İki it, dörd adam... - Həmid Piriyev - hekayə

 

Hava tutqundu, günəş utancaq qız kimi əlçim-əlçim göy üzünə səpələnmiş buludların dalından boylanır. Deməzsən avqust ayıdı. Səhər təzə açılıb, bağa gedirəm. Kənd evləri qurtarır, burdan o yana bağlardı. Dar, əyri-üyrü dəhar yol uzandıqca uzanır, addım atdıqca narın qum havalanır, topuğacan qalxır. Bu küçədə iki it var, biri dişidi, biri erkək. Hərdən bağa gedəndə bir parça çörək götürürəm, bölüb itlərə yedizdirirəm. İtlər uzaqdan məni görən kimi yanıma gəlirlər, bir neçə addımdan sonra bu gün çörək olmayacağını başa düşüb tənbəl-tənbəl uzaqlaşırlar, hasarın dibində çömbəlib otururlar.

Burdakı bağlardan biri yiyəsizdi. Mən bağa çatan vaxt paslı, əyri dəmir qapı açılır, əvvəlcə balaca qız uşağı, dalınca ortayaşlı qadın çıxır. Qızın dörd-beş yaşı olar, əlində balaca qırmızı vedrə var. Vedrə boş olsa da, uşaq şəndi. Tullanıb-düşdükcə qəhvəyi qıvrım saçları yellənir. Çirkli paltarının nimdaşlığı, üz-gözünün kiri də uşağın gözəlliyini gizlədə bilmir. Anasının yaşını təyin etməyə çətinlik çəkirəm, hər halda məndən böyük olar. Sısqa, qarayanız qadındır. Bir suyu mulat qızlarına oxşayır. Başında qara beyzbolka, əynində çirkli qırmızı idman gödəkçəsi, sürtülüb haldan düşmüş cins şalvar var. Ayağındakı idman ayaqqabısının sağ tayının ağzı açılıb. Əlində böyük, ağ vedrə var, vedrənin yarısı əncirnən doludu.

Qadınnan qızı neçə dəfə görmüşəm bu tərəflərdə. Amma kim olduqlarını bilmirəm.

Mən yanlarına çatanda qadın salam verir. Qadın həmişə məni görəndə salamlaşıb. Sabahınız xeyir, deyib keçəndə qadın məni səsləyir:

"Qardaş, bir dəqiqə olar?"

Dayanıb ona baxıram. Şalvarının cibindən düyməli Samsung telefonu çıxarıb qorxa-qorxa mənə uzadır. Baxışlarında etibardan çox qorxu var.

"Bunu açardan çıxara bilərsən?"

Bu marka telefondan başım çıxmır, amma alıb baxıram. Bir neçə cəhddən sonra telefonu açardan çıxarıb verirəm, necə eləmək lazım olduğunu ona da başa salıram.

"Çox sağ ol," - deyir. "Telefonu dünən almışam, işlədə bilmirəm hələ".

"Sağlığnan," - deyib gülümsəyirəm.

Bizdən iki-üç addım qabaqda gedən uşaq vedrəni əlində yellədib "beş vedrə" - deyir. Anası gülür.

"Bunun da azarı odu ki, beş vedrə əncir satım, buna da telefon alım".

Yenə gülür. Ağ dişləri görünür.

"Ay canın yanmasın, Sənəm balam. Kaş toyunu görəm".

Bunu deyəndə üzü tutulur, azca doluxsunur.

"Bəlkə də, görmədim. Qocalmışam day..."

Bir istəyirəm vedrəsini alıb aparım, amma almıram. Çox ağır deyil.

Keçib gedirəm. Qadın hələ də telefona baxır. Bir az uzaqlaşandan sonra qadının telefonda mahnı oxutdurduğunu eşidirəm. Mahnıları tez-tez dəyişir. Çox güman telefonu aldığı adam cavan adammış, həm də zövqsüz.

Yol qıvrılır, daha məni görmürlər. Bu biri dalana girib bir az gedirəm. Gecə yatmamışam deyə, yorulmuşam, nəfəsim ağırlaşıb. Qaz turbasının üstündə oturub siqaret yandırıram. Təxminən bir dəqiqə sonra yenə mahnı səsi eşidirəm, səs getdikcə yaxınlaşır. Sonra yerə düşüb diyirlənən vedrə səsi gəlir. Bir dəqiqə sonra qadınla qız tini dönür, mənə tərəf gəlirlər. Uşağın əlindəki qırmızı vedrə indi anasının əlindəki ağ vedrənin içində, əncirlərin üstündədi. Yanımdan keçəndə qadın mənə baxıb gülümsəyir.

"Bunun atası içəridədi," - uşağı göstərib deyir, "türmədədi".

Yenə telefona baxır, mahnını dəyişir, yavaş-yavaş uzaqlaşırlar.

Mən də siqareti tullayıb ayağa dururam, onların dalınca getməyə başlayıram. Dalanın axırındakı bağın qapısı açılır, Hüseyn çıxır. Hüseyn bu bağın gözətçisidi. Qadın onunla salamlaşır.

"Hüseyn, sabahın xeyir". Sonra telefonu göstərir. "Dünən almışam, otuz beş manata".

Gülümsəyib gedir.

"Bu kimdi?" - Hüseyndən soruşuram.

"Bədbəxtin biridi," - deyir, "evi-zadı yoxdu, bağlarda harda yer tapsa qalır".

Qadının hara getdiyini bilmirəm, amma yolda qabağına çıxan hamıynan salamlaşacağını, təzə telefonunu göstərəcəyini təsəvvür edirəm. Bəlkə də, uzun aylardan bu yana birinci dəfədi sevinir. Qoy sevinsin bacardığı qədər, təzədən məişət qayğıları canını üzməyə başlayana qədər, bir neçə saatlıq da olsa.

Gün hələ təzə başlayır...

22 avqust 2018

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!