"Məsihin qapısı" və ya 30 il sönməyən qisas atəşi - Əyyub QİYAS yazır

Filip Lö Ruanın "Məsihin qapısı" romanı haqqında

Əyyub QİYAS

 

Bugünlərdə dünya şöhrətli fransız yazıçısı, bir çox bestsellerlərin və trillerlərin müəllifi Filip Lö Ruanın son işlərindən biri olan "Məsihin qapısı" (2014) romanını oxudum. Müasir romançılığın bütün prinsip və tələblərinə cavab verən, rəngarəng, ziddiyyətli məqamları ilə oxucunu öz arxasınca çəkib aparan əsər son dövrlər dünya - daha çox Avropa - ədəbiyyatında ənənə halını almış monoteist dinlər, onların müqəddəs kitabları, dini ehkamlar, eləcə də din pərdəsi altında təşəkkül tapmış siyasi improvizasiyalardan bəhs edir.

Müəllif əsərdə son dərəcə maraqlı və kəskin süjet xətti ilə diqqət çəkən təzadlı bir mövzuya - İslam dininin təməl sütunlarından biri olan "Quran"ın meydana gəlməyi, ümumiyyətlə, İslam tarixi kimi mürəkkəb bir məqama müraciət edib. Roman 1983-cü ildə Beyrutdakı restoranların birində, İslam fundamentalistlərinin törətdiyi terror nəticəsində dünyasını dəyişmiş alman əsilli jurnalist Henri Lombardi ilə onun xanımı Leylanın qətlindən sonra yetim qalan 2 yaşlı oğulları Simonun sonrakı taleyini və onun macəra dolu həyatını əks etdirir. Əsər elə ilk səhifələrdən oxucunu maraqlı bir atmosferə salır. Terror və terrordan ötən 30 il. Artıq Henri ilə Leylanın oğlunun 32 yaşı var. Amma o, dünyaya 2 yaşında gəlib - valideynlərini itirəndən sonra. Mərhum dostunun yetim qalmış oğlunu övladlığa götürən diplomat Pol Lanq və onun xanımı Aminə bu uşağı doğma balaları kimi böyüdüblər. İlk baxışdan hər şey normaldır. Oxucu Simonla onun ögey valideynlərinin dəfni ərəfəsində - Qüdsdə tanış olur. Atalığının dostu Marküslə yaxşı yeyib-içəndən sonra Simon müqəddəs "Məscidlər meydanı"ndakı "Məsihin qapısı" adlanan yerə gəlib çıxır. İnanca görə qiyamət günü İsa Məsih həmin qapıdan gələcək. Buna mane olmaq üçün Sultan Süleyman 1541-ci ildə həmin qapını hördürüb. Sərxoş və macəraçı Simon Marküslə mərc qoşub deyir ki, o, qalınlığı 5 metrə çatan divarı keçə bilər. Və keçir də… Bunu telefon vasitəsilə videoya çəkən Marküs o andan etibarən itir. Hadisənin səhəri alkoqolun təsirindən kəskin baş ağrısı ilə gözünü polis bölməsində açan Simon isə Marküsü axtarmağa başlayır.

Hər şey 30 il əvvəl baş vermiş terrordan qaynaqlanır. Oxucu dostunu itirən diplomat Polun illər əvvəl baş vermiş terrorda əli olanları axtardığını və nəticədə, hədəfə aldığı qüvvələrin qurbanına çevrildiyinin şahidi olur. Amma gizli bir qüvvə qeyri-iradi olaraq Simonu da 30 il əvvəl baş vermiş terrorun izinə salır.

Simon həqiqəti tapmaq üçün dəfələrlə ölümlə üz-üzə gəlir. Məlum olur ki, 30 il əvvəl baş vermiş terrorun səbəbi jurnalist Henrinin islamın tarixini araşdırması və müəyyən tarixi faktları üzə çıxarmasıdır. Onun ölümündən sonra bu işi dostu Pol davam edir və 30 ildən sonra Pol da eyni qüvvələr tərəfindən avtoqəzada həlak olur.  Marküs isə yoxdur. Marküsün Qüdsdəki və Berlindəki evləri darmadağın edilib. Simon Marküsün evinin kandarındakı gizli yerdən bir dəftərçə tapır. Həmin dəfərçədə qeyd olunan adlar və ünvanlar onu sonu görünməyən bir yola çəkib aparır. Marşrut çox rəngarəngdir: Paris, Berlin, London, Nürenberq, Qüds, Beyrut, Kipr, dağlar, qayalıqlar, mağaralar, sinaqoqlar, kilsələr məscidlər… Simon İslamın müqəddəs kitabı olan "Quran"ın köklərinin hara gedib çıxdığı ilə maraqlanır və bu məqamdan sonra oxucu heyrət doğuracaq faktlarla üzləşir. Təbii ki, biz müsəlman ölkəsində yaşayır, İslam dininə sitayiş edirik və "Quran"la bağlı istənilən qeyri-ənənəvi fikir bizim üçün qəbuledilməzdir. Lakin bir fakt var - hər şeyin ibtidaidən aliyə doğru inkişafı. Bəşər tarixi ilk din olaraq çoxallahlılığı qəbul edirdi, daha sonra insan övladının tapındığı bütün Tanrılar vahid bir Allahın iradəsi altında cəmləndi. Allahın təkliyinə şəhadət verən səmavi kitablar - "Tövrat", "İncil" və "Quran" nazil oldu. Bu kitablar da öz formasına görə ibtidaidən aliyə doğru dəyişdi və müəllifi Allah olan bu kitabların bir-birindən qaynaqlandığı heç kəsdə şübhə doğura bilməz. Lakin "Məsihin qapısı" romanın müəllifi bu məqamdan istifadə edərək, oxucunu provokasiyaya çəkir. Müəllifə görə İslam Xristianlığın bir qoludur. Xristianlıq isə öz növbəsində iudaizmdən, daha doğrusu onun bir qolu olan essenizmdən qaynaqlanıb. İudaizm də Şumer mədəniyyətindən ilham alıb. Şumer mədəniyyəti isə başqa planetdən gəlib bir müddət Yerdə yaşayan, bəşəriyyətə ilkin sivilizasiyanı öyrədən və bir gün gəldiyi kimi də yox olan faktdır. Əslində, müəllif qəsdən oxucunu çaşdırmaq istəyir. Monoteist dinlər Allahın göydə olduğunu və bütün müqəddəs kitabların göydən yerə Allahın mələkləri tərəfindən göndərildiyini iddia edirlər. Şumer mədəniyyəti də göydən - başqa planetdən gəlib. Yəni bütün hallarda ünvan - göylərdədir.

Müəllif bu əsəri ilə ərəb dünyasına, dindən siyasi məqsədlər kimi istifadə edən dövlətlərə çox qətiyyətli mesajlar göndərir. Əslində Qüdsün 3 dinin müqəddəs şəhəri olduğunu hamımız bilirik. Müəllifin iddiasına görə (o bu iddiaları kitabın sonunda siyahısını göstərdiyi onlarla dünya şöhrətli şərqşünasın, islamşünasın, teoloqun kitabından sitat gətirərək ağıllı formada təqdim edir) İslam dini bildiyimiz kimi indiki Səudiyyə Ərəbistanının Hicaz ərazisində, yəni Məkkədə deyil, Suriyadakı Məkkədə (min illik bir tarixdə Suriya ərazisində elə bir şəhərin varlığı ilə bağlı məlumat yoxdur) yaranıb və İslam dinini Allah Qüreyş tayfasının nümayəndəsi və İslam peyğəmbəri Məhəmməd (s.ə.v) vasitəsilə yer üzünə göndərməyib. Romanın qəhrəmanlarının iddiasına görə bu dini nəsranilər ərəblərlə birləşib yəhudilərdən qisas almaq məqsədi ilə yaradıblar. "Quran" özü isə əvvəllər mövcud olmuş xristian himnləri (mərasim duaları və dini nəğmələr) əsasında tərtib olunub. Məkkənin Suriyada olduğunu bildirən yeganə dəlil 1972-ci ildə Yəməndəki Səna məscidinin damını təmir edən fəhlələrin tapdığı qədim Suriya xəritəsidir. (Bir fakta diqqət yetirək: əgər doğrudan da Məkkə Suriyada olubsa və İslam dini Suriyada yaranıbsa, o zaman Səudiyyə Ərəbistanın İslam dininin mərkəzi olması iddiaları puç olur. Başqa bir misal: Qüdsdəki Qübbət Əs-Səkra günbəzi İslamdan əvvəl mövcud olub, müəllif iddia edir ki, həmin qədim günbəzin divarlarında sonradan "Quran"a ayələr şəklində əlavə edilən xristian himnləri yer alır.) Tarixdə xəlifə Ömərin 638-ci ildə Qüdsə hücum edib şəhəri ələ keçirdiyi ilə bağlı faktlar mövcuddur. "Məsihin qapısı"nın müəllifinin iddiasına görə isə bu hücum nəsranilərin xəlifəyə yazdıqları diplomatik yazışmaların nəticəsində baş tutub və nəsranilərin ərəblərlə birləşməyində məqsəd vaxtilə romalılara satılaraq İsa Məsihə xəyanət edən yəhudilərdən qisas almaqdır. Müəllif özünün gətirdiyi dəlillərə əsasən obrazların dili ilə qeyd edir ki, "Quran" Varaqa adlı nəsrani (Həzrəti Xədicənin xalası oğlu) tərəfindən yuxarıda qeyd olunduğu kimi xristian motivləri əsasında yazılıb. Xəlifə Ömər Qüdsü ələ keçirəndən sonra nəsranilərlə münasibətlərini pozub və guya "Quran"da xristianlıqla bağlı olan yerləri dəyişərək, İslam dininin Allahın buyruğu ilə kafir torpaqlarını ələ keçirmək üçün yarandığı iddiasını ortaya atıb. Nəsranilərlə (xristianlarla) müsəlmanların arasında olan nifrətin kökündə bu fakt dayanır.    

Bədii əsər üçün normal süjetdir. Amma bütün bunları araşdırmaq, ortaya çıxarmaq kimə lazımdır? Filip Lö Rua tərəfkeşlik etmədən "Tövrat" və "İncil"in də müxtəlif müəlliflər tərəfindən yazıldığını bildirir və onları səmavi kitab kimi qəbul etmir. Lakin əsərdə "Quran"la bağlı iddia və ittihamlar 30 il əvvəl baş vermiş terror faktına görə bütün İslam dünyasına qarşı yönəlib. Müəllif qəhrəmanların simasında İslamın və "Quran"ın xristian köklərini üzə çıxarmaq istəyi ilə əslində, müsəlman dinini xristianlığın bir qolu, bir məzhəbi kimi qələmə verməyə çalışır. Hətta Hitlerin islama olan sevgisi ("Mənim mübarizəm" kitabındakı etiraflar) faktından yararlanaraq, müsəlman ideyalarının kökündə terrorun, zorakılığın, vəhşiliyin dayandığını söyləyir. Bütün bunlar müxtəlif fəsillərdə ziqzaqvari gedişlərlə təqdim olunur. Lakin müəllif öz qəhrəmanlarının qisasını fanatik islamçılardan deyil, bütünlüklə müsəlmanlardan almağa çalışır. Bunun üçün o, müsəlmanları Yer üzünün insanları qarşısında yalançı bir dinə sitayiş etmək iddiası ilə alçaltmaq fikrindədir.

Əsərin qəhrəmanı Simon - Müasir Məsih - Qüdsəki müqəddəs divardan keçir və Marküs bunu videoya çəkir. Simon romanın az qala sonuna qədər Marküsü axtarır və sonda görüşsələr də bir neçə dəqiqədən sonra Marküsü snayperlə vurub öldürürlər. Roman boyu haqqında söhbət gedən gözəgörünməz "Müsyö X." əsərin sonunda qəflətən, gözlənmədiyi bir yerdə peyda olur və Simonun son nəfəsində ona deyir ki, əslində Henri (Marküs, Haldey) 30 il əvvəl restorandakı terrorda həlak olmayıb, sevimli arvadının qisası almaq üçün bütün ömrünü İslamı kökündən laxlatmağa həsr edib və bu işdə ona müxtəlif adamlar, dini icmalar, güc qüvvələri və s. yardım göstəriblər. Yəni, əslində Marküs Simonun doğma atasıdır və o, bir neçə gün əvvəl Qüdsdə baş vermiş zəlzələ nəticəsində müqəddəs divarda əmələ gələn yarıqdan keçən Simonu videoya çəkib həmin görüntüləri müəyyən qüvvələrə çatdırmaqla, İslam dinini laxlada biləcək 5 sübutu - 1) Suriyanın qədim xəritəsi; 2) Qübbət Əs-Səkra günbəzinin divarlarındakı yazılar; 3) Nəsranilərin diplomatik məktubları; 4) "Kodeks Koranikum"u - ortaya qoyur. Bəs 5-ci sübut hansıdır? Beşinci sübut Simonun müqəddəs divardan keçməyidir, çünki inanca görə yalnız İsa Məsih o divardan manesəiz keçə bilər. Marküs zəlzələ nəticəsində çatlamış divardan keçən Simonu videoya çəkməklə xristian dünyasına yeni Məsihin doğuluşunu elan etmək istəyir. 

Roman nəticə olaraq Marküsün - 30 il əvvəl öldüyü iddia olunan Henrinin - illərini boş yerə sərf etdiyini, qisas yanğısının onun gözlərini bağladığını və bu axmaq düşüncələri ilə neçə-neçə işıqlı insanın həyatını təhlükəyə atdığını ortaya qoyur. Böyük bir şəbəkə sonunda istəyinə çata bilmir. Marküsün və onun tərəfdaşlarının illər boyu topladığı dəlillər sonda gizli şəkildə tanınmış bir yazıçıya təqdim olunur və bədii əsərin süjet xəttinə çevrilir. Müəllif romanda İslam dininin kökünü laxlatmaq, xristianlarla müsəlmanları qarşı-qarşıya qoymaq və bundan siyasi məqsədlər üçün istifadə etmək ideyasını da qabardır və dolayı yolla da olsa bu məsələdə ən böyük maraqlı tərəf kimi Amerika özəl silahlı qüvvələrini (yenə "Sem dayı"nın barmağı) göstərir. Romanda hədəf İslam dini olsa da (bu ilk baxışdan belədir), əslində, xristian təriqətlərinin, sektaların, dini icmaların nəyin bahasına olursa-olsun İslama qara yaxmaq prinsipi diqqətdən yayınmır.     

Burada müəllif bilərəkdən elə bir üsula əl atıb ki, oxucunun qəlbində səmavi dinlərin heç birinə şübhə yeri qalmır. Amma əsərin süjet xətti bir daha onu sübut edir ki, İslamı - onun Tək Olan Allahı qoruyur.

Əslən suriyalı olan və YUNESKO-da işləyən xüsusi xidmət orqanı əməkdaşı gözəl Sabbahla Simon arasında olan platonik eşq, qızın İslam dəyərlərinə olan bağlılığı və dinlər arasında olan ilahi əlaqə də yüksək peşəkarlıqla təqdim olunur və Sabbah Simonun ən böyük tapıntısına çevrilir. Müəllif bu romanı ilə bəşəriyyətə bir mesaj verir: Dünyada ən böyük din insanların bir-birinə olan sevgisidir.

Son dövrlərdə çap etdiyi maraqlı əsərlərlə oxucuları sevindirən "TEAS Press" nəşriyyatının yaxın günlərdə çapa gedəcək "Məsihin qapısı" kitabı dünya oxucusunun "Da Vinçi şifrəsi", "Qızılgülün adı", "Mələklər və iblislər" kimi kitablar seriyasından tanıdığı möhtəşəm əsərlərdən biridir. Qeyd etmək istərdim ki, əsəri Azərbaycan dilinə Şahin Sinaria və İlahə xanım tərcümə edib. Əminəm ki son dərəcə peşəkar tərcümə ilə təqdim olunan kitab oxucuların böyük marağına səbəb olacaq.