Əvvəl-axır yazılanlar... - Kamal Abdulla - Ədəbi esselər

 

İstərsən yaz, istərsən poz, istərsən heç yazma. İlk cümləni onsuz da unutmusan...

***

Ədəbiyyatda söz və fikir zadəganları. Mövzu kasadlığından ah-zar edənlər bu barədə düşündülərmi?!

Füzuli, Cavid, Hadı, Məmməd Araz, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən... eyni ədəbi şəcərənin söz və fikir zadəganlarıdır. Onları mənən birləşdirən nöqtələri, sözləri, misraları ayırd eləmək, əslində, ədəbiyyatın şah damarlarından birini müəyyən etməkdir.

***

Mənim şairlərimdən biri də Çingiz Əlioğludur. Sözə, misraya, cümləyə Çingizdə olan diqqət və həssaslığın bu qədərini mən az adamda görmüşəm. Onun özü - boyu-buxunu, qəddi-qaməti ilə öz şeirlərinə bənzəmir. Çingiz öz boy-buxunu ilə nə qədər gözləniləndirsə, şeirləri bir o qədər gözlənilməzdir.

***

Eldar Baxış yanımızda olanda qədrini elə də bilmədik. Zaman keçdi. Bizmi belə ağıllandıq və daha həssas, daha mülayim, daha mərhəmətli olduq, yoxsa o, bir daha heç nə yazmaya-yazmaya hansısa gözəgörünməz enerji ilə dolmağa başladı?!

***

Ədəbiyyat da həyat kimi təsadüflərin üzərində qurulur. Kortasarın bir hekayəsi heç cür yadımdan çıxmır. Parisə gedən maşının yolunu tıxac bərk bağlayıb. Hərəkət donub qalıb. Cərgə-cərgə bir-birinin yanında dayanmış maşın sürücüləri bir-birilə ünsiyyət qurur, söhbət edirlər. Maşınlar yanaşı cərgələrdə yer alıb. Bu qarışıqlığın içində iki nəfər bir-birini bu dünyada bəlkə də "tapır". Hər şey ilk baxışdan başlayır. Kişi və qadın hiss edirlər ki, bir-birini sevə bilərlər, həyatlarını bir-birinə həsr edə bilərlər. Və onlar talelərində bir-biri üçün var imişlər. Talelərindəki bu mövcudluq həyatlarında da qarşılarına çıxır. Bu, həmişə belə olmur. Maşın tıxacında isə bu baş verir.

Amma bir müddətdən sonra tıxac açılır, sürücülər cəld öz yerlərini tutur, maşınlar tez-tələsik hərəkətə gəlir, müxtəlif cərgələrin düzəni pozulur, hansısa daha tez, hansısa daha gec Parisə doğru şütüməyə başlayır.

Əlbəttə ki, onlar bir-biri üçün itirlər. Acı bir sonluq. Taleyində olan həyatında yenə də olmur.

***

Okean fırtınasından sonra ayrı-ayrı yolçu gəmilərinin hərəsi bir adacığa düşdüyü kimi vaxtilə dost olmuş adamlar da indi pərən-pərən kimidilər. Onların yenidən bir-birinin yanında yer alması və qətiyyətlə son varış nöqtəsinə doğru "üzməsi" inandırıcı deyil. Amma mənim qulağıma hələ də Bakı çayxanalarından səslər gəlir - mübahisə edən, qızğınlıqla bir-birini nəyə isə inandırmağa çalışan, bir-birini sevən və bir-birinə nifrət edən doğma səslər...

***

Ya epos tarixi izləyir, ya da tarix eposu izləyir. Bu izləmə prosesi şəxslər müstəvisindən hətta şəxslər arasındakı münasibətlər müstəvisinə də keçə bilir. Epik variant epik qəhrəmanların bir-birilə münasibəti üzərində qurulur. Belə bir epik varianta "Salur Qazan - Burla xatun - Şöklü Məlik" münasibətlərini aid etmək olar. Real tarixdə bu variant bizə "Şah İsmayıl - Bəhruzə xanım - Sultan Səlim" münasibətlərinin ekvivalenti kimi görünür. Bu hala biz belə də deyə bilərik: əslində, epos tarixi rafinə edir. Və yaxud epos tarixi rafinə üsuludur.

***

Qədim adətlərdən biri də budur: tayfanın itkin, ya da əsir düşüb ölü sayılan bir üzvü geri qayıtdıqda o zaman onu təzədən "doğuluş" ritualından keçirmək lazımdır. Ancaq bundan sonra onu yenidən qəbul edə bilirlər. Çünki kimsə ölü sayılırdısa o artıq qəbilə çevrəsindən kənara çıxmış kimidir. "Doğuluş" ritualı isə ondan ibarət idi ki, bir qadın güya bu adamı yenidən "doğmalı"dır. Geri qayıdan adam ya bu qadının köynəyindən keçirdi, ya da bu qadınla hər hansı münasibətlər kələfinə daxil olurdu. Adam bu şəkildə qəbilə çevrəsinə yenidən daxil edilmiş sayılırdı.

"Kitabi-Dədə Qorqud" dastanına da bu qədim ritualın reliktini özündə saxlayan epik abidə kimi baxa bilərik. Beyrəyin əsirlikdən gözlənilməz qayıdışını xatırlayaq. Və öz nişanlısının toyunda iştirak edən qəhrəman Qazan Xana ən vacib arzusunu bildirir - qadınların yanına getmək arzusunu. Ətrafdakılardan müsəlmançılıq pərdəsinə bürünmüş yüngülvari etiraz nidaları səslənsə də, Qazan buna razılıq verir və bununla qədim ritualı qorumuş olur.

Beyrəyin arzusunun üst və alt qatı var. Üst qatda o öz nişanlısını görmək istəyir. Alt qatda isə Beyrək özünün qadınlar yanında yenidən doğuluşunu təmin etmək niyyətindədir.

Beləliklə, bizim Dastan üst və alt qatların bəzən gözügörünən, aşkar, bəzən də gözəgörünməz, gizli şəkildə birləşməsindən ibarət anaxronik bir mətndir. Üst qatı ilə yaxın real keçmişə, alt qatı ilə isə uzaq mifoloji keçmişə bağlıdır.

***

Vaqif  Bayatlı özünün şair şəxsiyyətilə şair yaradıcılığını ideal şəkildə birləşdirə bilmiş ustad sənətkardır. Belə bir adam bu gün necə olub ki, vardır?! Belələrini biz, adətən, ədəbiyyat dərsliklərindən tanıyırıq. Belələri, adətən, nə zamansa yaşayırlar, bu gün yaşamırlar. Ya o bizim gözümüzə görünür, ya da biz onun. Şair elə belə də yazır:

Dənizin ortasında bir xəyal

Ya o bizim gözümüzə görünür,

Ya biz onun.

Vaqif Bayatlı - dənizin ortasında xəyala dönmüş şair.

***

Çingiz Abdullayevi televiziyada seyr etməkdən, dinləməkdən daha gözəl heç nə yoxdur. O, ədəbiyyatdan danışsın, sən də qulaq asasan. Bu adam yelpazə kimi açılır: ona xas dərin intellektdən tutmuş çoxbilmişcəsinə (açıq desək, hiyləgərcəsinə) təvazökarlıq pərdəsinə bürünmüş təvazökarsızlığa qədər bu yelpazə açılır, örtülür.

Bir tərəfdən də xoşbəxt adamdır: Azərbaycan dilini artıq tum kimi çırtlayır. Onunçün nə hal şəkilçiləri var, nə də fonetik qanunauyğunluqlar. Doğru da edir. Mən həmişə belə düşünmüşəm ki, ciddi məsələlərdən danışırsansa dil burada mövzunu önə buraxmalıdır, bu cür söhbətlərdə əsas olan fikri çatdırmaqdır. Bu belədirsə, hətta Çingizə də dözmək olar. Bu isə onun timsalında belədir. Çingizin danışdıqları o qədər maraqlı olur ki, dil pintiliklərini unudursan, onlara fikir vermirsən.

Hə, bir də mənə elə gəlir Çingiz sidq-ürəklə inanır ki, həm haqqında danışdığı (daha doğrusu, adlarını çəkdiyi) bütün klassiklər - Nizami, Füzuli, Cavid, Mirzə Cəlil, Sabir və başqaları, həm də bütün yaxın keçmişdə həyatını dəyişmiş Səməd Vurğun, Mehdi Hüseyn, S.Rəhimov, Süleyman Rüstəm, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Cabir Novruz və başqaları bu gün də Azərbaycan Yazıçılar İttifaqının üzvləridir, Çingiz özü də onların "ən cavan" katibi.

Yazıçı olmağın əzabından danışan xoşbəxt - Çingiz Abdullayev. O, həqiqətən, xoşbəxtdir. Mən özüm Minskdə Linqvistik Universitetdə olarkən bunun şahidi oldum. Universitetin rektoru, professor Baranova biləndə ki, biz Çingizlə tanışıq, əvvəlcə mənə şübhəylə baxdı, sonra telefonla Çingizə zəng edib onların danışığını "təşkil edən"dən sonra qadın az qaldı sevincindən bayılsın. Mənə də ancaq "əlim ağzımda" bu ikisi qədər xoşbəxt olmaq qaldı.

Çingiz Abdullayev - Azərbaycan mədəniyyətinin yelpazə kimi bir sonucundan (nəhənglikdən) o biri sonucuna - (körpəliyə) qədər açıla bilən Qulliveri - Sviftin uydurması. Mənim dostum!

***

Homer təkcə şair və ya şəxsiyyət deyil. Homer, böyük mədəniyyətşünas Viko demişkən, həm də prinsipdir. Ona görə də onun yaşı bilinmir. O, müxtəlif dövrləri birləşdirir.

Dədə Qorqud da bir dövrə aid deyil. Doğrudur, Dastanda yazılır ki, o, Rəsul Əleyhüssəlam zamanına yaxın anadan olmuşdur. Bu isə eramızın 7-ci əsrinə təsadüf edir. Amma Dastanın bəzi boylarında Dədə Qorqud mifoloji keçmişə aid hadisələrin iştirakçısı kimi çıxış edir. Məsələn, elə təkcə "Basat Təpəgözü öldürdüyü" boyu xatırlamaq olar. Mifoloji obraz olan Təpəgözlə Dədə Qorqudun münasibəti həmin boyun əsas xətlərindən biridir. Hətta əlamətdar olan odur ki, bu boyda Dədə Qorqud digərlərində olan kimi ancaq əvvəldə və axırda özünü göstərmir; o süjetin içində bir səfir kimi, əlaqəçi kimi, sakral, mifoloji aləmlə, real aləm arasında əlaqə yaradan "demurq" kimi kifayət qədər dinamik bir obraza çevrilir.

Mifoloji tarixlə real tarixi yenə də Dədə Qorqud birləşdirir. Şəxsiyyət, əlbəttə, belə uzaq məsafələrdə "işləyə" bilməz, bunu ancaq prinsip edə bilər. Məhz buna görə Dədə Qorqud, əslində, Oğuz elinin bir prinsipidir.

***

"Yarımçıq əlyazma" romanının xaricdəki nəşrləri ilə bağlı mən nəşriyyat redaktorlarından məktublar alırdım. Əksər məktublarda romandakı bəzi sözlərin xarici dillərdəki ekvivalentini öyrənmək istəyi var idi. Məsələn, "qopuz", "ozan" kimi sözlərin tərcüməsini deyil, ulduzcuq qoyub səhifənin altında mənasını geniş şərh edəcəkdilər.

Amerikan naşiri bu sözlərin sırasına "Günortac" sözünü də salmışdı. Dastanda bu söz bir dəfə keçir. "Babam yerin sorar olsan - Günortac", deyə qəhrəmanlardan biri onu tanımaq istəyən başqa birisinə cavab verir.

Bu söz öz daxili mənasına və səslənişinə görə çox xoşuma gəlirdi. Mən Günortacı "elə bir məkan ki, gün həmişə başının üstündə durur" kimi qəbul edirdim. Və romanda bu ad altında xanlar xanı Bayındır xanın iqamətgahı təsvir edilirdi; hadisələrin böyük əksəriyyəti məhz Günortacda baş verirdi.

Amerikalı naşirə isə belə yazdım. "Günortac - qədim oğuzların paytaxtıdır. Xərabəlikləri indi də Ermənistan Respublikasının ərazisində yerləşir".

Bu izahat elə belə də Amerikada ingilis dilində mətnə daxil edildi.

***

Ədəbiyyatı sevmək - ədəbiyyatla məşğul olmaq üçün çox azdır. Bundan əlavə də nələrisə etmək lazımdır. Məsələn, ən vacib şərtlərdən biri budur: ən qatı bədxahını bağışlamalısan. Bu, əslində, "sim-sim" sözü kimi bir işarədir. Bacardınsa, o zaman ədəbiyyat qapıları üzünə taybatay açılacaq. Və sən içəri keçə biləcəksən. Arxanda gözləri ehtirasdan qıpqırmızı qızarmış bədxahının dodağına ilişib qalmış acı, istehzalı və qalib təbəssüm, irəlidə cavabı olmayan suallar və suala dönə bilməyən cavablar... Nə üçün gəldin, sən burada nə axtarırsan? Səni burada gözləyən yox idi: sənin gedən yerin "sim-sim"i söyləməzdən əvvəlki məkandır. Acı və istehzalı, qalib və qəzəbli təbəssümlərin yanında. Duruxma. Duruxdunsa, deməli, sən heç nə anlamamısan. Çünki hər şeyi anlayandan sonra bağışlaya bilərsən. Səndə isə belə olmadı. Sən anlamadan əvvəl bağışladın.

***

Sosializm realizmi bizə nə verdi?

Sosrealizm zahiri təntənəsi və daxili fəlakəti olan bir ədəbi proses, dramatik bir dövrün estetik eybəcərliyi idi. Yaza-yaza öz yazdığının hamıdan əvvəl özün senzoru olursansa, bu, normal hal deyil. Sosrealizm çərçivəsində hər şeydən əvvəl azadlıq yox idi, daha dəqiq desək, mənən azadlıq, yazı azadlığı yox idi. Bu eybəcər durumu hərəkətə gətirən mexanizmlər isə var idi. Onlardan birini, bəlkə də ən əsasını "bütləşdirmə" mexanizmi adlandıra bilərik.

"Bütləşdirmə" təkcə tarixi şəxsləri nəzərdə tutmurdu. "Bütləşdirmə" mexanizmi ədəbi qəhrəmanlardan tutmuş (Dədə Qorqudu, Koroğlunu, Qaçaq Nəbini yada salaq), yazı tərzinə, yazarın sintaksisinə qədər çox şeyi əhatə edirdi. Cümlə konstruksiyaları bütləşirdi. Bu o deməkdir ki, bütün cümlələr özlərinin "kanon" variantlarında peyda olurdular. Onlarda informasiya vardı, həyat isə yox idi, energiya yox idi. Bu sintaktik rejimə alışanlar üçün indi də cümləni "büt" variantından çıxmış görmək cənnətdən qovulmuş şeytanı görmək kimidir. Belə hala dözə bilmirlər və gözlərinə hər yerdə dil qüsurları görünür. Bu zaman onlar qətiyyətlə dilin korlanması halının keşiyində sadiq dil polisləri kimi durmağa başlayırlar.

Məncə, ədəbi mətn "bütləşmə"nin hər hansı bir təzahüründən taundan qaçan kimi qaçmalıdır.

"Sosializm realizmi bizə nə verdi?" sualına qayıtsaq, belə deyə bilərik: bu bizə bütləşdirmədən qaçanların yeni mətn dilini, yeni estetikasını verdi.

Elə bir ədəbi-bədii dünyanın yolunu göstərdi ki, orada iki üstəgəl iki dörd eləmir.

05.10.2018

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!