Məhv edilmiş oyuncaqlar... - Musa Quluzadə - hekayə

20 Yanvar faciəsinə həsr olunur

Turalın çoxlu oyuncaqları var idi. Onun üçün babası da, nənəsi də, ata-anası da çoxlu oyuncaq almışdı. Hətta bibisi, xalası, əmisi də ona oyuncaq bağışlamışdılar. Çünki hamı bilirdi ki, Tural oyuncaq həvəskarıdır. Əgər kimsə başqa şəhərə getsəydi, Tural ona oyuncaq alıb gətirməsini tapşırardı. Hamı onun xasiyyətini yaxşı bilirdi. Odur ki, tez-tez soruşardılar:

- Tural, getdiyimiz yerdən səninçün nə gətirək. Könlün nə istəyir?

- Tural, kostyum alım, istəyirsən?

- Tural bala, səninçün palto alım?

Turalınsa yalnız bir istəyi vardı və hamıya da eyni sözü deyərdi:

- Mənim üçün oyuncaq al. Mən oyuncaq istəyirəm.

İki yaşından onun üçün oyuncaq alınırdı. İndisə Tural, babası demişkən, "yekə kişi" idi - altı yaşının içərisindəydi. Bu illər ona o qədər oyuncaq gətirmişdilər, o qədər oyuncaq hədiyyə vermişdilər ki, nə sayı vardı, nə də hesabı. Uşaq otağının demək olar ki, tən yarısını Turalın oyuncaqları tuturdu. Turalın təkcə ölkəmizdə buraxılmış deyil, dünyanın bir çox ölkələrindən gətirilmiş oyuncaqları var idi. Evə kim gəlsəydi, Tural imkan tapıb öz oyuncaqlarını göstərir və onlar haqqında bir-bir məlumat da verirdi.

- Bax, - deyirdi, - bu ayını-mişkanı əmim alıb. Bu maşını babam Moskvadan gətirib. Bu dəvəni atam Kubadan gətirib...

Beləliklə, Tural öz oyuncaqlarını səliqə ilə göstərdiyi kimi, səliqə ilə də öz yerinə yığırdı.

Axır vaxtlar Turalın çox sevdiyi atasının aldığı avtomat tüfəng, tank, beteer idi.

Onun avtomatının tətiyini çəkəndə lap əsl avtomat silahı kimi t... rrr...r! səs çıxarırdı və işıq saçırdı. Səhərdən axşama kimi o, avtomatı çiynindən asır, hərdən də gah nənəsinə, gah da anasına, ən çox da kiçik bacısı Ayana tuşlayıb "əllər yuxarı!" deyirdi. Bir balaca əlini gec qaldırsaydı, o dəqiqə də avtomat işə düşür, tırıldayırdı. Belə vaxt kimliyindən asılı olmadan Turalın qarşısındakı hər iki əlini qaldırmalıydı. Ən çox da Ayan və nənəsi onun "əsiri" olurdular.

Keçən ilin axırlarında Turalın atası Moskvaya getməliydi. Bunu eşidən Tural çox sevindi. O, atasına dedi:

- Ata, mənim üçün Moskvadan nə alacaqsan?

- Nə istəsən, oğlum, - deyə atası onun saçını oxşadı. - Sənin üçün də, Ayan üçün də ürəyinizdən nə keçsə alacağam.

- Ata, mənimçün kukla, özü də gözləri göy olsun, - deyə Ayan atasının boynunu qucaqladı.

Atası:

- Baş üstə, qızım, - dedi. Bəs Tural nə istəyir?

- Ata, mən avtomat tüfəng istəyirəm. Tural öz istəyini belə bildirdi.

- Oğlum, sənin ki avtomat tüfəngin var.

- Yox, ata, bundan yox. Bilirsən, ata, o gün Sadiqdə görmüşəm. Onun tüfəngi elə gözəldir ki, həm də gülləsi də var ey, hə, ata, bax mən o avtomatdan istəyirəm.

- Belə de, - atası güldü. Deməli, güllə atan avtomat istəyirsən.

- Hə, ata, bax, belənçiyini istəyirəm.

- Baş üstə, Tural. Ondan da yaxşısını alıb gətirəcəyəm.

Bir neçə gündən sonra Turalın atası Moskvadan qayıdıb gəldi. O, Tural üçün istədiyi tüfəngi və bir də böyük bir tank alıb gətirmişdi. Avtomatın tətiyini çəkən kimi, o, bərkdən şaqqıldayır, alov kimi işıq buraxır və bir neçə gülləni ardıcıl atırdı. Tankın üstündə hərlənən dairə və onun da böyründə bir lülə uzanırdı. Əvvəlcə Tural bunun nə olduğunu bilmədi. Atasından soruşdu.

- Oğlum, bu, müasir tankdır. Ölkəmizin zəhmli silahlarından biridir. Heç bir güllə, filan keçirmir. Üstündəki isə pulemyotdur. Allah eləməsin, əgər müharibə olsa, onda bizim əsgərlər bu tanklara oturub, bax bir, oğlum, həm ondan top atəşi ilə, həm üstündəki bu pulemyotla düşməni dörd tərəfdən biçib-tökəcəkdir.

Atası fəxrlə Turala bunları deyirdi.

Tural yaman sevinirdi. Evdəkilərə gah topdan, gah da avtomat tüfəngindən atəş açır və deyirdi:

- Ayan, bax, səni vurdum. Sən ölürsən. Öl!!!

Ayan o dəqiqə yerə uzanır, gözlərini yumurdu və - Tuyay, mən öydüm - deyirdi.

Sonra Tural nənəsini, babasını, bir sözlə, qabağına çıxanı gah tank, gah da avtomat atəşi ilə bu cür vurub "öldürürdü".

1990-cı il yanvar ayının soyuq günlərindən biriydi. Həmin gün nədənsə, axşam televizor işləmədi. Dedilər ki, televiziya studiyasında qəza baş verib. O axşam Tural bir qədər topu, tüfəngi, tapançası ilə oynadı. Sonra da yatdı.

Turalı hələ bu vaxta kimi eşitmədiyi qəribə və qorxunc səs oyatdı. O, gözlərini açıb ətrafına baxdı. Ata-anası yox idi. Şəhərdəsə bərk atışma səsi gəlirdi. Belə qorxunc səsi o ancaq müharibəli filmlərdə eşitmişdi. Səs getdikcə daha da artır və elə bil həm də yaxınlaşırdı. Bəs ata-anası haradadır? Yan otaqdan danışıq səsi gəlirdi. Tural yataqdan qalxıb yan otağa keçdi. Ayandan başqa bütün ailə üzvləri buradaydı. Hamının üzündə təlaş vardı. Atası hey papiros çəkir, otaqda var-gəldəydi. Nənəsi Turalı qucaqladı. Pəncərədən uçan güllələrin işıqları görünürdü. Şəhərin hər yerindən tankların, avtomat və minamyotların qorxunc səsinə qışqıran adamların, müxtəlif maşınların həyəcanlı siqnalları, səsi qarışmışdı.

- Bu nədir, nənə? - deyə Tural soruşdu. Onun səsi titrəyir, bədəni əsirdi.

- Gözümün işığı, qorxma, atışmadı. Soldatlar şəhərə girirlər.

- Niyə, nənə? Məgər müharibədir? Bəs bizim soldatlarımız hardadır?

- Özümüzkülərdir, bala. Özümüzkülərdir.

Bu sözdən sonra Tural bir daha heç bir şey soruşmadı. Susdu Tural.

Səhərə qədər atışma kəsilmədi. Ertəsi gün gündüz də şəhərdə nə səs-küy kəsildi, nə də atışma. O gün heç kim evdən bayıra çıxmadı. Xəbər vermişdilər ki, heç kim evdən çıxmasın. Evdə hamı kədərliydi, qaşqabaqlıydı, nə dinir, nə də danışırdılar. Tural bir şey başa düşmürdü. Ancaq hiss edirdi ki, yaxşı heç bir şey yoxdur. Nə radio işləyirdi, nə də televizor. Küçələrdə maşınlar da görünmürdü. Şəhər bomboz bozarmışdı. Orda-burda isə hələ də kiməsə, nəyəsə atəşlər açılırdı. Həmin hadisədən iki gün sonra adamlar şəhərin mərkəzinə axışdılar. Hamı da qara geyinmişdi. Tural bu dəfə də nənəsindən soruşdu:

- Nənə, bəs bu adamlar hara gedirlər?

- Azadlıq meydanına, bala.

Nənənin gözlərində yaş gilələndi.

- Bəs niyə qara geyiniblər ey, nənə?

- Bu gün şəhidlər dəfn olunan gündür. Onun üçün bütün xalq qara geyinib.

- Şəhidlər kimlərdir, nənə?

- Atan səni başa salar. Onlar günahsız vətən oğullarıdır. Atan da gedəcək.

Deyərəm səni də aparar.

Atası ilə Tural çox çətinliklə gəlib Dağüstü parka çatdılar. Bütün şəhər buradaydı. Yollar boyu tanklar, beteerlər və avtomatlı soldatlar gördü Tural. İnsanlar isə heç nəyə baxmadan kədərli, hüznlü halda axın-axın bura gəlirdi. Bir azdan çiyinlərdə qırmızı mafəyə bürünmüş şəhidləri xiyabana gətirdilər. Əllərdəki şəkillərdən görünürdü ki, öldürülənlərin hamısı cavanlardır. Bir neçə uşaq şəkli də gördü Tural. Hamı ağlayırdı. Heç vaxt Tural atasını ağlayan görməmişdi. İndi onun atası da ağlayırdı. Turalın da gözləri dolmuşdu.

- Ata, - Turalın səsi, sanki boğulmuşdu. Bunları kim öldürüb?

Atası onu qucağına qaldırdı.

- Gördüyün tanklar, beteerlər, bir də avtomatlar - dedi.

Tural daha bir söz demədi.

Axşamüstü onlar evə döndülər. Tural evə girən kimi otağına cumdu. Bir azdan balkonda səs eşidildi, nəsə qırıq-qırıq sındırılırdı. Turalın atası pəncərəyə yaxınlaşdı. Tural ağır çəkiclə öz tankını, avtomat tüfəngini, atasının təzə aldığı beteeri və tapancanı bir-bir sındırırdı. Onun gözlərində yaş vardı. Sınıq-sınıq edilmiş "silahlarını" eyvandan aşağı tulladı. Sonra otağa girdi. Atası onu görüb başını aşağı əydi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!