Məmməd İsmayıldan yeni poema - Sən məni dünyaya gətirdin, ana...

 

Haçansa "Bircə ana-vətəndi, yerdə qalanı qürbət" misralarını yazmışdım. Qocalıqdandır, qürbətdəndir, bilmirəm, anam tez-tez yadıma düşür və düşdüyü anda da başlayıram balaca uşaq kimi hönkür-hönkür ağlamağa. O talesiz qadın bu dünyaya niyə gəlmişdi, gəlişinin məqsədi nəydi, nə gördü, nə yaşadı? Ömrün 22 yaşında dul qalan, saçının birini ağ, birini qara hörüb min zülm, zillətlə tək oğlunu böyüdən, sonunda da yeddi arzusundan birinə çatmadan dünyadan köçən bir ana düşünün. Bulaqlar başında, çaylar üstündə günəşli günlərdə, ayqaranlıq gecələrdə tək oğlu üçün göylərə əl açıb dualar edən, yerdə iki qabarlı əlindən, göydə Allahından başqa kimsəsi olmayan bu ananın, bu çilələrin əvəzində gördüyü nə oldu?

Ağ gün görmədiyindən də yaşının əllisində bədənində ağrımayan yeri qalmamışdı. Neçə dəfə Bakıda həkimlərə göstərmək istəmişdim, amma hər dəfəsində müxtəlif bəhanələrlə getmək istəməmişdi. Hətta teleqram vurdurub təcili kəndə gəlməyimi istədiyi vaxtlar da olmuşdu. İşim başımdan aşsa da, hər çağırışına qoşa-qoşa getmişdim. Amma gəldiyimi görəndə əvvəlki kimi ayağa qalxmış, gözaydınlığına gələn qonum-qonşulara: - Ay qız, vallah, canım elə bil bu gədəyə bağlıdı, ağrım-acım o gələn kimi yox olub gedir, - deyirdi. Bir-iki gün keçdikdən sonra "hazırlaş, gedək" deyəndə: - Ay anan sana qurban olsun; işim-gücüm tökülüb qalıb, mən getsəm, bə onları kim görəcək, bu qışın qış vaxtı hara gedim, qoy yaz gəlib istilər düşsün, onda gedərik, - deyib araya söz salardı. O zamanlar gəlişimə evin daşı-divarı da gülər, qazanı ocaqda, çayı dəmdə olardı. Amma bu dəfə - "gəlsin məni Bakıya aparsın" deyə dalbadal ismarışlar göndərirdi. Mən yolu yomrulmuş isə günü-günə satdıqca, anamdan gələn təkidli xəbərlər də davam edirdi, axırda vaxt tapıb gedəndə isə belə bir ümidim olurdu ki, anam yenə məni görən kimi sağalıb ayağa qalxacaq. Amma yox, bu dəfə belə olmayacaqdı.

Və biz ana-bala ilk dəfə idi ki, birlikdə uzaq səfərə çıxırdıq. Əvvəllər belə səfərləri nə qədər arzulamışdım. Onda hələ imkanlarımla arzularım yeni-yeni örtüşməyə başlayırdı... Hardan biləydim ki, bu səfər ilk olduğu kimi, həm də birlikdə çıxdığımız son səfər olacaqdı, sən saydığını say...

Anamı Respublika xəstəxanasının soyuq divarları arasında tanrıtanımaz həkim və tibb bacılarının ümidinə buraxacaqdım. Dünyanın ən gözəl paltarlarını tikən, dünyanın ən ləziz xörəklərini bişirən, toy-düyünlərin ən gözəl rəqs edəni, yas yerlərinin ağılarıyla daşı belə ağladan anamın səhərdən-axşama yol çəkən gözləri xəstəxana qapılarında qalmışdı. Ömrünü dağda-daşda, bağda-bağçada keçirən anam xəstəxana divarlarına sığışmırdı. Bu xəstəxana, dərman qoxuyan otaqlardan quş olub, qoyub gəldiyi kəndə-kəsəyə, inəyinin, it-pişiyinin, toyuq-cücəsinin yanına qayıtmaq istəyirdi. İlk dəfə idi ki, gələn yazı bulaq başında, çay kənarında çəmən güzarında yox, şəhərdə, xəstəxana divarları arasında qarşılayırdı. Burdan - beşinci mərtəbədən boz ayın bozbulanıq yaz səmasından başqa görünən bir şey yoxdu. Büsbütün iştahdan kəsilmişdi. Aradabir qadın iş yoldaşlarımın gətirdiyi ev yeməklərindən başqa xəstəxana bişmişlərinə dilini də vurmurdu. Arada meylinin çəkdiyi istilik pomidoru idi ki, onun da hər yerindən ağrı fışqıran vücuduna ziyandan başqa xeyri yoxdu. Təhlillər göstərəcəkdi ki, kənd imkansızlığından böyrəklərinin ikisi də sıradan çıxıb. Ayqaranlıq gecələrdə ətəyini dəstələyib dizinə qədər soyuq suların içində yalnız özünün deyil, qonşu qadınların da qarğıdalılıqlarını sulayan və 22 yaşından məhəbbət vərdişlərini vücudunun dərinliklərinə gömüb namus ocağına çevrilən bir qadının böyrəkləri, əlbəttə, çürüməli idi.

Çıxılmazlıq içində vurnuxurdum. "Atası olmayanların atası Allahdı" - deyirlər. Hər dəfə ölüb-itməz Respublika xəstəxanasının binasına yaxınlaşanda üzümü bozbulanıq aprel göylərinə tutub ona - Allaha yalvarır, bu dəfə də mənə kömək etməsini, anama şəfa verməsini istəyirdim.

İndi vaxt-bivaxt göz yaşı axıtmağımın iki  əsas səbəbinin olduğunu düşünürəm: birincisi, xəstəxanaya ilk gəldiyində qonşu palatada yatan hansı qadınsa, - bu həkimlərdən bir şey çıxan deyil, beş-on manat ver, sənə dua yazdırım, - demişdi. Mən başsız da həkimlərə inansın deyə, o beş-on manatı anama verməmişdim: "Ana, nə baxırsan o qadının sözünə, sənə xəstəxananın ən yaxşı həkimləri baxır", - demişdim. (Əslində, dediklərim doğru idi, onda mən Azərbaycan televiziyasının "Elm və həyat" şöbəsində işləyirdim və o zamanlar üçün ünlü "Sağlamlıq" proqramı da bizim şöbədə hazırlanırdı, anamı müalicə edənlərin hamısı tanışdı) sən onlara inan, falçıya, duaya yox. İkincisi isə anamı xəstəxana küncündə tək-tənha qoyub 2 gün Zuğulbaya gənc şairlərin respublika müşavirəsinə getmişdim. Guya o müşavirəyə getməsəydim, dünya dağılardı. Qayıdanda anamı pis vəziyyətdə görəcəkdim. Palata yoldaşı rus qadın öz dilində mənə professorların anamın vəziyyətinin kritik olduğunu çatdıracaqdı: - Vicdanın olsun, - deyirdi rus qadın, - heç olmasa, yalandan da olsa, anana ümid ver, anan - "ölsəm də dərdim olmazdı, bilsəm, oğlum kiminlə evlənəcək, gəlinim kim olacaq" - deyir.

Yadıma düşdü ki, 3-4 gün əvvəl anamın yanına tez-tez gələn iş yoldaşım qızı soruşmuşdu, mən də: - Ana, sənin ki, saçı kəsik şəhər qızlarından xoşun gəlmir, - dəyəndə -  saçı kəsik olanda nolar, elə demə ey, süd əmmişin birinə bənzəyir, cavabını vermişdi. İndi fərq edirdim ki, anam canında olanı professorlardan da yaxşı bilir, yoxsa iş yoldaşım qız haqqında tanımaza-bilməzə bu xoş sözləri deyərdimi? Başqa bir gəlin seçiminə zamanının qalmadığından, gördüyü şəhər qızından yapışmaq istəyirdi bu.

Həkimlər anamın xəstəxanada qalmasının gərəksiz olduğunu ölüm hökmü kimi üzümə oxuyacaqdılar. Mən də öz yanımdan canımı dişimə tutub anama sadəlövhcəsinə yalanlar uydurmağa çalışacaqdım. Burda "Bilən söyləməz, söyləyən bilməz" kəlamı yerinə düşür. Anam şübhələnməsin deyə (həm də rus qadının təlqini ilə), söhbəti iş yoldaşım, şəhərli qızdan salacaqdım: - Ana, həkimlər deyirlər, biz burada əlimizdən gələni etdik, yaz ağzıdır (1969-cu ilin may bayramı mənim vay bayramımın başlanğıcını hazırlamaqda idi...), xəstəni kəndinizə aparın, orda - təmiz havada müalicəsini davam etdirsin, payızda yenidən gələrsiniz. Və bir halda ki, şəhərli qızdan xoşun gəldi, tez sağal ki, elçiliyimə özün gedə biləsən.

Ümidli sözlərimin qarşılığında anamın cavabı amansız olacaqdı: - Bilirəm, ağlama desəm də, dözməyib ağlayacaqsan, amma ağlasan, dost-düşmən içində ağlama, enib bağımızda ağla. Sonra yanımda dayanan oğlanı əmimoğlu Qoca bilib: - A Qoca, Məhəmmədin qardaşı yoxdu, onu yasda tək buraxma, yaxşımı? - deyib kövrələcəkdi.

Mənə göstərdiyi o mat vəziyyəti, Allah kimsəyə göstərməsin.

...Ayqaranlıq gecə idi. Qatar qaranlığı yara-yara Tovuza - sabaha doğru yol başlamışdı. Guya mənə yollarda kömək etmək üçün gedən adam kupenin yuxarı yatağına başını qoyan kimi xoruldamağa başlayacaqdı... Ana-bala dərdimizlə baş-başa qalmışdıq. Yollarda isə sükutu qarşı-qarşıya gələn, bir-birini salamlayan qatarların fit səsləri pozurdu. Sanki bir-biriləri ilə hal-əhval tuturdular: - Yatmamısan ki? - Yox! - Bəs sən necə?  - Mən də yox!

Qatar pəncərəsindən kupeyə düşən işıq zolağı anamın bürüşmüş, solğun və yorğun sifətini aradabir işıqlandırırdı... Elə bil buluddan Ay çıxıb-batırdı. Doğrudanmı, doğmadan-doğma olan bu əziz sifət yoxluğa gömüləcək, birdəfəlik silinib gedəcəkdi. O gecə qatarında, o qəm karvanında olub-keçənləri bir-bir xatırlamağa başlamışdım. Ağlıma elə hadisələr gəlirdi ki, adi günlərdə başım çatlasa da, onların heç birini xatırlaya bilməzdim. Anam oruclu ağzının duaları və yalvarışları ilə məni neçə dəfə ölümün pəncəsindən qurtarmışdı. Mənimsə yalvarışlarım kupe divarlarından uzağa gedə bilmir, Allaha ulaşmırdı, Allaha ulaşmadığından da anama kömək olmurdu. Görünür, Allah yalnız müqəddəslərin sözünü eşidir, günahlı bəndələrin yox... Fikirləşirdim ki, indi, budur, bu gecə qaranlığında dərd yumağına dönən anam, həqiqətən də müqəddəs adamdı. Bəlkə elə bu müqəddəsliyinə görə də Allah onun dualarını, yalvarışlarını hər zaman eşitmişdi. Taqəti tükənən, halı pərişan, həyat ümidi büsbütün tükənən anamla baş-başa qalmışdıq... Qatar tez-tez dartınır, silkələnir, anamın onsuz da ağrıyan canını daha da ağrıdır. Kupelərin birində marığa yatan ölümə görünür, lokomotivin də gücü çatmırdı, çatmadığına görə də dartınmağında idi. Anam mənə hiss etdirməməyə çalışsa da, can hayındaydı. Çürüyən böyrəklə Bakıdan Tovuza takkatak gedən on iki saatlıq qatar yolunu get, görüm necə gedirsən.

Bu sətirləri bilmirəm necə yazım və bilmirəm başıma haranın daşını töküm. Tez-tez ayaqyoluna getmək istəyirdi, istəyirdi, amma öz doğduğundan utanırdı anam. Ölüm hələ yaxın düşməmişdi o ilahi analıq, qadınlıq hissinə. Nə ayaqyoluna getməyə taqəti qalmamışdı, nə də oğlundan utandığından bələdçi rus qadının kupəyə gətirdiyi...Yaxşı ki, o bələdçi rus qadını vardı...

Öz ayağıyla getdiyi Bakıdan salacada qayıtmışdı anam. Qohum-qonşular başına yığışmışdı. Üç gündü ayaq üstündə idim. Dördüncü gecə qonşu əmimoğlugildə gözümü səksəkə içində yenicə yummuşdum ki, gecənin üçündə ağlaşma səsi eşidib ürəyimə damanların başıma gəldiyini duyub evimizə doğru qaçdım, anam təngnəfəs olmuşdu. Əllərindən başqa bir şey gəlməyən qohum-qonşu qadınlar anamın canının dəstələnməsini belə gözləməmişdilər, orda-burda ediləşirdilər.

İlk dəfə idi ki, ölümlə, doğma adamın ölümü ilə qarşı-qarşıya gəlirdim. Özümdən asılı olmayaraq, "ana" deyib bağırdım. Bu zaman gözlənilməz bir hadisə baş verdi, ölümün o tərəfindən-həyatın bu tərəfinə anamın boğazından bir "can" kəlməsi çıxacaqdı, ölüm yaxın düşməmişdi bu ilahi məhəbbətə. Ana oğlunu müharibənin, odun-alovun içindən elə bu "can" kəlməsi ilə çıxarmamışdımı? Anamın həyatda qalan son kəlməsi "can" olacaqdı, oğluna verdiyi və oğluna dediyi "can"! Keçmişə bağlanan bağlar elə bu sonuncu "can" kəlməsi ilə qırılmışdı.

Gecənin ölüm sükutunu evimizdən gələn ağlaşma səsi pozurdu...Məni bayıra çıxarmağa çalışanlara: - Siz Allah, mənə toxunmayın. Ay camaat, anamın qızı yoxdu, qoyun onu özüm ağlayım, - deyib şivən qoparırdım.

1969-cu ilin o məşum on dörd may səhəri ölüm xəbərinə açılacaqdı. Bu səhər həm də anamla bağlı son sirləri də açacaqdı. Adamlar qəbir qazmağa gedəndə anamın sirr yoldaşı Xatın bibi qəbri qəbiristanlığın hansı səmtində qazacaqlarını soruşanda ata tərəfimizin yatdığı səmtdə cavabını verəcəkdilər... Xatın bibi isə: - Günü qara gəlmiş Bakıya getməmişdən əvvəl gedib qəbiristanlıqda atasının məzarının yanına daş qoyub, mənə də dönə-dönə tapşırmışdı ki, - öz ayağımla getdiyimə baxma, gələndə ölüm gələcək, nişan qoymuşam, deyərsən başqa yerdə yox, məni orda, atamın yanında basdırsınlar, - demişdi.

Bir cənazə üzü qəbiristana doğru yol almışdı, günlü yağış başlamışdı. Elə bil göylər də cəfakeş bir ananın vaxtsız ölümünə göz yaşı tökürdü. Qəbiristan səmtinin göylərində göyqurşağı görünməyə başlamışdı. Cənazənin üstü ilə bir bülbül uçmağında idi, bülbül sadəcə, uçmurdu, həm də özünü yeyib-tökür, dil-dil ötürdü, o darmacalda mənə elə gəlirdi ki, cənazənin üstüylə uçan bülbül filan deyil, anamın ruhudur, öz ölümünə ağı deyir.

Anamın "sirləri" də ölümündən sonra bir-bir açılacaqdı. Anamın təkidiylə Bakıya getmək səbəbini Xatın bibimin dediklərindən öyrənəcəkdim. Anam Bakıya sağalmağa yox, öz ayağıyla ölməyə gedirmiş, Xatın bibim səbəbini soruşanda cavabı qısa olubmuş: - Getməsəm olmaz, nə çoxdu balamı istəməyən, əgər Bakıya getməyib burda ölsəm, hamı anası ölmüşü günahkar biləcək: - Bir oğlu var, çayda balıq yan gedir, anasını Bakıya aparsaydı, yəqin orda sağalıb gələrdi, deyib arxasınca şunduruq qoşacaqlar, həm də qoy özü də Bakıda zəhmətimi çəksin ki, mən öləndən sonra özünü danlayıb dağa-daşa vurmasın, heç olmasa, çəkdiyi zəhmətdən təskinlik tapsın. Bir də Məhəmmədə deyərsən ki, qara bayramımı keçirməsin, sağlığımda evlənmədi, heç olmasa, öldüyümdən sonra evlənsin. Şuğul üzündə qalarsan, dediklərimi yerinə yetirməsən, gözlərimin biri yolda, əllərimin biri çöldə uzalı qalıb yol gözləyəcəm, Məhəmməd (yəni mən!) evlənən günü Qarabulaqdan bir sənək su doldurub gətirib yanan məzarıma tökərsən ki, qəbrim od tutub yanmasın.

Və nigaran ruhların bu dünyanı tərk etmədiyinə inanan mən, dünyanın harasında olursam-olum, anamın ruhunun mənimlə olduğunu hər zaman hiss etdim.

Söylədiyim təsəlli yalanını yerinə yetirmək üçün anamın görüb-bəyəndiyi o saçı kəsik şəhər qızı ilə evlənəcəkdim (Doğrumu edəcəkdim, yanlışmı, bu ayrı mövzudur!). Və Bakıdan Tovuza toy karvanının gəldiyi o gün Xatın bibi Qarabulaqdan bir sənək su doldurub anamın Güllütəpə qəbiristanlığındakı məzarına səpəcəkdi. Heç bilmirəm, ondan sonra anamın gözü yollardan, əli çöllərdən çəkildimi? Hətta ömrün yetmiş doqquzunda xatirəsi məni qürbətin hücrə köşələrində vaxt-bivaxt göyüm-göyüm göynədir, sızım-sızım sızladır, hönkür-hönkür ağladırsa, bu, o deməkdir ki, anamın hələ də əllərinin biri çöldə, gözlərinin biri yoldadır... Sağlığında öyüdlərinə əməl etməyən mən başıdaşlının etirafdan və göz yaşından başqa əllərindən nə gəlir ki?

 

Ya Allah, özün kömək ol,

Kömək Sənin.

Kimim var ki, Səndən başqa,

Əl mənim, ətək Sənin...

 

...Xəstəxana küncündə

Ölümlə can çəkəndə

Görüşümə bircə an

Gecikən qızlarımın

Gözlərini "tökəndə"

Yadıma düşdün, ana!

 

Bir az yalan danışdım,

Görmə günahı məndə:

Yadımdan çıxdınmı ki,

Yadıma düşəsən də.

 

Ey bir üzü qız olan,

Bir üzü gəlin ana.

Gəzəri heykəlinəm,

Mənəm heykəlin, ana.

Hər gün bir görünməz əl

Günü-günə calayır.

İçimdəki ocağın

Közünü qurcalayır.

 

İndi yerimi lafın?

- Etirafmı?

Başına dəyəydi etirafın!

ətrafın - etirafın...

 

Sənin anan deyildi

Xəstəxana küncündə

Boynunu bükən qadın?

"Tikan" üstə oturub

gözlərini ümidsiz

yollara dikən qadın?

Lənət olsun payına,

Sənin anan deyildi

Harayına, hayına

Tanrı gecikən qadın?

Kirpiyinin kölgəsi

Üzünə düşən qadın?

Qaşlarının çatında

Tale görüşən qadın?

Ana əziz deyildi

Sənə quru adınca?

Ağlın başına gələr

Bir gün adın batınca.

 

***

...Bu il soyuq gəlir qış

yəqin nəfəsin dəyir

Sazağın işi deyil

Pəncərəmdəki naxış...

 

(Dalıb xəyallara qış səhəri də

əyninə qüssədən paltar geyibdi.

Tutulub pəncərə şüşələri də,

Yəqin onlara da soyuq dəyibdi...

...Çaylar qar altında yuxuya dönüb,

Su buza çevrilib, buz suya dönüb...

Qarşı yamaclara qar xəyal çəkir,

Çayın buz dodağı gündən bal çəkir...

...Dağlara, daşlara nə yaraşır qar,

İlahi dərzinin biçdiyi paltar,

Günəşin altında par-par parıldar).

 

***

...Dərdləri ovundurub

qatammıram başını.

Yuvasından perikən

Bir toyuq falı kimi.

Hərdən yerinə düşən

Bir el misalı kimi.

Ölülər ələk-vələk

Eləyir yaddaşımı.

Mən ki, ocaq çatmadım,

Nədir bu axşamüstü

Başımda tütən tüstü?

Ruhun deyilsə, nədir

İçimdə gizli-gizli

Xatirəmi küllədən,

Qapalı pəncərəmdə

Pərdələri yellədən?..

 

Günəş doğsun, doğmasın

Nə gördü gün adına?

Taleyi yar olmadı

O talesiz qadına...

Hələ bir Allah bəndəsi

Yoxdu ürəyi qızına.

Gecələr halallıq üçün

Haram qatdı yuxusuna...

 

Kimə corab toxudu,

Kimə yorğan sırıdı...

Qabar olmuş ağ əllər

Bəxtinmi taxsırıdı?

 

O naxışlar əriyər

Göl olar qətrələrdən...

Payız yarpağı düşər

Dəyib - xatirələrdən...

Gücü çatınca çıxar

Heyif xatirələrdən...

 

Taleyinə yağan qar,

O səssiz yalvarışlar...

Duaların dililə

O Tanrıya varışlar...

Yaradanı yanıldan

Alnındakı qırışlar...

(Dərd alnımda qırış-qırış

Cığırı gələn qışların.

Gedim qızlara göstərim

Güzgüyə çox baxdığından

Onlar daha yaxşı bilir

Mənasını qırışların).

Alnı qırış gətirər,

Ana duruş gətirməz,

İçindən ana sınar...

Ana sınar oğlunu

Gözünün ağ-qarası,

Bircə ciyər parası

Beş manat dua pulu

Qıymasa anasına...

Qıydınmı, bivec oğul,

Qıyımı yox Tanrısız...

Yetər, qıymadın, qıyma.

Sənə elə qıyardım

Doğransan qıyma-qıyma...

 

...Dönməmiş qara baxtım,

Sönməmiş odum, gedim.

Alın qırışlarının

Ucunu tutum gedim.

 

Gedim, gedim sığınım,

Qoynuna bir ananın.

Təsəlli yeri yox ki,

Bu dünya virananın.

 

(Ana qayğısına məhkum bir uşaq...

İçi rahatdı, yeri yumuşaq...

Yalqızdı. Yoxdumu bacı, qardaşı?

Bir əl sığalına möhtacdı başı...

Hələ göydə Allah, o yerdə təkdi...

Körpə ürəyində istidi dərdi;

Hələ çox qışları yaza döndərib,

Hələ çox qarları əridəcəkdi...

Sükutdu içinə çəkdiyi hava,

Buluddu tutduğu ana ətəyi.

Umuddu içinə işləyən nəva,

Umuddu sızlayan çoban tütəyi...

Bu da içəri dar, bayır qar ümid,

İmandan, gümandan inadkar ümid, -

Doqquz aydan sonra gələcək bahar...

 

Umuddu hələ

Qarşıda yoluna göz dikən tələ...).

Gedim, gedim ömrümün

Oyanış çağlarına.

Dünyanın o başına -

Heyrət uzaqlarına.

 

***

Həsrətin o başında

Gözündə dan ağaran

Könlündə günəş yatan

Hörüyünü köksünün

Üstə külək oynadan

On üç-on dörd yaşında

Bir qız durar qarşında.

Durar əli qaşında,

Arzuları gələcək

Zamanın yaddaşında.

...Durnalar lələk salar

Xəyalın göylərindən

Həyatın gerçəyinə.

Gəlib-gəlib dayanar

Ömrün qara günündən

Ağaran birçəyinə...

Hansına inanmalı -

Yalana, gerçəyəmi?

Qaralan saçlaramı,

Ağaran birçəyəmi?

Könül çarəsi nədir,

Nədir könül yarası?

Aramağın xeyri nə,

Yox ki bunun çarəsi...

Ömür tale əlində

Düyün düşən qatmadı

Olsa-olsa həyatın

Başını aldatmadı...

 

Dilinin duasıyla,

Ürəyinin yasıyla

Haqqı dəng edən qadın...

Bu yollarda bəxt gəzib

Ürəkkeçməsi tapan,

Və bəxtin arxasınca

Özündən gedən qadın.

Ruhunun əlləriylə

Bəxtə zəng edən qadın.

Ərsiz dili ağzında

Şal kimi yanan qadın.

(Bu qadın - anan qadın!)

 

Ürəyə dammalarla

İlahi ismarışda.

Kölgəndən daha yaxın

Var olan hər varışda.

Harayına çatmada

Tanrı ilə yarışda.

Əli qabar-qabardı

əlindəydi dərdlərin.

Ona xeyri yoxdu ki,

Gələn 8 martların?!.

***

Yəqin buna deyirlər

Damarda, qanda olmaq.

Bir yanda yoxa çıxıb

Dönüb hər yanda olmaq...

Bircə arzusu vardı:

Görsə, oğul toyunu;

Mal desən, malı yoxdu,

Olan bir canı vardı...

Can desən, can verərdi

Yalana çıxarardı

Bir gün Qorqud dədənin

"Dəli Domrul " boyunu...

 

Yer üzünə bağlayar

Bizi ülfəti, mehri.

Ana, göbək bağının

Göbəyindəki möhrü...

Hara getsə ardınca

Gizli-gizli sürünən

O "Qıl körpü" deyilən

Bəlkə ana bətnidir

Ömrün bir əvvəlində,

Bir sonunda görünən...

***

Xəbər gətirmişdi

teleqram-çapar:

- Xəstəyəm,

gəl məni Bakıya apar.

 

Məhəmməd, ay Məhəmməd

Daha, odumuz yanıb,

suyumuz axmır daha.

Ayaqlarım sözümə baxmır, ay anan ölsün,

Bəxtimə ağzı yanmış

Falçı da baxmır daha:

 

Sevir ayrılığı bu bəşər, sevir,

Ömür günlərimə qalmış ərş evi,

Zaman dəyişdirir zaman, hər şeyi,

Falçı, yat mənimçin bir yuxu da gör...

 

Xoşbəxtlik ilahi sirdən gələndə,

Qarışıb ikisi birdən gələndə,

Sevinc gözlənilməz yerdən gələndə...

Falçı, yat mənimçin bir yuxu da gör...

 

İçində su olan bir cam da olsun,

Sabah oyanmağa inam da olsun,

Orda mən də olum, anam da olsun,

Falçı, yat mənimçin bir yuxu da gör...

 

Bir şeylər demişdin altı yaşımda,

Hələ də havası qalır başımda...

Qopsun fırtınlar qan yaddaşımda,

Falçı, yat mənimçin bir yuxu da gör...

***

Hisli lampalarından

Yoxsulluq yağan evlər...

Sınıq pəncərələri

günəşə baxan evlər.

Yaraşıqdan yad olmaz

Günəş-yaraşıqları...

Gecələrə tor atar

boğulan işıqları...

İşığın əlində qaranlıq əsir

Evdə yoxsulluğun kölgəsi gəzir...

Qatla barmağını nə vardı kənddə,

Sənsiz yetim qalan dərd şikayətdə.

Vaxtsız çiçəyini tökər gilaslar

Tükənmir sıraya düzülən yaslar...

Qəbristan yolumu əcəlin fəndi,

Bir-bir torpaq altda daşıyır kəndi...

Baxma ki, bir ucdan bahar gül açır,

Tökür yarpağını bir ucdan payız...

Dağlar ayaqdadı üzü suyuyla,

Bulaqlar - gözləri yol çəkən ayna...

Soluxan soluxub, nə toy, nə düdük?

Get özün-özünə əl çalıb oyna...

Gah yatar, gah qalxıb baxar ucadan,

Sonuncu yoxuşu çıxdınmı solda?

Təpənin döşündə anamdı yatan,

Bir əli çöldədir, bir gözü yolda...

 

Niyə puç olmadı bəs ata yurdu?

Üstündə anamın gözü var axı.

Qaranlıq gecədə yoluma nurdu,

O Ay da anamın gözüylə baxır.

 

Uzalı deyilsə ana əlləri,

Yollara baxmırsa qoca bir qarı

Bəs onda hardandır səhər yelləri

Hardandır, Göylərin ağ buludları?

***

...Görən hansı xəbərdi səslərində duyulan,

Qərib saxsağanların?

Bəs onda neyləməli soğan kimi soyulan

Göz yaşına dönürsə acısı soğanların?

 

Qaynayan suya düşmüş,

bürüşmüş alma kimi

Qırış-qırış sifəti, bir də bəyaz saçları.

Külək vaxtsız sədası gələn yağışın, qarın,

Ağlıma bəyaz saçların,

içimi sızım-sızım sızladan qış gəlir,

Sevinc məndən yan ötür

Kədər mənə tuş gəlir, ana...

Arzundan, taleyindən,

İşindən, gücündən keçməlisən.

Can dedin, can şirinmi,

canından keçmək olmur.

Ölüm olsun, qan olsun,

içindən keçməlisən,

Və bu yalan dünyanın

yanından keçmək olmur...

Fəxrin, fəxarətindim,

göz nurun, qulaq həyanın,

Dünyaya diqqətindim,

Yanımdan yel keçəndə

varlığın üşüyərdi,

Varlığın qulaq olub

yolları dinşiyərdi...

Ölmür, analar ölmür...

Varlığından həyata

canlı körpülər atan,

Hələ bizdə yaşayan,

hələ bizi yaşadan

Ölmür, analar, ölmür...

 

...Hansı dənizin suyu

bizim dağlara yağır?

bizim yerin buxarı

çökür hansı dənizə?..

Yüz arxın ömrüdür bir çayın ömrü,

Arxlar bulaqların adını tutmaz.

Uzanar övladın arxayın ömrü,

Ana yaddan çıxar, ana unutmaz.

Dünyanın ən gözəl yeriydi kəndim,

Sevgisi, sevinci birə-beşiydi.

Ondakı Allahdı, anamdı, məndim

Bəxtimin sirdaşı yaz günəşiydi.

 

Bir könül işidir hər açılan gül,

Düşünmək olarmı qönçəni gülsüz?

Allaha sevginin evidir könül,

Quru dörd divardı dünya könülsüz...

Açılan çiçəklər Allahın gözü,

Allahın özüdür yaşıl budaqlar...

Göydən sirr yağır.

Yağışlar Tanrının fikridir, yağır.

...Gördüm qarşı dağa çökən çənləri,

yoxsa... dilim-ağzım qurusun, Allah.

Qoruya bilmədim mən sevənləri,

Məni sevənləri qorusun Allah.

Bu gecə səhəri görmək istəyər,

Kəsər barmağını bu gecə, yatmaz.

Anam da yuxuma girmək istəyər,

Görər ki, yatmışam qıyıb oyatmaz.

 

Ağ duman bürüyər qara saçları,

Qış kəsib qapını payız axsayır.

Yollar ayrıcında qoz ağacları

Yolumu gözləyir, günümü sayır...

 

Hələ ki, ömrümə ləngiyir bahar,

Bəxtin əlindədir hələ ki, yaxam.

Payızdan bahara qayıtmağım var,

Payızdan bahara bu gün-sabaham...

 

Uzanar günəşin qızıl saçları,

Enib dərələrdə gümüş əridər.

Tökər meyvəsini qoz ağacları,

Göylər hesabını yerdə çürüdər...

 

O uçuq hasarlar, o sahibsiz ev

Divarda həsrətin dodağı çat-çat.

Bir də bundan sonra vətəni yüz sev,

Ümidlə başını yüz dəfə allat.

 

Xeyri yox, gedənlər gəlməz geriyə,

Və heç nə geriyə qayıtmayacaq.

Deyirdin, bir zaman ocaq yeriyəm,

Yandıran yoxdursa nə od, nə ocaq?

 

...Qara bulud vətənnənmi gəlirsən,

Ölənnənmi, itənnənmi gəlirsən?

Bu qürbətdə sənnən betər dolan mən,

Ya mənsənmi, sən mənnənmi, gəlirsən?

***

Çöldə barmağıma tikən batanda

Üstünə qaçardım əlləri qanlı.

Bir çarpan ürəkdik biz iki canda

Sən oğulcanlıydın, mən anacanlı...

 

Yaş olub axardı yetim qürurum,

Atam da yox idi fərqinə varsın.

Deyərdin, ağlama, gözümün nuru

Gətir barmağını öpüm qurtarsın.

 

İndi o ilahi sevgilər hanı?

Bir candan keçəydi başqa bir cana.

Öpərdin, kəsərdi əlimin qanı,

Sənin nəfəsində nə varmış, ana?

 

Yerlərin göylərə diləyi səndin,

Baxtına vaxtımın günəşi doğdu.

Dünyaya gəldiyim ana vətəndin

Sən yoxsan, bəlkə heç vətən də yoxdu...

 

Bəs niyə üstümdən kölgəni çəkdin?

Döndərib könlümü neylərə, getdin.

Bəlkə də göylərdən enən mələkdin,

Qayıdıb yenidən göylərə getdin.

 

İnsanın mənzili ağrılarcadı,

Uzanar vətəndən qürbətə acım.

Qan olan ürəyim paramparçadı,

Sən yoxsan, mən kimin üstünə qaçım?

***

Ölümsüzdən ölümsüz

Ana bətni - bu tunel.

Allahdan sonsuzacan

Bu tuneldən keçib gedir bütün el...

2016 - 30 avqust 2018

Çanaqqala (Türkiyə) - Tovuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!