Tigin ağacı - Oleq Amiqin Sidorov - hekayə

Yazıçı, publisist Oleq Amiqin Sidorovun adı rus və yakutdilli oxuculara yaxşı tanışdır. Əsərlərini yakut və rus dillərində yazır. İndiyədək ondan çox hekayə, povest və publisist yazılarından ibarət kitabı çap olunub. M.K.Ammosov adına Şimali-Şərqi Federal Universitetinin filoloji fakültəsində Jurnalistika kafedrasının müdiridir. Yakut və rus dillərində çap olunan tarixi, coğrafi və kulturoloji "İlin" jurnalının baş redaktoru, Saxa Ruhani Akademiyasının akademiki və Yakutya Yazıçılar Assambleyasının sədridir. Əsərlərində Türk dünyasının ən uc nöqtəsində məskunlaşan yakut xalqının tarixi, adət və ənənələri təsiredici bir dillə təsvir olunur. Dilimizə axtarılan "Tigin ağacı" dünyanın bir çox dillərinə tərcümə edilmiş və müəllifinə şöhrət qazandırmışdır.

 

... Bu yerlərdə, yay axşamları sakit və səssiz olur. Və indi yel heç zaman olmadığı qədər daha ruhoxşayıcı əsir. Sakit və ilıq sulu çay da, məxməri yatağı üzərindən, ləpələrində dincini almaqda olan günəşə baxmaqda, dalğaları üzərində əks olunan səma cismlərinin görüntülərini atıb-tutmaqda, yırğalandırmaqda idi. Sanki həyat ilk dəfə dövranını buradan sürdürməyə başlamışdı. Ya da belə deməyimiz daha doğru olar ki, haqqında söhbət açacağımız zamanlarda belə olmuşdur.

Bu  çayın sahilində  zamanlar görüb, dövranlar sürənlər, zaman-zaman bu  ağac haqqındakı dillərdə dastan olan məsəli  tez-tez xatırlamalı olurlar. İnsanların  və təbiətin həyatında  geri dönülməz  dəyişikliklərin yaşıdı və şahidi olan tigin ağacıyla bağlı həzin  bir məsəldir bu.

Belə ki,  zamanların qədimində bu çayın bolsulu dik dalğaları ilə yaladığı daşlı, qumlu gözəl sahillərindən birində əvvəlcə sanki qamış, sonra  pöhrə, sonra da güclü və cüssəli bir ağac boy göstərdi. O ağac haqqında olacaq bundan sonrakı hekayətimiz.

Burda, bu yerlərdə böyük çayı süsləyən üç vadi var. O vadilərdən birisi sonralar orta, böyük və çoxsaylı  adlandırılacaq vadilər bu çayın orta axarına şahidlik edir. Çay elə bil ürəkdolusu nəfəs ala bilmək üçün aradığı genişliyi sonunda tapır. Hər yaz susuzluğunu yatırmaq üçün ona can atan geniş münbit torpaqlara su verməkdən usanmaz. Vadilər həyatın doğulması üçün yaradıldı.

Əsrlər boyu çayın cənub münbit torpaqlarından dalğalarına qatıb gətirdiyi şirə çöküntülərlə  ana  dünyəvi  varından ehtiyat yığaraq  hər il bu yerlərin gücünə qeyri-adi güc qatır.

Əzəmətli çayın  sahilində "uşaqlıq" və "yeniyetməliyini"  keçirən ağac, verimli, münbit torpaqlarının şirələrini əmici kökləri  ilə  əmərək hər il qeyri-adi güc qazanıb möhkəmdən möhkəm olmağa başlamışdı.

İnadcıl, güclü çay  sahil qonşuluğunda  böyüyən  və  təbii fəlakətlər  mübarizəsindən  hər zaman bərkimiş  və yetkinləşmiş çıxan ağacın möhkəm gövdəsinə axan gücünün fərqindəydi.

Həyat üçün arzu - böyük gücdür. Hər bahar və yay açıq yaşıl iynə yarpaqlarını  açmasıyla ağac daha gözəl və güclü olurdu. Budaqlarının boyu beş-altı metrə çatmış və torpağa düşən kölgəsi böyüyüb daha  geniş   yer tutmağa  başlamışdı. Ətrafa yayılan budaqlarının qoruyucu kölgəsi altına  yay yandırıcı istisində  yaraşıqlı marallar və cüyürlər, quşlar, bütöv bir həşarat buludu, məxmər qanadlı kəpənəklərdən tutun da cancan eşşək və bal arılarına qədər böyük bir məxluqat sığınırdı…

Həyatsa  yerində durmur, davam edirdi. Kənardan baxanlara olmasa da, vadinin sakinləri üçün mühüm hadisələr bir-birini izləyirdi. Uğurlu həyat mərhələlərini, uğursuz hadisələr əvəz edir, bu dəyişkən tale hardasa bir-birinin yerini alan ilin mövsüm dəyişikliklərinə bənzəyirdi. Yayı gah quraq, gah yağışlı, qışı qarlı, çovğunlu… Zaman isə ildən-ilə acımasısa o ağacı da, o vadini də başqa bir həyat üçün hazırlayırdı..

Çox keçməyəcəkdi ki, çay və ağac insan tayfları ilə də tanışacaqdı. Gedib-gələn insanların ayaq izləri  ağacdan və sahildən azacıq uzaqda yola dönmüşdü. Adamlar əvvəlcə hələ pöhrə olan ağacın fərq etmədən yanından keçib- gedərdilər. Hər yayın gəlişi ilə ağac vadi sakinlərinin daha çox diqqət mərkəzində olmağa başlayırdı. Bir dəfə önəmsiz isti yay günlərinin birində ağacın yanına dörd adam: iki yaşlı-kişi və qadın, iki uşaq - oğlan və qız yaxınlaşacaqdı. Atlarından enib tələsmədən, kımıs dolu yol tuluğunu, çeşidli yeməkləri çıxaracaq, bütün əşyalarını yerbəyer edəcəkdilər.

Sonra onlar ağacın altını özlərinə məskən seçdilər.

Qadın, başını qaldırıb çevrəyə göz gəzdirdi. Ağacın gövdəsinə nəzər saldı, güclə seziləcək bir him-cimlə uşaqlara artıq vacib bir iş görməyin zamanı gəldiyini işarət etdi. Və ağcaqayın kökündən düzəldilmiş kasanı götürüb kımısla doldurdu. Sayğıyla ağacın kökünə doğru əyilib güclə eşidiləcək bir səslə bir şeylər pıçıldadı, sonra  kımısı ağacın kökünə töküb, ağacın ruhu üçün bir parça çörək və ət qoymağı da unutmadı. Sonra hörüyünün bir parçasını kəsib başındakı uzun, sarı-yaşıl lentlə birilikdə ağacın gözəgəlimli budaqlarından birinə bağladı.

Gülümsədi və özü-özünə düşündü: "Ey  ağac, sən  ana təbiətin  yaratdığı ən gülcü varlıqsan... Sən  yerin şirəsi ilə qidalanır, günəşin hərarətini  və küləyin  təzə nəfəsini qoruyursan. Mən ruhumun bir parçasını - qızlıq çağlarımla  nənəmin hördüyü qızlıq bantımı sənə bağışladım. İndi isə qəlbimizi sənə etibar edirik, ey ağac. Qəbul et bu hədiyyəmizi. Məni və ailəmi qoru!"

İlk baxışdan əhəmiyyətsiz görünən bu hadisə, ağacın həyatında yeni mərhələnin başlanğıcı oldu. Bütün yolçular ağacın yanına gəlməyi özlərinə borc bilib, ona hədiyyələr gətirdilər.Tezliklə onun ətrafa yayılmış budaqları al-yaşıl lentlərlə, bezlərlə, parçalarla süslənmiş oldu.

Qışda, soyuq olmasına baxmayaraq, yolçular üzərini qar bürümüş ağacın qözqamaşdıran gözəlliyi qarşısında heyrətdən donub qalırdılar. Sərt qış küləklərindən iynə yarpaqları buz bağlayan ağac, donmuş və tərk edilmiş didərginə bənzəyərdi. Amma təzə doğan günəş və yeni yağan qar ona şahanəliyini və gözəlliyini geri gətirirdi.

Mal-qaraları üçün daha verimli torpaq və otlaq axtarışında Orta vadiyə gəlib çıxanlar da çox keçmədən  bu ağacıın hansısa  sehrli, qeyri-adi yüksək məqsədlər üçün yaradılmış olduğunu fərq edəcək, burada məskunlaşacaq və bu ağacı sevəcəklərdi. Ona insan nəsillərinin və onların mal-qarasının müdafiəsi üçün yaradılmış təbiətdən gələn gücün və gözəlliyin təcəssümü kimi baxacaqlardı. İnsanlar inanırdılar ki, bu ağacda Orta torpağın çoxsayda Böyük vadilərin sahibinin ruhu yaşayır. Ağac çəmənləri, otları, gülləri, gölləri və çayları isti və soyuqdan qoruyur.

Və insanlar burada ağacın kölgəli budaqları altında, barış, əmin-amanlıq, istilik və sərinlik tapırdılar. Onların hər biri təsadüfən və ya hansısa  münasibətlə buraya yenidən dönərkən, xoş gələcək arzusuyla özləri və yaxınları üçün ağacın budaqlarına  niyyət lentləri bağlıyar və beləcə ruhlarının bir parçasını ağaca etibar edib gedərdilər. Ağac onların bu etibarını yetərincə dəyərləndirər və onların  əmanətini göz-bəbəyi kimi qoruyardı..

 Bu yerlərin insanları üçün çay və ağac əfsanələrdə yazılan, nəğmə və olonxolarda tərənnüm edilən Müqəddəs ağacın - Aal Luuk Masın yerüstü təcəssümü idi.

Ağac bütün  Müqəddəs vadinin həyat mərkəzi olmuşdu. Ətrafında vadi sakinlərinin müxtəlif həyatları dönüb-dolanırdı. Eyni gücdən qidalanan yaşıl otlar, meşələr, göllər, ağacla  bənzər ritmdə yaşayırdılar. Solanda ondan üzr istəyir, çiçəkləyəndə onun xeyir-duasını gözləyirdilər. Ağac ana təbiət tərəfindən elə yaradılmışdı ki, hər budağı ayrı-ayrı talelərə himayədarlıq edirdi.. Uzaq  diyarlardan uçub gələn quşlar ağacın zirvəsinə qonardılar. Vadidə yaşayan quşlar üçün fərqi yoxdu, ağacın hansı budağında yer tapsalar sevinərdilər. Axı onlar ən yaxın çevrənin təmsilçiləri idi. 

Və  bir dəfə bədəni və ruhuyla hər kəsdən güclü olan qəbilə başçısı ağacın yanına gəldi. Baxışları sərt və təkəbbürlü idi. Böyük çay sularının genişliyinə və yaxın-uzaq  çevrələrdə çiçək çiçəyi çağıran yaşıl təpələrə nəzər saldı. Sonra ağaca təzim edib dibinə yaxınlaşdı. Gövdəsini oxşadı. Baxışlarının sərtliyi keçsə də, hələ də bir az narahat və düşüncəli idi. Bir müddət səssizcə ağac budaqlarının kölgəsində nəfəs dərib sonra diz üstə çökdü. Qalın dəri çantasından  gətirdiyi hədiyyələri - yağda qızardılmış şirin çörəkləri ağacın dibinə qoydu. Dəri tuluqda köpüklənən kımısı köklərinə tökdü.

Sonra dodaqlarından sükutun səssizliyindən gələn gözəl səslər eşidildi: "Ey ağac! Sən əzəmətli və müdriksən! Sənin çoxəsrlik budaqların güclü gövdən əsrlərin yaddaşını yaşadır. Sənin yanından  sadəcə illər keçməmiş, həm də mənim soyumdan və başqa soylardan olan adamların da taleləri keçib getmiş. Buz kimi soyuq, qar fırtınası da onlar kimi. Qəribə bir yuxu gördüm. Ağ patlarlı qədim əcdadım yanıma gəldi və söylədiyi sözlər ruhumu oxşadı: "Bizə elə gəlir ki, kökləri yerin şirəsindən güc alan, başına gələn hər sıxıntıdan bir az da möhkəmlənən ağacı heç bir qüvvə yenə bilməz. Amma bəlli ki, sonsuza qədər yaşamaq mümkün deyil. Gərək başa düşək ki, ağac haçansa  yıxılacaq və yerində  böyük bir boşluq qalacaq. Amma vaxt və həyat boşluğu sevməz. Və  ətrafda olan nə varsa, hamısı yox olmaq təhlükəsi  altındadır… İnsanlar da yetimləşir. Və  yalnız ağac  haqqındakı xatirələri  onlara sərinlik gətirir, günəşin  yandırıcı istiliyindən, qışın  soyuq küləklərindən örtərək qoruyur."

Ağac cavabında bütün budaq və iynə yarpaqlarını əsdirərək  onun sözlərinin doğru olduğunu təsdiqlədi.. Və səs-küy içərisində ağacın gizli sevinci eşidildi: "Mən nə haqda danşdığını və unudlmaz əcdadınızın  nəyə işarət etdiyini də yaxşı başa düşürəm. Sən yaxşı olar ki, soyundan olan bütün insanları qanadlarının altına yığ və onlara gələcəkdə yaşaya bilmələri üçün ümid və inam ver."

Ağac və ötkəm adam çayın sahilində beləcə yan-yana dayandılar, gövdə-gövdəyə, zirvə -zirvəyə. Qəbilə başçısı  Tigin ağacın kölgəsində elə ruhi hal keçirdi ki, bir anlığa xalqının gələcək taleyini də görə bildi.

Ağac və tigin o andan birləşib tək vücuda və gücə döndülər. Çay vadisindəki bu görüş üçün onlar zaman və tale tərəfindən seçilmiş, güc və xarakterlərinə görə  hikmət sahibi olmuşdular.

Həyat dinc və sakit axarıyla davam edirdi. Amma heç bir şey zaman qədər qırılğan və kövrək olmur. Və burda, bu vadidə zaman maddiləşib özünün uçucu, keçici, dəyişkən  mahiyyətini  ifadə eməkdəydi. Ola bilər ki, zaman, durğun həyatın dəyişmə vaxtının  gəldiyinə qərar vermişdi.

Şübhəsiz ki, həyat Yer üzünün ortasında dərədən axan sel kimi döngələri dönərək, bəzən ləngiyə, bəzən quruya, amma yaz yağışlarının suyunu içərək yenidən qabararaq, yaşam coşqusuyla, qayaları dəlib qarşısındakı əngəl sədlərini keçib coşur və yalnız bundan sonra sakit vadilərdə rahatlıq tapır. Sahilində böyüyən bitkiləri sulayan  dərə suyu kimi hər hansı bir həyat da yeni və fərqli həyatları yaşatmaq üçün yaradılmışdır. O da dərə suları kimi  böyük çaya tökülür və elə həmin anda da özünün azadlığını büsbütün itirərək yeni bir anlam qazanıb onun bir hissəsinə çevrilir.

…Bir dəfə Atəş oxu ilində ağlagəlməyən bir hadisə baş verdi. Gələcək dağıdıcı fəlakətləri hiss eləyən çay, qışın uzun gündüz və gecələrində yığmış olduğu güclə ayaqlanıb ətrafda nə varsa, süpürüb  suları altına alıb uddu. Yalnız ağacın ətrafında  kiçik bir quru adası qaldı. Bəlkə  bunula da o Qərbdən açıqda özünü dost kimi göstərib, amma kinli düşmən kimi davranacaq yad gücün gələcəyini xəbər vermək istədi.

Yeni bir zaman gəlmişdi. Bu yerlərin ruhu narahat olub uzun sürə ağacın iynə yarpaqlarında titrəyib əsdi: Nə etməli? Nəyi gözləməli? Bunlar çay vadisində yaşayan bütün sakinlərin əsas sualı idi.

Yadlar, yeni gələn tayfalar ruhlarını, fiziki və mənəvi xəstəliklərini də  özləri ilə birlikdə gətirdilər. Yad ruhlar və onların gətirdiyi belə fəlakətlər  indiyə qədər bu vadidə görünməmişdi. Burda məskunlaşan, ya da buradan keçib gedən tayfalar təbiətin qanunları ilə tanışdılar və yalnız ana təbiətin həyat  Kitabını oxuyurdular. Ağac insan tayfalarından gələn enerjini, fikri, və duyğunu qəbul edir, zaman tərəfindən çevrələnən gövdəsində həyəcan keçirmiş; onların təşvişlərini, yalvarışlarını, niyazlarını, sevinclərini, göz yaşlarını ağac yaddaşına yazmışdı. Ağac onların qəmlərindən xəstələnrdi, əzab çəkirdi və bəlkə buna görə də insan tayfalarının qurtuluşu olurdu. 

Amma ağac nə qədər güclü olsa da, vadiyə Qərbdən gələn yad tayfaların fikirləri və hərəkətləri ilə bacara bilmirdi. Ağacın həyəcan və çağırışlarına yadların duyğuları kar və kor idi.

Artıq hər şey bu vadidə yaşayan insanlara qalmışdı. Bu yad tayfaları onlar necə qarşılayacaqlardı? Yad tayfalar vadinin və ağacın qanunlarını qəbul edəckdilərmi? Ya da bu yerləri, onda yüz illər boyu məskunlaşmış olan sakinlərinin sevdiyi sevgi ilə sevə biləcəkdilərmi? Ağacın səsinə, ağacın ruhuna qulaq asacaqlardımı?

Bu suala kim cavab verə bilər ki?

Çay vadisinə gəlib yerləşən yeni gücün öz qanunları vardı və bu qanunları da izləyəcəklərdi.

Bir dəfə vadinin yeni sakinləri ilə mübarizədən yorulub əldən düşən Tigin yenidən ağacın yanına gəldi. O, ağacın qüdrətli gövdəsinə yaslanıb bütün bu illər ərzində ilk dəfə göz yaşı tökdü. Göz yaşları ağacın çopur gövdəsindən kökünə doğru axıb torpağa qarışıb yox olurdu. Bəlkə də heç yox olmurdu. Ağac dostunun dərdini bölüşmək üçün onun göz yaşlarını içinə çəkirdi. Tigin diz çöküb səsləndi: "Olanlar oldu". Qərbdən gəldilər və bizi yendilər.

Məğlub olsa da, sınmış deyildi Tigin. Ağac bunu yaxşı bilirdi…

Tigin babasından ona qalan gümüş işləməli sərt dəmirdən  hazırlanmış bıçağı çıxarıb kəskin bir hərəkətlə  ağacın ayağı altındakı toprağa sapladı: "Saxlamaq üçün bunu sənə əmanət edirəm!"

Beləcə hər zaman keçmiş rəfahın, sərvətin, gücün, birliyin, bərəkətin təcəssümü olan bu yakut bıçağı yerüstü sahibini itirdi. Tigin ata-babalardan gələn əmanəti ana-təbiətin ümidinə buraxdı. Ayağa qalxıb, qədim  Saysar gölünün yanındakı komasına doğru yol aldı.

Bu dar gündə iynə yarpaqlarıyla ağac, uzun zaman səslənə-səslənə qaldı. Sanki etibarlı və yaxın dostu kimi Tiginlə vidalaşırdı. Sonralar insanlar onu "Tiginin ağacı" adlandıracaqlardı. Və yalnızca ağacı yaradan təbiətin hikmətinə deyil, eyni zamanda xalqını birləşdirməyi bacarmış, ana-təbiəti başa düşən və onun gücündən güc alan Tiginin xatirəsinə də baş əyəcəklərdi.

Ağac haradansa güc alaraq aşağı budaqlarını əsdirərək hayandansa əsən gözlənilməz küləkdə qurumuş çör-çöpünü və iynə yarpaqlarını dibinə tökürdü.

Hər şey deyilən kimimi olmuşdu? Bizə məlum olan budur ki, ağac öz əvvəlki görkəmini aldığı zaman sıx yaşıl otların içindəmi, yoxsa yaxından axan çayın sularındamı, bilinməz, amma o zamandan bu yana Tiginin bıçağını gördüm deyən olmadı. Artıq ağaca da növbə çatmışdı. Yad tayfalar ağac gövdəsinin möhkəmliyini görüb öz ehtiyacları üçün ondan faydalanmaq  istədilər. İti dəmir balta ilə  gövdəsindən kəsib taxta çəkdilər. Sonra o taxtalardan qayıq düzəltməyə başladılar. Və beləcə möhkəm bir qayıq alındı.

Ağac vadinin  uğursuz günündə sanki bu  amansız dəyişikliyin qarşısının alınmasının mümkün olmadığını hiss edərək hər otu, hər yarpağı solub ixtiyarını taleyin uğursuzluğuna verdi. Amma yenə də təbiətin qanunlarına boyun əyən ağac, kökündə  yeni həyat cücərtiləri verməyə hazırlaşacaqdı.  

Bəlkə bu tumurcuqlar və fidanlar Tigin ağacının gücünə ulaşmayacaqdı. Amma onların hər biri təşəbbüskarlarının  yaradıcı ruhunu və gücünü mənimsəyərək öz hədəflərini yerinə yetirəcəkdilər. Onlar itirməyi bacarmazlar, əgər belə bir iş baş versə, yenə də onların özlərinə məxsus həyatı idarə etmə təcrübələriylə ayaqda qalacaqdılar.

Çayın və ağacın bütün sakinləri üçün meydana gələn bu hadisələrə bəhanə və bəraət tapmaq çətindi. Lakin bir şey aydın idi ki, bunlar qaçınılmazdır. Sanki bütün hava hissəcikləri bu yeni hisslərlə doldurulmuşdu: Qaçınılmazlıq və acımasızlıq!

Ağacın ruhu da istisna deyidi. Səssiz axşamların birində dərin-dərin içini çəkib ağacın yuvasından uçmuş, bir zamanlar mişarla parçalanmış, qayığa dönmüş Ruhu böyük ağacın yanına qayıtmağa qərar verdi. Ruh üçün çox fərqli zamanın yeni bir həyatı başlamışdı. Bunun üçün həyata yenidən nəfəs vermək, əldən çıxanları yenidən əlaqələndirmək, parçalanmış ağacı yenidən bir vücudda birləşdirmək lazımdı. O zaman ağacın ruhu ağacın bədəninə  qayıtdı, o özü və onu əhatə edən Vadi və çay başa düşdülər ki, qayığa döndərilən ağac yaşmağa davam edir.

Çayın suyu qayığa dönən ağacı yenidən oxşamağa başladı. Amma nə zaman ki, dalğalar qəzəblə ona hücum çəkib içindəkilərlə birlikdə batırmaq istədi, ağac çay tərəfindən bu hərəkətin onun yetirmələrinə qarşı ədalətsiz olduğunu düşünüb bu haqsızlığa qarşı durmağa çalışdı. Bu mübarizədə çay üstünlük qazanacaqdı. Amma bu qələbə deyildi. Sadəcə çay  öz sarsılmazlığını sübut etmiş olacaqdı: Həyatda hər kəsin bərabər yaşamaq haqqı var! Əsası olan budur ki, istədiyin kimi dəyişə bilməzsən! Həyat axışı sonsuzdur, onu qandırmaq olmaz. O özü hər şeyi yerbəyer edir. Zamanın axışı sürəkli və acımasızdır.

Bəs bu keçən vaxt ərzində qayığa nə oldu? Qayıq olan ağac bir çox yeniliklərlə qarşılaşdı, çayın keçdiyi yerlərdə yeni-yeni torpaqlar gördü. Hətta bir dəfə Şimal buzlu okeanının böyük geniş səthinə də çıxdı. Buz parçaları sağından, solundan keçib ona toxunub əzməyə çalışdı. Və sonra ağac həyatın yalnız müxtəlif yönlü və təhlükəli olduğunu deyil, şərtlərə görə ona itaət etmək lazım gəldiyini də başa düşdü. Onu da başa düşdü ki, ən başlıcası onun özünün - yəni ağac ruhunun güclü olması gərəkdir. Yalnız təsadüflərə boyun əymək deyil, hətta labüd çətinlik və qəzadan da qorxmaq lazım deyil. Həyat güclə yenilir, amma ruhla yaradılır. İstər insan olsun, istərsə də ağac!

Orta Dünyanın yaratdığı bu təbiət qanunu hər kəs üçün keçərlidir. Hər şeyi dəyişdirmək lazımdır. Görüntüsünü dəyişib qayıq olan ağac əslində mahiyyətini dəyişməmişdir: Onun var oluşu ətrafda canlı nə varsa, hamısına xeyir və fayda gətirir. İnsanlar ona nəyi etibar etmişdilərsə, hamısını yaddaşının dərinliklərində qoruyub saxlamışdır: pıçıltıylamı, bağırmaqlamı, budaqlarına əski parçası bağlayaraq, içlərindəki müqəddəs əmanətləri, dərdin sınağından keçəndə, sevincin qanadlarında uçmaqlarını, hıçqıraraq, ya da qəh-qəh çəkərək nə varsa onun gövdəsinə etibar etdiklərinin hamısını.

... Zamanla məruz qaldığı suyun, günəşin və küləyin təsiriylə qayıq yararsız hala gəldi. Artıq insanlara fayda gətirəcək vəziyyətdə olmadığına görə onu çayın qumlu sahilini tərk etdilər. Ağacın uzun həyatı beləcə bu fani yerlərdə sona çatdı. Yavaş-yavaş çürüyərək yeni vəziyyətə düşərək, ola bilər ki, o  yeni bir görüntü, yeni bir həyat qazanırdı. Həyatında çox şeylər yaşamış çay isə öz qüruru ilə barışıq içində sakitcə ağacla vidalaşırdı. Dalğaları ilə ağacın son qalıntılarını da sahildən ağışuna çəkib dərinliyində batırıb yox edirdi. Kim bilir, bəlkə də çayın ağaca ehtiyacı varmış?! Ya bəlkə ağac özü də çaya qovuşmağın həsrətini çəkirmiş?!

Göy üzü birdən-birə təmziləndi. Buludlar uçub dağıldı. Göylərin dərinliyindən çayın  ayna kimi səthinə düşüb rəqs edən gün şəfəqləri ətrafda nə varsa hamısının gözünü qamaşdıraraq rəqs edib ağacın qalıqları üzərində dayandı.

... Zaman keçir. Çox şeylər unudulur. Amma eyni yerdə, çay sahilində nə zamansa bitib böyümüş ağacın dumanlı siluetini insanlar zaman-zaman görəcəklər. Yox, bu, xəyalət deyil, əsrlərin sisindən boy göstərib yalnız xüsusi adamların gözünə görünən ağacın obrazıdır: Böyük və güclü! Yenə də əvvəlki kimi onun iynəyarpaqlarında rüzgarlar ötüşməkdədir. Və elə o zaman da görə bilərsiniz ona yaxınlaşan dörd nəfərlik ailəni. Oğlan inadla ağacın köklərində həyatın gücü və hikməti olan Tiginin bıçağını, qız isə yaşıl şam  gövdəsində və onu bürüyən budaqların çevrəsindəki iynə yarpaqlar arasında ağacın ruhunu axtarır.

Həyat öz axarı ilə davam edirmi? Ağac əlbəttə, daha  yaxşı bir tale istərdi. Amma istər insan olasan, istər ağac  fərq etməz, bütün canlı varlıqlar üçün elə bir vaxt gəlir ki, soyuq arteryalara qandal vurur, dünya ətrafda dəyişir, daha  amansız və acımasız olur. O zaman başqa bir dövran gəlmişdir deməkdir. Ola bilər bu axardan həyat dəyişməsin. Yağış və qar! Doğum və ölüm! Su və qan! Gül qırmızı ləçəklərini açır. Tutqun havaları günəşli günlər əvəz edir. Çaylar heç vaxt tərsinə axmayacaq. Və ilk dəfə özünün və əcdadının həqiqətini dərk edən oğlan Tiginin o dəyərli bıçağını nə zamansa Həyat ağacı - All luuk mas adlandırılan əfsanəvi Tigin  ağacının ayaqları altında, kökləri arasında axtarmaqdan yorulmayacaq! Tək arzusu bıçağı tapar-tapmaz xalqını xoşbəxt etmək üçün onları bu münasibətlə ağacın kölgəsinə yığmaqdır.

... Çayın sahilinə çıxır oğlan. Və indi böyük çayın dalğaları şahanə taxtında oturmuş günəş şəfəqlərinin əksini  oxşayıb oynatmada…

Tərcümə edən: Məmməd  İSMAYIL

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!