Yetim quzunun gözü... - Tural TURAN - HEKAYƏ

İlk dəfə dilsizin gözü ilə ağladığını görəndə 11-12 yaşım vardı. Söz gününə-saatına çəkər, elə bu günlər idi. Payıza dönən çağlar, amma günəşin sinəsindən yenə də qorama səngimək bilmirdi.

Altıncı, ya yeddinci sinifdə oxuyurdum. Qorabişən ayın ortaları, quyruq donan vədələr idi. Doğar qoyunların sağımı vaxtı, günün beli əyiləndə tənəkə vedrəmi götürüb mızıldana-mızıldana arxaca, oradan da xalxala keçdim. Sürüdən ayrı sağılan arıq-axsaqları oyşara mən verirdim. Əmimgil də bütün sürünün yelnini çirtdədirdi.

Yenə yuxudan kəm durmuşdum. Boşuna demirlər ki, gün beli əyilənin yuxusu şirin olur. Fikir vermisinizsə, heç kim o vaxt yatağından durmaq istəmir. Axşamüstü saat dörd-beş vədələrini deyirəm.

Amma qalxmağa məcbursan... Çoban-çoluq səni, örüş, alsınlamış xora yerləri də sürünü gözləyir.

Nəysə, nə başınızı ağrıdım, öykü dili yüyrək olar; Ağzıma pendirdən, göydən atıb xalxala keçdim. Yalan olmasın, xalxalda da qırxa yaxın ayaqdan burxaq ağtüklü ola, ya olmaya... Yarım saatdan bir az artıq çəkdi sağımın bitməyi. Axıra qumral bir şişək qalmışdı. Bir az dəlisov idi. Gözünə boz gəlmişdi. Sol gözü görmürdü. Ona görə də arıq-axsağın içinə qatmışdıq, örüşə mənim qabağımda gedib-gəlirdi. Üç aylıq sarıkürə, mürçümlü, çiçirtikbuynuz və kotal ətəkli balası vardı. Sarıkürə kəlin qoçumuzdan dönmə idi.

...Əlimdəki vedrəni yerə qoymağa ərindim. Köpüksüz, silə, həm də südlə ağızbaağız dolu vedrəni əlimdə əsdirə-əsdirə düşdüm bunun dalınca. Üç-dörd dəfə belindən yapışmağa cəhd elədim. Hər dəfəsində qırxımdan sonra yeni-yeni qılçıqlamağa başlamış belindəki yun çəngələri barmaqlarımın arasında ilişib qalırdı. Amma qumral şişəyi tuta bilmirdim.

Cinim təpəmə vurdu. Qara yığvallıyı kor tərəfinə salıb küncə sıxcaladım. Qısqalamağımdan o da bərk əsəbiləşmişdi. Südünü soğdu. Gəlladarlar, baş çobanlar yaxşı bilər, altında əmliyi olan ağtüklü tayfası sağım vaxtı südünü balasına saxlamaq üçün soğur, yəni içinə çəkir.

...Dizimi yerə qoyub elə sağ əlimin iki barmağını yenicə tüpürcəkləyib qumral şişəyin məməsinə atırdım ki, arxa ayaqlarından çıxan çidarlı təpik göydə oynadı. Soncuq vedrəni elə bərk tutdu ki, elə bil mis qazana naqan tuşladılar. Silə vedrə aşdı. Süd yerə əndərləndi. Gözümdən çınqı çıxdı elə bil, canıma isitmə düşdü. Südə baxa-baxa əlimdən oynaqlayıb çıxmış əmliklinin dalınca dəhmərləndim. Küncə qısqaladım. Xırxalayıb boğazından yapışdım. Sol əlimlə də burnunun üstünü, çənəsini yumruqladım. Dişlərindən qarsaq qan süzülməyə başladı. Artıq ayaqlarını yerə dirəməyə halı qalmamışdı. Yenə ürəyim soyumadı. Qarnına, yelininə doğru təpiklədim...

Birdən gözümə xalxalın kəsməsindəki qarmaqdan asılmış qırxım qayçısı sataşdı. O an huşum-başım nə buyurdu, bilmədim. Heç indi də xatırlamıram. Əl atıb qayçını götürdüm, iki-üç ağız havada şaqqıldatdım. Ağrıdan yerdə çapalayan şişəyin yelninin birini kəsdim. Tayməmə qaldı. Qəfil özümə gəldim, ayazıdım. Atamın qorxusundan evə qaçdım.

Yerimə girib sırığlımı yorğan əvəzi başıma çəkdim. Bir də onda ayıldım ki, gözümün yaşı alnımın tərinə qarışıb. Sən demə ağlaya-ağlaya yuxulamışammış. Oyananda sakitləşmişdim. Qorxu, qara qaytaq canımı almışdı, elə bil, qarnımdan və dizimdən titrətmə tutmuşdu.

Bir anlıq sağım haqq-hesabı yadıma düşdü. Kino lenti kimi gözümün önündən keçdi. Pilləkənə yüyürdüm. Qumral şişəyin başı qırxım qayçısını götürdüyüm yerdən - çatılı qarmağa keçirilmişdi. Dərisi isə yan budaqdan asılmışdı. Arxadan sonbeşik əmimin səsini eşitdim:

- Atan kəsdi. Ağbacıma (biz tərəfdə qardaş arvadı bu cür çağırılır) da dedi ki, o qıvlasıza de ki, daha bu tayəmcək, yaralı şişəyi sürüdə saxlamaq kişilikdən döyül. Hə, bir də bilirsən nə dedi?

- ...

- Dedi ki, siyirib başını kəsseydi, heş maa bu qədər yer eləməzdi.

Dinmədim. Axşam oldu. Darvazamız şaqqıldadı. Dədəmgil qoyunu salanda qabaqlarına çıxdım. Düz xalxalın noxtalı qapısının ağzında atamla göz-gözə gəldim. Heç nə demədi. Amma qaş-qabağı yer süpürürdü.

Handan-hana dilləndi:

- Get, qumral şişəyin balasını tut, balası ölmüş qoyunlardan birinə yanla, yazıqdı, ac qalmasın. Əmməsə təli, yoxsa, uzunlu gecəni acından qursağı ağnayajax.

Dinməz-söylənməz xalxala keçdim. Baxdım ki, şişəyin yetim balası vurnuxur, anasını axtarır. Amma səssizdi, heç mələmir, başqası olsaydı, indi dırnağı ilə yer cırmaqlayardı. Bir-iki qoyuna yanladım, üç-dörd cəhddən sonra anasının anasına təlidim. Bir-iki sortuq vurdu, başını yelnindən çəkdi. Ürəyim dözmədi, yandığımdan quzuya bir təpik vurub dizimi yerə qoyub hönkürməyə başladım.

Səhərə yaxın atamın səsinə oyandım:

- Oxşuyuf oxşamışına. Qansız kopayoğlu.

...Gecə atamgil yatandan sonra qumral şişəyin mürçümlü balasının başına elə xalxalın içindəcə bıçaq çəkmişdim. Aparıb anasının yanından asmışdım. Çirtikbuynuz əmliyin dərisi soyumuş cəmdəyi isə elə ortalıqda idi. Qoyunlar gözlərini dəbərdib gah asqıdakı başa baxır, gah da yerdəki quzunun laxtalanmış qanını imsiləyirdilər...

Atam yenə üzünü evə - yatdığım otağa sarı tutub hündürdən dilləndi:

- Sən erməni dığasının başını da anasının gözü qabağında kəsərsən, qansız oğlu qansız. Amma kəsməzsən...

Qarğı müştüyünə bir "Astra" keçirib əlimdəki haça kova ilə mürgülü-mürgülü gövşək vuran qoyunları dəhmərləyə-dəhmərləyə sözünü bitirdi:

- Mən də olsam, o quzunun başını kəsərdim, nə olsun ki, ağtühlü tayfasınnandı, mənim qanımdan olan züryət onun yetim gözünə baxammazdı. Bir də sürünün gözü qavağında quzu cinsinə pıçax çəhmə, qoy mundar olsun, amma bu dilsiz-ağızsızlara balasının qanını göstərmə. Sən hələ dilsizlərin ağlamağını görməmisən, bala. Allah o müsibəti heç tuşman qapısına da yazmasın. Mən elə səni yaşda öz anamda görmüşəm.

18-28 avqust 2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!