Niyə yox olmağa üz tuturuq? - Ülvi BABASOY yazır

Sənətlərarası esse

Ülvi BABASOY

 

 "Sonsuzluq və sıfır" dövrünün yerinə "Seks və ölüm" erası geri qayıdarsa hər şey öz ilkin gözəlliyinə dönə bilər. Onda insanlar özlərini ruh və bədənə məhkum edilmiş çıxılmazlıqdan xilas edərək lap cənnətdəki Adəm və Həvva kimi həzz və harmoniyanın isti qucağında öz xətərsiz həyatlarına  davam edə biləcəklər...

Hər yerdə bir nəğmə səslənir: "...Yalvarıram, əzablardan al məni, qurtar, Yuxularda əlimdən tut, özünlə apar. O dünyada bəlkə ruhumuz qovuşacaq. Sənsiz ürək qiyamət qoparacaq". Aygün Səmədzadənin nəğməsi ruhuma hakim kəsilib.  Digər tərəfdə Jan-Lük Qodarın "Əlvida, dil" filmi beynimi qurcalayır. "Təbiətdə çılpaqlıq yoxdur. Ona görə də heyvan çılpaq olduğu üçün çılpaq deyil". Bəs insan? Elə insan təbiətin ən böyük metaforu deyilmi? İnsan və təbiət bir-biri ilə dil taparkən Tanrı hardan çıxdı? Onu kim icad etdi? Tanrıya ehtiyac varmı? "Əlvida, dil" filmi də təbiət-insan, metafor və Tanrı kimi  üç hissəlidir. "Təbiət", "Metafor" və "Tanrı".

"Əlvida dil" böyük bir yaddaş səhnəsidir. Sənət, siyasət, elm, fəlsəfə, həyat və ədəbiyyatın yaddaşı. Soljenitsın, Cek London, Bayron sənəti arasında var-gəl, rekonstruksiya və nəhayətdə ədəbiyyatın, sənətin belə ünsiyyət vasitəsinə çevrilə bilməzliyi. Görəsən, Qodar çox pessimist və qaşqabaqlıdır? Yoxsa insan xisləti belədir. Elə isə natura pozulub. Artıq insan bədəni metafor ola bilmir. Tanrı isə əlini də, ətəyini də dünyadan çəkib gedib. Heç Qodarın dünyasında Tanrıya və dinə ehtiyac da yoxdur. Dünya və onu öz içində gəzdirən insan mükəmməl olmadığı üçün sənət mövcuddur.

"Əlvida, dil" filmində evli bir qadın subay bir kişi ilə münasibətdədir. Qodar cütlüyün bədən və ruh naturasını obyektivə tuşlayır. Böyüdülən, konkretləşən, yaxınlaşan səhnədə qəfildən cild dəyişir. Uzaq, anlaşılmaz, rabitəsiz köhnə və yeni kadrlarla əvəz edilir. Siyasət, sənət və bütöv bəşər tarixinə nəzər salınır. Cütlüyün ünsiyyətsizliyi təbiət qoynuna atılan itin ünsiyyətinə çevrilir. Kadrlar dəyişdikcə qadın və kişinin nitqi də yer dəyişir. Ancaq heç bir halda ünsiyyət vasitəsinə - dilə keçid baş vermir. Hər şey xaotikdir. Ünsiyyətin kişi və dişi cinsində  təbii və texnogen mühitin, həyat tərzinin, mövcudluq probleminin proyeksiyası özünü durmadan təkrarlayır.

Qodarın filmi deyir: Niyə yox olmağa üz tuturuq? Yaddaşımız eyni hadisələri təkrarlayır. Yeni olan gözəlliyin kəşfi həyatda olmadığı kimi, sənətdə də yoxdur. İndi ilkinlikdən, naturadan ayrılıq inadkarlıqla davam edir. Tarixi yaddaş özünütəkrardan xilas ola bilmir. Mifoloji və sənət yaddaşı özünü yamsılamaqdan qaçır. Daima nadir və gözəl olanı axtarır. Kazimej Brandisinin "Üçüncü Henri" əsərində polşalı müəllim Amerikada bir universitetdə öz ölkəsinin ədəbiyyatından mühazirələr oxuyur. Orda heç kəs Polşa ədəbiyyatı haqqında heç nə bilmir. Vəziyyətdən istifadə edən müəllim xəyali bir dövrləşmə və ədəbiyyat tarixi yaradır. Həmin xəyali ədəbiyyat tarixini tədris edir. Müəllimin bircə məqsədi var. Ölkəsi barədə özünün arzuladığı kimi bir ədəbiyyat tarixi yaratmaq. Nəhayətdə xəyali Polşa ədəbiyyatı da eyni məzmun və keyfiyyəti ifadə edir. Müəllif və mətnlərin adı dəyişir, mahiyyət isə eynidir. Müəllim məyus olur. Çünki tarixi yaddaşdan qaça bilmir. "Əlvida, dil" filmi natural yaddaşdan uzaqlaşmağın elegiyasıdır. Qodar çəkilişdə "3D" formatından istifadə edir. Ancaq vizual effektləri, görüntünü qəsdən qaraldır, pozur. Keyfiyyəti aşağı salır. Axı görüntü öz təbiiliyini itirib. Dil belə ünsiyyəti ifadə etmir.

Filmin finalında qadın öz məşuqundan qaçır. Günah işlətdiklərini bildirir. Peşmanlıq duyğusu insanlığın ən təbii tragediyasıdır. İnsanlığın bu acı və real mənzərəsi  dini mətnlərdə də, antik ədəbiyyatda da belədir. Mifoloji yaddaş öz qapalı çevrəsində dövrə vurur. Və yenə də əvvələ qayıdırıq. Ya tragediyanı alın yazısı kimi qəbul edəcəyik, ya da ki, özünə qayıdış reallaşmalıdır. Qodar özünə - İthakaya qayıdışı təbiət və ev arasında qalan bir itin bədən dili ilə verir. Dilə əlvida etməyin nadir forması. Axı sənət daim yenilənir. Qodar ilk filmi "Son nəfəsdə"dən bu yana eksperimentlərlə sənətin ən uyğun dilini, strukturunu axtarır. "Əlvida, dil" texno-mağara dövrünün sənətidir. Nizami də, Füzuli də, Şekspir də, Servantes də, Tolstoy da, Bodler də eksperimentlərlə gözəl olan köhnəni təkrarlamayıblar. Yeninin gözəlliyini yaradıblar.

Xanım İsmayılqızının misraları, Aygün Səmədzadənin nəğmə dili və Flora Kərimovanın nadir səs üçbucağında kəsişən məhzunluq mənə bu yazını yazdırır ixtiyarsız, labüd, qəsdi və tragik bir ovqatda. Çünki axtarmaq və tapmağın arasında qalmışıq. Alın yazımızın bir forması da budur. Kino və ədəbiyyat barədə söhbət musiqinin dilinə çevrilir. "Təbiət", "Metafor" və "Tanrı". Təbiət Tanrının metaforudur. Məlum fikirdir. Qodarın "Nifrət" filmini xatırlayıram. O olmasa belə, Tanrını yaratmaq zərurətdir. Eynilə sənəti yaratmaq kimi. Tanrı da, sənət də insanlığın güman yeridir. Ancaq təbii, natural sənət və Tanrı. Özgə kim və nə ilə dil tapaq? Seks və ölüm həyatın naturasıdır. Sonsuzluq və sıfır təbiətdən uzaqlaşma prosesidir. Xilas yenə sənətlə mümkündür. Tanrıya dua etməyin, özünlə və başqaları ilə söhbətin, ünsiyyətin ən natural forması sənətdir. Başqa heç nə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!