Arzularda qalan şəhər "Yaşıl vadi"... - Samirə Əşrəf yazır - Samirə ƏŞRƏF

Samirə ƏŞRƏF

 

"Çəhrayı atlar tez-tez yuxuma girməyə başlamışdı. Elə tez-tez ki, bunun yuxu, yoxsa gerçək olduğunu ayırd edə bilmirdim..."

Yazıçı Şərif Ağayarın sayca üçüncü romanı "Arzulardan sonrakı şəhər" bu sözlərlə başlayır. Hələ uşaqlıq dövrünü yaşayan, yeniyetməliyə qədəm qoymaqda çətinlik çəkən Həsənin yuxularını və düşüncələrini çəhrayı rəngli atlar işğal edib. Həsən bu işğaldan narahatdır. Çünki onun yuxusuna girən atlar ağızları dəmir məftillə bağlı olduğundan ot yeyə, su içə bilmirlər, əzab çəkirlər. Məftilin çənələrində açdığı yaralardan qan süzülür və Həsən uşaqlığının ən qayğısız illərində dilsiz-ağızsız heyvanlara qarşı insanlar tərəfindən edilən zalımlığı heç bir zaman unuda bilmir. Elə həmin zülmün ərşə qalxması, çəhrayı atların səssiz-səmirsiz fəryadı Həsəni məcbur edir ki, xəyalən də olsa, özü üçün yaman, rəhimsiz insanların olmadığı, pisliklərdən arınan bir şəhər yaratsın. Elə bir şəhər ki, orada ölüm-itim olmur. İnsanlar qayğısız, mehriban yaşayırlar. Hətta ağaclardakı yarpaqlar da tökülmür. Həmin şəhərin sakinləri üçün bircə qayda var. Xeyirxahlıq!

Həsən ümid edir ki, özü də daxil olmaqla Arzulardan sonrakı şəhərin digər sakinləri bu şəhərdə yalnız yerinə yetən arzularla yaşayıb, xoşbəxt olacaqlar. Arzulardan sonrakı şəhərin adı Həsənin arzularına və sevdiyi insanların əməllərinə görə dəyişir. O, həmin şəhərə "nənəmin əlləri", "Kiyev", "Mərmər", "Mehribanlıq" kimi müxtəlif adlar seçir. Sevdiyi qız Gülsümü isə həmin şəhərin şahzadəsi edir. Şəhərin müqəddəsliyinə və təmizliyinə xələl gətirən adamlar və adlar dərhal onun xəyalından silinir. 

Həsənin xəyal dünyasında baş verən düşüncələrin nizamını pozan bir nənə "Miss-154" də var. Nənə kifir, davakar, hövsələsiz, hikkəli, yeri gələndə öz xeyrini güdəndir. Ancaq o, həm də mehriban, canıyanan, ürəyi yumşaq, özünü fəda etməyi bacaran qadındır. Həsən bu dünyada yaxşılıq adına hər şeyi nənəsinin əllərindən görür. Ən çətin, kədərli anlarında nənəsinin isti, şəfqət dolu əllərinə sığınır.

"Bircə əlləri gözəldir. Elə yumşaq, elə isti, elə məhrəmdir ki! Onun əlləri olmasa, bir gün də yola getmərik. Ən hirsli vaxtımda "mənim balam!" - deyib saçlarıma sığal çəkdimi, o saat mağıllayıram. Nəsə bir hikmət var nənəmin əllərində. Sirrini aça bilmədiyim dərin bir hikmət. Mən nənəmin əyri ayaqları, donqar beli, sallaq döşləri, yaylığının altından çör-çöp yığını kimi sağa-sola çıxan, darağa, sığala yatmayan cod saçları, qumbara partlayan ağzı, qoz ləpəsinə oxşayan üzüylə deyil, hələ də cavanlıq təravətini itirməyən əlləri ilə qohumam. Nənəmi bütöv bir qlobus kimi təssəvvür etsək, mənim vətənim onun əlləridir. Şimallı-cənublu iki vətən!"

Qadın bədəninin ən məhrəm hissəsi onun bətnidir. Hər bir qadın hələ yeniyetməlik dövründən anlayır ki, bətni onun gələcəyi və davamıdır. Bunun üçün də daima özünü istidən, soyuqdan, zərbədən qoruyur. Əyləşəndə, uzananda, hətta yol gedəndə belə həmişə əllərini öz bətni üzərində çarpazlayır. Bəlkə də elə buna görə hər qadının bətnindəki istilik onun əllərinə hopur. Həmin istilik övladının başındakı tumarda, hirslənərkən yanından götürdüyü çimdikdə, hazırladığı xörəyin hərarətində belə duyulur və uşaqların yaddaşında özünə həmişəlik yer edir.

Məhz bu səbəbdəndir ki, anasını erkən itirən Həsən nənəsinə və onun əllərinə tapınır. Onun içindəki qadın, ana sevgisi nənəsinin əllərində təzahür edir.

"Başımı nənəmin dizinin üstünə qoydum, gözəl və sevimli əlləri saçımda, dodağımın yarasında gəzdikcə içimi qəribə bir kövrəklik bürüdü.

"Nənə, mənə anamdan danış...", - deyib gözlərimi yumdum, bir gilə yaş dığırlanıb üzümə düşdü. Nənəmin dizinin astaca titrəməsindən onun da səssiz ağladığını hiss etdim".

Müəllif nənə obrazını bu cür incə detallarla vurğulamaqla həm də kənardan hikkəli, yaman, davakar görünən, ətrafa o qədər də xoş təsir bağışlamayan insanlar haqqında düşüncənin yalnış olduğuna işarə edir.

Nəvəsini qorumaq, kimsəsizliklərini heç kimə hiss etdirməmək, öz içindəki dərdləri büruzə verib, özünü ələ verməməkdən ötrü nənənin yaratdığı, ifritələri xatırladan eybəcər obraz yanağından dığırlanıb Həsənin üzünə düşən bir damla göz yaşı ilə məhv olur. Oxucu burada qızını gənc ikən itirmiş, bu itkinin bədbəxtliyində payı olan doğmaca qardaşı ilə düşmən olub dəfninə gedə bilməyən, dəfni kənardan ağlaya-ağlaya izləyən pilə ürəkli qadınla tanış olur.

Və bu tanışlıq oxucunun nənə haqqında yaranan təəssüratında dərin bir peşmançılıq yaradır.

Həsən nənəsinin əllərini özünə vətən seçdiyini düşünsə də, əslində o, nənəsinə, onun varlığına ana kimi, vətən kimi sığınır, ona öyrəşir. Nənə Həsənin keçmişinin, ən gözəl xatirələrindən qalan yeganə yadigarıdır. Buna görə də o, nənəsi ilə nə qədər dalaşıb atışsa da, söz güləşdirsə də, yenə də onu sevir, onsuz yaşantısının mənasız olacağını dərindən hiss edir. 

Ana, vətən və məkan yoxluğu nənə əlləri ilə assosiasiya olunsa da, çəhrayı atlarla deformasiyaya uğrayır. Anasının ölümündən sonra Həsənin yuxusuna çəhrayı atlar girməyə başlayır. Həsən yuxuda atların qoxusunu da hiss etdiyini və həmin qoxunun anasının qoxusuna bənzədiyini deyir.

Həsən nənəsini anası qədər çox sevsə də, qoxusu ilə bərabər yadında qalan anasını unuda bilmir. Anasının atlara minəcəyi günə qədər Həsəni böyüdə bilməməsi onun uşaq qəlbində ağrılı nisgilə çevrilib. Digər tərəfdən isə Həsənin böyüyüb at çapacağı dərələr, düzəngahlıqlar, dağların ətəyi də artıq yoxdur. Oralar düşmən tərəfindən işğal olunub, dağıdılıb.

Bu səbəbdən çəhrayı atlar həm də Həsənin işğal olunmuş torpağını, məkansızlığını simvolizə edir. Həsən yuxusuna gələn atlardan ayrılmaq istəməsə də, oyanandan sonra onları xatırladıqda əzab çəkir. İnsanların atlara qarşı olan rəhmsizliyi onun uşaq düşüncəsini, psixologiyasını zədələyir.

Həm vətənin, həm də ata-ananın yoxluğu çəhrayı atların yuxular aləmində görsənməsi ilə Həsənin daxili aləmini çalxalayır. O, bu qədər yoxluqla, itkilərlə barışa bilmir. İtki, ayrılıq, nisgil olan yerdə isə yuxular da narahat olur...

"Arzulardan sonrakı şəhər" romanında paralel dünyalar və həmin dünyaların qəhrəmanları var. Biri xəyalları, arzuları, ümidləri ilə var olan Həsən, digəri isə vaxtilə öz qəbiləsinin igid cəngavəri olub, sonradan Misir fironunun minlərlə köləsindən birinə çevrilən Amanisdir.

Amanis öz qəbiləsində xoşbəxt ömür sürür. Onun qəbiləsi digər qəbilələrdən güclüdür. Hətta o qədər güclüdür ki, bu güc başqa qəbilələrin məkanlarını işğal edib, insanlarını kölə etməyə qadirdi. Amanisin gözləri qarşısında zalımcasına yarğandan atılıb qətlə yetirilən kölə uşaq onun yaddaşında özünə yer edir. O, heç bir vaxt Xaxas xəndəyindən yarğana atılan balaca oğlanı unutmur. Həmin uşağın xəyalı daima onu izləyir. Amanis özü köləlik həyatına məhkum olanda bütün varlığı ilə əmin olur ki, həmin oğlanın səssiz naləsi, onun anasının ahı, fəryadı lənətə çevrilib onların qəbiləsini məhv edib.

Amanisin Misir fironunun köləliyində keçən günləri məşəqqətli və dözülməz olur. O, tez-tez əsir alıb öldürdüyü mizraqçının gözəl və bədbəxt qadınını xatırlayır. Qadının onunla həm instiktiv həzlə, həm də əzabla sevişməsi əsirlikdə olarkən Amanisə əzab verir. O, qeyri-ixtiyari qəbiləsi ilə birgə əsir alınıb aparılmış arvadı Miladesi xatırlayır, qadının sonrakı aqibətini mizraqçının arvadının aqibəti ilə müqayisə edib sarsılır.

Amanisin Misirdəki kölə həyatı sizif əməyini xatırladır. Bu taledən nə qaçmaq, nə də xilas olmaq mümkündür. Kölələr üçün hətta ölüm seçimi belə verilmir.

Bəzən Amanisin firon tərəfindən zülmə tabe edilməsi yadımıza həm də İsa Məsihin əzablarını salır.

Amanis bilir ki, başını divara çırpıb özünü öldürməyə cəhd etsə və ölə bilməsə, onu ölümdən də ağır cəza gözləyəcək. Buna görə də o, ümidlərə sarılaraq günün birində köləlik boyunduruğundan qaçmaq və xilas olmağa cəhd edir. Lakin bu cəhd onun sonu olur.

Şərif Ağayarın digər nəsr əsərlərində olduğu kimi "Arzulardan sonrakı şəhər" romanı da insandan bəhs edir. Yazıçı bu romanı ilə ən ali varlıq olan insandan tutmuş, xırda bir həşərata qədər hər bir canlının yaşamaq haqqının müdafiəsinə qalxır. Ağzı bağlanıb əzaba düçar olan atların günahı onlara zülm verən insanların sonrakı nəsillərini haqlayır.

Tarix təkrar olunur. Amanis kimi Həsənin də eli qaçqın düşür, obası yandırılır. Əsərdə Tanrı rolunu icra edən Şərif Ağayar başqa qəbiləni talayıb qadınlarını gözü yaşlı qoyan "Yaşıl vadi" insanlarını cəzalandırsa da, onların qəhrəmanı Amanisi bağışlamasa da, Həsənə toxunmur. Yazıçı qələminin ölümcül zərbəsi Həsəndən yan keçir. Özünə arzulardan sonrakı şəhər quracaq qədər təmiz, ləkəsiz olan Həsən yetimlik çəksə də, torpaqsız qalsa da, yalan danışmır, insanları sevir, onların ağrılarını dərindən duyub, onlar üçün kədərlənir. Bu kimi səbəblərdən yazıçı yeniyetməliyə ayaq qoyan qəhrəmanını diri saxlamağa, qorumağa cəhd edir, onu ölməyə qoymur. Xəyallarında qurmuş olduğu arzular şəhərinə "Yaşıl vadi" adını verən Həsən həm də gələcəyə göndərilən yaxşı əməllərin daşıyıcısına, simvoluna çevrilir. Onun hamıdan qoruyub-gizlədiyi şəhəri isə xəyallarda və arzularda qalır.

Sentyabr-2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!