Fəryadın metafizikası - "Modernizm dalğası" silsiləsindən - Azər TURAN - Azər TURAN

"Özgə planetmiş düşdüyüm məkan!" Siqbern Obstfeller

Azər TURAN

1900-cü il.

"Tanrı öldü!" deyən Nitsşe ağlını itirdi, dəli oldu və öldü.

XX yüzil Nitsşenin ölümü ilə başladı.

Mən bir diriyəm, etdi məni dəfn təsadüf -

Zində görünən bir sürü mövtalər içində.

Bu, iyirmi doqquz yaşlı Dəlilər mühibbinin - Dəlilər dostunun - Məhəmməd Hadinin  fəryadıdır...
İyirmi doqquz yaşında isə Edvard Munkun bir az embriona, bir az mələyə, bir az insana, bir az ruha, bir az kabusa, bir az da skletə bənzəyən qəhrəmanı körpünün üstündə fəryad qopartdı....

Çoxdandır ki, ruhuna "bu gün pis, sabah daha da pis olacaq və ən pisi olanadək bu beləcə davam edəcək" deyən Şopenhauerin pessimizmi hopmuş Avropada Munkun fırçası ekzistensial burulğan yaratdı. XX yüzilin modernist qiyamətindən soraq verən İsrafilin Suru  XIX əsrin son illərində çalındı. O qorxu dolu simanın qışqırığı ilə bəyan olundu ki, bu qürub etməkdə olan dünyanı heç nə xilas edə bilməyəcək... Yenə də Munkun yaratdığı körpünün üstündə dayanıb özünə dalmış  başqa bir obraz - "Nitsşe". O ki, "Tanrı Öldü" deyə modernizmi çoxdan təsbit edib, Platondan Hegelə qədər hamıya qarşı qiyam qaldırıb və modernizm də öz kamil insanını ehya etmək inadıyla  "fəlsəfəni lənətləyən" bu fəlsəfə peyğəmbərinin təliminə birdəfəlik inanıb. 

Dünyanın xilaskar fəlsəfələri artıq tarixə qovuşub. İntibah, klassizm, maarifçilik... Antik mədəniyyətin mərmərə hopmuş ruhu -  harmoniya, "gözəl tamaşadır" deyə bəyan edən intibahın dürüst bədənli veneraları, "düşünürəm - demək varam" deyən Dekart da Munkun, az qala, embriona bənzəyən insanını təskin edə bilmir.  Amma qışqıran insan özünün  var olduğunu bilirdi. Həm də bu ekzistensial insan tənhalığın, sonun, çöküşün, ümidsizliyin, yalqızlığın, zavalın, qürubun, dekadansın və ölümün bəşəriyyətin başı üzərində, yaxud insanlığın içində, ruhunda, qapının kandarında (körpünün üstündə) olduğunu bilirdi. Bəlkə də modernizm aldanışlar dövrünün yalnız XX yüzildə tapılmış adıdır. Başqalaşan, özgələşən, Tanrısını qeyb etmiş dünyada insanın çöhrəsinə bundan da artıq iztirab ləkəsi çilənə bilməz. Göyüzü bundan da artıq qan rənginə boyana bilməz. Bundan əvvəl isə poeziya bağçasında simvolist Bodlerin "Şər çiçəkləri" açılmış (1857), Avropa şerindəki obrazlar sisteminin, ifadə tərzinin  yenilənməsilə yanaşı, həm də Avropanın zahirən ətəyindən sallanıb qaldığı əxlaqi sabitliyin dəngəsi pozulmuşdu. Bu baxımdan Şarl Bodlerin poeziyası Avropanın yenilənməsində mövcud fəlsəfələrdən az iş görmədi. Otuz il sonra Antik Yunan fəlsəfəsindən üzü bəri dəyişməz qalan Avropa dəyərlər sistemini laxladan Nitsşenin fəlsəfəsi doğuldu. "Tanrı ölmüşdü" (F.Nitsşe). Bu ölümə səbəb xristian nihilizmi idi. Xristianlığın qürubu ilə bərabər Avropanın özü də qürub edirdi. İntibahın özü qədər təkcə Avropanı deyil, bütün dünyanı qapsayan dekadans ümumdünya hadisəsi idi. Axı günəş hər yerdə eyni məhzun şəkildə qürub edir. Dekadansdan əvvəl, hələ romantizm çağlarında Dünya Kədəri Şərqi də ağuşuna alıb aparmışdı. Məhəmməd Hadi isə Nitsşeyə rəğmən, Platondan deyil, Adəmdən başlayırdı. Yaradılışından bəri insan zülmətin məğlubuydu... Guya ədalət naminə Qabil Habili öldürmüşdü. İsanın çarmıxa çəkilməsi, "Məsihə zülm ediş guya ki, bir iman halında" (M.Hadi) baş vermişdi.

Absurddan boğulan, xaosdan əziyyət çəkərək dağılmaqda olan aləm, bir-birinə (və hətta Tanrısına da) qənim kəsilmiş cəmiyyət Munkun "Qışqırıq"  və  Məhəmməd Hadinin "Əlvahi-intibah"ındakı aləmdir. 1916-cı ildə Karpat dağlarında, hər gün neçə-neçə şəhidin ruhunu axirət dünyasına yola salan bir alay mollasının qələmindən çıxmış bu əsərin 1917-ci ildə Bakıda "Turan" nəşriyyatında çap olunmuş bir nüsxəsi indi bu sətirləri yazarkən yazı masamın üzərindədir. Sevdiyim və etiraf edim ki, həm də içindəki ağrıya dözmədiyim hər iki əsər barədə birdən yazmağımın səbəbi Munkun qışqıran insanını, bu qışqırtının metafizik mənalarını və sirlərini Hadinin "Əlvahi-intibah"ı qədər dəqiq yorumlayacaq başqa bir poetik örnəyin varlığını xəyalıma belə gətirə bilməməyimdir:

Həyatın səsləri guşumda həp fəryad şəklində,
Bu insanlar ki qardaşdır və lakin yad şəklində.
Bu torpaq qanlı avlaqdır bəşər səyyad şəklində,
Ədavət daima vardır məhəbbət ad şəklində.
Bu dünya əskindəndir səhneyi-bidad şəklində,
Cahan başdan-başa meydani-matəmzad şəklində,
Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər, bəlalər, qüssələr abad şəklində,
Ürəklər qəm odilə hər zaman bərbad şəklində,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

 Munkun rəsm etdiyi, Hadinin isə yazdığı fəryad heyrətdən boğulmaq həddinə yetinmiş (yetirilmiş) insanın - tərkedilmişin qışqırığıdır. Bəşəriyyətin din yaddaşından sızıb gələn mistik çağırışlar: "Rəb səsləndi: İbrahim...İbrahim" və mistik cavablar: "İbrahim cavab verdi: "Mən burdayam, Rəbbim!" dövrü tamamlanmışdı. Bu, əvvəl Hüseyn Cavidin "En gəl mənə, yaxud məni yüksəklərə qaldır", - deyə fəryad qoparan Arifinin, əsrin qürubunda isə "Mən burdayam, İlahi", - deyən Vaqif Səmədoğlunun çarəsizlikdən təngə gəlmiş harayı idi. (Ötən əsrin 50-ci illərində Amerikan cazında  Ellinqtonun Bibliya motivli interpretasiyası - "İlahi, mən burdayam" musiqisi də səslənmişdi). Sanki Allah daha insanı axtarmırdı. Sanki atılmış və unudulmuş insan özünü Allahın yadına salmaqdaydı. Bəşəriyyət burdadır. Sivilizasiyalararası qəm yolunun - körpünün üzərində. Dantenin cənnətlə cəhənnəm arasında "qurduğu" və üzərində yalnız mələklərə yer verdiyi Ərafına bənzəyən körpüdən aşağıda isə "Xəyali bir cəhənnəmdə bir uçurumun kənarına gəlib, qaranlıqdan, duman və buxarın kəsafətindən gözlə bir şey görməyincə, qulaq vasitəsilə onun dibindəki suçluların, günahkarların əhvalını dərkə çalışaraq yüz minlərcə ürək parçalayan nalə və fəryadlardan, könül yandıran ah-fəğanlardan yaranmış müdhiş ahəng, qarışıq səslər". (Əli bəy Hüseynzadə).

Qəribədir, füqur yaxud fon - mənzərə, qan-qırmızı göy, ada, sənət və şeir nə üçün bu qədər ürəkdən və içdən fəryad qopara bilirdi? Bir əsrin intəhasında başlayan bu qışqırıq başqa bir yüzilin önlərinə kimi gəlib çatdı. Arada isə bütöv bir əsr - Kamyunun QORXU ÇAĞI adlandırdığı XX yüzil bu qışqırtıya özünün bitib-tükənməyən fəlakətlərilə şəhadət gətirdi. Modernizmin müjdəsini verən bu əsərlər düşüncələrinin nihilist yapısına görə Şopenhauerin heç zaman xoşbəxt ola bilməyəcəyinə inandığı aləmin obrazını, halını təsvir edirdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!