsləri" adına bir qığılcım, gənc yazarlara mayak ola biləcək bir işıq görəcəyimə ümid edirdim. Heyhat, qarşımda "pivələdik", "xaşladıq", "quşladıq" tipli statuslardan, o statuslara aid olan fotoşəkillərdən başqa nəsə olmurdu. Hərdənbir köşə yazıları keçidləri, kitab təqdimatları fotoları, lağlağı rəylər, vəssalam. Hə, üstəgəl "ustad" deyən gənc yazarlara yuxarıdan aşağı bir "gəl, qoşul bizə" baxışı. Elə bilirsiniz qoşulmurlar? Eh...

Və buradan başlayır "ustadnamə" fəsadları.

Üç il keçib.

Həmin rus yazıçıları və ssenaristləri yenə də internetin bütün imkanlarından yararlanaraq öz ustad dərslərini davam etdirirlər, paralel olaraq yeni kitablarını, disklərini, artıq yazıçı və ssenarist kimi uğurlar qazanmağa başlayan əvvəlki tələbələrini fəxrlə təqdim edərək.

Bizdə də üç il keçib.

Bizdə də yazarlar yenə də internetin bütün imkanlarından yararlanaraq öz vaxtlarını və yazı bacarıqlarını öldürürlər, paralel olaraq vaxtlarını və istedadlarını öldürməkdə uğurlar qazanmağa başlayan ardıcıllarını fəxrlə təqdim edirlər.

Süfrəbazlıq, içki, siqaret, kasıblıq, psevdonihilizm romantikası və uğursuz maçoluq dərsləri ən yaxşı halda ədəbi bacarıq deqradasiyasına, ən pis halda intihar meyillərinə gətirib çıxarır.

İnanmırsınızsa, müasir ədəbiyyat məkanımızın "mürid" və "mürşid"lərinin sosial şəbəkələrdəki səhifələrinə və ümumiyyətlə, özlərinə baxın.

Ədəbiyyat nəhəng bir okean ikən, onun bataqlıq versiyalarını ondan kənarda yaradıb içində batmaq nəyə lazımdır axı?

Hələ bu batmağı da usta(d)ca etmək, özünü və hamını aldatmaq nə üçündür?

O gənclərin yağış suyundan yaranmış gölməçələrdə ayaqlarını şappıldatmağı onlar üçün daha az ziyanlıdır, nəinki öz bataqlığından başqa heç nə yarada bilməyənlərdən "batmaq dərsləri" almağı.

Okean daha gözəldir, uşaqlar...

P.S. Bu yazını hazırladıqdan sonra xəbərləri izləyib gözəl bir məlumatla qarşılaşdım. Nəhayət ki, bizdə də Yaradıcı Yazarlıq kursu açılıb. Çox sevindim. Uğurlu və davamlı olsun, dostlar!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!