Bütün uşaqlar böyüyür, birindən başqa... - Alper Canıgüzün "Cəhənnəm çiçəyi" romanından müstəqil novella

 

Biri var imiş, biri yox imiş. Bir öküz var imiş. Bu öküz dünyanı buynuzları üzərində daşıyırmış. Dünyanı buynuzlarında gəzdirən öküzdən narazı olan bir qız da var imiş, balaca Qərənfilin bir-iki kəlimə sözü var imiş bu nəhəng iribaşlıya.

Gəl bir qədər səbirli ol, yaxşısı budur ki, başdan başlayım.

Qərənfil hər şeydən və hər kəsdən narazı imiş. Çünki atasını görə bilmirmiş. Ona görə ki, yazıq kişi həftə ərzində (hətta elə olurdu ki, şənbə və bazar günləri də) gecəyə kimi işləyir, sonra da evə yorğun-arğın geri qayıdırmış.

Günəş Ay ilə növbə dəyişəndə atası qızına dedi:

- Gəl gizlənqaç oynayaq, kinoteatrın qaranlıq salonunda gizlənsək, bizi tapa bilməzlər.

Elə bu vaxt Qərənfilin həddi-hüdudu olmayan sevincinə bir də maraqla parıldayan gözləri qarışdı.

Axı atası işdən gec gəlirdi, elə buna görə də filmin axşam növbəsini gözləmişdilər. Di gəl, kinoteatr elə qaranlıq imiş ki, hələ film başlamamış Qərənfili şirin bir yuxu basıbmış. Nəvaziş gözləyən qolları ilə atasının qucağına dırmaşan qızcığaz başını onun çiyninə söykəyibmiş yavaşca. Gör necə istidir, necə də rahatdır atasının qucağı! Bəs bu vəziyyətdə filmə baxa biləcəkdimi?

- Eybi yox, - dedi atası və davam etdi, -yuxarıdan süzülən işığı görürsən? Bax həmin işıq kinomexanikin otağındakı projektordan çıxır. Əvvəlcə həmin otağın pəncərəsində pərdədəki kadrların əksini görürük. Balaca olsa da kefini pozma, istəyirsənsə filmə elə ordanca bax.

Qərənfil gözlərini diqqətlə işığa zilləmişdi. Bir də gördü ki, doğrudan da, o pəncərədən rəngli, əsrarəngiz kadrlar gəlib-keçir. Ancaq film başqa bir dildə idi. Bütün uşaqlar kimi pişiklərin, itlərin, şirlərin, pələnglərin, fillərin, öküzlərin və həmçinin çiçəklər və ağacların dilini bilən qızcığaz bilmirmiş ki, film hansı dildədir. Həmin gün olduqca zirək görünən atası belə dedi:

- Əşi, buna da şükür, olan işdi. Sən filmə baxmağında ol, mən sənə tərcümə edərəm.

Beləcə, qızını daha da möhkəm qucaqlayıbmış ata. Sonra başlayıb danışmağa:

- Bütün uşaqlar böyüyür, birindən başqa..

Filmdə utopiyalar ölkəsində yaşayan və böyüməyi istəməyən bir yaramazdan bəhs olunur. İtirdiyi kölgəsinin arxasınca qaçan bu uşaq özü ilə yaşıd olan bir qızla tanış olur və həyatları müxtəlif macəralarla keçir. Dəniz quldurları, su pəriləri, hindular və nəhəng bir timsah. Kəsəsi, əla bir ssenari imiş. Ancaq əlindən bir iş gəlmir! Balaca bir uşaq idi Qərənfil. Get-gedə gözləri sözünə baxmayıb və bulanıqlaşan bu mənzərənin arasından çıxan sarı işığın ağuşuna atıb özünü.

Balaca Qərənfil şirin yuxusundan oyandığı zaman yanında anasını, qardaşını, dayısını, xalasını, əmisini, bibisini, nənəsini, babasını və əmisi oğlunu görmüşdü. Atasından başqa hamı ordaydı. Gözlərindən həyəcan dolu sual oxunan balaca qız soruşdu:

- Atam hanı?

Atasının yoxa çıxmasını eşitdi qəfildən. Həyəcan dolu gözlərini qorxu və təlaş əvəz etmişdi artıq.

- Heç, olan işdir? Buxar olub uçası deyil axı o boyda kişi!

Kişidən xəbər-ətər yox imiş. Balaca qız çox kədərli idi. Başa düşmürdü ki, atası niyə yoxa çıxıb? Ancaq ümidini itirməmişdi və atasının hər an dönəcəyini və onu möhkəm qucaqlayacağını gözləmişdi. Bu barədə qurduğu xəyallar da az deyilmiş. Məsələn, uşaqlarla oynayanda topu bütün gücü ilə göyə atıb "ata" deyə həyəcanla qışqırdığında bir möcüzə gözləyirmiş, sanki. Xəyal qururmuş ki, top atasının əlindədir. Ya da ki, gizlənqaç oynadıqlarında hamını tapdıqdan sonra o, bezib evə qayıdan yoldaşlarının əksinə həvəsdən düşməyərək hər yerdə atasını axtarır və "Ataaa! Tapdım sənii" - deyə özünü atasını tapıbmış kimi göstərərək hələ də onun haradansa gəlib çıxacağını gözləyirdi ümidlə. Ancaq nə bir səs-səmir var imiş atadan, nə də bir nəfəs.

Sizə balaca Qərənfilin çoxbilmiş əmisi oğlu haqqında danışmışdım? Qızın vəziyyətinə kədərlənirmiş oğlan... Sevirmiş, çünki onu, özü də gizlincə. Günlərin bir günü oğlan dözə bilməyib dedi:

- Atanın başına nə gəldiyini bilirəm.

Bu zaman gözləri bərələn Qərənfil balaca əlləri ilə əmisi oğlunun yaxasından yapışdı:

- Tez ol de, haradadır atam?

- Atanı öküz uddu.

Qərənfil şübhə ilə:

- O hansı öküzdür elə?

- Hansı olasıdır ki? Əlbəttə, dünyanı buynuzları üstündə daşıyan, - dedi hazırcavab əmisi oğlu və davam etdi. - Həm də bilirəm ki, onu necə tapmaq olar.

Sonra oğlan qızın əlindən tutaraq aparır meşəyə. Nəhəng ağaclar və bitkiləri ilə əhatələnmiş cığırlardan keçdikdən sonra, nəhayət gəlib çıxıblar kiçik bir dərəyə.

Oğlan dedi:

- Əyləş.

Qərənfil çəmənlikdə oturub soruşdu:

- Öküz buradadır?

Yanına gələn oğlan yerdən qopardığı şeyi qıza uzadaraq:

- Hə, buradadır.

Qərənfil isə əminliklə:

- Bu göbələkdir, öküz deyil.

- Öküz göbələyin içindədir.

Qız rişxəndlə:

- Bu indiyə qədər eşitdiyim ən axmaq sözdür.

- Başa düşmədim, - deyə etiraz edib əmisioğlu. - Deməli, inanırsan ki, dünyanı daşıyan öküzdür, ancaq bu öküz bir göbələyin içindən çıxa bilməz, eləmi? Sən necə də səfehsən!

Siz bu sözlərə fikir verməyin, bu, oğlanların əsl hisslərinin aşkara çıxmaması üçün sevdikləri qıza dediyi cümlələrdəndir. Sözüm onda deyil, bu sözlər Qərənfilə təsir edib, yoxsa yox? Bilmirik. Ancaq başqa əlacı yox idi qızın, ona görə də dişləyib göbələkdən və başlayıb gözləməyə.

Uzun-uzun tamaşa edib ağac budaqlarının küləklə rəqsinə, uçan quşlara, axan çaya. Birdən görüb ki, ağaclardan biri dümdüzdür, havadakı quşlardan biri öz ahəngini, sanki əyri xətlərlə çəkir və çay bayaqkından fərqli olaraq əks istiqamətdə axır. Ayağa durub və suyu izləyərək axın boyunca irəli getməyə başlayıb. Addımlarını saxlayıb əvvəlcə və geriyə baxıb, əmisi oğlu isə gülümsəyərək əl eləyib ona və o da eynisini edərək yoluna qaldığı yerdən davam edib. Bir qədər sonra çay kiçik bir şəlaləyə çevrilib. Maraq dolu baxışlarla suyun birləşdiyi yerə yaxınlaşan Qərənfil dərindən nəfəs alıb və başını aşağıya doğru əyib.

Burada nə baş verirdi? Budur, dünyanı buynuzlarında daşıyan həmin öküz. Elə ordaca durub. Öküzün nəhəng buynuzları üstündəki Yer kürəsi ilə arasındakı məsafə bir neçə arşın ancaq olardı. Öküz dilini uzadaraq buynuzlarından axan şəlalə damcılarını içməyə çalışırmış.

Birdən qışqırıb Qərənfil:

- Eşitmirsən məni? Tez ol mənə bax!

Oküz donquldanaraq qarşılıq verib:

- Sən kimsən? Nə çığırırsan?

Qız gizli bir həqiqəti aşkara çıxarmış kimi:

- Deməli, o sənsən. Dünyanı saxlayan öküz.

- Elə o da məni saxlayır.

- Çox maraqlıdır, - deyə düşünüb balaca qız, - Nə isə, fəlsəfə ilə işim yoxdur. Ona görə burdayam ki, atamın başına gələni öyrənim.

Öküz quyruğunu sallayaraq üstünə qonan milçəkləri qovmağa çalışırmış. Qız qışqıraraq:

- Sən məni eşidirsəəəəən?

- Eşitdim, eşitdim. Sən bu dünyanı bir neçə dəqiqə tutsaydın, mən də şəlalədən doyunca su içərdim.

- O necə olur ki? - deyə maraqla soruşub Qərənfil, - O boyda dünyanı mən daşıya bilərəm?

Sən demə, öküz də elə bu sualı gözləyirmiş.

- De görüm, əllərinin üstündə dura bilərsənmi?

- Lap uşaq oyuncağıdır ki, - deyərək əlləri üstündə baş-ayaq dayanıb balaca qız:

- Balaca, hal-hazırda mən dünyanı yox, dünya məni daşıyır axı. Ona görə ki, yerin cazibə qanunu var.

Öküz həyəcanını gizlədə bilməyərək:

- Sən o yerindən nigaran qalma. Qoy bir sənə öyrəşsin... Di danış görək nağılını.

Beləliklə, əlləri üstündə duran Qərənfil həmin gün atası ilə kinoteatrda baş verən hadisələri danışıb öküzə. Nağıl etdikdən sonra balaca qız soruşub:

- Həə, indi de görüm, nə olub mənim atama?

- Bu üstümə qonan milçəkləri görürsən?

- Axı bunun nə dəxli var?! - deyə özündən çıxıb Qərənfil.

- O milçəklər məni yaman qaşındırır. Quyruğumu bəzən yelləyirəm, amma bəs eləmir. Əllərim də yoxdur ki, xarta-xart qaşıyım. Elə ona görə də özümdən asılı olmadan yerimdə qımıldayıram deyə, dünya yırğalanır.

- Xahiş edirəm, nə deyəcəksənsə, tez ol, de qurtar. Daha bu vəziyyətdə qala bilmərəm. Bir də ki, sən su içəcəkdin axı.

Öküz:

- Hələ ki dünyanı buraxmaq fikrim yoxdur. Qoy sənə bir az da öyrəşsin.

- Ağlın olduğundan şübhələnməyə başladım; daha eybi yox, danış görək, - dedi Qərənfil qaş-qabağını tökərək.

- Hə, bayaq da dedim, yer üzündəki bəzi dəyişikliklərə: torpaq çatlamasına, qayaların uçmasına, hətta insanların tikdiyi binaların çökməsinə səbəb mənim qımıldamağımdır.

- Hə, bilirəm, biz ona zəlzələ deyirik, - deyə yenə müdaxilə edib Qərənfil səbirsizcəsinə. Öküz başı ilə təsdiqləyərək deyib:

- Bu çökən binaların altında qalanlar üçün vəziyyət heç də ürəkaçan olmur. Ölənlər də olur, yaralananlar da, günlərlə kömək gözləyənlər də. Belə vəziyyətdə uşaqların qorxuya düşməməsi üçün böyüklər çaba göstərirlər. Məsələn, dağıntı altında qalmış bir ata, durduqları qaranlıq məkanın bir kinoteatr olduğunu təsəvvür etməsini istəyir qızından. Kiçik bir çat arasından süzülən onlarla metr uzaqlıqda olan işığın, əslində, projektordan çıxdığını və danışacağı hekayəni o işığa diqqətlə baxaraq bir film kimi gözlərinin önünə gətirməsini istəyir qızından. Filmi izləyən balaca qıza həmin çatdan içəri süzülən işığın böyüməsinə və parıldamasına səbəb olan çöldəki insanlardan xəbərsizmiş. Axır ki, kimsə qızı atasının sərtləşmiş qolları arasından dartıb çıxarır. Acı xatirələr və heç vaxt böyüməyən bir qıcığaz qalır həmin gündən.

Balaca qız və öküz bir müddət susublar, heç danışmayıblar.

Nəhayət öküz:

- İndi hazırsanmı? - deyə soruşub.

Qız başı ilə təsdiqləyib və öküz bu zaman özünü buz kimi şəlalənin ağuşuna atıb.

Toxtayıb özünə gələn öküz:

- Oxqay, - deyib, - Belə çıxır ki, ikimizin də istədiyi oldu, hə? İndi istəyirsənsə, dünyanı yenə buynuzlarımın üstünə qoy.

Qərənfilin yanağından süzülən yaşlar təbəssümqarışıq bir hal alır.

- Doğrudan da, çox hiyləgərsən sən, - deyibmiş balaca qız, - Axı artıq bunun mümkün olmadığını yaxşı bilirəsn.

Həmin hadisədən sonra dünyanı buynuzlarında gəzdirən iribaşlı inəkləri qovan və çəmənlərdə hoppanıb-tullanan öküzə çevrilir. Və bir də dünyanı öz çiyinlərində gəzdirən balaca qızcığazın əhvalatı başlayır. Bütün uşaqlar böyüyür, birindən başqa.

Tərcümə edəni: Nəzrin Mustafayeva

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!