Kitab içində kitab yazan adam - Kənan HACI yazır

Kənan HACI

 

Eyvanda  məhəccərə dirsəklənib siqaret tüstülədirdim. Ay göydə dayanmış saat kəfkirinə bənzəyirdi. Telefonuma gələn zəng məni xəyal aləmindən ayırdı. Akif Cabbarlı idi - "Həyat etüdləri"ni yazan kişi.

"Düş həyətə, bir az dərdləşək".

O, hər axşam bizə müşahidə sənətindən "mühazirə" oxuyur; bu "mühazirələr"in mayasında satirik ruh, güclü sarkazm var. O, yumoruna içindəki işıqdan da əlavə edir, ona görə ondan heç kəs incimir. Yazdığı mətnlərdə elə aktual, sarsıdıcı mətləblərdən bəhs edir ki, sanasan, bu kişi hər gün Mirzə Cəlillə, Əbdürrəhim bəy Haqverdiyevlə oturub-durub, danışıb-dərdləşib. O, televiziya jurnalistidir, buna görə qələmi də ətrafdakıları olduğu kimi göstərir. Onun yazılarında televiziyadan nişanələr qalıb və bu, təbiidir. 

Optik illüziya kimi görünən həqiqətlər onun mətnlərində şəffaflaşır. Akif Cabbarlının mənə bağışladığı kitablarını oxuyanda az qala, hər səhifədə hekayəyə çevrilməyə can atan təsbit və ibarələrə rast gəlirdim. Alleqorik novellalarında plandankənar kəşflər diqqətimi çəkdi. Sözsüz ki, bu mətnlər güclü müşahidələrin nəticəsi kimi meydana çıxıb.

Bir vacib məqamı da qeyd edim, sonra axşam gəzintilərinə keçid alaq. Akif müəllim kiməsə iradını yumşaq tərzdə bildirir, amma bu yumşaqlıq çox güclü zərbə effekti verir. Onun yazı tərzi də eynən bu cürdür.  Jül Renar yazırdı ki, "aydın üslub ədəbiyyatçının nəzakətidir". Akif Cabbarlının nəzakəti isə ifşaedicidir. Satirik yazıları haqqında bu qədər. Onun publisistikasında milli ruhun cazibəsi hiss olunur, detalları ümumiləşdirərək stilizə etmək və sonda bitkin mətn ortaya qoymaq onun yaradıcılığının spesifik xüsusiyyətidir.

Axşam gəzintilərindən söz düşmüşkən, küləkli havalarda hamı həyətdə sakit guşə axtarır ki, ora yığışıb söhbətləşsin. Akif müəllim sanki sözün külək tutmayan yeridir, rahatlıq tapmaq üçün onun yanında dayanmaq istəyənlər çoxdur. Bu sətirləri yazarkən türk yazıçısı Zülfi Livanelinin digər böyük türk yazıçısı Yaşar Kamal haqqında dediyi fikirləri xatırladım: "Yaşar Kamalın çevrəsində əsən, sanki bədəninin ayrılmaz  parçası olan, getdiyi hər yerə, girdiyi hər məkana onunla birgə doğulubmuş kimi fərqində olmadan daşıdığı bir rüzgar vardı".  Hər kəsi öz təsiri altına alan bir rüzgardı bu. Akif müəllimin xarakterində də bu rüzgarın xəfifliyi hiss olunur; zahirən sakit, mülayim görünsə də içi fırtınalarla doludur. Yaradıcılıq da məhz bu iç fırtınalarından doğulur.

Akif müəllim təmiz adını zamanın dəyişən küləklərindən ürəyi kimi qoruyub. O, həlim, kövrək adamdır, dəfələrlə onu əlini ürəyinin üstünə qoyub başqalarının halına yanan görmüşəm. Başqasının dərd-sərini öz qayğısı kimi yaşayıb, hamıya imkanı çatdığı qədər kömək etməyə çalışıb. Bu, kökdən gələn bir keyfiyyətdir; onun ömür yolunda işıqlı adamlar çox olub, indi o da bu işıq estafetini yeni gələn nəslin yoluna ötürür.

Yuxarıda üslubdan bəhs etdik. Akif müəllim sadə və aydın üslubda yazır. Amma rus yazıçısı Viktor Yerofeyev yazır ki, üslub elə nəyisə fasiləsiz olaraq üyüdüb-tökməkdən, hər fikri danışıq dilində verməkdən ibarət deyil, çalışmalısan ki, bu üyüdüb-tökdüyünü kağız da götürsün. Söz Yer kürəsi kimi öz daimi oxu ətrafında fırlanır, sözün öz daimi oxundan çıxmasına imkan vermək olmaz. Bu oxun adı emosiyadır. Hiss və emosiyalar sözü həmişə diri saxlayır, davamlı olaraq məna rüşeymlərini inkişaf etdirir. Akif müəllimin kiçik hekayələri böyük mətləblərdən bəhs edir. Yazmağın ən çətin yolu da elə fikri qısa, lakonik şəkildə ifadə etməkdən keçir. Onun "Həyat  etüdləri" bir az da teatral elementlərlə zəngindir, müxtəlif ovqatlar fraqmental şəkildə bu yazılarda bədiiləşir. Bu tipli mətnlər zaman ötdükcə folklora çevrilir. Onun "Quzu", "Bu günün sabahı da var", "Sahibsiz və çarəsiz itlərin gecə söhbəti" hekayə-pritçaları əxlaqi-tərbiyəvi səciyyə daşıyan təmsil janrıyla səsləşir. Müəllif insanlara xas olan naqis cəhətləri heyvanların diliylə oxucuya çatdırır. Bu kiçik yazılar yeni dövrün təşxisləridir.

Akif müəllim həm də gözəl məclis adamıdır. Xoş təbiəti, həlim xisləti, incə yumoru, turşməzə zarafatları iştirakçısı olduğu məclisə dad-duz qatır. Kimsə cızığından çıxanda "diplomatik" gedişlərlə həmin adamı zərərsizləşdirəcək, kimsə kimdənsə küsübsə yaxud dalaşmaq həddinə çatıbsa, Akif müəllimin sözü aradakı çəpəri götürəcək.

Çex yazıçısı Milan Kunderanın təbirincə desək, "zarafatların qürub çağını" yaşadığımız bir zamanda insanları zarafatla müalicə və həm də tərbiyə etmək müşküldən müşkül.  Köhnə kişilərin zarafatları gənclər üçün ekzotika kimi görünə bilər, meqapolisin yetişdirdiyi gənclər indi rep üslubunda bir-birləriylə "alay" edirlər. Bu gün ədəbiyyatda, sənətin müxtəlif sahələrində üslub problemi yaşanır. Üslub insanın özüdür, insanlar mümkün qədər özlərini içlərinin dərinliklərində gizlədirlər, üzdə görünən onun özü olmur, bu da natamamlıq kompleksindən doğan xüsusiyyətdir. Akif müəllimin "Həyat etüdləri"ndəki təhkiyəsi hər cür butaforiyadan uzaqdır. O, həyata bəzək vuran yazarlardan deyil. Yalın, çılpaq təsvirlər reallığın qaçılmazlığını yadımıza salır. Bir az da islah ümidilə yazılıb bu yazılar, satirik-yumoristik novellalarda gülüşqarışıq bir ağrı da var. Həyət etüdləri isə bir ayrı aləmdir.

Bu yerdə ağsaqqal jurnalistimiz Çingiz Sadıqovun replikasından bir ricət kimi istifadə edək: "Pa atonnan!"

Düşündüm ki, bu yazını necə yekunlaşdırmaq olar? Eyvana çıxıb növbəti siqareti alışdıranda artıq Ay yerini Günəşə vermişdi... Balaca bir yazıda Ay batdı, Gün doğdu. Həyat davam edir, Akif müəllim. Borxes kainatı kitabxana kimi təsəvvür edirdi. Biz də bir kitabın içindəyik və kitab içində kitab yazırıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!